“DOĞULDUM 39 DA, 37 DƏ TUTULDUM...”
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Xaləddin İbrahimli,
Professor
Giriş əvəzi. Mən dünyanı, hadisələri, insanları, onların davranış və düşüncələrini, eləcə də sənəti fərqli görməyə çalışmamışam. Ancaq son zamanlar əmin olmuşam ki, onları sadəcə fərqli görürəm. Bunu əvvəllər izah etməyə ehtiyac duymurdum. İndi isə eyni hadisəyə baxan insanların nə üçün eyni şeyi görmədiyi barədə daha çox düşünürəm.
Yazmışdıq ki, Mahir Mehdini anlamaq istəyirsənsə, baxdığın yeri dəyiş, bəlkə indiyədək görmədiyin bir nəsnəni, bəlkə də bir dünyanı görəcəksən. Vaqif Bayatlı Odəri anlamaq istəyirsənsə, məsafələri və sərhədləri unut, bəlkə bir-birindən uzaqda bildiyin varlıqların nə qədər yaxın olduğunu və onları yaxınlaşdıran nəsnələri duyacaq, anlayacaqsan. Vaqif Səmədoğlunun yaradıcılığı üçünsə, məncə, ən uygun açar cümlə budur: onu anlamaq istəyirsənsə, şairin ölümə nə qədər yaxın olduğuna deyil, ölümlə üz-üzə dayananda həyatı necə qavradığına, ondan necə bəhs etdiyinə bax.
Vaqif Səmədoğlunun 1965-ci ildə yazdığı bir şeir var. İlk baxışda adi tərcümeyi-hala bənzəyir. Şair doğulduğu ili göstərir, nənəsinin ölümünü, akvariumda saxladığı balıqları xatırlayır və nəhayət, yaşamaq istədiyini söyləyir. Ancaq bu qısa xatirələrin ardıcıllığında insanın tarixi, şəxsi yaddaşı və həyata münasibəti haqqında düşündürücü bir məna gizlənir.
Şeir belə başlayır:
“Doğuldum 1939-da,
1937-də tutuldum.”
İnsan doğulmamışdan iki il əvvəl necə tutula bilər?
1937-ci ildə baş verən hadisələr yalnız həbs olunanların deyil, onların ailələrinin və sonrakı nəsillərin də taleyinə ciddi təsir göstərdi. Lakin Vaqif Səmədoğlu burada tarixi faciəni xatırlatmaqla kifayətlənmir. O, özünün tutulduğunu söyləməklə şəxsi həyatının başlanğıcını doğulduğu gündən əvvəlki zamana aparır. “Tutuldular” yox, “tutuldum” deməsi təsadüfi deyil. Başqasının yaşadığı hadisə şairin öz tərcümeyi-halına daxil olur.

Biz adətən insanın həyatını doğulduğu gündən başlayaraq təsvir edirik. Təhsil aldığı illəri, gördüyü işləri, uğurlarını, uğursuzluqlarını və itkilərini sadalayırıq. Ancaq insan yalnız özünün yaşadığı hadisələrdən ibarət deyil. Valideynlərinin, ailəsinin və mənsub olduğu cəmiyyətin keçmişi də onun duyğu və düşüncələrində, dünyaya münasibətində iz buraxır. Bəzən insan şahidi olmadığı hadisənin nəticələrini yaşayır, hətta həmin hadisə haqqında danışılmadığı halda onun yaratdığı travmanı, qorxunu və susqunluğu hiss edir. Vaqif Səmədoğlunun iki misrası insanın bioloji ömrü ilə tarixi tərcümeyi-halının həmişə üst-üstə düşmədiyini göstərir.
Şair bundan sonra nənəsinin ölümünü və bir qış gecəsində akvariumdakı balıqların donmasını xatırlayır. Siyasi repressiyalar, ailədə yaşanan itki və balıqların ölümü ilk baxışda bir-birindən uzaq hadisələrdir. Onların ictimai əhəmiyyəti və miqyası da eyni deyil. Lakin insan yaddaşı hadisələri həmişə tarixi böyüklüyünə görə seçmir. Uşaqlıqda görülmüş kiçik bir mənzərə bəzən illər keçdikdən sonra da bütün təfərrüatı ilə xatırlanır, böyük hadisələr isə yaddaşda yalnız ümumi təsəvvür kimi qalır.
Nənənin ölümü yaxın bir insanın yoxluğudur. Akvariumdakı balıqların donması isə canlılığın nə qədər kövrək olduğunu göstərən sadə məişət hadisəsidir. Burada böyük faciəyə səbəb olan qərarlar, mürəkkəb insan münasibətləri yoxdur. Bir qış gecəsinin soyuğunda təsadüfən pəncərənin açıq qalması akvariumdakı kiçik canlıların həyatının dayanması üçün kifayət edir. Şair bu hadisəni nə dramatikləşdirir, nə də onun üzərində ayrıca dayanır. Digər xatirələr kimi sakitcə dilə gətirir. Məhz bu təmkinli danışıq tərzi oxucunu hadisələrin özündən çox, onların insan yaddaşında niyə bir arada yaşadığı barədə düşünməyə vadar edir.
Şeirdə diqqət çəkən cəhətlərdən biri də böyük tarixdən kiçik məişət hadisəsinə keçidin təbii görünməsidir. 1937-ci ilin faciəsi ilə akvariumdakı balıqların ölümü tarixi baxımdan müqayisə edilə bilməz. Şair onları müqayisə etmək niyyətində də deyil. Bunlar müxtəlif vaxtlarda onun həyatına toxunmuş hadisələrdir. Yaddaş onları eyni tərcümeyi-halın parçaları kimi qoruyub saxlayır. Beləliklə, şeirdə insanın ictimai və şəxsi həyatı bir-birindən ayrılmır.
Bütün bu xatirələrdən sonra şair gözlənilməz bir etiraf edir:
“Deyəsən, yaşamaq istəyirəm.”
Məncə, şeirin ən təsirli yeri məhz bu misradır. Xüsusilə də “deyəsən” sözü. Vaqif Səmədoğlu yaşamaq istədiyini qəti bir hökm kimi söyləmir. Sanki özündə indiyədək fərqinə varmadığı bir hissi kəşf edir. Burada həyatın gözəlliyi haqqında təntənəli bəyanat, gələcəyə verilmiş böyük vəd yoxdur. İnsanın özü ilə sakit söhbəti var. O, yaşamaq istədiyini bildirir, amma bu istəyin haradan gəldiyini izah etmir.
İnsanın yaşaması ilə yaşamaq istəməsi eyni şey deyil: birincisi onun mövcudluğudur, ikincisi isə həmin mövcudluğa münasibətidir. İnsan gündəlik həyatını davam etdirərkən bu fərq haqqında düşünməyə bilər. Bəzən keçmişə qayıtmaq, itirdiklərini xatırlamaq və həyatın nə qədər asanlıqla yarımçıq qala bildiyini görmək onu öz varlığına başqa nəzərlə baxmağa məcbur edir. Vaqif Səmədoğlunun son misrası belə bir daxili qarşılaşmanın ifadəsi kimi səslənir.
Burada maraqlı olan yaşamaq istəyinin xoşbəxt bir hadisədən sonra deyil, itkilərin xatırlanmasından sonra dilə gətirilməsidir. Şair nə baş vermiş faciələrə təsəlli axtarır, nə də ölümün mövcudluğunu inkar edir. Sadəcə bütün bunların qarşısında özünün hələ yaşamaq istədiyini hiss edir. Bununla belə, şeiri ölümün insanı mütləq həyata bağladığı haqqında ümumi fəlsəfi hökmə çevirmək doğru olmazdı. Vaqif Səmədoğlu müəyyən bir anda keçirdiyi duyğunu ifadə edir və həmin duyğunun səmimiyyəti onun tərəddüdündə üzə çıxır.
Şeirin zaman quruluşu da diqqətəlayiqdir. Əvvəlcə şairin doğulmasından əvvəl baş vermiş hadisə ilə qarşılaşırıq. Sonra uşaqlıq xatirələri gəlir. Nəhayət, bütün bu keçmiş son misrada indiki zamana bağlanır. İnsan özündən əvvəlki tarixi seçə bilməz, itirilmiş adamları geri qaytara bilməz. Ancaq keçmişi xatırlayarkən özünün bu gün necə yaşadığını və həyata hansı münasibəti bəslədiyini düşünə bilər. Şairin tərcümeyi-halı, beləliklə, yalnız başına gələnlərin deyil, özünü necə dərk etməsinin də ifadəsinə çevrilir.
Vaqif Səmədoğlunun bu şeirində məni düşündürən onun ölüm haqqında danışması deyil. Daha çox, bir-birindən fərqli itkilərin arasından yaşamaq istəyinin necə üzə çıxmasıdır. Şair oxucuya nə öyüd verir, nə də həyatı necə yaşamaq lazım olduğunu izah edir. O, yalnız xatirələrini bölüşür və sonda özü haqqında gözlənilməz bir həqiqəti dilə gətirir. Bu sadə etiraf oxucunu da öz həyatına baxmağa sövq edir.
Şeirin əvvəlində insan hələ doğulmamışdan tarixin içindədir (görəsən tarixçilər məsələnin bu tərəfinə diqqət edirmi?). Sonunda isə yaşadığı ömrün fərqinə varmağa başlayır. İki tarix, bir neçə xatirə və qısa bir etirafla Vaqif Səmədoğlu insanın keçmişi ilə indiki varlığı arasında mürəkkəb münasibəti göstərə bilir. Burada böyük fəlsəfi mühakimələrə ehtiyac qalmır. Şeirin mənası məhz adi sözlərlə ifadə edilmiş qeyri-adi düşüncədə açılır.
Bəlkə də poeziyanın gücü elə bundadır. Bəzən uzun-uzadı izah etdiyimiz bir həqiqəti şair bir neçə misraya, bəzən də iki-üç kəlməyə sığışdırır. Oxucu həmin kəlmələrdə, misralarda yalnız müəllifin həyatını deyil, öz keçmişindən, xatirələrindən və duyğularından nələrisə tapır. Vaqif Səmədoğlunun bu şeiri də məndə belə bir təəssürat yaradır: insan ömrünü anlamaq üçün bəzən onun nə qədər yaşadığını deyil, yaşamaq istədiyini nə vaxt və necə anladığını düşünmək lazımdır.
Fikir bitəndə söz də bitməlidir. Bircə şeir, bircə yarpaq... Bəzən bir insanın bütöv ömrü haqqında düşünmək üçün bundan artığına ehtiyac qalmır.
“AzPolitika.info”
Baxış sayı:57
Bu xəbər 09 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















