Dağlar qoynunda bir məktəb var
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Sərək kəndi əzəmətli dağların, yaşıl meşələrin qoynunda yerləşir. Kəndə çatanda üçmərtəbəli, yaraşıqlı məktəb binası dərhal diqqətimizi cəlb etdi. Keçən dərs ilində tkilib istifadəyə verilib. Astara rayonunun nümunəvi, sayılıb-seçilən, zəngin ənələrə malik təhsil ocaqlarından biridir.
Məktəb 265 şagird yerlikdir. Təlim-tərbiyə işi düzgün qurulduğundan, məzunlar yüksək nailiyyətlər qazandığından məktəbdə təhsil almaq istəyənlərin sayı ildən-ilə artır. Hazırda təhsil ocağında 300 nəfərə yaxın şagird oxuyur.
Keçən dərs ilində məktəbin 21 nəfər məzunundan 12-si respublikamızın nüfuzlu ali məktəblərinə, 4-ü kolleclərə qəbul olunub. Bir neçə il əvvəl bu göstərici cəmi 5-6 nəfər olub. Şagirdlərin nailiyyətləri, fənn olimpiadalarında nəticələri də sevindiricidir.
Uğurların səbəbini məktəbin direktoru, rayonun qabaqcıl, yaradıcı müəllimlərindən olan Nuranə Həmidovadan soruşanda dedi:
– Təhsil ölkəmizin işıqlı sabahı və parlaq gələcəyidir. Bu gün parta arxasında oturan şagird sabahın ləyaqətli vətəndaşı, kamil mütəxəssisi və bacarıqlı rəhbəridir. Açıq danışaq, direktor nə qədər təşkilatçı və təcrübəli olsa da, tədrisin səviyyəsi əsasən müəllimlərin peşəkarlığından, məktəb-müəllim-valideyn əməkdaşlığından asılıdır. Bu üçlükdən biri zəif olarsa, çəkilən zəhmət istənilən səmərəni verməz.
Təhsil ocağının fənn kabinetləri müasir avadanlıq, yeni informasiya texnologiyaları, 65-ə yaxın kompüterlə təchiz edilib. Humanitar və riyaziyyat-iqtisadiyyat istiqamətləri üzrə sinif yaradılıb. Yeni dərs ilində ilk dəfə 4-5 yaşlı uşaqların icma qrupu fəaliyyət göstərir. Məktəbin texnologiya müəllimi Afət Süleymanova dərnək çərçivəsində VII-IX sinif qızlarına dərziliyi, toxuma peşəsini öyrədir.
Məktəbdə 30 müəllim və 14 texniki işçi çalışır. Pedaqoji heyətin 90 faizini təşəbbüskar, fəal gənclər təşkil edir. Müəllimlərdən Zamiq Mirzəbəyli, Nahidə Cəfərova və Arzu İbrahimovanın tədris etdikləri fənlər üzrə şagirdlər buraxılış və qəbul imtahanlarında yüksək nəticələr qazanırlar.
Bir neçə il əvvəl kənddə qızların təhsili ilə əlaqədar çətinliklər mövcud idi. Müəllimlərdən Nahidə Cəfərova, Arzu İbrahimovanın məktəb-valideyn icmasının fəalları ilə apardığı birgə işlər gözəl səmərə verdi. Son dövrdə tələbə adını qazanmış məzunların 15-ə yaxını qızlardır.
Direktor Nuranə Həmidova ixtisasca tarix müəllimidir. Peşəsini 27 ildir ki, sevə-sevə tədris edir. Yetirmələrindən bir neçəsi tarix fənnindən imtahanlarda 100 faizlik nəticə göstəriblər. O, həm də tarixçi-tədqiqatçıdır. Cənub bölgəsinin zəngin keçmişini, dini-mədəni irsini, Qarabağın zümrüd qaşı olan Şuşanın tarixini tədqiq və təbliğ edir. "Astaranın tarix və mədəniyyət abidələri", "Şuşa-Qarabağın tacı" və "Astara məscidləri" adlı kitabların müəlliflərindən biridir. Həmkarı İldırım Şükürzadə ilə birgə qələmə aldığı "Şuşa-Qarabağın tacı" kitabının Şuşa şəhərində təqdimatı keçirilib.
Nuranə Həmidova pedaqoji, elim-kütləvi mövzularda mətbuatda müntəzəm çıxışlar edir. Respublika və beynəlxalq səviyyəli konfranslarda, tədris etdiyi ixtisas üzrə forumlarda fəal iştirak edərək diplom və sertifikatlara layiq görülüb. “Nur” Təhsilə, Gənclərə və Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin rəhbəridir. “Vətənimizi tanıyaq”, “İnsan və cəmiyyət” adlı layihələri uğurla tətbiq edib.
Sərək kənd tam orta ümumtəhsil məktəbi 1995-ci ilin mart hadisələri zamanı şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Yalçın Nəsirovun adını daşıyır. Vaxtilə məzunu olduğu məktəbdə qəhrəmanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş igidlərin guşələri yaradılıb. Milli Qəhrəmanın və təhsil ocağını bitirmiş, şəhidlik məqamına yüksəlmiş Səfail Həziyevin ad və anım günləri, yubileyləri, şəhidlərin anım mərasimləri, Zəfər Günü, dövlət və milli bayramalar məktəbdə yüksək səviyyədə qeyd olunur.
Bəli, məktəb bilik verməklə yanaşı, həm də şagird şəxsiyyətinin formalaşdığı, onlara mənəvi dəyərlərin aşılandığı müqəddəs bir məkandır. Sərək məktəbinin kollektivi də şagirdləri müstəqil Azərbaycana, dövlətçiliyimizə məhəbbət, vətənpərvər, əməksevər ruhda tərbiyələndirmək üçün səy və bacarıqlarını əsirgəmirlər.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Baxış sayı:118
Bu xəbər 03 Oktyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















