Icma.az
close
up
RU
Dilçi alim: Öz sözümüz dura dura niyə fars sözü işlədirik?

Dilçi alim: Öz sözümüz dura dura niyə fars sözü işlədirik?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Tez-tez deyirlər ki, Azərbaycan dilinə alınma söz daxil etməyin. Bunların dilə zərər vurduğunu bildirirlər. Ziyalı şəxs bunu deyə bilməz. Çünki dilimizə iki halda söz daxil olur. Onlardan biri alınma, digəri isə əcnəbi sözlərdir. Dilə ziyan vuran isə bilinənin əksinə, əcnəbi sözlərdir. Alınma sözlər dilə ehtiyac əsasında keçir. Hazırda dilimizdə işlənən alınma sözlərin 99 faizi latın və Avropa mənşəli sözləridir, biz rus sözlərini yalnız məişət səviyyəsində götürmüşük".

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.

Professorun sözlərinə görə, Azərbaycan dilinin qrammatikasını yaxşı bilən şəxs digər türk dillərinin də qrammatikasını yaxşı biləcək:

- Bütün türk dilləri üçün xarakterik xüsusiyyətlərdən biri odur ki, sözün kökü dəyişmir. Türk dillərində dəyişənlər şəkilçilərdir. Şəkilçilər də iki yerə (sözdüzəldici və sözdəyişdirici) bölünür. Bizə maraqlı olan sözdüzəldici şəkilçilərdir. Bu gün Azərbaycan dilinin qrammatikasını yaxşı bilən xakas, şor dilinin, Sibirdə yaşayan çukçaların dilinin qrammatikasını da yaxşı biləcək. Məsələn, türkmən dilinin qrammatikasını ən yaxşı yazan azərbaycanlı Məhəmməd Sadıq Ağabəyov olub. Xakas, türkmən, qaraqalpaqların qrammatikasını rus alimlər də yaxşı yazıblar. Onların heç biri bu dilləri bilmir, lakin qrammatikasını mükəmməl formada yazırlar.

Özbək dilinin yaranması və formalaşmasına oğuz qrupu türklərinin çox böyük təsiri olub. Buna görə də həmin dilin genetik kodunda onlar çoxluq təşkil edir. Baxırsan ki, Qazaxıstan türkləri ilə danışanda nisbətən çətinlik yaşanır, lakin özbəklərlə danışanda bu belə olmur. Bir nümunə çəkim, özbək dilində "o" hərfinə dəyişmə hadisəsi çoxluq təşkil edir. Eyni qayda Azərbaycan dilinin Bakı dialektində də var. Məsələn, Bakı dialektində babaya "boba", barmağa "bormaq" deyilir. Bunlar tipik Şərq dilləri qrupunun xüsusiyyətidir. Türk dillərində olan bütün genetik kodlar öz xüsusiyyətlərini bu günə qədər saxlayıb. Buraya adətləri də nümunə çəkə bilərik.

- Nadir bəy, tez-tez deyirlər ki, alınma sözlərin dildə işlədilməsinə ehtiyac yoxdur, dilimizi pis vəziyyətə salır. Həqiqətənmi belədir?

- Biz dilimizdən yaxşısı yoxdur deməyə öyrəşmişik. Lakin hər dilin özünəməxsus yaxşı cəhətləri var. Məsələn, şimal qonşumuz ruslardan söz götürəndə də ehtiyacımız olduğu üçün götürmüşük. Yəni bunu özəlləşdirmək məqsədilə götürməmişik.

Dilimizə iki halda söz daxil olur. Onlardan biri alınma, digəri isə əcnəbi sözlərdir. Dilə ziyan vuran isə bilinənin əksinə, əcnəbi sözlərdir. Alınma sözlər dilə ehtiyac əsasında keçir. Hazırda dilimizdə işlənən sözlərin 99 faizi latın və Avropa mənşəli sözləridir, biz rus sözlərini yalnız məişət səviyyəsində götürmüşük.

Sovet dövründə yaranan "kolxoz", "sovxoz" və s. kimi sözlərdən savayı qalanları rus sözləri deyil. Bu sözlər də heç rus sözləri yox, sovetizmlər adlanır.

Əsas məsələ odur ki, söz götürəndə baxasan, hansını götürmək olar, hansını - yox.

Alınma sözlər ehtiyac əsasında dilə keçir deyə onlar olmadan keçinə bilməzsən. Məsələn, "video" məişətə daxil olanda onun adı nə olacaqdı? Adı götürməsək, nə deyəcəkdik? Əgər məişətə hər hansı bir əşya daxil olursa, o özü ilə söz gətirir. Artıq onu sənin dilinin qəbul edib-etməməsi sonrakı mərhələdir.

Uzun müddət "xaladilnik" sözü işlədildi. Sonra dəyişdi, oldu "soyuducu".

Bir anda insanlara demək olmaz ki, mən bu sözü yaratmışam, tez öyrən. Söz dilə keçir, xalq onu həzm edir, sonrakı mərhələdə həmin söz vətəndaşlıq hüququ qazanır.

Dil komalarda danışılan deyil, o, canlı orqanizmdir. Ana dili ta beşik başından yaranır. Dilə sipər çəkmək olmaz. Ondan şüurlu şəkildə istifadə etmək lazımdır.

Beynəlxalq səviyyədə qəbul edilmiş sözlər var ki, onlardan istifadə etmək yaxşıdır. Məsələn, binanın üzü fasad, içərisi interyer adlanır. Biz bunu niyə demirik? Niyə bunları qəbul etmirik? Gərək binanın üz tərəfi deyim? Dünyada qəbul olunan terminlər var axı. Gərək dünya inteqrasiyasına qoşulasan. Yoxsa zorla söz yarat demək də düz deyil. Bu alınmaz.

AMEA Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" jurnalı var. Həmin jurnalın sonunda fikirlər bölüşülərək deyilir ki, cəmiyyətdə işlənən X termininin əvəzinə Y termini var və həmin Y termini işlədilsə, yaxşı olar. Daha burada zorla deyilmir ki, işlətmə, qadağandır.

"Müəllim", "molla", "məktəb" kimi sözlər dilimizdə işlənir, artıq bunlar vətəndaşlıq qazanıblar, sən onu istəsən də, dildən çıxara bilməzsən.

Xəlil Rzanın, Səməd Vurğunun yaradıcılığında "sayrışmaq", "çimərlik" sözləri yer almışdı, hansı ki, bu gün də o sözlərdən istifadə edirik. Bu tip sözlər müəllif tərəfindən yaradılır.

Dilimizdə işlədilən ekzotik ifadələr var, məsələn, "banan". Bu meyvə bilinəndə məişətimizdə həmin söz var idi? Xeyr. Ərzaq kimi məişətə daxil oldu, adı da "banan" qaldı. Daha ona durub demədilər ki, "meymun yeməyi".

Dilə söz götürəndə də baxmaq lazımdır ki, həmin sözün dildə nomenklatur ifadəsi var, ya yox. Əgər varsa, amma əcnəbi bir söz dilə daxil edilirsə, təbii ki, o, dilə ziyan vurur. Sözü əvəzləyəcək başqa ifadə varsa, əcnəbi söz niyə götürək?

Məsələn, dilimizdə "müsahibə" ilə yanaşı "intervyu" ifadəsi də işlənir. Buna nə ehtiyac var?

"Adaxlı"ya indi "nişanlı" deyilir. "Adax" - qədim türk sözüdür, "ayaq" deməkdir, "adaxlı" isə "ayağı bağlı" mənasını verir. Lakin indi "nişanlı" sözü onu qabaqlayır.

Üzeyir Hacıbəyov Qarabağ ləhcəsinin etnoqrafiyasını o qədər gözəl bilirdi ki, "O olmasın, bu olsun" pyesini səhnələşdirəndə "Məşədi İbad"ın dilindən səslənən "Mən Rüstəm bəyin qızı Gülnazın adaxlısıyam, adaxlıbazlığa gəlmişəm" ifadəsini "nişanlımın yanına gəlmişəm" ilə əvəz etmədi. "Nişanlı" fars sözüdür. Bəs öz sözümüz dura-dura niyə fars sözü işlədirik? İnsanların şüuru necə qəbul edirsə, necə maariflənirsə, onu da elə qəbul edəcək.

- Dediniz ki, dilimizdəki alınma sözlərin 99 faizi latın və Avropa mənşəlidir, rus dilindən isə əsasən, məişət sözləri keçib. Onda rus sözü kimi tanıdığımız ifadələrin çoxu, əslində, Avropa və ya latın mənşəlidir?

- Tarixən psevdoyunan, psevdolatın mərhələsi olub. Əslində, qədim yunan dili də, latın dili də ölüb. Sovet dövründə biz deyirdik, bir rus dilinin sözləri var, bir də rus dili vasitəsilə dilimizə keçən sözlər var. Bunun arxasında böyük ideya dayanırdı. Bizə rus sözlərindən daha çox, onun vasitəsilə Avropa dillərindən sözlər keçib. Lakin onların köklərinə baxanda görürük ki, onlar nə ingilis, nə də fransız sözləridir.

Latın və qədim yunan dili öləndən sonra ingilis, fransız, hollandlar həmin ölmüş dilin sözlərini öz dillərinə keçirdilər. Həmin sözün kökündən istifadə edib yeni söz yaratdılar, bir növ dili yenidən diriltdilər. Baxırsan ki, dil yoxdur, amma ondan quru şəkildə istifadə edib, bütün dünyaya yaymağı bacarıblar. Baxın, tibbi terminlərin hamısı latın dili sözləridir.

- Azərbaycan dilinin əsasında nə dayanır?

- Tarixən paytaxt hara olubsa, dilin əsasında da ora dayanıb. Vaxtilə Bərdə, Şamaxı olub, indi də Bakıdır. Amma bu o demək deyil ki, Bakı ləhcəsində danışmalısan. Sadəcə, bütün regionlardan sözlər burada cəmləşib, ələndikdən sonra müəyyən sözlər ortaya çıxır. Söhbət dialektdən getmir. Bakı mədəni mərkəzdir, ona görə əsas buradan götürülür.

- Sizcə, dilimizin orfoqrafiyasına xələl gətirən amillər nələrdir?

- Orfoqrafiya - ədəbi dilin normasına daxil olan sözlərdir. Ədəbi dil norması isə müxtəlif zamanlarda cəmiyyətin özü tərəfindən qəbul edilmiş sözlərin düzgün yazılışıdır.

Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri Nəriman Qurbanov ilə maraqlı söhbətim olmuşdu. Ona demişdim ki, Nəriman müəllim, diqqətlə baxın, görün, mollalar bizim dilimizi necə korlayırlar. Bizim dilimizdə söz "Allah-taala", "inşallah"dır. Molla yazır - "Allah-təala", "inşəallah". Belə şey olarmı? Bilərəkdən dilimizi niyə korlayırıq?

Azərbaycan dilinin qanunu var. Birinci mübtəda, sonra ikinci dərəcəli üzvlər, daha sonra xəbər gəlir. Molla danışanda əvvəlcə mübtədanı, sonra xəbəri, ardınca ikinci dərəcəli üzvləri deyir. Bunun özü elə dili korlamaqdır. Gənc şairlər də bundan istifadə edərək yazırlar, nəticə etibarilə dil korlanır.

- Yeni orfoqrafiya lüğəti nə vaxta hazır olacaq?

- Nazirlər Kabinetinin qərarı var ki, hər beş ildən bir orfoqrafiya lüğəti çıxmalıdır. Hazırda bu mənim öhdəliyimə düşüb.

Lüğət dövrün tələbinə, dilin normalarına uyğun olaraq, sözlərin düzgün yazılışına əsaslanaraq hazırlanır. Bugünkü orfoqrafiyanın bitkin forması XX əsrdə yaranıb. Həmin vaxt Azərbaycan dilinin bütün üslubları işə düşüb, formalaşıb. Orfoqrafiyanın hazırlanması düşünülən qədər asan məsələ deyil. Bunu peşəkar şəxslər hazırlamalıdırlar. Bu ilin sonuna qədər biz bu lüğəti hazırlayıb təhvil verəcəyimizi düşünürük.

- Orfoqrafiya lüğəti hansı mərhələlərdən keçərək hazırlanır? Hansı elmi mənbələr və praktiki təcrübələr əsas götürülür?

- İndiyə qədər orfoqrafiya lüğəti kağız "kartoçka"lar əsasında hazırlanıb. Burada hər sahədə rast gəlinən sözlər qeyd olunur, mənaları yazılırdı. Daha sonra əlifba sırası ilə düzülür, seçilir və onun əsasında izahlı lüğət hazırlanırdı. Bu sicilləmə əsasında lüğət ərsəyə gəlir.

Artıq süni intellektin yaranması ilə ölkəmizdə yeni sahə formalaşıb. Dilçilik elmindən yeni elm törəyir. Riyazi dilçilik, rəqəmsal dilçilik var idi. İndi isə süni intellektin yaranması ilə süni intellekt və kompüter dilçiliyi formalaşıb. Biz də dərhal Dilçilik İnstitutunda "Süni intellekt və kompüter dilçiliyi" şöbəsi yaratdıq. Məsud Mahmudov şöbənin müdiridir. Yeni orfoqrafiya lüğətini mən tək hazılamıram, elmlər doktoru İlham Tahirovun və Məsud Mahmudovun rəhbərliyi ilə biz komanda yaratmışıq. Onların əziyyəti danılmazdır. Qrupda 14 nəfər var: bu sahəyə marağı olanları seçmişik ki, bizə kömək etsinlər. Onların hər biri istedadlıdır.

Süni intellekt erasına daxil olduğumuz bir vaxtda "kartoçka" sistemindən istifadə edilərək lüğət hazırlana bilməz. Cəmiyyətə desəm, süni intellektin köməyi ilə lüğət yaradırıq, hamı düşünəcək ki, robot yaradılır, o, söz deməyi öyrədəcək. Bu elə deyil.

Biz Əli Abbasovun rəhbəri olduğu İdarəetmə Sistemləri İnstitutunun köməyi ilə süni intellektə qoşula biləcək proqramlar, rəqəmsal proqramlar, süni intellektin əsasında dilçilik proqramları yaradırıq.

İlk dəfə Azərbaycan dilinin orfoqrafiya lüğəti proqramını hazırlayırıq. Ötən ildən başlamışıq, artıq işin xeyli hissəsi yekunlaşıb. Bu, qlobal məsələdir. İlkin təşəbbüsü biz etmişik. Amma sabah bunu özbəklər, türkmənlər və s. bizdən götürüb özlərində tətbiq edəcəklər.

Cəmiyyətimizdə korrektura mədəniyyəti yoxdur, dövlət qəzetləri, saytları, televiziyası istisna olmaqla yerdə qalan digərləri çox ciddi korrektura səhvləri edirlər.

Dilimizdə sözün neçə cür variantı var. Paronimləri bir-birinə qatırlar. Biri "əsl", digəri "əsil" yazıb, bir-birində səhv tuturlar. Halbuki bunlar ayrı-ayrı sözlərdir, onları eyniləşdirmək olmaz.

Ona görə biz xahiş etdik ki, qəzetlərin 10-15 illik tarixi olan PDF-lərini bizə versinlər. Biz həmin PDF-ləri süni intellekt əsasında hazırladığımız proqrama verdik.

Bu günə kimi bizim dilin korpusu olmayıb, lakin rus, tatar və özbəklərdə var. Biz onu indi yaratmağa çalışırıq. Bir dilin söz bazasını, nə qədər sözü ehtiva etdiyini bilmədən o dildən necə danışmaq olar? Sonuncu dəfə bizim lüğətdə 82 000 söz var idi. Heç bir dilin 82 000 sözü olar?

Ola bilər ki, hansısa söz işlək deyil, amma yenə də ondan istifadə edən var. Kimsə "mesaj" deməyə öyrəşib, lakin "ismarış" sözündən istifadə edən hələ də var axı.

Biz dilimizdə olan 520 milyon sözü tapıb ortaya çıxardıq. Sonra bu sözləri proqrama verdik. Əlbəttə, həmin sözlərin hamısı yeni deyil. Lakin onları saf-çürük etmək lazımdır. Təkrarlar, adlar var. Elə söz var, həm defislə, həm defissiz yazılıb. Bunları emal etdikdən sonra tərtəmiz 180 000 söz qaldı. Bu sözlərdən necə istifadə edilməsi isə artıq sonrakı mərhələdir. Sonrakı mərhələdə istifadəyə görə arta da bilər, azala da.

- Bu lüğətdə daha hansı yeniliklər var?

- Lüğətə söz salınanda ilk olaraq onun kök forması daxil edilməlidir. Məsələn, "getmək" sözündən istifadə edirik, lakin "get" sözünü lüğətə yazmırıq. Əgər sözün kökü yoxdursa, onun formalarından necə istifadə edəcəksən? Bütün türk dillərində feilin kökü əmr formasındadır. Məsələn, "gəl", "get", "ye", "iç" və s. Biz sözlərin kök formasının lüğətdə yazılmasını bərpa etmişik.

Azərbaycan dilinin istər izahlı, istərsə də orfoqrafiya lüğətində apostrof işarəsi yığışdırılıb. Bəzi adamlarda buna görə nostalji hisslər qalıb. Apostroflu cəmi 80-90 söz qalmışdı, onu niyə saxlayaq? Apostrof ərəb və fars dilində müstəqil hərfdir, bizdə isə sadəcə, bir işarədir, həmzə və hecanı əvəz edir. Biz onu qoyanda heç kim bilmir ki, normalda o, müstəqil hərfdir, biz onu salmışıq.

Tanınmış alim Rafael Hüseynov öz köməyini bizdən əsirgəməyib. Mən ona dedim ki, müasir dildə apostrofu çıxarmışıq, lakin Azərbaycan dili tarixi onsuz düşünülməz. Ona görə də o bizə apostrofla yazılan 900 söz verdi ki, bunları istifadə edərək qeyd edin ki, Azərbaycanın milli ədəbiyyat tarixində bu sözlər işlənib. Yeni orfoqrafiya lüğətinin əvvəlində biz bu sözləri verəcəyik ki, dil tarixçiləri, klassik ədəbiyyat yazarları həmin sözlərin yazılışını bilsinlər. Lüğəti hazırlayanda türk, türkmən, qaqauz və s. dillərinin lüğətlərinin əvvəlində olan sözlərə baxmışıq, hamısı eynidir, bu tətbiqimiz isə bir yenilikdir.

Dilimizdə işlənən arqolar, bəzi jarqonlar da lüğətə salınıb. Ədəbi dil nümunəsi olan arqolar cəmiyyətdə başqa mənalarda işlənir.

Eyni zamanda, biz bayaq qeyd etdiyim 180 000 sözün emal olunması zamanı "Tezlik lüğət"lərindən istifadə edirik. Hansı sözün salınıb-salınmamasında qərarsız qalmışıqsa, onları bu lüğətə ataraq işlənmə statistikasına baxmışıq. Lüğətin tərtib qaydası bunun əsasında aparılır. İndiyə qədər ən çox söz 2013-cü ildə buraxılıb, təxminən 110 000 söz olub. O da çox naqis lüğətdir, dili bərbad hala qoyub. Vaxtında indiki formada hazırlansa, heç vaxt artıq söz oraya gedib düşməzdi.

- Sovet vaxtından bir çox xüsusi adların yazılışında rus dilinə istinad etmişik. Nyu-York, Nyu-Meksika, Las-Veqas, Los-Anceles kimi adların orijinalı defislə yazılmır. Bəzən hətta xüsusi adları tərcümə edirlər. Bu qaydalara yenidən baxılacaq?

- Biz yeni hazırladığımız orfoqrafiya lüğətinə həmin sözlərin yazılışını salmamışıq. Onlarla bağlı əlimizdə olan söz bazasından istifadə edərək ayrıca lüğətlər hazırlayacağıq. Həmin bazadan istifadə edərək defislə yazılan sözlər üçün də ayrıca kitab hazırlayırıq. Bütün bu işləri paralel şəkildə aparırıq.

- "Ü" hərfi ilə bağlı bir neçə maraqlı məqam var. Məsələn, "kostyum" "kostüm" oldu, sonra əvvəlki variantına qaytarıldı. "Kompyuter" isə "kompüter" oldu. "Lyuk" sözü "lük" olaraq qalıb. Dilə yatmır heç.

- Əvvəllər fransızlar ilə münasibətimiz olub. Onların mədəniyyətlərini öyrənirdik. Fransızlar heç vaxt "stansiya" sözünü deməyiblər, onun əvəzinə "stasyon" işlədiblər. "Pozisiya" əvəzinə "pozisyon" deyiblər. Hansı sözün ki dildə modeli yoxdur, zaman keçdikcə dildə qalmayacaq. Bizim dildə "siya" sonluğu olduğu üçün həmin sözlər "pozisiya", "stansiya" formasını aldı. Dildə gərək modellər ola. Ona görə də "kompyuter" ola bilməz, o, analoqla yazılmalıdır. Bunu bilməyənlər dili belə kökə salıblar.

- Bəzi dillərdən sözlər bizə artikli ilə birlikdə keçir. Məsələn, fransız dilindən "La-Manş", italyan dilindən "al dente", ərəbcədən "Ən-Nəsr", "Ər-Riyad" kimi. Ərəbcədə isə artikl "əl-al" bəzi hallarda sonrakı samitə uyğun dəyişir: məsələn, əl-Şəraa - əş-Şəraa. Amma mətbuatda bunların müxtəlif yazılış formaları var: defislə, ayrı, "əl" və ya "al" kimi. Bu qarışıqlıq vahid qayda ilə tənzimlənəcək?

- Dilimizə sözlər hazır şəkildə keçir, dəyişən şəkilçilərdir. Məsələn, fars dilindən "xana" sözü dilimizə keçib. "Toy" sözünə qoşulub, "toyxana" yaranıb. Sözün düzəltmə olması üçün gərək element parçalansın və başqa sözə qoşulsun. Məsələn, "na" fars şəkilçisidir. "Nadinc", "nalayiq" -bunlar da fars sözləridir. Bu şəkilçini öz milli sözlərimizin heç birinə qoşa bilmirik. Bu sözlər də model olaraq dilimizə gəlib parçalanmır, sadə sözlərdir.

- Niyə "əməkhaqqı" sözü bitişik, "gediş haqqı" ayrı yazılır? Həmçinin "biryaşlı" (uşaq) sözü lüğətdə bitişik yazılıb, amma bu kimi sözləri - "üç yaşlı körpə", "on günlük tətil", "bir illik müqavilə" - ayrı tələffüz edirik. Bu sözləri hansı zərurətdən birləşdirmişik?

- Əgər bir söz nəyinsə adıdırsa, o, bitişik yazılır, ayrı yazıla bilməz. Məsələn, "dəmiryol" sözü bitişik yazılır. Çünki həmin yolun adıdır. Eyni qayda buna da aiddir. Əgər adı deyilsə, ondan istənilən formada istifadə edilə bilər. Lakin adı olduqda - yox.

- Üçüncü şəxsin təkində "onun əməkhaqqı" düzdür, yoxsa "onun əməkhaqqısı", eləcə də cəmində "onların əməkhaqları" yazmalıyıq, yoxsa "onların əməkhaqqıları"?

- Burada düzgün yazılış forması üçüncü şəxsin təkində "onun əməkhaqqısı", cəmində isə "onların əməkhaqları"dır. Üçüncü şəxsin cəmində belə bir nüans var ki, söz əşyaya aid olduqda onu həm təkdə, həm də cəmdə vermək olur, lakin canlıya aid olduqda mütləq qaydada cəmlənməlidir. Məsələn, "onların quşu" yox, "onların quşları" olmalıdır.

Sözlərin şəxsə görə dəyişməsi ilə bağlı bəzi məqamları vurğulamağı borc bilirəm. Sözlər şəxslər üzrə dəyişəndə (mənim kitabım, sənin kitabın, bizim kitabımız, sizin kitabınız və s.), məsələn, birinci şəxsin cəmində (biz) sözün sonundakı "z" hərfi elə "kitabımız" sözünün sonunda gəlir. Yəni "z" elə "biz" deməkdir. Onu təkrar işlətmək olmaz, "kitabımız", "kitabım" və s. - bu formada olmalıdır.

Bizim dili qarışdıran digər bir məsələ də "öz" əvəzliyinin işlənməsidir. "Öz evimiz" ifadəsinin sonundakı "z" elə qayıdış bildirir. Yenidən qayıdış əvəzliyi işlətməyə nə ehtiyac var?

- Xarici ölkələrin nüfuzlu linqvistika qurumları, eləcə də bir çox məşhur qəzet redaksiyaları hər ilin sonunda "ilin sözü"nü seçirlər. Bizdə nə vaxtsa belə praktika olacaq?

- Bizdə bu təcrübə yoxdur. Dilçiliyə, elmi tədqiqatlara bunun heç bir aidiyyəti yoxdur. Hansısa bölgədə "ilin sözü"nün seçilməsi ağlabatan deyil. Bu, çox məzmunsuz bir şeydir.

Məsələn, ali təhsil müəssisələrində ilin müəllimi, alimi, kitabı seçilir. Bunlar başadüşüləndir. Ancaq ilin sözünü seçmək nə dərəcə məntiqlidir? Bəlkə, kimsə bunda hər hansı məntiq tapır, amma bu mənə çatmır. Çünki sözdə xüsusi populyar bir şey yoxdur. Söz dilə gəlir, işlənir, ehtiyac varsa, qalır, yoxdursa, dildən çıxıb gedir. Yaxud da söz bir ömür qala bilər. Lakin bunu neçə ilin sözü seçmək olar? Elə bir söz tanımıram ki, gündəlik ehtiyacımızda onsuz keçinə bilmirik və o, ilin sözü olsun. Bizdə bu təcrübə olmayıb.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Avqust 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Putin bir cümlə ilə özünü təslim etdi...”

18 Avqust 2025 00:45see221

Paşinyan: Ermənistan və Azərbaycan ərazi bütövlüyü məsələsini həll edib

18 Avqust 2025 19:09see216

Ağ Ev bunu təkzib edib...

17 Avqust 2025 20:55see198

Britaniya həmin siyahını İrana verdi: Bu müsəlman ölkəsinin adı var!

19 Avqust 2025 00:40see168

Dünyada ərzaq bahalaşıb Ən çox nələrin qiyməti artıb?

17 Avqust 2025 20:15see142

Vətən sərhədlərində gözlərini qırpmadan keşik çəkənlər... Azərbaycan Sərhəd Mühafizəsi 106 yaşında

19 Avqust 2025 00:40see138

Sevgilisini məhkəmədə uddu Bu qədər təzminat alacaq

18 Avqust 2025 00:56see136

Böyük fəlakət Ölənlərin sayı 645 nəfərə çatdı

18 Avqust 2025 04:45see134

Böyük uğur qazanacaq 4 bürc Xəyalları gerçəkləşəcək

17 Avqust 2025 16:37see133

Çempion PSJ mövsümə bir qollu qələbə ilə başlayıb VİDEO

18 Avqust 2025 01:03see129

“Yay bitməmiş gəzməyə gedə bilsəydik deyənlər üçün 3 günlük ucuz və yaddaqalan marşrutlar

17 Avqust 2025 17:52see126

Arsenal səfərdə Mançester Yunayted i məğlub etdi VİDEO

17 Avqust 2025 22:03see124

Uşaqlar üçün kompüter oyunları təhlükəlidir?

17 Avqust 2025 18:27see124

Pandemiya ilə bağlı yazılan cərimələr gələn il qüvvədən düşür HÜQUQŞÜNAS FOTO

18 Avqust 2025 15:33see123

“Ata yurdumda uşaqlıq xatirələrimi yada salıram” DEPUTAT

18 Avqust 2025 08:25see123

Qərb Ukraynada müharibənin bitməsində maraqlı deyil Belarus

17 Avqust 2025 22:11see122

Dilarə Əliyeva qızı və nəvəsinin görüntüsünü paylaşdı

17 Avqust 2025 21:30see121

Qarabağ bu xəritələr əsasında bərpa edilir Video

17 Avqust 2025 18:03see119

Ukrayna Luqansk sərhədlərində 5 minə yaxın əsgərini itirib

18 Avqust 2025 08:08see119

Messi futbol tarixində yeni rekorda imza atıb

17 Avqust 2025 21:06see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri