Dörd yarpaq Əlisəfdər Hüseynov yazır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Əlisəfdər HÜSEYNOV
SÜKUTUN DEDİKLƏRİ
İnternet şəbəkəsində təsadüfən bir şeir mətni gözümə dəydi. Şeirin elə ilk sətrindəcə qəribə sehr vardı - sanki anlaşılmaz bir qüvvə səni özünə çəkir, 2-ci, 3-cü ... və sonrakı misraları da oxumağı zərurətə çevirirdi...
Beləcə həmin zərurətə təslim olub şeiri sonadək oxudum (bəlkə də "şeir özünü mənə oxutdurdu" - desəm, daha düzgün olar) və orijinal mataforaların, mətnin gözlənilməz arxetoktonikasının, ifadə vasitələrinin qeyri-adiliyinin izinə düşüb bu saf poetik bulağın, necə deyərlər, mənbəyinə qədər gedib müəllifi, onun digər şeirlərini də "tapdım".
Svetlana Petrina ukraynalıdır, 1980-ci ildə Lvov şəhərində anadan olub. "Ümumdünya poeziya günü" marafonunun, bir neçə beynəlxalq poeziya müsabiqəsinin qalibi və diplomçusudur. Şeirləri bir çox dillərə tərcümə olunub və bu şeirləri adi danışıq dilində, ənənəvi metodlarla təhlil etmək çətindir, bəlkə də heç mümkün deyil. Çünki bu şeirlər xalis, teyxa poeziyadır, bu dünyaya "lal" doğulanların - Günəşin, ağacın, rənglərin, daşın, qar dənəcəklərinin... və nəhayət, insan duyğularının bir rəssam səriştəsi, bir kinoçu gözü, bir bəstəkar həssaslığı ilə üzə çıxan, qulaqla eşidilməyən, yalnız ürəklə duyulan səsidir. Bu şeirlərdə balıqlar da, divardan asılmış təqvim də, qar dənələri, gül ləçəkləri, göydə uçan durnalar da... dil açıb dilmancsız-filansız səninlə danışır, dünyanı sənə yenidən tanıdır...
Və beləcə bir də baxıb gördüm ki, şairənin 2 şeirini dilimizə çevirmişəm. Hələlik onlardan birini sizə təqdim edir, müəllifə uğurlar azulayıram...
Ağ bir xoşbəxtlik rəsmi çəkirəm
ağ təbaşirlə ağ qar üstündə.
Ağappaq qar üstündə
bir ağ durna qar dənələrini öpür,
Ağ ritm və qafiyələrlə
ağ bir çələng toxuyur,
Ağ xoşbəxtlik haqqında
ağappaq bir nəğmə oxuyur.
Yazdığım şeirdə sətirlər
ağappaqdır qar kimi...
Axı bu ağ gündə nə yazıram mən?
Yazmıram nə sənin öpüşlərindən,
nə öz öpüşlərimdən,
Ağ rəngli bir həsrətdən,
nisgildən yazıram.
Yazıram ki, gecələr
ağ rəngdə ağlayıram,
Xoşbəxtlik səmasında uçmaq üçün
ağ qanadlar taxıram.
Mənə bu xoşbəxtliyi bəxş edən
qar kimi ağappaq kimdir kim?
Bəlkə ağappaq durnalardır ki,
göydə ağ iz salır...
Ağappaq xoşbəxtlikdəndirmi
saçlar ağarır?
GÖYƏRÇİN MƏDƏNİYYƏTİ VƏ TOYUQ PAXILLIĞI
Toyuqların qabına dən səpən kimi çilçil bir göyərçinin yaxınlıqdakı damın üstünə qonub həyətə enməyə fürsət axtardığını bir neçə gün əvvəl müşahidə etmişdim. Amma ağlıma gəlməzdi ki, bu, maraqlı və ibrətamiz bir tamaşanın proloqu imiş. Dünən marağıma təslim olub bu tamaşanı sonadək izlədim.
Toyuqlar qabın yanından çəkilib həyətin əks tərəfinə gedəndən sonra da göyərçinin həyətə enib öz payını dənləməyə tələsməməsi, düzü, əvvəlcə məni təəccübləndirdi. Ətrafa diqqətlə nəzər saldım və divarın yanındakı daşın arxasında gizlənib marığa dayanmış sapı pişiyi görəndə hər şey mənə agah oldu - hardansa gəlib həyətə dadanan bu sırtıq pişik pusquda dayanmışdı ki, göyərçin həyətə enən kimi irəli atılıb onu qamarlasın.
Qalxıb siyafır pişiyi çox çətinliklə qovub həyətdən çıxartdım. Göyərçin dərhal həyətə endi, dəni səpəndə sıçrayıb qabın ətrafına - qumun üstünə düşmüş buğda dənələrini dənləməyə başladı və öz qismətini dənləyə-dənləyə toyuqların qabının yanına qədər gəldi. Fikirləşirdim ki, elə indicə içi dənlə dolu qaba da dimdik uzadacaq. Amma belə olmadı. O, qabı görmürmüş kimi çevrildi və yenə də yerdəki dənləri dimdikləyə-dimdikləyə geri qayıtdı.
Onun bu jestinin 2 səbəbi ola bilərdi: ya qabın içindəkilərin yiyələrindən qorxur, ya da öz qisməti ilə kifayətlənib
onların, necə deyərlər, halal payına şərik olmaq istəmirdi. Elə bu vaxt duyuq düşən toyuqlar özlərini yetirdilər və tamaşa çox xoşagəlməz finalla başa çatdı - toyuqlardan biri nəinki qabın içindəki, hətta yerə dağılmış dənələri də göyərçinə çox bildi, sürətlə irəli şığıyıb onu qovdu.
Amma mən bu tamaşanın belə finalla bitməsini istəmirdim.
İndi ona yeni final, yaxud epiloq yazmaq barədə fikirləşirəm...
O finalda sülh, barışıq, əmin-amanlıq rəmzi olan göyərçin qalib gələcək, sırtıq pişik, acgöz, paxıl toyuq yox!
KÖHNƏ PALTAR ŞKAFI, ANAMIN KƏLAĞAYILARI VƏ 1500 AVRO
74 il əvvəl alınıb ata evimizə gətirilən və öz funksiyalarını bu gün də ləyaqətlə yerinə yetirən güzgülü paltar şkafı ilk növbədə mənə ona görə əzizdir ki, rəhmətlik anam saya rəngli kəlağayılarını, qonşuluqda olan qız toylarına (biz tərəflərdə bu toylara "bazarlıq" deyirdilər) geyinmək üçün çitdən və qalın pamazı parçalardan tikdirdiyi donlarını bu şkafda saxlayırdı və indi də bu şkafa yaxınlaşanda, görünür, şüuraltı şəkildə o kəlağayıların, donların və deməli, həm də anamın ətrini duyuram.
Bir də gizlənpaç oynayanda bu şkafın içində gizlənməyimizi xatırlayıram.
Və nəhayət, son vaxtlar bu şkafı xatırlayanda vaxtilə başıma gələn bir qəribə əhvalat yadıma düşür.
2006-cı ildə mənzilimdə vanna otağını təmir etdirirdim. Bütün işlər başa çatdırılmışdı, qalırdı vanna otağı üçün zəruri avadanlıqları alıb son nöqtəni qoymaq.
O vaxt iş yerimin yaxınlığında belə avadanlıqların (güzgü, vanna, divar şkafı, əlüzyuyan və s.) satıldığı təzə mağaza açmışdılar. İşdən çıxanda şəstlə ora girdim. Salonda vanna otağı üçün axtardığın istənilən avadanlığı, aksessuarlar tapa bilərdin. Mən güzgülər qoyulmuş bölməyə yaxınlaşdım və həm ölçüləri, həm də sadə görünüşü xoşuma gələn bir güzgünün qarşısında ayaq saxlamağımla 22-23 yaşlarında sütül bir oğlanın başımın üstünü kəsdirməsi bir oldu:
- Dayıcan, nə kömək edə bilərəm?
Güzgüyə baxa-baxa soruşdum:
- Bu güzgü neçəyədir?
Dedi:
- Min beş yüz avroya
Elə bil başıma ağır bir kürzlə zərbə endirdilər və o zərbənin təsirindən mən, deyəsən, reallıq hissini, zaman və məkan ölçülərini itirdim - sanki sarsaq bir yuxu görürdüm...
Öz-özümə dedim ki, bəlkə cavabı səhv eşitmişəm, yaxud oğlan sadəcə çaşıb. Ona görə təkrar soruşdum:
- Neçəyə?
Birinci zərbə məni reallıqdan ayırmışdısa, ikinci zərbə təkrar reallığa qaytardı və düşdüyüm bu naqolay vəziyyətdə oynamalı olduğum rolu oynamaq qərarına gəldim:
- Bu güzgünün o biriləridən fərqi nədir ki, bu qiymətə satılır?
Düzü, gözləyirdim oğlan deyəcək: "Polad kimi o qədər möhkəmdir ki, ağır çəkiclə zərbə endirsən belə çatlamaz, sınmaz". Amma o, böyük bir sirr açılmış kimi qəribə bir ahənglə cavab verdi.
- Fərq ondadır ki, bu güzgü vanna otağında çiməndə isti suyun buxarında tərləmir...
Fikirləşdim ki, üçüncü zərbənin məni nakaut vəziyyətinə salmaması üçün buranı nə qədər tez tərk etsəm, bir o qədər yaxşıdır. Özümü sındırmamaq üçün "Yox, mən zərbəyə davamlı, möhkəm güzgü axtarıram" - deyib salonu tərk etdim.
Bu yaxınlarda həmin o "Avro" əhvalatını xatırladım və maraq üçün ağzımı evimizdəki köhnə şkafın 74 ildə üstünə kiçik bir ləkə belə düşməyən güzgüsünə yaxınlaşdırıb nəfəsimlə isitdim ki, görüm tərləyəcək, yoxsa yox. Güzgü nəfəsimi çox biganə qarşıladı. Əminlik üçün dərindən nəfəs alıb bu jesti bir neçə dəfə təkrar etdim.
Güzgünün tərləmək "fikri" yox idi...
Belə...
BOŞ GÜLÜŞ, YERSİZ SÖYÜŞ VƏ MİLLİ BOMBA
Bir müddət əvvəl necə oldusa nəzərlərim televiziyada nümayiş olunan guya komik səpkili şou proqramının bir epizodunda ilişib qaldı. Həmin epizodda ər və arvad qonaqların yanında öz intim yataq macəralarının bəzi məqamlarının, necə deyərlər, "razborka"sını aparır və auditoriyanı güldürmək üçün avtomobillərdə "sönmüş akkumlyator", "primıçka" sindromu ilə həmin o intim məqamlar arasında paralellər aparır, hətta bəzən vulqar ifadələr, düşük replikalar belə işlətməkdən çəkinmirdilər. Təbii ki, müəyyən replikalardan sonra tamaşaçıların əyləşdiyi studiya gülüş dalğalarına qərq olurdu və həmin o anlarda məni gənc aktyorların ədəbsizliyindən çox həmin gülüş dalğaları, o gülüşün subyektləri olan gənc qızların, gəlinlərin üzlərindəki məmnunluq ifadələri qıcıqlandırırdı - hər dəfə başlarını geri ataraq, gözlərini yumub cani-dildən elə gülürdülər ki!
Həmin o anlarda əslində neçə-neçə nəslin tərbiyəsində, düyagörüşünün formalaşmasında mühüm rol oynamış, yüksək insanı dəyərləri təbliğ edən əsl sənət boş hırıltı, küçə mədəniyyəti, qeyri-etik davranış üzərində qurulmuş psevdosənətin murdar caynaqları ilə boğulub ayaq altına atılırdı, salondakı auditoriya isə öz məmnun çöhrələri, alqışları ilə bu ölümə xeyir-dua verirdilər.
Çox təəssüflər olsun ki, bu, günümüzün reallığıdır.
Bu nədir? Yüksək insani hisslər, estetik zövq verən duyğular, insanı mənəvi cəhətdən saflaşdıran dəyərlər heyvani instinktlərə, Qərb qlobalistlərinin liberal dəyərlər adı ilə boş beyinlərə doldurduğu cinsəl azadlıq, mədəniyyətdən, əxlaqdan kənar ədəbsiz söyüş, küçə jarqonu kimi iyrənc paradiqmalara təslim olur yoxsa?
Əgər belədirsə, Vaqif Mustafayevin məşhur filmindəki kimi öz milli bombamızı yaradıb təcili elə öz başımızda da partlatmalıyıq.
Söyüş dedim, yadıma bir şey düşdü. Bu yaxınlarda peşə fəaliyyətimlə bağlı 2024-cü ildə gənc rejissorların çəkdikləri bir sıra filmlərə baxmalı oldum. Bəzi filmlərdə nələr gördüm, nələr eşitdim? Burada təkrar eləməyə sadəcə xəcalət çəkdiyim jarqon ifadələr, biədəb sözlər, söyüşlər görəsən, nə vaxtdan təbiiliyin etalonu olub ki, bəzi gənc rejissorlar onları bir ovuc darı kimi öz filmlərinə səpələyiblər? Ata-analarımızın, bacı-qardaşlarımızın, övladlarımızın yanında, ictimaiyyət arasında dilə gətirməyi heç ağlımıza gətirmədiyimiz ifadələri bir funksiyası da millətin ruhu, siması haqqında təəssürat yaratmaq olan filmlərə gətirməklə öyünürüksə, yeni Azərbaycan kinosunu bu qəlibə salırıqsa, vay bizim halımıza.
Mənə "Siz keçmişdə qalmısınız, şablon meyarla düşünür, steorotip normalardan, qəliblərdən çıxa bilmirsiniz. Biz isə buna cəsarət edir, həyatı olduğu kimi - bəzək-düzəksiz, amansız reallıqları ilə filmlərimizə gətirib yeni dövrün sənətini kinosunu yaradırıq" - deyəcək rejissorlara cavabım belədir: "Siz həyatı yox, həyat adlı orqanizmin çıxarı, çirkabı, xıltı ilə manipulyasiya edirsiniz. Əsl kino o deyil ki, sən həyatı hər şeyi - o cümlədən çirkabı, söyüşü, qeyri-adekvat məqamları ilə ekrana gətirib bunu cəsarət kimi qələmə verirsən. Bu, cəsarət və istedadın yox, gücsüzlüyün, istedad kasadlığının əlamətidir. Əsl sənət indi hamının telefonunda olan fotoredaktor proqramı kimi bir şeydir. O, dünyanı yaxşılaşdırmağa, son nəticədə gözəlləşdirməyə xidmət etməlidir".
Bunu bacarırsınızsa, buyurun, bacarmırsınızsa, söyüş sevdalı dilinizi dinc saxlayın!


