“Demoqrafik ləngimə davam edərsə, əhali sayının azalması qaçılmazdır” SOSİOLOQ DANIŞDI
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Sovet dövründə Azərbaycanda demoqrafik artım yüksək inkişaf tempi ilə müşayiət olunmuşdur. Bu mərhələdə müharibə illərində yaranmış əhali itkilərinin kompensasiya edilməsi məqsədilə dövlət tərəfindən məqsədyönlü demoqrafik təşviq siyasəti həyata keçirilmiş, çoxuşaqlı ailələrin formalaşdırılması stimullaşdırılmışdır”. Bu sözləri SİA -ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, bu siyasət çərçivəsində “qəhrəman ana” statusu təsis edilmiş, çoxuşaqlı ailələr üçün sosial müavinətlər tətbiq olunmuşdur:
”Nəticədə cəmiyyətdə çoxuşaqlılıq bir sosial norma kimi qəbul edilmiş, ailələr arasında daha çox uşaq sahibi olmaq meyli güclənmişdir. Lakin sovet sisteminin süqutundan sonra Azərbaycan cəmiyyəti qlobal sosial-iqtisadi proseslərə inteqrasiya olundu və ailə planlaşdırması ilə bağlı düşüncə tərzində ciddi transformasiya baş verdi. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərdi ki, ailələr daha az sayda, lakin sosial və maddi baxımdan təminatlı uşaqlar yetişdirməyə üstünlük verirlər. Mənzil sahibi olmaq, sabit gəlir əldə etmək və karyera qurmaq ailə planlaşdırmasında əsas prioritetlərə çevrildi. Bu yanaşma Azərbaycan cəmiyyətində də geniş yayıldı və nəticədə ailələrdə bir və ya iki uşağa üstünlük verilməyə başlandı.
Bu proseslərin nəticəsi olaraq son illərdə ölkədə demoqrafik ləngimə müşahidə olunur. Rəsmi məlumatlara əsasən, son 22 il ərzində Azərbaycan əhalisinin ümumi sayı cəmi 26,4 faiz artdığı halda, ahıl əhalinin sayı 99,4 faiz artmışdır. Bu göstəricilər əhali strukturunda ciddi disbalansın yarandığını göstərir. Doğum səviyyəsinin azalması və yaşlı əhalinin sayının artması əhalinin qocalması sindromu riskini gücləndirir. Beynəlxalq meyarlara əsasən, yaşlı əhalinin xüsusi çəkisi 8 faizdən yuxarı olduqda cəmiyyət qoca əhali kateqoriyasına daxil edilir və Azərbaycan bu həddə yaxınlaşmaqdadır.
Demoqrafik ləngimə mövcud templə davam edərsə, əhali sayının azalması qaçılmaz ola bilər. Son beş il ərzində əhali sayında təxminən 39 min nəfərlik azalma qeydə alınmışdır. 2023 və 2024-cü illərdə doğum göstəricilərində enmə müşahidə olunmuş, 2025-ci ildə də oxşar tendensiya davam etmişdir. Təbii artımın azalması fonunda mexaniki artımın, yəni miqrasiya axınının artması ehtimalı yüksəlir. Lakin bu model Azərbaycan üçün uzunmüddətli perspektivdə arzuolunan hesab edilmir.
Azərbaycanın mürəkkəb geosiyasi mövqeyi, regional qarşıdurmaların kəsişmə nöqtəsində yerləşməsi ölkə əhalisinin sosial və milli dayanıqlığının qorunmasını zəruri edir. Demoqrafik zəifləmə orta perspektivdə səfərbərlik imkanlarına, əmək bazarına və milli təhlükəsizliyə mənfi təsir göstərə bilər. Digər tərəfdən, əmək bazarında işçi qüvvəsinin azalması iqtisadi inkişafı ləngidə bilər.
Bu baxımdan demoqrafik təşviq siyasətinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Türkiyə təcrübəsində olduğu kimi, gənclərin ailə qurmasını təşviq edən dövlət və bələdiyyə mexanizmlərinin tətbiqi vacibdir. Gənclərin ailə qurmaqdan çəkinməməsi üçün onların məşğulluq, mənzil və sosial təminat problemləri həll olunmalıdır. Hazırda Azərbaycanda güzəştli mənzil proqramları mövcud olsa da, bu imkanlar məhdud sayda ailəni əhatə edir.
Bəzi ölkələrdə tətbiq olunan innovativ mexanizmlər də diqqətəlayiqdir. Məsələn, yeni doğulan uşaqlar üçün müəyyən məbləğdə depozit hesablarının açılması və bu vəsaitin gələcəkdə uşağın sosial ehtiyaclarının qarşılanmasına yönəldilməsi uzunmüddətli sosial təhlükəsizlik baxımından effektiv vasitə hesab olunur. Oxşar mexanizmlərin Azərbaycanda tətbiqi məqsədəuyğun ola bilər.
Eyni zamanda, çoxuşaqlı ailə statusunun meyarlarının yenidən müəyyənləşdirilməsi təklif olunur. Bu statusun beş uşaqdan deyil, üç uşaqdan başlayaraq verilməsi ailələrin sosial imtiyazlardan daha geniş şəkildə yararlanmasına şərait yarada bilər. Gənclərin məşğulluğunun artırılması məqsədilə məşğulluq proqramlarının və marafonlarının təşkili də zəruridir. Statistik məlumatlara əsasən, ümumi işsizlik səviyyəsi 5,6 faiz, gənclər arasında isə 11 faiz təşkil edir. Bu göstəricilər gənclərin ailə qurmaq imkanlarını məhdudlaşdırır və onların mənzil-məişət problemlərinin həllinə dövlət dəstəyinin vacibliyini ön plana çıxarır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Yanvar 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















