Icma.az
close
up
RU
Çoxuşaqlı Mustafayevlər ailəsi sevgi, təhsil və musiqi ilə dolu 9 nəfərlik ailə FOTO

Çoxuşaqlı Mustafayevlər ailəsi sevgi, təhsil və musiqi ilə dolu 9 nəfərlik ailə FOTO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Zərdab, 18 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Yeni dərs ili başlayıb. Zərdab rayonunun Sarıqaya kəndində yaşayan Mustafayevlər ailəsində bu günlərdə bayram əhval-ruhiyyəsi hökm sürür. Belə ki, Mustafayevlərin 6-cı övladı bu il birinci sinfə qədəm qoyub. AZƏRTAC-ın bölgə müxbiri 9 nəfərlik bu xoşbəxt ailənin qonağı olub.

2011-ci ildə ailə həyatı qurmuş ata və ana – Amil və Sevda Mustafayevlər 4 qız, 3 oğlan olmaqla, 7 övlad böyüdürlər. Onlardan 6-sı kənd məktəbində təhsil alır, ən kiçikləri isə məktəbəqədər hazırlıq sinfindədir.

Hər gün bu ailənin səhəri sanki kiçik nağılı xatırladır. Uşaqlar yuxudan oyanır, süfrə başına toplaşır, səhər yeməyini yeyir və məktəbə yollanmağa hazırlaşırlar. Yeddi uşağın eyni vaxtda geyinməsi, çantalarını götürməsi və məktəbə tələsməsi bəzən qarışıq, bəzən isə əyləncəli mənzərə yaradır. Sevda xanım bu böyük ailənin bütün qayğılarını sevgi ilə çəkir. Həyat yoldaşı hər səhər ona dəstək olur və uşaqları məktəbə yola salırlar.

Məktəb rəhbərliyi ilə də görüşürük. Məlum olur ki, çoxuşaqlı ailə olan Mustafayevlərin övladları dərslərinə həmişə hazırlıqlı gəlir və davamiyyətləri nümunəvidir. Məktəb direktoru Nərminə Cəbrayılova bildirir ki, tədris ocağında 108 şagird təhsil alır və bunlardan 6-sı Mustafayevlər ailəsinin övladlarıdır. Onlardan biri məktəbəqədər hazırlıqda, digərləri isə 1-ci, 3-cü, 4-cü, 5-ci və 7-ci sinifdədirlər. Hər biri məktəbin ictimai həyatında fəal iştirak edir, dərslərində isə hər fəndən yaxşı nəticələr göstərirlər. Müəllimlər də bu şagirdləri dəstəkləyir və onların uğurlarına sevinirlər.

Dərsdən sonra uşaqlar evə qayıdır, vaxt itirmədən ev tapşırıqlarına başlayırlar. Ata oğlanların dərslərinə nəzarət edir, ana isə qızlara yardımçı olur. Beləcə, hər bir uşaq həm valideyn dəstəyini, həm də təhsilin önəmini hiss edir. Sevda xanım deyir: “Onlar məktəbdən qayıdana qədər mən ev işləri ilə məşğul oluram, nahar üçün hazırlıq görürəm. Sonra uşaqlar dərslərini daha dərindən öyrənmək üçün müəllim yanına məşğələyə gedirlər. Evə qayıdanda isə yenidən dərsləri ilə məşğul olurlar. Mən özüm uşaq incəsənət məktəbində xanəndəlik üzrə müəlliməm, dərs saatlarım günorta başlayır. Atası da, mən də uşaqlara yaxından kömək edirik. Hər biri məktəbdə yüksək qiymətlərlə oxuyur, müəllimləri də razıdırlar. İnşallah, belə də davam edərlər".

Uşaqların dərs saatları başa çatdıqdan sonra onların asudə və şən həyatı başlayır. Evdə musiqinin sədaları yüksəlir: Yusif şəhər musiqi məktəbində kamança ixtisası üzrə, Sevgi və Fərəh fortepiano ixtisası üzrə 3-cü sinifdə, Zəhra isə xanəndəlik üzrə 1-ci sinifdə təhsil alır. Bu musiqi sevgisi təsadüfi deyil. Onların anası Sevda Mustafayeva Asəf Zeynallı adına Musiqi Kollecinin xanəndəlik ixtisasını bitirib, 2-ci televiziya muğam müsabiqəsinin iştirakçısı və mərhum sənətkar Əlibaba Məmmədovun tələbəsi olub.

Uşaqların atası Amil Mustafayev məktəbdə fiziki tərbiyə müəllimi işləyir. Eyni zamanda, fərdi təsərrüfatla məşğul olur – əkin-biçin aparır, mal-qara saxlayır. “Hər şey qaydasındadır, heç nəyə ehtiyacımız yoxdur,” – deyir Amil müəllim. O, özü də çoxuşaqlı ailədə böyüyüb - 13 bacı-qardaşdan 11-i bu gün yaşayır və onların bir qismi Avropada, müxtəlif xarici ölkələrdədir. “Bəlkə də bu mühit bizə təsir edib. Amma 7 övlad dünyaya gətirmək yoldaşımla hər ikimizin istəyi olub. Yeri gəlmişkən, hara getsək, maraqla qarşılanırıq,” – deyən Amil müəllim gülümsəyir.

Həmsöhbətim deyir ki, ailədə 13 uşaq olublar - 8 qardaş, 5 bacı: “Bəlkə də bu, genetik kodlara da təsir edir. Amma yox, əvvəldən özümüz də istəmişik ki, 7 övladımız olsun. Bizim heç bir işimiz plansız olmur, istər ailə büdcəsi, istər dolanışıq, işimiz… Belə olmasa, mümkün deyil. Plansız bir iş olsa, bu işlərin öhdəsindən gəlmək olmaz. İkimiz də istəmişik, şükür Allaha, hamısı gül kimi uşaqdır. Mənim valideyn kimi üzərimə düşən yük onların təhsilli, sağlam böyüməsidir. İstəyirəm ki, digər ailələrə nümunə olaq. Bəzən düşünürlər ki, “çoxuşaqlı olmaq təhsildən, yaxşı yaşayışdan, cəmiyyətdən geri qalmaq deməkdir”. Əsla yox, bizim ailədə bunun heç biri yoxdur. Bununla bərabər, kənardan göründüyü qədər də asan deyil. Bu məsələdə səbir, sevgi, məhəbbət olmalıdır. Şükür Allaha, maddi cəhətdən də işlərin öhdəsindən gəlirik, həm dövlətin hər uşağa verdiyi sosial müavinət var, həm də özüm, yoldaşım müəllim işləyirik. Yəni, bir təhər qayğıların öhdəsindən gəlirik. Hər şey qaydasındadır. Yeri gəlmişkən, çoxuşaqlı olmağın daha çox müsbət tərəfləri var. Uşaqların sevincini görmək, gülüş səslərini eşitmək, böyüdükdə isə onların sənə arxa-dayaq olmaları… Vətənə, torpağa, ailəyə sevgi varsa, 10 uşağın da olsa, öhdəsindən gələ bilərsən".

Kənardan bizi izləyən Sevda xanım yenidən söhbətimizə qoşulur: "Mənim üçün kəndi, kənd həyatını, övladlarımızın çox olmasını sevdirən həyat yoldaşım olub. O, əvvəllər bunları xəyalında canlandırsa da, mən düşünməzdim, amma bizim arzularımız birləşdi. İndi belə gözəl ailəmiz var və buna görə çox xoşbəxtəm. Ustadım, mərhum sənətkar Əlibaba Məmmədov həmişə dərslərdə deyərdi ki, “hər çətinin asanı olur, amma çətin asan olur”. Bizim timsalımızda fikirləşirəm ki, bu çətinlik artıq asan olur, düzdür, çətindir, eyni zamanda, mümkündür. Əlbəttə, müəyyən çətinliklər də var: məktəbdən gələn kimi paltarlarını dəyişmələri, süfrə başına oturmaları, “ana, nə bişirmisən?” deyə xorla səslənmələri… Belə maraqlı səhnələr çox olur (Gülür). Mənim üçün normaldır. Bir də görürsən, kimsə bizə qonaq gəlir, deyir ki, “sən necə dözürsən?”. Əslində çoxuşaqlı olmağın çətinliyini bir az şişirdiblər. Mən özümü iki-üç uşaqlı ana kimi təsəvvür edə bilmirəm”.

Sevda xanım, həmçinin bildirib ki, ailə vəziyyətinə görə sənəti ilə uzun müddət məşğul ola bilməsə də, bu, pedaqoji fəaliyyətinə təsir göstərməyib. Analıq müddətindən sonra işinə davam edir.

Beləliklə, gün boyu məktəb, dərs və əlavə məşğələlərdən sonra yorulan uşaqlar axşam saatlarında öz otaqlarına çəkilir, rahatca yatırlar. Onların gözlərində günün yorğunluğu olsa da, qəlblərində sabah üçün yeni ümid və həvəs oyanır. Ana mışıl-mışıl yatan balacaların üzündən öpür, onların üstünü örtür, işığı söndürür…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri