Cüdoçularımızın arzuları böyük, hədəfləri gerçəkdir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Onlar bu il 76 qızıl, 61 gümüş, 116 bürünc medal qazanıblar
Artıq 2025-ci il tarixə qovuşur. Yola saldığımız il ölkə həyatının əksər sahələrində qazanılmış yeni uğurlarla yadda qalacaq. Bəs Azərbaycan idmançıları bu ili hansı nailiyyətlərlə yola salır? İdmançılarımız qarşıdan gələn ildə keçiriləcək yarışlara necə hazırlaşırlar?
Bu sualların cavabında, ilk olaraq, ölkə idmanını beynəlxalq miqyasda layiqincə təmsil edən cüdoçularımızın uğurlarına nəzər salaq. Müsahibimiz Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Dünya və Avropa çempionatlarının mükafatçısı, Əməkdar idman ustası, “Şöhrət” ordenli idmançı Natiq Bağırovdur.
– Azərbaycan Cüdo Federasiyası başa çatmaqda olan 2025-ci idman ilini necə başa vurur? İdmançıların beynəlxalq arenalarda əldə etdiyi uğurları, müxtəlif səviyyəli yarışlardakı nailiyyətləri necə dəyərləndirirsiniz?
– Cüdo üzrə Azərbaycan milli komandası 2025-ci ildə beynəlxalq arenada yüksək nəticələr qazanıb. İl ərzində müxtəlif yaş qrupları üzrə fərdi və komanda yarışlarında cüdoçularımız 76 qızıl, 61 gümüş, 116 bürünc olmaqla ümumilikdə 253 medal əldə ediblər.
Cari ildə ölkəmiz Bakıda Böyük Dəbilqə, Qubada isə Avropa Kubokuna ev sahibliyi edib. Bakı Böyük Dəbilqəsində idmançılarımız 1 qızıl, 1 gümüş, 3 bürünc, Quba Avropa Kubokunda 3 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar. Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Ümidləri Turniri və Kodokan mütəxəssislərinin iştirakı ilə texniki sessiyalar keçirilib.
Azərbaycan Göygöldə təşkil olunan III MDB Oyunlarına ev sahibliyi edib. Cüdoçularımız fərdi yarışlarda 5 qızıl, 7 gümüş, 9 bürünc (cəmi 21) medal qazanıb, qarışıq komanda yarışında isə çempion olub. Bu yarışlarda dünyada və Avropada aparıcı komandalardan olan güclü Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus komandalarının iştirak etməsinə baxmayaraq, Azərbaycan komandası Oyunların çempionu olub.
Şimali Makedoniyada keçirilən EYOF-da yeniyetmə cüdoçularımız fərdi yarışlarda həm medalların sayına, həm də əyarına görə birinci yeri tutublar. Bu ölkədə keçirilən yeniyetmələrin Avropa çempionatında komanda hesabında medalların əyarına görə ikinci, oğlanlar arasında birinci yeri tutan millimiz 3 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib. Cari ildə komandamız Bolqarıstanda keçirilən yeniyetmələrin Dünya çempionatında 2 bürünc medal qazanıb.
Moldovada keçirilən U-23 Avropa çempionatında cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medalla həm ümumi komanda, həm də kişilər arasında 1-ci yeri tutub. Gənclər arasında Avropa çempionatında 2 qızıl, 1 bürünc, Dünya çempionatında isə 1 bürünc medal qazanılıb. Macarıstanda böyüklər arasında Dünya çempionatında Azərbaycan millisi 3 bürünc, Monteneqroda Avropa çempionatında 1 gümüş və 4 bürünc medala yiyələnib.
Cüdo tarixində ilk dəfə Macarıstanda keçirilən Dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri sırasında yer alıb. Çempionatın son günündə Beynəlxalq Cüdo Federasiyasının bayrağı 2026-cı ildə Dünya çempionatına ev sahibliyi edəcək Azərbaycana təqdim olunub.
Qeyd olunanlardan başqa, 2025-ci ildə Azərbaycanda ilk dəfə adaptiv cüdo turniri təşkil olunub. Milli Komandaların Təlim-Məşq Mərkəzində keçirilən turnirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib, layihə onların sosial inteqrasiyası və fiziki aktivliyinin artırılmasına xidmət edib. “Kata for All” festivalı, Kodokan mütəxəssislərinin iştirakı ilə seminarlar, həmçinin məşqçilər üçün ilkin tibbi yardım, fiziki hazırlıq, hakimlik qaydaları və sosial medianın düzgün istifadəsi mövzularında təlimlər gerçəkləşdirilib.
Cari ildə ACF tərəfindən təşkil olunan yerli yarışlarda bütün yaş qrupları üzrə ümumilikdə 8500-ə yaxın cüdoçu mübarizə aparıb. Ölkədə cüdo ilə məşğul olanların sayı rekord həddə çataraq 21 min nəfəri ötüb. Cüdo Liqa yarışlarının tətbiqi ilə yeni potensiallı idmançıların aşkarlanması, klublar arasında sağlam rəqabət və əməkdaşlıq, idmançı və məşqçilərə maddi dəstək, eləcə də infrastrukturun gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
– Ötən ay Səudiyyə Ərəbistanında başa çatmış VI İslam Həmrəyliyi Oyunlarında cüdo millimizin, eləcə də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində iştirak edən idmançılarımız gözləntiləri doğrulda bildilərmi?
– Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız fərdi yarışlarda 2 qızıl, 2 gümüş, 5 bürünc medal əldə edib, qarışıq komanda yarışında isə çempion olub. Bu nəticə böyüklər arasında qarışıq komandada Azərbaycan cüdo tarixinin ilk çempionluğudur. Doğrudan da dünyanın və Asiyanın ən güclü komandaları arasında qalib olmaq böyük uğurdur.
Onu da qeyd edim ki, hər bir yarışa məşqçilər korpusu müxtəlif idmançılarla, fərqli tapşırıqlarla gedirlər. Əsas hədəfimiz Avropa və Dünya çempionatları, Olimpiya oyunlarıdır.
– Son dövrlər müxtəlif idmançıların əldə etdiyi uğurlar, qazanılan qələbələr, sanki, bir qədər arxayınlıq yaradır. Bəzən cüdoçularımız eyni uğuru təkrarlaya bilmirlər.
– İl ərzində 20 turnir olur, Avropa və Dünya çempionatları keçirilir. Dörd ildən bir Olimpiya oyunları baş tutur. Mən belə bir sual vermək istərdim. Əgər 20 yarışda iştirak edən idmançı 17-sində medal qazanıbsa, 3-də isə nəticə göstərə bilməyibsə onların nəticəsi bizi qane edərmi? Yoxsa bu yarışların 10-da uğur əldə edib 10-da medal qazanmasalar, ümumilikdə isə Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında medal qazansalar hansı daha yaxşı olar?
Əlbəttə ki, rəsmi yarışlardakı nəticələr daha böyük uğur hesab olunmalıdır. Ona görə də idmançılar il ərzində daim formada ola bilməzlər. Məşqçilərimiz çalışırlar ki, cüdoçularımız daha mötəbər turnirlərdə yaxşı formada olsun və yüksək nəticələr əldə etsinlər. Ona görə Böyük Dəbilqə, yaxud Qrand-Prix yarışlarına hazırlaşanda, iştirak edəndə məşqçilərimiz fiziki hazırlığı aşağı salmırlar. İdmançılar həmin yarışlarda fiziki baxımdan yorğun iştirak edirlər.
Lakin nəticə bizə bu yarışda o qədər də önəmli deyil. Çünki həmin yarışlarda iştirak etmək də hazırlıq prosesinin bir hissəsidir. Buna baxmayaraq, idmançılarımız medallar gətirəndə hamımız sevinirik. Bir daha vurğulamaq istəyirəm ki, bizim üçün ən önəmli yarışlar Avropa, Dünya çempionatları və Olimpiadadır.
– Azərbaycanda son dövrlər cüdonun inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür? Federasiya idmanın bu növünü bölgələrdə necə kütləviləşdirə bilər?
– Cari ildə Azərbaycan Cüdo Federasiyası ölkə üzrə idmanın bu növünün kütləviliyinin, infrastrukturunun, idarəçiliyinin gücləndirilməsi istiqamətində böyük işlər görüb. Ağdaşda, Kürdəmirdə, Astarada, Cəlilabadda, Qaxda, Tərtərdə, İmişlidə, Zaqatalanın Mosul kəndində və Şabranda Cüdo Təlim mərkəzlərini açmışıq. Həm zalları avadanlıqlarla təmin etmişik, həm də bir sıra rayonlarda cüdo idman zallarını tikmişik.
Bundan başqa, İdman Akademiyasında yenilənmiş Cüdo zalı istifadəyə verilib. 2022-ci ildən bəri Bakı və regionlarda 156 idman zalına təxminən 12 min tatami paylanıb, bu zallarda 2300-dən çox yeniyetmə və gəncin cüdo ilə məşğul olması üçün şərait yaradılıb.
Beynəlxalq təcrübəyə əsasən hazırlanan qaydalar üzrə klubların lisenziyalaşdırılması prosesi davam edib və bu günədək 206 idman təşkilatına lisenziya verilib. Beynəlxalq Cüdo Federasiyası Akademiyasının məşqçi hazırlığı proqramında Azərbaycan, Gürcüstan və Özbəkistandan 48 məşqçi iştirak edir. İndiyədək proqram çərçivəsində 245 yerli məşqçi təhsil alıb, onlardan 168-i imtahanları uğurla verərək beynəlxalq dərəcəli diplom əldə edib. ACF, Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında Anlaşma Memorandumu əsasında cüdo məşqçiliyi üzrə təhsil proqramları davam etdirilib.
– Hər bir sahədə olduğu kimi, cüdoda da yeni idmançıların yetişdirilməsi, gənc nəslin öz sələflərini əvəz etmək baxımından hazırlıqlı olması üçün federasiya rəhbərliyi hansı işləri görür?
– Bütün sahələrdə olduğu kimi, bizim federasiya da gənc idmançıların yetişdirilməsinə xüsusi diqqət yetirir. Cüdo Federasiyası bu istiqamətdə çoxsaylı yerli turnirlər, kubok yarışları keçirir. Yeniyetmələrimiz, gənclər həmin yarışlarda iştirak edir, öz qüvvələrini nümayiş etdirirlər. Bu yarışlarda federasiya nümayəndələri gənc istedadları aşkar edir, onlarla iş aparılır.
Bakıda və regionlarda müxtəlif təlim-məşq toplantıları təşkil olunur. Göygöl Olimpiya İdman Kompleksində, Goranboy Olimpiya İdman Kompleksində region idmançılarımız üçün müxtəlif təlim-məşq toplantıları keçirilib. Bu yaxınlarda Bakı şəhərində böyük təlim-məşq toplantısı keçirilib. Toplantıda 80 idmançı, o cümlədən 48 region məşqçisi də iştirak edib. Qeyd edim ki, bu prosesləri gələcəkdə də davam etdirəcəyik. Həm Federasiya, həm də idmançılar üçün qarşıdakı ildə yeni hədəflər müəyyənlşdirmişik.
– 2026-cı ildə qarşınızda hansı hədəflər dayanır?
– Gələn il Federasiyanın qarşısına qoyduğu əsas hədəflər, ən azı, builki nəticələri qorumaq və daha böyük uğurlar əldə etməkdir. Bildiyiniz kimi 2026-cı ildə Bakıda cüdo üzrə Dünya çempionatı keçiriləcək. Təbii ki, bu mötəbər yarışda biz, ilk növbədə, Azərbaycan xalqını, idmansevərləri öz nəticələrimizlə sevindirməliyik. Bunun üçün həmin yarışlara çox yüksək səviyyədə hazırlaşmalıyıq.
Eyni zamanda, məşqçilər ümumi tövsiyələri ilə bərabər, hər bir idmançını fərdi şəkildə də analiz edir, onların beynəlxalq arenalarda buraxdıqları səhvləri təkrarlamaması üçün, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində xüsusi proqramlar tərtib edirlər. Sadaladığım vəzifələrə çatmaq üçün həm respublika daxilində, həm də ölkə xaricində müxtəlif təlim-məşq toplantıları nəzərdə tutlub, eyni zamanda, bir sıra yarışlarda idmançılarımızın iştirakı planlaşdırılıb.
Parisdə keçirilən 2024-cü il Olimpiya oyunlarında cüdo millimiz yüksək nəticə göstərərək 2 qızıl medal qazandı. Bu da məşqçilər korpusunun idmançılarla birlikdə böyük işinin nəticəsidir. Mən bunu Allahın bizə bəxş etdiyi bir lütfn olduğunu düşünürəm. Çünki Olimpiya oyunları elə bir yarışdır ki, orada idman bəxti çox böyük rol oynayır. Bilirəm ki, idmansevərlər cüdo millimizdən həmişə yüksək nəticələr gözləyirlər. Bizim də onların dəstəklərinə, dualarına ehtiyacımız var.
Əminən ki, idmançılarımız və məşqçilərimiz yenə də federasiya rəsmilərinin rəhbərliyi ilə qarşıdakı yarışlarda da var qüvvələri ilə mübarizə aparacaqlar. Federasiya rəhbərliyi idmançıların və məşqçilərin hər bir istəyini yerinə yetirməyə çalışır. Onların fiziki, mənəvi və maddi ehtiyaclarının qarşılanmasına operativ münasibət göstərir.
Son olaraq bildirim ki, bu gün federasiyanın əldə etdiyi uğurlar Azərbaycanda idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir. Müzəffər Ali Baş Komandanın ölkə daxilində və beynəlxalq arenada apardığı uğurlu siyasət biz idmançılara da ruh yüksəkliyi verir və iştirak etdiyimiz bütün yarışlarda Azərbaycan bayrağını daim zirvələrə qaldırmağa çalışırıq.
Müzəffər ölkəmizi qalib idmançılarımız ləyaqətlə təmsil edir. Federasiya Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğısını hər an hiss edir. Dövlət başçımıza və Azərbaycan cüdosuna dəstək verən bütün tərəfdaşlara, məşqçilərə, idmançılara və azarkeşlərə minnətdarıq.
– Yeni ildə Federasiyanıza və cüdoçularımıza daha böyük uğurlar arzulayırıq. Müsahibəni apardı:
Qabil YUSİFOĞLU
XQ
Baxış sayı:56
Bu xəbər 17 Dekabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















