Deputat: “Kimlərinsə Suriyaya göndərilən yardımı tənqid etməsi görülən işlərə təsir göstərə bilməz”
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Milli Məclisin deputatı Cavanşir Paşazadə Azərbaycanın Suriyada müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban ətini paylamasına görə sosial şəbəkədəki tənqidlərə münasibət bildirib.
Deputat Pravda.az-a açıqlamasında deyib ki, təkcə qurban ətinin paylanılması ilə bağlı deyil, Azərbaycan dövlətinin gördüyü işlərə qarşı hər zaman müxalif yöndə danışanlar tapılır.
“İstər Prezident İlham Əliyevin, istər iş adamlarımızın dəstəyi ilə Suriyadan başqa ehtiyacı olan digər ölkələrə də yardım göstəriləndə bu yöndə fikirlər səsləndirənlər mütləq olur. Nə yaxşıdırsa, nəyin arxasında xeyriyyəçilik varsa, bəzi insanlarımız burada əmma axtarmağa, gözdən salmağa çalışırlar. Bunlar Allah rizası üçün görülən xeyriyyə addımlarıdır. Cənab Prezident hər zaman belə addımlar atıb, indi də atır. Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrimizə, qazilərimizə də qurban əti paylanıb. Ölkəmizdə yetərincə bu kimi xeyriyyə işləri görülür. Suriyaya göndərilən yardım da atılan xeyriyyə addımlarından biridir. Bəzilərinin bu işə dar gözlə baxmaları, qarayaxma kampaniyası aparmaları dövlətimizin apardığı siyasəti dəstəkləməmək deməkdir. Bəzi müxalif danışanlar özləri bilərlər. Amma ümumilikdə xalqımız çox gözəl bilir ki, Ali Baş Komandan cənab İlham Əliyev həmişə xeyriyyə işləri görüb, bundan sonra da görəcək. Kimlərinsə Suriyaya göndərilən yardımı tənqid etməsi görülən işlərə heç bir mənfi təsir göstərə bilməz. Ağıllı adamlar dövlətimizin bu addımını dəstəkləyirlər. Heç də ruhdan düşmək lazım deyil. İnsan öz yaxşılığını etsin, pislik edən isə özü bilər...” - o deyib.
Aytəkin Qardaşova

