Dil normalarına əməl etməyən sayt və televiziyalara cərimələr tətbiq olunmalıdır AMEA nın şöbə müdiri
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Yanvarın 5-də yerli televiziya kanallarının suallarını cavablandıran Prezident İlham Əliyev mühüm mövzulara diqqət çəkib. Xüsusilə Azərbaycan dilinin qorunması və düzgün işlədilməsi məsələsi ön plana çıxıb.
İlham Əliyev bildirib ki, Azərbaycan dilini qorumaq hər bir vətəndaşın borcudur. O vurğulayıb ki, əcdadlarımız dilimizi çətin müstəmləkə dövrlərində belə qoruyublarsa, biz də bu gün ona sahib çıxmalıyıq. Prezident deyib ki, dilə daxil olan xarici sözlər onu zənginləşdirmir, əksinə, pozur və milli kimliyi tədricən sarsıdır. Dil itib-batanda, kimlik və dövlətçilik də təhlükə altına düşə bilər. Buna görə də hər kəs Azərbaycan dilinin saflığının qorunmasına çalışmalıdır.
Qeyd edək ki, Azərbaycan dilinin saflığının pozulması xüsusilə televiziya və rəqəmsal mediada daha qabarıq şəkildə görünür. Televiziya ekranlarını açanda və xəbər saytlarına baxanda bəzən öz dilimizi tanımaq çətinləşir. Yersiz ingiliscə və rusca ifadələr gündəlik danışığa, aparıcıların çıxışlarına və hətta başlıqlara belə sirayət edir. Bu tendensiya cəmiyyətin narahatlığına çevrilib və mütəxəssislər ana dilinin qorunması istiqamətində təcili addımların vacibliyini vurğulayırlar.
Redaktor.az bu mövzuya münasibət öyrənmək üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Lingvistik Təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva ilə söhbətləşib.
- Azərbaycan mətbuatında və mediada dilin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
- Mətbuat Azərbaycan dilinin təbliğində həlledici rol oynayır. Televiziya, saytlar, sosial media dili formalaşdıran əsas platformalardır. Monitorinqlər göstərir ki, mediada dilin təqdimatında hələ də bir sıra problemlər qalır. Əsas məsələlərdən biri aparıcıların nitqində sintaktik normaların pozulmasıdır. Azərbaycan dili sabit sintaktik quruluşa malikdir: cümlə mübtəda ilə başlayır, xəbərlə tamamlanır. Amma mediada tez-tez “mən düşünürəm ona görə ki...” kimi strukturlar işlədilir ki, bu, ədəbi dilin normalarına uyğun deyil. Digər problem isə yersiz alınmaların istifadəsidir. Xarici dillərdən götürülmüş sözlər bəzən anlamına uyğun istifadə olunmur və bu, dilimizin zənginliyinə təhlükə yaradır.
- Aparıcıların nitqində başqa hansı çatışmazlıqlar müşahidə olunur?
- Şəkilçilərin ixtisara salınması və söz köklərinin dəyişdirilməsi ən çox rast gəlinən səhvlərdəndir. Məsələn, “gələcəyəm” yerinə “gələcəm”, “başlayacağıq” yerinə “başlayacıq” kimi formalar ədəbi dilin quruluşunu pozur. Aparıcıların üslubu yalnız şəxsi tərz göstəricisi deyil, həm də Azərbaycan dilinin təqdimatı baxımından nümunə olmalıdır. Bəzən elə aparıcılar olur ki, hətta ləhcədən istifadə edirlər. Məsələn, "gələceyik" deyirlər ki, bu isə tamamilə yanlışdır. Nə aparıcılar belə səhvə yol verməməlidir, nə də verilişə dəvət etdiyi qonağın belə səhvə yol verməsinə imkan yaratmalıdırlar. Canlı veriliş aparıcısı eyni anda nitqə hakim olmalı, məzmunu düzgün çatdırmalı və səlis danışıq bacarığını nümayiş etdirməlidir.
- Xarici sözlərin və yersiz alınmaların istifadəsi hansı təhlükələri yaradır?
- “Uje”, “xolodilnik”, “zaryadka”, “açki” kimi sözlərin mediada və gündəlik danışıqda istifadəsi artmaqdadır. Əgər bu tendensiya davam edərsə, gələcəkdə bu sözlər lüğətimizə daxil olacaq və ədəbi dil zəifləyəcək. Xarici dilləri bilmək gözəl xüsusiyyətdir, amma ana dili bilmədən digər dillərə hörmət göstərmək mümkün deyil. Dilimizi qorumaq və onu səlis danışmaq hər bir vətəndaşın borcudur.
- Xarici sözlərin yazılışı və tələffüzü ilə bağlı problemlər var. Bu sahədə nə etmək lazımdır?
- “Facebook”, “WhatsApp”, “Telegram” kimi sözlərin yazılışı və tələffüzündə vahid norma yoxdur. Hər kəs onları öz bildiyi kimi yazır və tələffüz edir. Mən hesab edirəm ki, yeni bir mexanizm olmalıdır, hər yeni söz dərhal müzakirəyə çıxarılmalı, ya orijinal dırnaq içində verilməli, ya da milliləşdirilərək Azərbaycan dilinə uyğun tələffüz edilməlidir. Bu, gələcək nəsillərin düzgün danışığını təmin edəcək.
- Xaricdə yaşayan azərbaycanlı gənclərin dil problemi barədə nə deyə bilərsiniz?
- Xaricdə böyüyən uşaqlar arasında Azərbaycan dilini bilməyənlərin sayı artmaqdadır. Mən şəxsən Almaniyada 14-16 yaşında bir gəncin mənə ingilis dilində deməsinə təəccübləndim: “Mən azərbaycanlıyam, amma Azərbaycan dilində danışa bilmirəm”. Bu problemin həlli üçün onlayn Azərbaycan dili dərsləri, həftəsonu məktəbləri və mütəmadi tədris proqramları çox faydalıdır. Bu, həm ölkədaxili, həm də xaricdə yaşayan uşaqlar üçün əlçatan olmalıdır.
- Rus bölmələrinin çoxluğu və rus dilinin tədrisi Azərbaycan dilinə təsir edir?
- Digər dilləri bilmək gözəl və vacibdir, amma Azərbaycan vətəndaşı Azərbaycan dilini bilməlidir. Rus bölmələrində oxuyan şagirdlər də Azərbaycan dilində yüksək bilik səviyyəsinə malik olmalıdır. Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi Azərbaycan dili platformaları bu baxımdan böyük əhəmiyyət daşıyır.
- Dilin qorunması üçün hansı təklifləriniz var?
- Mən hesab edirəm ki, mediada dil pozuntularını operativ izləyən və nəzarət edən yeni bir qurum yaradılmalıdır. Eyni zamanda sayt rəhbərləri, televiziya rəhbərliyi və reklam şirkətləri dil normalarına əməl etmədikdə məsuliyyət daşımalı, cərimələr tətbiq olunmalıdır. Azərbaycan dili şəkilçilər üzərində qurulmuş dil olduğu üçün şəkilçilərin ixtisara salınmasına yol verilməməlidir. Klassik və müasir ədəbiyyat nümayəndələrinin verilişlərə dəvət olunması dilin təbliği və sevilməsi baxımından çox vacibdir. Xarici sözlərin yazılışı və tələffüzü standartlaşdırılmalı, ya orijinal dırnaq içində verilməli, ya da Azərbaycan dilinə uyğunlaşdırılmalıdır. Həmçinin Azərbaycan dilinin tədrisi genişləndirilməli, həm ölkədə, həm də xaricdə yaşayan uşaqlar üçün onlayn və həftəsonu məktəblərinin fəaliyyəti gücləndirilməlidir.
- Sonda cəmiyyətə hansı mesajı vermək istəyirsiniz?
- Azərbaycan dili əsrlər boyu qorunub və həm zəfərin, həm də milli kimliyimizin dilidir. Ana dilimizi qorumaq, onu səlis danışmaq, yazmaq və təbliğ etmək hər bir vətəndaşın borcudur. Aparıcı, jurnalist, məmur, müəllim, şagird hamı nümunə olmalıdır. Dilimizi sevmək və onu düzgün istifadə etmək həm fəxarət, həm də vətəndaşlıq məsuliyyətidir. Dilimizin zəngin tarixi, gözəl ədəbi ənənəsi və milli kimliyimizdəki rolu hər birimiz üçün ilhamvericidir.
Nuriyyə NATİQQIZI
Baxış sayı:77
Bu xəbər 08 Yanvar 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















