Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, musiqişünas-alim və görkəmli ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 78 il ötür.
Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də Qarabağın Ağcabədi kəndində anadan olub. Şuşanın zəngin musiqi mühiti onun gələcək sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. İlk təhsilini Şuşada alan Üzeyir bəy 1899–1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb.
O, Azərbaycan musiqi tarixində silinməz iz qoyan sənətkarlardan biridir. 1908-ci il yanvarın 12-də Bakıda səhnəyə qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yaradılan bu əsər milli musiqi mədəniyyətinin inkişafında yeni mərhələnin başlanğıcı olub.
Bəstəkarın yaradıcılıq irsinə “Koroğlu”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu” kimi operalar, eləcə də “O olmasın, bu olsun”, “Arşın mal alan” və “Ər və arvad” musiqili komediyaları daxildir.
Xüsusilə “Arşın mal alan” əsəri dünya miqyasında tanınıb, bir sıra xarici dillərə tərcümə olunub və müxtəlif ölkələrdə səhnələşdirilib. “Koroğlu” operası isə bəstəkarın yaradıcılığının zirvəsi hesab olunur.
Üzeyir Hacıbəyli yalnız bəstəkar kimi deyil, həm də maarifçi, publisist, dramaturq və pedaqoq kimi Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib. O, milli musiqi təhsilinin və elmi musiqişünaslığın formalaşmasında mühüm rol oynayıb. Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib, musiqi nəzəriyyəsi və milli musiqi irsinin öyrənilməsi istiqamətində çalışıb.
Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi də Üzeyir Hacıbəylinin yaradıcılığının məhsuludur. Bu fakt onun sənət irsinin xalqımızın milli kimliyi və dövlətçilik tarixindəki əhəmiyyətini bir daha göstərir.
Dahi sənətkar 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib. Onun zəngin yaradıcılıq irsi bu gün də yaşayır, əsərləri Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz hissəsi kimi sevilir və dünya səhnələrində səslənir.
Üzeyir Hacıbəylinin adı Azərbaycan xalqının yaddaşında milli musiqimizin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkar kimi əbədi yaşayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 23 Noyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















