Icma.az
close
up
RU
Diplomatik artilleriya, strateji hədəflər

Diplomatik artilleriya, strateji hədəflər

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il Azərbaycan üçün ən yüksək səviyyəli diplomatik aktivliklə başladı. Xüsusilə, yanvarın 7-8-də baş verınləri təhlil etməyə çalışsaq, maraqlı mənzərə alınacaq.

Prezident İlham Əliyevin yanvarın 7-də birdən-birə yerli televiziyalara müsahibə verməsi özlüyündə həm maraqlı, həm önəmli hadisə idi. Əlbəttə, prezidentin müsahibələri həmişə ciddi hadisədir. İlin sonunda iki belə müsahibə olmuşdu; prezident dekabrın 18-də Rusiyanın "Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibə vermişdi. Cəmi 9 gün sonra isə Azərbaycanın Dövlət Televiziyasına müsahibə verməli oldu; bu, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyada vurulması ilə bağlı idi. Bu müsahibədə prezident Rusiyanın Azərbaycan təyyarəsini vurduğunu, buna görə üzr istəməsini, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb etmişdi. Elə həmin gün -dekabrın 29-da Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidentinə zəng edib üzrxahlıq etdi, Rusiyada bu hadisə ilə bağlı cinayət işinin qaldırıldığı bildirildi.

Başqa sözlə, prezidentin mesajları yerinə çatdı və ilkin nəticə verdi.

Yanvarın 7-də yerli televiziya kanallarına müsahibə də bu baxımdan diqqəti cəlb edir; prezidentin belə bir müsahibəyə ehtiyac hiss etməsi səbəbsiz deyildi.

Prezident bu müsahibədə ABŞ-la Avropa İttifaqı ilə, ayrılıqda Fransa ilə, eləcə də, Türkiyə və İranla münasibətlərə dair şərhlərini vermişdi. Vaşinqtonla əlaqələrin nəinki əvvəlki vəziyyətinin bərpa olunmasına, hətta "əgər hər iki tərəf maraqlı olsa", münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa rəsmi Bakının hazır olduğunu söylədi. Bu gözləntisini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətə əvvəlki administrasiyadan fərqli gündliklə gəlməsi ilə əsaslandırdı. Avropa İttifaqı (Aİ) ilə münasibətlərə dair suala gəlincə, prezident vurğunu daha çox Avropa Komissiyasının (AK) üzərinə saldı. O, AK prezidenti Ursula fon der Leyenin COP29 iqlim konfransındaiştirkını ləğv etməsini xüsusi vurğuladı. COP29-un AK prezidentinin indiyədək iştirak etmədiyi ilk COP olduğuna diqqət çəkdi. Prezident demək istədi ki, bu addımı Azərbaycana qarşı münasibət (demarş) kimi qəbul edib və eyni cür qarşılıq verəcək. AK ilə, eləcə də, Fransa ilə münasibətlərin bərpası haqda danışarkən, prezident İlham Əliyev Azərbaycan nümayəndələrinin bunun üçün Parisə, Brüsselə, başqa yerə getməyəcəyini dedi, məsələləri Bakıda müzakirə edəcəyini bildirdi. Eyni zamanda İranla bağlı məsələyə toxunan prezident münasibətlərdəki soyuqluğun qarşı tərəfdən qaynaqlandığını, Ərdəbildə "bir əyalət mollası" vasitəsilə Azərbaycanın və Türkiyənin xalqlarının və rəhbərlərinin təhqir olunduğunu, buna görə qarşı tərəfdən üzrxahlıq gözlədiyini, bu təhqirlərə yol verən mollanın cəzalandırılmasını istədiyini dedi.

Prezidentin bu sözlərindən sonra - ertəsi gün, yəni yanvarın 8-də həm Aİ-nin, həm İranın rəsmi şəxsləri Azərbaycana gəldi. Prezident İlham Əliyev hər ikisini - həm Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu, həm də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul etdi. Hər iki qonaq Azərbaycanla münasibətləri yaxşılaşdırmaq missiyası ilə gəlmişdi. Prezident onların gəlişindən qabaq Azərbaycanın hansı mövqedən çıxış etdiyini, müzakirə olunacaq məsələlərin, tələblərin və şərtlərin dairəsini artıq bir gün əvvəlki müsahibəsində açıqlamışdı. Hər iki şəxs gəldiyinə görə, prezidentin mesajı həmin paytaxtlarda alınmış, müzakirəyə qəbul olunmuş sayıla bilər. Həm Qrono ilə, həm Əhmədianla söhbətlərdə mövzulardan biri də Ermənistanla bağlı olub. Çünki Ermənistan hələ də sülhə doğru addım atmır.

AK prezidenti ötən il aprelin 5-də ABŞ dövlət katibi Entoni Blinkenlə və Aİ Şurasını prezidenti Şarl Mişellə birlikdə Ermənistan baş naziri Nikol Paşinyanı Brüsseldə qəbul edib, bu ölkəyə dair "miniMarşal planı" açıqladıqdan - hər ikisinin açıq-aşkar Ermınistanın tərəfini tutduğunu rəsmən elan etməsindən sonra Azərbaycan həm Vaşinqtonu, həm də Brüsseli sülh danışıqlarındakı moderatorluqdan uzaqlaşdırdı. Rusiyanın moderatorluğuna isə Ermənistan razı deyil. Beləliklə, artıq danışıqlar birbaşa Azərbaycanla Ermənistan arasında gedir. Ancaq Aİ Azərbaycanla danışıqlarda bu məsələni qaldırdığı üçün, eyni zamanda Aİ Ermənistandakı Müşahidə Missiyasını orada hələ də saxladığı, artırdığı üçün Azərbaycan, təbii olaraq, bu haqda xüsusi nümayəndə Qrono ilə danışmalıydı.

Yenə prezidentin müsahibəsinə qayıtmalıyıq; cənab İlham Əliyev Ermənistanla sülhə maneələrdən birinin də Aİ Müşahidə Missiyası olduğunu xatırlatmış, bu Missiyanın hazırda legitim olmadığını bildirmişdi. Çünki Missiya haqda qərar, onun ilkin mandatı, say tərkibi Azərbaycanla razılaşdırılsa da, sonrakı qərarlar Azərbaycansız qəbul olundu. Bu, müvəqqəti missiya kimi qərarlaşsa da, sontadan müddəti uzadıldı, üstəlik say tərkibi beş dəfə artırıldı. Eyni zamanda Missiyaya Kanada hərbçiləri də əlavə olundu, bu, artıq Aİ mülki missiyası olmaqdan çıxaraq, NATO hərbi kontingentinə döndü.

Bütün bunlar azmış kimi Aİ Sülh Fondundan Ermənistanı silahlandırmaq üçün vəsait ayırır. Paradoksa baxın: Avropa Sülh Fondu Qafqazda müharibəni maliyyələşdirir!

Bu məsələlərə prezident hələ Qrononun gəlişindən qabaq Azərbaycanın mövqeyini bildirmişdi. Bununla prezident: "Aİ Azərbaycanla münasibətləri bərpa etmək istəyirsə, bunun üçün Bakıya gəlsin, həm də Azərbaycanı narahat edən məsələlərin müzakirəsinə və həllinə razıdırsa, gəlsin" demək istədi (eyni zamanda enerji gündəliyi ilə bağlı Azərbaycanın Brüsselə haqlı iradları var).

İrana gəlincə, yenə də söhbətin mərkəzində Ermənistan məsələsi - "Zəngəzur dəhlizi"nin açılması var. Prezident: "Zəngəzur dəhlizi" açılmalıdır və açılacaq" deyə qəti fikrini bildirmişdi. Sözügedən müsahibədə rəsmi Tehrana mesaj göndərilmişdi ki, Azərbaycanla danışmaq istəyirsə, məsələ haqda əvvəlki qərarını gözdən keçirsin. Əhmədian bu mesajı alıb, müzakirəyə gəlmişdi. Amma Azərbaycanı və Türkiyəni təhqir edən mollanın Prezidentin müsahibəsində xatırlanması da təsadüfi deyildi. Azərbaycan bunun arxasında kimin, niyə dayandığını bildiyini diqqətə çatdırmışdı. Niyəsinin isə təkcə Suriya məsələsi deyil, həm də və daha çox "Zəngəzur dəhlizi", Ermənistanla bağlı məsələ olduğunu önə çəkmişdi.

Prezident Ermənistanı silahlanmanı dayandırmağa, aldığı silahları qaytarmağa çağırmış, onu "faşist dövlət" adlandırmışdı. Eyni zamanda Qərbə də göndərməsi olmuşdu; Qərbin Mərkəzi Asiyaya nə Rusiya üzərindən, nə İran üzərindən keçə bilməyəcəyini, Azərbaycandan keçə biləcəyini demiş, "Orta dəhliz"in önəmini bir daha vurğulamış, bunun üçün "Zəngəzur dəhlizi"nin açılmasının qaçılmaz olduğunu gündəmə daşımışdı. Buna isə məlumdur ki, Ermənistan mane olur. Qərbi Azərbaycanlıların Ermənistana qayıdışı da məhz belə bir məqamda müsahibədə xatırlanıb və Ermənistandan tələb olunub ki, bunun üçün şərait yaratsın.

Prezidentin müsahibəsinin ardından həmin gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan İlham Əliyevə zəng edərək ölkəsinin və özünün dəstəyini ifadə etmiş: "Türkiyə hər zaman Azərbaycanın yanında olmaqda davam edəcək" demişdi.

Ermənistan tərəfi bu bəyanatlardan qorxuya düşdü; bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan təcili mətbuat konfransı toplayıb, izahat vermək durumunda qaldı. Ermənistanın aldığı silahların "müdafiə məqsədli" olduğunu, Ermənistanın Azərbaycana hücum etmək planının olmadığını dəfələrlə vurğuladı. Bununla yanaşı Ermənistan tərəfi Ararat Mirzoyanla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında dekabrın 29-da olmuş telefon danışışığı haqda məlumatı yaydı. Həmin xəbərdə göstərilir ki, Mirzoyan Ermənistanla Türkiyə arasında nazirlər və xüsusi nümayəndələr səviyyəsində danışıqların davam etməsini, əldə olunan nəticələrin Ermənistanla Azərbaycan arasında normallaşmaya müsbət təsir edəcəyini deyib. Hakan Fidanın cavabı xəbərdə, təbii ki, xatırlanmır. Mirzoyanın Hakan Fidana dediyi budur ki, Türkiyə Ermənisranla Azərbaycan arasında sülh istəyirsə, əvvəlcə Ermənistanla sərhədləri açsın, diplomatik münasibətlər qursun və sair. Yəni Ankara Ermənistanla münasibətlərdə Azərbaycan şərtini qoymasın.

Rəsmi İrəvan bu xəbəri yaymaqla Türkiyəni Azərbaycanın gözündə etibarsız tərəfdaş kimi göstərməyə uğursuz cəhd edib. Ancaq çox yanılıb. Prezident Ərdoğanın: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq" bəyanatı İrəvanın bu düşüncəsini darmadağın edir. Üstəlik nə Azərbaycan, nə Türkiyə Ermənistanın "müdafiə məqsədi ilə" silahlandığına inana bilməz; Ermənistan Konstitusiyasında hər iki ölkəyə qarşı ərazi iddiası var.

Əlbəttə, Ermənistanı qorxuya salan təkcə bunlar deyil. Rəsmi İrəvanı dəstəkləyən Co Bayden administrasiyası ABŞ-da son günlərini yaşayır. Yeni seçilmiş prezident Donald Tramp isə daha çox iqtisadi maraqlar gündəliyi ilə hakimiyyətə gəlir. Mümkündür ki, Ermənistana dair "miniMarşal planı"nı dəstəkləməsin. Kanadaya, Avropaya güzəştləri kəsən Tramp Ermənistanı havayı silahlandıracaq?! İnandırıcı gəlmir. Tramp administrasiyası müharibələri də bu məqsədlə dayandırmaq istəyir; Amerikanın pulları havaya sovrulmasın. Onun Cənubi Qafqaza, Mərkəzi Asiya bölgəsinə də iqtisadi maraqlar prizmasından yanaşacağı gözlənilir. Deməli, "Orta dəhliz"i dəstkləyə bilər. Rusiyanın Ukraynada hələ bir müddət məşğul olacağını, Ermənistandakı hakimiyyətin də ona yad olduğunu, eləcə də, Trampla Avropa liderlərinin gərgin münasibətləri, Aİ və NATO daxilində ixtilafları, İranın xeyli zəiflədiyini, Azərbaycanın və Türkiyənin xeyli gücləndiyini nəzərə alsaq, 2020-ci ildəki - Vətən müharibəsi ərəfəsindəki beynəlxalq şəraitə bənzər vəziyyətin yarandığını deyə bilərik. Bu, Ermənistanı qorxudan ən əsas faktorlardan biridir. Azərbaycan prezidenti istənilən halda "Zəngəzur dəhlizi"nin açılacağını, Qərbi Azərbaycanlıların öz tarixi yurdlarına qayıdacağını hələ əvvəlki illərdə də qətiyyətlə demişdi, indi də deyir. Söhbət Ermənistandan deportasiya olunmuş Azərbaycanlıların öz torpaqlarına dinc qayıdışından gedir; onlar Ermənistanda - Qərbi Zəngəzurda, "Zəngəzur dəhlizi"nin keçəcəyi ərazilərdə də yaşayıblar. Prezident də bu torpaqlara əsl sakinlərinin və tarixi sahiblərinin qaytarılacağını deyir. Adətən dediyini də edir.

Türkiyə də HƏR ZAMAN Azərbaycanın yanında olacağını bir daha bildirib; prezident Ərdoğan da heç vaxt heç bir sözü səbəbsiz və boşuna demir. Rusiya prezidentinə gəlincə, o, Dmitri Kiselyovu Azərbaycan dövlət başçısı ilə müsahibəyə göndərəndə Azərbaycanda Türkiyə hərbi bazasının olub-olmayacağı haqda suala dəqiq cavab almaq - Cənubi Qafqazda öz maraqlarını sığortalamaq istəmişdi...

Beləliklə, şərtlər Ermənistanın xeyrinə deyil; o, geri çəkilməyə məcbur edilə bilər. Ya da artıq məcburdur. Prezident İlham Əliyevin müsahibəsinin də 2025-ci il üçün proqram xarakterli olduğunu nəzərə alsaq, bu il ərzində yeni uğurlar haqqında xəbərlər gözlənilir deyə proqnoz vermək olar.

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see130

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri