Dayanıqlı inkişaf göstəriciləri
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ÜDM-in həcmi 106 milyard manatı ötüb
2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə 106 milyard 435,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb. Belə ki, ÜDM istehsalının 34 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 20,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 10 min 392,6 manata bərabər olub.
Qeyri-neft sənayesində artan əlavə dəyər
ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, 106 milyard manatlıq əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 70 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 52,6 milyard manatı üstələyib. Qeyri neft-qaz sənayesində əlavə dəyər 4,9 faiz artıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərinin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal sahə olduğunu göstərir.
Büdcədə qeyri-neft yığımlarının həcmi 10 milyard manatı ötüb
2025-ci ilin yanvar-oktyabr aylarında fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 283 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Dövlət büdcəsinin gəlirləri 32,9 milyard manata yaxın olub ki, bu da on aylıq proqnozu 536,8 milyon manat və ya 1,7 faiz üstələyib. Büdcə gəlirlərində vergi daxilolmaları 14,4 milyard manat təşkil edərək proqnozdan 752,3 milyon manat və ya 5,5 faiz çox olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 411,8 milyon manat olub, proqnoz 3 faiz artıq icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyon manat və ya 9 faiz artıb.
Dövlət Neft Fondundan transfert isə 12 milyard manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Gömrük orqanı tərəfindən daxilolmalar 5 255,7 milyon manat təşkil edib.
Ötən 10 ayda dövlət büdcəsinin xərcləri isə 27,7 milyard manat məbləğində icra edilib.
Sosial sığorta yığımları 12 faiz çoxalıb
2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz və ya 563 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manata bərabər olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artaraq 185,5 milyon manata çatıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq 141,8 milyon manat olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faiz artaraq 650 milyon manat olub.
Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb
2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 73 milyard 705,9 milyon manat və ya hər nəfərə orta hesabla 7196,8 manat olub.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı və maaşlarında da dinamika qeydə alınıb. Belə ki, muzdlu işçilərin sayı 1 milyon 781,4 min nəfər olub ki, onların böyük bir hissəsi (918 min nəfər) qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərdir. Muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1087,7 manat təşkil edib.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Özəl müəssisələrdə çalışan işçilərin orra nomainla gəlirləri 1200-2000 manat civarında olub ki, bu da biznes sektorunda fəalllığın nəticəsi hesab edilə bilər...
Qeyd edilən dövrdə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,9 faiz, Bu isə əhalinin real gəlirlərinin inflyasiyanı bir neçə faiz-bənd üstələdiyini göstərir. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.
11,4 milyard manat investisiya qoyuluşu
Cari ilin yanvar-oktyabr aylarında ölkəmizdə sərmayə axıcılığı da dayanıqlı xarakter daşıyıb, əsas kapitala 14 milyard 830 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar azalsa da, qeyri-neft-qaz sektoruna kapital qoyuluşları isə 6 faizdən çox artıb. 10 ayda istifadə olunmuş investisiyanın 7 milyard 499 milyon manatı və yaxud 50,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 863 milyon manatı və yaxud 32,8 faizi xidmət sahələrinə, 2 milyard 466,9 milyon manatı və yaxud 16,6 faizi isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 486,5 milyon manatını və yaxud 77,5 faizini daxili investisiyalar təşkil edib, 11 milyard 493 milyon manatı və yaxud 77,5 faizini bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır
Cari ilin 10 aylıq makroiqtisadi göstəriciləri onu təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq. Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalına əsasən, 2026-cı ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcək. Ortamüddətli dövr üçün makroiqtisadi proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcmi 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-nin 4,9 faiz olacağı fərz edilir.
Hökumətin nikbin makroiqtisadi ssenarisinə əsasən, ölkəmizin qarşıdakı 4 il ərzində iqtisadi inkişafının əsas drayverləri qeyri-neft sektoru üzrə yığım mənbələrinin təşviqi, “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması və müxtəlif sektorlarda çalışan fiziki şəxslərin gəlir vergisi üzrə verilmiş azadolmanın müddətinin 2025-ci ilin sonunda bitməsi və bunun sayəsində yeni fiskal gəlir kanalının yaranması, habelə iqtisadiyyatın özəl və dövlət sektorunda qeyri-rəsmi məşğulluğun qarşısının alınması və gəlirlərin leqallaşdırılması nəticəsində qeyri-neft yığım mənbələrinin genişlənməsi olacaq. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacaq, neft-qaz sektorunun payı isə 20 faizə bərabər olacaq.
ELBRUS CƏFƏRLİ
Baxış sayı:104
Bu xəbər 18 Noyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















