Dmitri Solonnikov: 2020 ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 27 sentyabr, AZƏRTAC
2020-ci ilin payızında baş verən hadisələr Cənubi Qafqazdakı geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdi və region üçün uzunmüddətli inkişaf yoluna keçmək imkanı yaratdı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində rusiyalı politoloq və siyasi texnoloq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov 44 günlük Vətən müharibəsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi tədbirlər ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində əraziləri üzərində nəzarətin bərpasına yönəlmişdi.
“Hüquqi baxımdan bu, beynəlxalq qaydalar, qanunlar və qüvvədə olan razılaşmalar çərçivəsində öz suveren əraziləri üzərində nəzarətin bərpa edilməsindən ibarət tamamilə qanuni addımdır”, - deyə o qeyd edib.
Politoloq hesab edir ki, 2020-ci il hadisələrinin ən mühüm nəticələrindən biri Cənubi Qafqazın bütün konfiqurasiyasının dəyişməsi oldu.
“Davam edən, səngiməyən münaqişənin və qeyri-müəyyən gələcəyin müşahidə olunduğu regionun müəyyən gələcəyə malik bir vəziyyətə keçməsi üçün imkan yarandı”, - deyə agentliyin o bildirib.
Yeni vəziyyət Cənubi Qafqazın uzunmüddətli perspektivdə strateji inkişafından danışmağa imkan verir. Bununla yanaşı, ekspert qeyd edib ki, Azərbaycan, xüsusilə də minalardan təmizləmə ilə bağlı bir sıra mürəkkəb məsələləri həll etməlidir.
D.Solonnikov vurğulayıb ki, Cənubi Qafqazda baş verən dəyişikliklər yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də qonşu dövlətlər - Rusiya, Türkiyə və İran üçün əhəmiyyət daşıyır: “Yenidən normal şəraitdə yaşamaq imkanı yarandı. Bu, tez və dərhal baş verməyəcək, lakin müəyyən vaxtdan sonra xalqlar yenidən ünsiyyət qura biləcəklər, bir-birlərinə avtomatın nişangahından baxmayacaqlar”.
Ekspert nəqliyyat kommunikasiyalarının inkişaf perspektivlərinə də xüsusi diqqət yetirib. Onun fikrincə, Cənubi Qafqaz münaqişələr və ayırıcı xətlər məkanı olmaqdan çıxaraq inkişaf etmiş nəqliyyat infrastrukturuna malik regiona çevrilməlidir.
O, Şimal-Cənub beynəlxalq marşrutunun, Orta Dəhlizin, eləcə də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin əhəmiyyətini qeyd edib.
Politoloqun fikrincə, müxtəlif nəqliyyat marşrutlarının bir-birinə bağlanması bütün Cənubi Qafqazın tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirə və onun Rusiya, Türkiyə, İran və Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini genişləndirə bilər.
Bununla yanaşı, D.Solonnikov hesab edir ki, regionun gələcəyi və kommunikasiyaların blokdan çıxarılması ilə bağlı məsələlərin ilk növbədə Cənubi Qafqaz ölkələrinin və onlarla qonşu dövlətlərin özləri tərəfindən həll edilməsi prinsipial əhəmiyyət daşıyır.
“Nəqliyyat əlaqələrinin inkişafı son dərəcə vacibdir. İlk növbədə Azərbaycan və Ermənistanın bir-biri ilə razılığa gəlməsi lazımdır. Daha geniş mənada isə söhbət Azərbaycan, Rusiya, İran, Ermənistan, Türkiyə və Gürcüstandan gedir. Biz razılığa gəlməli və nəqliyyat infrastrukturumuzu inkişaf etdirməliyik”, - deyə ekspert bildirib.
Onun qənaətinə görə, kommunikasiyalar və iqtisadi əməkdaşlıq Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinin və regionun uzunmüddətli inkişafı üçün şərait yaradılmasının əsas amillərindən birinə çevrilə bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 27 Sentyabr 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















