Icma.az
close
up
RU
Deputatlar və vicdan haqqında Qanun və ədalət harayı

Deputatlar və vicdan haqqında Qanun və ədalət harayı

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Onminlərlə ailə adından parlamentə çağırış: xalqın və haqqın yanında olun

“Facebook”da 42 min ailəni birləşdirən Özəlləşdirmə Çekləri Qrupunu təmsil edən müharıbə və əmək veteranları növbəti dəfə Milli Məclis üzvlərinə müraciət ünvanlayıblar. AYNA.AZ müraciətin mətnini təqdim edir:

“Heç bir deputat yüzminlərlə vətəndaşın, xalqın probleminə biganə qalmamalıdır. Dövlətin tarixi-sosial-iqtisadi ƏDALƏT siyasəti olaraq və kapitalizmə dinc-ədalətli keçid üçün Miras Əmlak Payları kimi mülkiyyət hüququ verən Özəlləşdirmə Paylarını (çeklərini) satmayan, haqlarının bərpa olunmasını ümüdlə gözləyən yüzminlərlə ailə adından qanunverici orqan olan Milli Məclisin bütün deputatlarından xahiş edirik: bu hüquqi problemi və faktları üzvü olduğunuz komitələrdə və Milli Məclisdə bütün deputatların iştirakı ilə TƏCİLİ müzakirələrə çıxarasınız. Dövləti cinayətə, Xalqa və cənab Prezidentə qarşı düşmənçiliyə, korrupsiyaya son qoyulmalıdır.

Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarını, pul və ya qiymətli kağız formasında verilməsindən aslı olmayaraq ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib. 7 mart 1995-ci ildə Prezident Sarayında Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı unudulmamalıdır. Ulu Öndər tarixi sosial ədalətin təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib.

Bizim özəlləşdirmə paylarımız – yəni Miras Əmlak Paylarımızqanunla təsbit olunmuş hüququmuzdur və haqqımızdır. 15 ildir Xalqın Miras Əmlak Payları qanunsuz olaraq sahibkarlara satılır. Ancaq yaddan çıxarmayın ki, sahibkar elə kapitalist deməkdir. Hər gün Milli Məclisdə sahibkarlara dəstək ücün çoxsaylı çıxışlar edirsiz. Xahiş edirik, bizi – sadə XALQI yaddan çıxarmayın. Hər şey vətəndaşın yaxşı yaşaması üçündürsə, onda 100 il müddətində yığılmış onlara məxsus halal miras əmlak paylarını özlərinə verin – sahibkarlara SATMAYIN!

Hörmətli deputatlar!

Bəzi deputatların ixtisasca hüquqşünas olmaması, bir cox hallarda bu hüquqi problem barədə araşdırma aparmaq üçün vaxtın olmaması – bu hüquqi problem və ədalətsizlik barədə danışmaq, aydın fikir söyləmək üçün cətinliklər yaradır.

Mariflənmək heç vaxt gec deyil. Artıq Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və AR Ali Attestasiya Komissiyasının ekspertləri olan 10-dan çox hüquqşünas alimin iştirakı ilə 2022-2023-cü illərdə “Qanun” jurnalında dövriyyə və dövriyyədə qiymətli kağızların tədavül və ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunması qaydaları və bu hüquqi terminlərin mülkiyyət hüququndan Qanunla tam fərqlı istifadə qaydasını tənzimlədiyi barədə, özəlləşdirmə çeklərinin Qanunla mülkiyyət hüququnu təsdiq edən qiymətli kağız kimi bu gün də dövriyyədə ödəmə-tədiyyə vasitəsi olduğunu, hər çekin dəyərinin Qanunla əmlaka – maddi ekvivalentə bağlandığını və bütün özəlləşdirmə dövründə inflyasiyadan qorunduğunu təsdiqləyən yazılardan – hüquqi faktlarla öz təsdiqini tapan 4 məqalədən sonra hüquqşünas olmayan deputatların və iqtisadcıların da bilməsi mütləq şəkildə vacibdir.

Xahiş edirik, diqqət edin: dövriyyəyə buraxılma hər hansı mülkiyyət hüququ verən daşınar və ya daşınmaz əşyanın, o cümlədən Qiymətli Kağızların istehsal olunaraq əvəzli və ya əvəzsiz olaraq verilməsidir. Məsələn, pul dövriyyədə tədiyyə-ödəmə vasitəsidir. İstiqrazlar isə dövriyyədə tədavül vasitəsidir. Yəni satıla və banka girov qoyula bilər.

Özəlləşdirmə paylarının – çeklərin başqa qiymətli kağızlardan üstün cəhətlərindən biri də odur ki, onlar birincili olaraq yerləşdirildiyi an qüvvədə olan qanunlarla dövriyyədə BÜTÜN özəlləşdirmə DÖVRÜ üçün – Dövlət İnvestisiya Fondarı yaradılana qədər çeklərin Ödəmə-Tədiyyə vasitəsi olması birbaşa tənzimlənib.

Diqqət edin, özəlləşdirmə payları - çekləri qanunla dövriyyədə 3 illik tədavül vasitəsi idi. Yəni bu 3 ildə çeklər satıla və bankda girov qoyula bilərdi. Bu, ən çox investorlar və çeklərini satmaq istəyənlər üçün maraqlı idi. Bildiyiniz kimi, çeklərin Qanunla 3 illik tədavül müddəti başa çatandan sonra 4 dəfə fərmanlarla uzadıldı – bu, özəlləşdirmə çeklərini satmaq, banklara girov qoymaq istəyənlər və İnvestorlar ücün nəzərdə tutulmuşdu. Dövlət investorlara Özəlləşdirmə Çeklərini investisiya qiymətli kağızı kimi təqdim etmişdi. Yəni tədavül müddətinin fərmanla üzadılmasında və ya dayandırılmasınada heç bir hüquq pozuntusu yoxdur.

Çünki özəlləşdirmə zamanı Qanunla qoyulmuş qaydada - ƏSAS MƏQSƏD onları kimlərəsə satmaq və ya banka kirov qoymaq – yəni tədavül vasitəsi kimi istifadə etmək YOX, qiymətli kağız kimi çeklərdən bütün özəlləşdirmə dövründə dövriyyədə ödəmə-tədavül vasitəsi kimi istifadə olunmasıdır. Yəni qanunla özəlləşdirmə çeklərini satmayan vətəndaşlar və investorlar üçün özəlləşdiriləcək orta və iri müəsisələrin 65%-nin dəyərinin ödənilməsi zamanı Qanunla çeklər bütün özəlləşdirmə dövründə müddətsiz olaraq ödəmə-tədiyyə vasitəsi olmalıdır.

Ulu Öndər Heydər Əliyevin imzaladığı, BU GÜN də qüvvədə olan Özəlləşdirmə Qanunun 10-cu maddəsi və özəlləşdirmə qanunlarının icrası ücün 1996-ci ildə 450 nömrəli Fərmanla imzalanmış Özəlləşdirmə Payları-Çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə ödəmə vasitəsi kimi çeklərin qəbulundan imtina etmək qəti qadağan olunub. Bu hüquqi faktı Qanun qüvvəsində olan və hər özəlləşdirmə çekinin üzərindəki “BU ÖZƏLLƏŞDİRMƏ ÇEKİ AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜLKİYYƏTİ İLƏ TƏMİN EDİLİR” yazısı da təsdiq edir. Və bu çeklərin üzərində vaxt məhdudiyyəti qoyulmayıb.

Yəni çeklərin dövriyyədə tədavül vasitəsi kimi istifadəsi Qanunla dayandırıla bilər. Ancaq bu halda Qanun Özəlləşdirmə Paylarının yenə də dövriyyədə qalmasını – yəni ödəmə-tədavül vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün istifadəsini birbaşa tənzimləyib. Həm də Özəlləşdirmə Payları verilən zaman qüvvədə olan 1993-cü il tarixli 445 nömrəli Qanunun 19-cu maddəsində İMPERATİV qayda olaraq özəlləşdirmə zamanı istifadə olunmayan özəlləşdirmə payları – pul və ya qiymətli kağız formasında veriməsindən aslı olmayaraq - Qanunla ancaq və ancaq Dövlət tərəfindən yaradılacaq İnvestisya Fondlarına qoyularaq dövriyyədən cıxarıla bilər. 

Hətta Ulu Öndər Heydər Əliyev o zaman vətəndaşlara müraciət edərək öz çeklərini TƏDAVÜL vasitəsi kimi satmamağı, dövlət əmlaklarının özəlləşdirilməsi zamanı onlardan bir-bir ödəmə-tədiyyə vasitəsi kimi istifadə edərək özəlləşdirmədə iştirak etməyi, ayrı-ayrı müəssisələrə qoymağı məsləhət görürdü. Və deyirdi ki, əgər bir müəssisə yaxşı dividend verməsə, başqası yaxşı olar və beləliklə tarazlıq yarada bilərsiz.

Mülki Məcəllə, Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında QANUNDA nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Dövlət tərəfindən Qanunla əsas və yeganə Dövlət Qiymətli Kağızı kimi bütün özəlləşdirmə dövründə istifadə olunması üçün buraxılmış Özəlləşdirmə Çeklərinin Mülki Məcəllədə mülkiyət hüququ olduğu təsdiq edilir.

Maddə 1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Konstitusiyanın 94-cü maddəsinin 13-cü bəndi ilə mülkiyyət hüququ - yəni əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları yalnız qanunverici orqan olan Milli Məclis tərəfindən – ancaq Qanunla tənzimlənə bilər. 

Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinə əsasən, hətta Qanunun olmadığı halda digər normativ hüquqi aktla qanunun predmetini təşkil edən məsələlərin hüquqi tənzimlənməsinə və hamı üçün məcburi olan davranış qaydalarının müəyyənləşdirilməsinə yol verilmir.

Hörmətli deputatlar!

Diqqət edin, 2004-cü ilə qədər Özəlləşdirmə Paylarının ödəmə-tədiyyə vasitəsi kimi özəlləşdirmədə istifadəsi – yəni mülkiyyət hüququndan istifadə qaydası bu gün də qüvvədə olan 878 nömrəli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə tənzimlənirdi. Ulu Öndər xalqın hüququnu və özəlləşdirmə əmlak payını qorumaq üçün çox dəqiq hüquqi mexanizm qoymuşdu.

Ulu Öndər Heydər Əliyev vəfat edəndən 6 ay sonra Prezident İlham Əliyevin etibarından sui-istifadə edən - həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurlar Ulu Öndər Heydər Əliyevin imzaladığı hüquqi sənədləri səhv şərh edərək və ya məqsədli şəkildə, 2004-cü ildə ilk dəfə olaraq KONSTİTUSİYAYA zidd olaraq mülkiyyət hüququndan istifadə qaydasını - Qanun qüvvəsində olmayan Fərmanın 1.1 bəndi ilə guya dövlət özəlləşdirmə çeklərindən ödəmə-tədiyyə vasitəsi kimi istifadə müddətini artırmaq adı ilə müddət qoydular və 2011-ci ildə isə Qanunla tənzimlənən mülkiyyət hüququndan istifadə müddəti Fərmanla ləğv olundu.

Bildiyiniz kimi, Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndi ilə “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Ancaq Konstitusiya və Qanunun Fərmanla pozulması – 15 ildir deputatların Qanunla 65%-i Xalqa məxsus olan halal miras əmlak paylarının TALAN olunmasına qarşı biganəliyi cinayətkar oliqarx məmurlara XİDMƏT EDİR.

Hörmətli deputatlar, cənab Prezident hüquqşünas deyil. Sizin bəziləriniz hüquqşünas olmasa da, uzun illərdir QANUNVERİCİ orqanda işləyirsiz. Sizə yazdığımız hüquqi FAKTLAR əsasında mülkiyyət hüququnun pozulması ilə bağlı bu hüquqi problem və hüquqşünas alimlərin üzə çıxardığı hüquqi səhflərlə bağlı həqiqətləri, eyni zamanda cənab Prezident İlham Əliyevin etibarından sui-istifadə edən - həmin dövrdə Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev və onun ətrafında toplanan bəzi məmurların hazırladığı və 2004-cü ildə hiyləgərcəsinə imzalatdırdığı 75 nömrəli Fərmanının Konstitusiyaya, qanunlara və beynəlxalq insan hüquqlarına zidd olduğunu gözəl bilirsiz.

Bu səbəbdən Dövlətimizin və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Önədər Heydər Əliyevin imzaladığı Konstitusiyanın, qanunların, xalqa vədinin və tarixi sosial-iqtisadi ədalət siyasətinin pozulmasının, Ramiz Mehdiyev və onunla əlaqəli oliqarx məmurlar tərəfindən cənab Prezidentin etibarından sui-istifadə nəticəsində yaranmış hüquqi problemlər tez bir zamanda aradan qaldırılmalıdır. Qanunsuz özəlləşdirmə təcili dayandırılmalıdır! Xahiş edirik, Milli Məclisdə müzakirələr başladılsın - fikirlərinizi ictimaiyyətlə bölüşün və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edin.

Hörmətli deputatlar!

Vətəndaşın dövlətə 10 manat borcu olanda işığını, suyunu, qazını DƏRHAL kəsirlər. Övladları təhsil haqqını ödəyə bilməyəndə ali məktəblərdən və bağçalardan qovulurlar. Dərman və müalicə almaq üçün 300 manat pensiya alan insanlar banklara olan borcunu verə bilməyəndə evini əlindən alırlar. BU, KAPİTALİZMİN REALLIĞIDIR!

Statistikaya görə, əllərində özəlləşdirmə payları qalan yaşlı nəsildən olan vətəndaşların hər il 1,5%-i dünyasını dəyişir. Özəlləşdirmə Paylarını satmayan 1 milyon vətəndaşdan ildə 15 000 insan – yəni HƏR GÜN 41 insan öz haqqına çatmadan dünyadan köçür.

Sizcə, bu gün Milli Məclisdə müzakirəsi ücün bundan vacib nə iş ola bilər?! Sizin seçiciləriniz olaraq sizə olan müraciətimizi Milli Məclisdə TƏCİLİ müzakirə etməyinizi xahiş edirik.

Ermənilər bizim ata-baba torpaqlarımızı zəbt edən zaman belələrinin faşist və Azərbaycan xalqının düşməni olduğunu uşaqdan böyüyə qədər hamımız dərk ediriksə, deməli ki, bizm ata-babalarımızın canı-qanı bahasına, xalqın zəhməti hesabına qurulmuş dövlətın özəlləşdiriləcək əmlaklarından qanunla xalqa düşən hissəsini (65%-ni) min cür yolla (Molla Nəsrəddində mollaların yetimin malını yemək üçün kitabdan-kitaba yazmaq məsələsi) ƏLƏ KEÇİRƏN məmurlara və sahibkarlara sabah xalq düşməni deyəcəklər. Ulu Öndər Heydər Əliyevin qoyduğu tarixi sosial ədalət siyasətini, xalqa vədini, imzaladığı Konstitusiya və qanunları bəyənməyən və pozan oliqarx məmurlar xalq düşmənidir!

Müqəddəs “Quran” ayələrində başqasına məxsus olan əmlak payını və yetimin malını yeyənlər barədə cəhənnəm hökmünün olduğu, onların öz ailə və övladlarına haram yedirdikləri, ziyan vurduqları barədə, HƏTTA başqasının malının talan edildiyini görüb susanlar barədə aydın yazılıb.

Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil, korrupsiya və dövlət cinayətidir, Xalqa və Prezidentə qarşı düşmənçilikdir.

Mülki Məcəllə, maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Qanunla öz vətəndaşlıq borcunu yerinə yetirməyənlər – öz şərəf və ləyaqətlərinə hörmət etməyən vətəndaşlardır.

Hörmətli deputatlar!

Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna, cənab Prezidentin də öz fərmanında yazdığı kimi, qanunvericiliklə qoyulmuş qaydalar – yəni ancaq Qanunda göstərilən qaydalar əsasında xitam vermək olar. Lakin oliqarx məmurlar 01.01.2011-ci ildən sonra cənab Prezidentin Fərmanını – Konstitusiya və qanunların qoyduğu qaydada İCRA ETMƏDİLƏR.

Cənab Prezident hüquqşünas deyil. “Cənab Prezidentin özəlləşdirmə çeklərini fərmanla dövriyyədən çıxardığını” qəbul edən, bu yalan məlumata Konstitusiya və qanunlara zidd olaraq hüquqi qüvvə vermək istəyənlər və cənab Prezidentin fərmanını öz istədikləri kimi yozan məmurlar cinayət edirlər, qəbuledilməz hüquq pozuntusu törədirlər. Hesab edirik ki, bu durum onların cənab Prezidentə, Xalqa və dövlətə olan riyakar münasibətlərindən xəbər verir. Bu gün qüvvədə olan Qanunla 65%-i özəlləşdirmə çekləri ilə Xalqa məxsus əmlakların 15 ildir ancaq pulla özəlləşdirilməsi xalqa qarşı cinayət və düşmənçilikdir.

Məlum olduğu kimi, mülkiyyət hüququna qanundan aşağı qanunvericilik aktı ilə xitam verilməsi və mülkiyyət hüququndan istifadənin məhdudlaşdırılması qəbuledilməzdir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur.

Hörmətli deputatlarımız bilməlidir ki, Konstitusiya və qanunlara əsasən, mülkiyyət hüququna Fərmanla nə xitam verilə bilər, nə də istifadəsi məhdudlaşdırıla bilər!

Konstitusiyanın qoyduğu bu qaydanı Mülki Məcəllə də təsdiq edir. Məhz Mülki Məcəllənin 153.3-cü maddəsinə görə, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq, əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

Hörmətli deputatlar!

Qanunverici orqanda işlədiyiniz üçün siz də gözəl bilməlisiz ki, 2004-cü ildə 75 nömrəli Fərmanla Özəlləşdirmə Çeklərinin Dövriyyədə Ödəmə-Tədiyyə vasitəsi kimi istifadəsinin məhdudlaşdırılması və ləğv edilməsi Normativ Hüquqi Aktlar haqqında Konstitusiya Qanununun 64-cü maddəsinin 12-ci bəndinin, o cümlədən Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinin tələblərinə, bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cü Maddəsinin tələblərinə, Mülki Məcəllənin 153.3 Maddəsinin tələblərinə tam ziddir. Bu hal qanunvericiliklə korrupsiya cinayəti hesab olunur.

Bilirsiz ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-4-cü maddəsində Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) qiymətli kağız və mülkiyyət hüququ olduğu öz təsdiqini tapır. Qanunla özəlləşdirmə qiymətli kağızı olan Dövlət Özəlləşdirmə Payları (çekləri) Mülki Məcəllədə göstərilən qaydalar əsasında dövriyyədən çıxarılır. Eyni zamanda, Mülki Məcəllədə qiymətli kağızların dövriyyədən çıxarılmasını nəzərdə tutan 1078-27.1.5-ci maddəsində “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” yazılmasına baxmayaraq, AR Ədiyyə Nazirliyinin verdiyi rəsmi məlumatda bildirilir ki, dövriyyədə ödəmə-tədiyyə vasitəsi kimi istifadəsi başa çatmış özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması haqqında Mülki Məcəllədə olan qaydadan başqa bu günə qədər HEÇ BİR BAŞQA QANUNVERİCİLİK QAYDASI mövcud deyil. 

Xahiş edirik, diqqət edin: Cənab Prezident öz Fərmanında “2011-ci ilin 1 yanvarınadək istifadə olunmayan çeklər dövriyyədən çıxarılır” yazmayıb. Çünki dövriyyədən çıxarılma mülkiyyət hüququna xitam verməkdir və bu, ancaq Qanunla mümkündür. Əks halda bu, qanunvericiliklə korrupsiya cinayəti sayılır.

Diqqət edin! Cənab Prezidentin fərmanında açıq-aydın göstərilib ki, özəlləşdirmə çekləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövriyyədən çıxarılmalıdır. Cənab Prezidentin özünün imzaladığı qanunvericilik aktlarına görə, Azərbaycan Respublikası adından qiymətli kağızların dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarət etmək səlahiyyətləri əvvəllər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə, sonra Maliyyə Bazarlarına Nəzarət Palatasına aid idi. İndi isə bu səlahiyyət Mərkəzi Banka aiddir.

Birinci rəsmi fakt! 2011-2016-ci illərdə qanunvericiliklə Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına nəzarətə cavabdeh olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi öz rəsmi saytında bu barədə açıq-aydın yazıb ki, 2011-2016-ci illərdə Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılmayıb.

Bu Komitənin rəsmi saytının arxivindəki “Sual-Cavab” bölməsində “Hazırda Azərbaycanda hansı növ qiymətli kağızlar dövriyyədədir” sualına cavab olaraq “özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir” yazılıb. Bu məlumat 2011-2016-cı illər ərzində Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını təsdiq edir.

Hətta, “Facebook”da 42 min ailəni özündə birləşdirən “Özəlləşdirmə Çekləri” qrupunda təmsil olunan ziyalılar 2011-2012-ci illərdə dəfələrlə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət ediblər. Onlara cavab olaraq özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmadığını söyləyiblər. Deyiblər ki, “əziyyət çəkib gəlməyin, çünki, ən əvvəl Əmlak Komitəsi tərəfindən dövriyyədə qalan, ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunmayan - dövriyyədən çıxarılacaq çeklərin ümumi sayı və hər özəlləşdirmə çekinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin qiyməti – nominal qiyməti manatla müəyyən edildikdən sonra Əmlak Komitəsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə rəsmi müraciət etməlidir”.

Və deyilib ki, bu kompensasiya məbləği bir necə milyard manat olduğu üçün əvvəl dövlət büdcəsində təsdiq olunmalı və pul ayrılmalıdır. Ancaq bundan sonra çeklərin dövriyyədən çıxarılması qaydası Qiymətli Kağızlar Komitəsi tərəfindən hazırlanacaq və sonra çeklərin dövriyyədən çıxarılacağı barədə mətbuatda elan veriləcək.

İkinci rəsmi fakt! 2017-ci ildə vətəndaşların müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun özəlləşdirmə çeklərinin qanunla dövriyyədən çıxarılmasına cavabdeh olan AR Maliyyə Bazarlarına Nəzarət Palatasına göndərdiyi məktuba verilən 2 rəsmi cavab məktubunda Maliyyə Bazarlarına Nəzarət Palatası yazıb ki, “Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadəsinin 2011-ci ilin yanvarında başa çatmasına baxmayaraq, Dövlət Özəlləşdirmə Paylarının (çeklərinin) dövriyyədən çıxarılması prosedurlarını əks etdirən qaydalar hələlik müəyyən edilməyıb və bu səbəbdən də 2011-ci ilin yanvar ayının 1-nə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyyə (ödəniş) vasitəsi kimi istifadə edilməyən dövlət özəlləşdirmə paylarının gələcəkdə dövriyyədən çıxarılması nəzərdə tutulmuşdur”.

Hörmətli deputatlar!

Siz də bilirsiz ki, qanunvericiliyə əsasən, Dövlət Qiymətli Kağızı olan çeklərin dövriyyədə tədiyyə və ödəmə-tədavül vasitəsi kimi istifadəsi başa çatandan sonra, qanunvericiliyə uyğun olaraq dövriyyədən çıxarılması üçün Qiymətli Kağızların Dövlət Reyestrində müvafiq qeydlər edilməlidir. Və Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılması barədə məlumat – hər özəlləşdirmə payına görə vətəndaşlara çatacaq kompensasiyanın miqdarı və hansı bankdan ala biləcəkləri barədə mətbuatda elan verilməlidir. Amma bunların heç biri olmayıb!

Dövlət qiymətli kağızları haqqında bütün məlumatlar dövlət əhəmiyyəti daşıyır, qanunla qorunur və Dövlət tərəfindən buna səlahiyyətli olan dövlət orqanının arxivində saxlanılır.

Mülki Məcəllənin 1078-27.3-cü maddəsinə əsasən, qiymətli kağızların dövriyyədən çıxarılması haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi mediada dərc olunmalıdır. Maddə 1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.

Maddə 1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Deputatlar özləri dəfələrlə Milli Məclisdə səsləndiriblər ki, parlament üzvləri ayrı-ayrılıqda müraciət edən zaman məmurlar onlara qarşı saymazlıq edirlər. Bu səbəbdən Xalqa qarşı cinayətə, korrupsiyaya son qoymaq ücün sizlərdən çox xahiş edirik ki, qanunvericiliklə Qiymətli Kağızların dövriyyədən çıxarılmasına cavabdeh olan bu iki ali dövlət orqanının rəsmi sənədlərinə əsaslanaraq, bizim 2 il ərzində dəfələrlə müraciətlərimizə baxmayaraq aydın, tam və düzgün cavab ala bilmədiyimiz bu sualın cavabını Milli Məclis adından Mərkəzi Bankdan tələb edəsiniz.

Sual: Özəlləşdirmə çekləri dövriyyədən nə vaxt çıxarılacaq?

Əgər Mərkəzi Bank dövriyyədən çıxarılıdığını ehtimal edirsə, bu zaman əsaslandırmalıdır ki, hansı qanunla çıxarılıb? Bu barədə qiymətli kağızların Dövlət Reyestirində qeydiyyat varmı? Və mətbuatda elan nə vaxt verilib?

Xahiş edirik, aldığınız cavabı deputatlar arasında müzakirə edib, Milli Məclis adından mətbuatda bu barədə açıqlama verəsiniz.

Xüsusi məlumat! Mətbuatda və “Youtube” kanallarında qeyd olunduğu kimi, “Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri Mərkəzi Bankın şöbə müdirləri, ixtisasca hüquqşünas olan Murad Məmmədovun və Yusif Məmmədovun qəbulunda olanda onlar Dövlət Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığını və bu günə qədər mətbuatda özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılacağı barədə heç bir rəsmi elanın olmadığını söyləyiblər. Hətta, hər ikisi də öz ailələrində Özəlləşdirmə Çeklərinin qaldığını söyləyiblər. Bildiriblər ki, “əgər çeklər cənab Prezidentin yazdığı kimi qanunvericiliklə dövriyyədən çıxarılmış olsaydı, birinci biz bilərdik və birinci biz kompensasiya alardıq”. Bu hüquqşünasların hər ikisi əvvəllər qanunvericiliklə çeklərin dövriyyədən çıxarılması qaydalarının hazırlanmasına və dövriyyədən çıxarılmasına cavabdeh olan Qiymətli Kağızlar Komitəsində və Maliyyə Bazarlarına Nəzarət Palatasında şöbə müdirləri olub.

Eyni zamanda “Özəlləşdirmə Çekləri” qrupunun nümayəndələri PA-da cənab Prezidentin köməkçisi Kərəm Həsənovun qəbulunda olan zaman Kərəm müəllim söyləyib ki, “əgər özəlləşdirmə çekləri qiymətli kağız kimi qanunla dövriyyədən çıxarılmış olsaydı, onminlərlə vətəndaşın evində qalmazdı”.

Hüquqi fakt!

Özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, yenidən səmərəli istifadə olunması üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən 14 may 1997-ci il tarixli 579 nömrəli Fərmanla təsdiqlənmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında” Əsasnamədə sonradan 22 dekabr 2014-cü ildə 426 nömrəli Fərmanla dəyişikliklər edilməzdi (https://e-qanun.az/framework/28949). Özəlləşdirmə çekləri dövriyyədən çıxarılmış olsaydı, yəni mülkiyyət hüququna fərmanla xitam verilmiş olsaydı, cənab Prezident 28 dekabr 2022-ci il tarixli 1933 nömrəli Fərman ilə 10 avqust 2000-ci il “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 383 nömrəli Fərmanında dəyişiklik edərdimi? Həmin dəyişiklikdə deyilir: “4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: dövlət özəlləşdirmə paylarının (çeklərinin) və dövlət özəlləşdirmə opsionlarının istifadəsi üçün qanunvericilik çərçivəsində lazımi şərait yaratsın”. Bu Fərman bir daha təsdiq edir ki, özəlləşdirmə payları (çekləri) başqa bir qanunvericilik aktı ilə yenidən istifadə oluna bilər – yəni Özəlləşdirmə Çekləri Qanunla dövriyyədən çıxarılmayıb.

Biz ümid edirik və inanırıq ki, hörmətli deputatlarımız Milli Məclisdə müzakirələrə başlayan kimi tez bir zamanda ya özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan maddi ekvivalent dəyərinin nominal qiyməti qoyulacaq və Özəlləşdirmə Qanununun 10-cu maddəsi işləməyə başlayacaq.

Artıq 16 ildir özəlləşdirmə prossesi Konstitusiya və qanunlara ZİDD olaraq aparılır. Qanunla orta və iri müəsisələrin 65%-i Özəlləşdirmə Payı(çek) kimi ölkə vətəndaşlarına verilməlidir. Hüquqşünas alimlərin də yazdığı kimi, əgər özəlləşdirmə çekləri dövriyyədən qanunla çıxarılmış olsaydı, 2011-2022-ci illərdə Dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı normativ hüquqi aktlar barədə Özəlləşdirmə Dövlət Nəzarəti Komissiyasının sədri olan Baş nazir Nazirlər Kabineti adından 10-dan çox qərar qəbul etməzdi.

Hörmətli deputatlar!

Xüsusi bir qeyd edək ki, Belarusda özəlləşdirmə bizdən əvvəl başlayıb və özəlləşdirmə çekləri bu gün də ödəmə-tədiyyə vasitəsi kimi istifadə olunur. Hər il bu çeklərin inflyasiyadan qorunan nominal qiymətləri yenilənir. Vətəndaşların haqqına və hüquqlarına təcavüz olunmur. Göründüyü kimi, Belarusda dövət və məmurlar tarixi sosial ədalət prinsipini əsas tuturlar.

Azərbaycanda da Qanunla qoyulmuş qaydaya əsasən özəlləşdirmə çeklərindən tədavül vasitəsi kimi istifadə müddəti 2000-ci ildə başa çatdıqdan sonra bu gün qüvvədə olan Özəlləşdirmə Qanununun 10-cu Maddəsi ilə - yəni mülkiyyət hüququndan istifadə Qanunla qoyulmuş qaydaya əsasən və özəlləşdirmə qanunlarının icrası ücün 1996-ci ildə 450 nömrəli Fərmanla imzalanmış Özəlləşdirmə Payları-Çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə Belarusda olduğu kimi, çeklər ödəmə-tədiyyə vasitəsi kimi dövriyyədən çıxarılana qədər – yəni dövlət tərəfindən investisiya fondları yaradılana qədər bütün özəlləşdirmə dövründə QANUNLA istifadə olunmalıdır.

Vətəndaşların sizə və cənab Prezidentə ümidi və etibarı böyükdür. Məmurların dövlət başçısının etimadından sui-istifadə etməsi haqda Prezidentimiz özü dönə-dönə danışıb. Bu barədə ölkə mətbuatı, o cümlədən “Haqqın.az” saytı dəfələrlə yazıb. (Кто и как лишил граждан Азербайджана прав на приватизацию?)

Hörmətli deputatlar!

Cənab Prezident hüquqşünas deyil. Cənab Prezident heç vaxt atası Ulu Öndər Heydər Əliyevin tarixi sosial-iqtisadi ədalət siyasətini, xalqa vədini pozan və korrupsiya cinyəti yaradan belə bir Fərmana bilə-bilə imza atmazdı. Bu dövlət cinayətinin müəlifi Ramiz Mehdiyev və onun dəstəsidir. Onlar cənab Prezidentin etibarından sui-istifadə edərək, xalqa qarşı cinayət və düşmənçilik ediblər. Bu gün Qanunun Fərmanla dayandırılması nəticəsində özəlləşdirmə çekləri olmadan dövlət əmlakının pulla satılması korrupsiya cinayətidir.

Cənab Prezidentə və Xalqa qarşı cinayətin, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasının və hüquqi səhvlərin aradan qaldırılması Cənab Prezidenti sevən bütün qeyrətli vətəndaşların və deputatların vəzifə və vicdan borcudur. Cənab Prezidentə və Xalqa qarşı düşmənçiliyə son qoyulmalıdır. Cənab Prezident özəlləşdirmə çeklərini dövriyyədən çıxarmayıb. Çünki bu səlahiyyəti Cənab Prezident özünün imzaladığı qanunvericiliklə başqa ali dövlət orqanlarına verib.

Hörmətli deputatlar!

Sizcə, cənab Prezident öz atasının imzaladığı Konstitusiyanı, qanunları və fərmanları bilə-bilə pozardımı? Sizcə, cənab Prezident korrupsiya halı yaradan, atasının Xalqa vədini pozan hər hansı bir sənədə bilə-bilə qol çəkərdimi? Biz inanırıq ki, cənab Prezidentə düzgün və tam məlumat catan kimi haqq-ədalət çox tez bir zamanda öz yerini tapacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ixtisasca hüquqşünasdir və gözəl bilməlidir ki, Konstitusiya və Qanunun qoyduğu qaydaları heç bir fərman poza bilməz. Mülkiyyət hüququnun bu cür pozulması korrupsiya cinayətidir. 15 ildir fərmana əsaslanaraq özəlləşdirmə payları istifadə olmadan, 65%-i Qanunla Xalqa məxsus əmlakların pulla satılması Xalqa qarşı düşmənçilikdir.

Hörmətli deputatlar!

Diqqət edin, hüquqşünas və iqtisadçı alimlərin yazılarından nələr məlum olur? Qanunla hər özəlləşdirmə payı-çeki verildiyi andan eyni dəyərdə idi və inflyasiyadan qorunan əmlak ekvivalentə bağlı idi. Biz mətbuatdan bəzi deputatların (Zahid Oruc, Anar İsgəndərov, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Razi Nurullayev, Fazil Mustafa və s.) Milli Məclisdə bu problemin müzakirəsi  üçün verdiyi təkliflərinin kimlərinsə maraqlarına toxunduğu ücün dayandırıldığını bilirik. Bu gün millət vəkili olan Vüqar Bayramovun hələ 09.06. 2018-ci il tarixində mətbuata dediyi “mövcud qanunlara görə, bütün özəlləşdiriləcək dövlət əmlakının 65 faiz özəlləşdirmə payı vətəndaşlara məxsusdur” ifadəsindən də xəbərimiz var.

Qərar qəbul edən orqanlar Ulu Öndər Heydər Əliyevin dövlətin ən kasıb vaxtında Xalqa Miras Əmlak Payı kimi vədinin tarixi sosial-iqtisadi ədalət siyasətınin prinsiplərini unutmamalıdır. Ulu Öndər başqa ölkələrdə özəlləşdirmə zamanı baş verən neqativ halları nəzərə alaraq özəlləşdirmə paylarının qiymətini maddi ekvivalent dəyərinə bağladı və qanunla bu çeklərin inflyasiyanın təsirindən qorunan maddi ekvivalent dəyəri olduğu qəbul olundu.

Çeklərin nominal qiyməti qoyulmalıdır ki, əvvəllər Əmlak Komitəsi tərəfindən vətəndaşlara qarşı edilən cinayətlərə son qoyulsun. Bir vətəndaşın payına 65 000, başqasına 50 dollarlıq əmlak verilməsinə son qoyulmalıdır. Hər bir vətəndaşın pay çekləri eyni nominal qiymətdə olmalıdır və inflyasiyadan qorunmalıdır.

Əmlak Komitəsi ancaq satacağı əmlaka bazar qiyməti qoya bilər. Vətəndaşların Özəlləşdirmə Çeklərinə “qara bazar” qiyməti qoyaraq əmlak özəlləşdirilə bilməz! Qiymətlər və alqı-satqı ancaq Qanunla tənzimlənməlidir.

Alimlərin də yazdıqları kimi, 30 ildə olan inflyasiyanı nəzərə alaraq hər özəlləşdirmə payına (çekinə) düşən əmlak payının maddi ekvivalent dəyərinin – qiymətinin müəyyənləşdirilməsi üçün dövlət tərəfindən xüsusi komissiyanın yardılmsı vacibdir.

Birincisi: Qanunvericiliyə baxanda görünür ki, 1997-ci il Əmlak Komitəsinin dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi haqqında 222 nömrəli Əmrinin (https://e-qanun.az/framework/10373) 2-ci bəndi ilə - dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faizi miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir. Buradan müəyyən olunur ki, bir çekin maddi ekvivalent dəyəri ən azı 2 000 000 manat, bir Özəlləşdirmə Payı (4 çek) isə ən azı 8 000 000 manat dəyərində qiymətləndirilib.

Həmin dövrdə bu məbləğ 2100 ABŞ dolları təşkil edirdi. Nəzərə almaq lazımdır ki, Özəlləşdirmə Paylarının – çeklərinin hər birinin dəyəri Qanunla maddı ekvivalentə bağlı idi və Qanunla bu maddi ekvivalent inflyasiyadan qorunurdu. Diqqət edin: 30 il müddətinə əmlakların dəyəri ən azı 10 dəfə inflyasiyaya uğrayıb. 1997-ci ildə Bakıda dəyəri 2100 dollar olan 1 otaqlı mənzilin bu gün dəyəri ən azı 45-50 min manata qalxıb. Yəni qanunla özəlləşdirmə dövrü üçün inflyasiyadan qorunan manat deyil – hər paya(çekə) düşən əmlakın dəyəridir.

İkincisi: Mülkiyyət bölgüsü ancaq Qanunla tənzimlənməlidir və özəlləşdirmə payları verilən zaman dövlətin vətəndaşlar qarşısında götürdüyü öhdəliyə əsasən, qanunla özəlləşdiriləcək bütün orta və iri dövlət əmlakının ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzlənməli idi. Baxmayaraq ki, son 15 ildir Xalqa məxsus milyadlarla manat dəyəri olan əmlaklar özəlləşdirilib, ancaq bu gün gələcəkdə özəlləşdiriləcək İnvestisiya Fondlarında olan onlarla orta və iri müəssisə, neft və mədən sənayesindəki icarəyə və ya idarəçiliyə verilməsindən asılı olmayaraq, inflyasiyanı nəzərə alaraq müəssisələrin maddi dəyərinin ekvivalent qiyməti yenidən hesablanarsa, bu halda bir özəlləşdirmə payının maddi ekvivalent dəyəri, bəlkə də, 200 000 manat olar.

Bu isə o deməkdir ki, ölkəmizdə özəlləşdirmə zamanı başqa ölkələrdə olan neqativ halların aradan qaldırılması üçün Ulu Öndər Heydər Əliyevin uzagörənliyi nəticəsində, qanunvericilik aktlarına əsasən, bu gün üçün qanunla inflyasiyadan qorunan hər özəlləşdirmə payının (4 çek) əmlak ekvivalent dəyəri ən azı 40 000 manat hesablana bilər.

Hörmətli deputatlar!

Əlbəttə, son zamanlar Milli Məclis üzvləri tərəfindən, Ulu Öndər Heydər Əliyevin Xalqa vədinə, dövlətçiliyimizə və qanunvericiliyimizə inanaraq öz miras əmlak payları olan özəlləşdirmə çeklərini satmayıb öz mülkiyyət hüququndan ailəsinin istifadə etməsi üçün saxlayan onminlərlə vətəndaşın hüquqlarının bərpası ücün Milli Məclisdə və mətbuatda fikirlər səsləndirilir. Habelə, dövlət televiziyasında bu problem gündəmə gətirilir, AZTV-dən insanların mülkiyyət hüquqlarının bərpasının vacibliyi barədə Azərbaycan qanunvericilk orqanının üzvü kimi deputatlarımızın bu hüquqların aktivləşməsi ücün hakimiyyət orqanlarına müraciətləri olur. Bu hallar dövlətimizin hüquqi və demokratik bir dövlət olduğunu bir daha təsdiq edir.

Hörmətli deputatlar, sizdən tezliklə Milli Məclisdə bu hüquqi problem barədə müzakirələrin başlanmasını və bu zaman qrup nümayəndələrimizin, vəkilimizin də dəvət edilməsini xahiş edirik.

Hörmətlə: Ulu Öndər Heydər Əliyevə və dövlətçiliyimizə inanıb, miras əmlak payı olan özəlləşdirmə paylarını (çeklərini) satmayıb ümidlə saxlayanlar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see728

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see130

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri