Dövlətçilik tariximizdə Ağqoyunlu (Bayanduriyyə) dövləti
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
VI Yazı
Otluqbeli Savaşı
Ağqoyunlulara qarşı müharibəni davam etdirməyə cəsarət etməyən Sultan II Mehmed Malatya məğlubiyyətinin səhərsi günü öz ordusuna İstanbula doğru geri çəkilmək əmri verdi. II Mehmed Venesiya başda olmaqla Avropa dövlətlərinin birləşmiş hərbi qüvvələrinin qərbdən hücuma keçəcəyindən, xüsusən İstanbulun alınacağından ehtiyat edirdi. Osmanlı qoşunları Fərat sahili ilə şimal –qərbə doğru-Bayburt istiqamətində geri çəkildilər.
Uzun Həsənin oğulları başda olmaqla bir çox Ağqoyunlu sərkərdələri, Fəratı keçərək geri çəkilməkdə olan düşmənlə yenidən döyüşə girmək üçün hökmdardan icazə istədilər.Lakin Ağqoyunlu hökmdarı buna razılıq vermədi.Görünür o, sayca çox və yaxşı silahlanmış Osmanlı qüvvələrini həmişəki kimi əlverişsiz coğrafi mövqedə, qəfil zərbə ilə məğlub etmək istəyirdi.
Mənbələrin məlumatına görə, Malatya qələbəsindən sonra Uzun Həsən öz sərkərdələrinin Osmanlı qoşunlarına yenidən hücuma keçmək haqqında təkliflərini dəfələrlə rədd etmişdi.Ağqoyunlu Sultanı Uzun Həsən yaxşı bilirdi ki, uzun sürən açıq savaşda onun süvariləri odlu silahlara malik, xüsusən ağır topları olan Osmanlı piyadasına davam gətirə bilməz.Lakin sərkərdələrinin təkidi ilə Osmanlı dövləti qoşunlarını təqib etmək qərara alındı.
Əvvəlcədən hazırlanmış plana uyğun olaraq Malatya savaşından 10 gün keçmiş,1473-cü il avqustun 11-də Ağqoyunlu süvariləri II Mehmedin ordusunu Ərzincanla Ərzurum arasındakı Üçağızlı dərəsi adlanan yerdə qabaqladılar.Döyüşün planına görə həm qarşıdan,həm də yanlardan hücum edən Ağqoyunlu atlıları Osmanlı ordusunu qəfildən yaxalamalı,onu dərədən düzə çıxmağa qoymalı idi. II Mehmedin qoşunları geri çəkildikdə onu Uzun Həsənin özünün başçılıq etdiyi Ağqoyunlu süvariləri qarşılamalı idi.Lakin Uzun Həsənin məqsədini başa düşən II Mehmed bütün bütün diqqəti ön cəbhəyə verdi.Osmanlı ordusu xeyli tələfatdan sonra düzə çıxıb döyüş nizamı ala bildi. Bu,savaşın taleyini qabaqcadan həll etdi. Beləliklə,1473-cü il avqustun 11-də iki fatehin hərbi qüvvələri arasında 8 saata qədər davam edən şiddətli savaş baş verdi. Otluqbeli savaşı adı ilə məşhurlaşan bu savaşda Ağqoyunlu süvariləri əvvəldən axıradək üstünlüyü öz əllərində saxlayırdılar.Uzun Həsənin özü savaşın qızğın yerində Ağqoyunlu süvarilərinə başçılıq edirdi.Lakin savaşın sonuna yaxın Ağqoyunlular odlu silahları olan Osmanlı piyadalarının, xüsusən yeniçeri alaylarının inadlı əks-hücumlarına davam gətirə bilmədilər. Lakin savaş Osmalı ordusunun qələbəsi ilə sona yetdi. Hər iki tərəf ağır tələfat verdi. Otluqbeli savaşının iştirakçısı Katerino Zeno bu savaş haqqında belə yazır: “ Hökmdar Sultan Uzun Həsən oğlu Uğurlu bəyi (Uğurlu Məhəmmədi) Karaman əmiri və çoxlu atlı ilə birlikdə Osmanlı qoşunlarının qabağına göndərdi.Zeynal bəy adlı digər oğlunu isə çoxlu atlı ilə bir cinaha, Bayandur bəyi başqa cinaha göndərdi.Hökmdarın özü çoxlu döyüşçü ilə Osmanlı ordusunu qarşılamaq üçün arxada qaldı.Beləliklə, Uzun Həsənin adamları Osmanlı ordusunu mühasirəyə aldı.Bu qüdrətli hökmdar Osmanlı ordusunu məngənəyə salmaq istəyirdi.II Mehmed mühasirəyə düşdüyünü görcək,qoşunu ilə qaçmağa çalışdı... onuncu günü... qüdrətli hökmdar onu əsir almaq istədi.Həmin gün saat 9-da işləyəndə o,atı minib II Mehmedə qarşı hücuma başladı və həmişə üstünlüyü əldə saxladı.Osmanlı ordusunu qaçmağa məcbur etdi.Hər iki tərəfdən ölən çox oldu... Lakin qüdrətli hökmdar II Mehmedin arabasına yaxınlaşdıqda ona toplarla elə hücum etdilər ki, Uzun Həsənin adamları qaçmağa üz qoydular”.
Mənbələrdə bu savaşa qatılan Osmanlı ordusunun 85 min nəfərə çatdığı göstərilir.Onlardan 60 mini zirehli və süvari, 25 mini isə piyada əsgər yeniçeri idi.Başqa bir mənbədə isə Fatih II Mehmedin 150 minlik ordusu ilə Üsküdardan Ağqoyunlularla hesablaşmaq üçün yola çıxdığı bildirilir.
Beləliklə, savaşın birinci dövründə olduğu kimi, ikinci dövündə də təşəbbüsü ilk dəfə ələ almalarına və Osmanlı dövləti üzərində bir sıra qələbələr əldə etmələrinə baxmayaraq,Ağqoyunlular son nəticədə məğlub oldular.
Osmanlı dövlətinin yaxşı silahlanmış nizami ordusu var idi.Öz döyüşkənliyi və cəsurluğu ilə şöhrət qazanmasına baxmayaraq, Ağqoyunlu süvariləri yaxşı təlim görmüş Osmanlı piyadası, xüsusilə yeniçeri alayları qarşısında aciz idilər.
Ağqoyunlular qırğı, qılınc, şeşbər, 6 dilimli toppuz, xəncər, yay-ox, gürz və sairə vaxtını keçirməkdə olan silahlarla silahlandığı halda, Osmanlı İmperatorluq ordusu ən mühasir odlu silahlarla, xüsusən ağır toplara malik idilər. Bunu türk mənbələri də təsdiq edir.Məsələn,Məhəmməd Nəşrinin fikrincə Ağqoyunlular Otluqbelində ona görə məğlub oldular ki, onlar “belə top-tüfəng davası görməmişdilər”.
Gürcüstan, Misir və Suriyaya yürüşlər
Uzun Həsən Gürcüstanı öz hakimiyyəti altına salmaq üçün cəhdlər etmişdi (1466, 1463, 1466, 1472, 1475 və 1477-ci illər).1472-ci ildə Gürcüstana qarşı yürüş isə Ağqoyunluların Osmanlılarla az sonra edəcəyi müharibəyə hazırlıq kimi düşünülmüşdü.
Uzun Həsən müxtəlif illərdə Aralıq dənizinə çıxmaq və Ağqoyunlu Sultanlığını dəniz dövlətinə çevirmək üçün (1462, 1464, 1472, 1475) Misir və Suriya Məmlüklərinə qarşı da hərbi yürüşlər təşkil etdi.
1477-ci ildə Uzun Həsən son yürüşünə-Gürcüstan üzərinə yürüşə gedir.Oradan zəngin qənimət və 5 min nəfər qız əsirlə qayıdır.Həmin qız əsirləri də öz yaxınları olan hərbçilərə paylayır.Beləliklə, Uzun Həsən Şərqi Gürcüstanı ələ keçirir.
Uğurlu Məhəmmədin üsyanı
1474-cü ilin mayında, Şirazda iri feodalların mərkəzi hakimiyyətə qarşı güclü qiyamı başladı. Uzun Həsənin oğlu istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Şiraz valisi Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır.O, Şirazın valisi olmaqla Qaraqoyunlulara , Teymurilərə və Osmanlı dövlətinə qarşı müharibələrdə mahir sərkərdə kimi şöhrətlənmişdi.Uğurlu Məhəmmədin başçılıq etdiyi qiyam Ağqoyunlu dövləti üçün çox təhlükəli idi. Çünki o, atasına qarşı hərbi yardım üçün Misir sultanına da müraciət etmişdi. Misir Məmlük dövləti sultanı isə öz ölkəsinin şimal sərhədlərini bir neçə dəfə pozmuş və Aralıq dənizinə çıxmağa çalışan Uzun Həsənə qarşı oğluna yardım göstərmişdir.Bundan xəbər tutan Ağqoyunlu Sultanı Uzun Həsən öz hərbi qüvvələrinin başında tələsik Şiraza yola düşdü. Kontarini özünün “Səyahətnamə”sində yazmışdı:”Təbrizə yetişdikdən sonra bir karvansaraya düşdük.Məlum oldu ki, Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Şirazı tutub öz qaynanasına vermiş,Uzun Həsən də onu dəf etmək üçün Şiraz səmtinə qoşun göndərmişdir. Uğurlu Məhəmmədin tərəfdarlarından biri öz dəstəsi ilə Təbrizə qədər gələ bilmişdi.Təbrizdən hərəkət edib padşah ordusu olan yerə getmək istədim.Lakin gördüm ki, bu çox çətindir.Ona görə də həmin karvansarada qalmağa məcbur oldum.Karvansara sahibi də müvəqqəti olaraq çıxmağımı məsləhət görmədi.Bu zaman Uzun Həsənin oğlanlarından biri (Maqsud bəy) min nəfər atlı ilə Təbrizə, atasının köməyinə gəldi.Mən də xeyli zəhmətdən sonra onunla görüşə bildim və gətirdiyim hədiyyələri verdim.Uzun Həsənin yanına getmək üçün məni minik vasitəsi ilə təmin etməsini ondan xahiş etdim.Maqsud bəy hədiyyələri qəbul etdi,lakin başqa sözlərimə əhəmiyyət vermədi. Şəhərin vəziyyəti çox pis idi.Maqsud bəy qoşun hazırlamaq üçün camaatdan pul tələb edirdi.Lakin camaat onun bu tələbini rədd etdi və dükan-bazarı bağladı. Çörək,su tapılmadı”.
Uğurlu Məhəmmədin mərkəzi hakimiyyətə qarşı çıxması ölkənin başqa yerlərində də Ağqoyunlu hökmdarının mərkəzləşmə siyasətindən narazı qalan iri feodalların kəskin çıxışları ilə nəticələndi.
Belə feodallardan birisi 3000 nəfərlik süvari ilə Təbrizə hücum etdi. Lakin bu zaman hökmdarın Maqsud bəy adlı oğlu 1000 nəfərlik süvari ilə özünü yetirdi. Təbrizin təlükəsizliyi təmin olundu.
Digər tərəfdən isə Uzun Həsən Şirazda oğlunun başçılıq etdiyi qiyamıçı qüvvələri darmadağın etdi. Atası ilə savaşda ağır yaralanan Uğurlu Məhəmməd Osmanlı dövlətinə qaçdı.Uğurlu Məhəmməd qardaşı Xəlil bəy tərəfindən təqib olunduqdan sonra Osmanlı dövlətinə qaçır.
Sultan II Mehmed Ağqoyunlu hökmdarının oğlu Uğurlu Məhəmmədi İstanbulda böyük təntənə ilə qarşıladı. O,qızı Gövhərxan Sultanı Uğurlu Məhəmmədə ərə verdi və onu bir qədər hərbi qüvvə ilə Sivasa-Ağqoyunlu-Osmanlı sərhəddinə göndərdi.
II Mehmed qızını Uzun Həsənin oğluna verməklə,Ağqoyunlu hökmdarı Uzun Həsənin ölümündən sonra sülalə qohumluğu vasitəsi ilə Ağqoyunlu taxtını ələ keçirmək istəyirdi.
Bu zaman Osmanlı dövlətinə qarşı müharibəyə başlamaq imkanı olmayan Uzun Həsən öz fərari oğlundan intiqam aldı. O, Uğurlu Məhəmmədi ələ keçirdi və Təbrizdə xalqın gözü önündə edam etdirdi.Uğurlu Məhəmmədin ölüm xəbərini alan kimi Sultan II Mehmed bu zaman Sivasda olan qızını və nəvəsini İstanbula gətirtdi.
Uzun Həsənin son fəthləri
Gürcü knyazları da Osmanlı dövlətinə qarşı Ağqoyunlu hökmdarı ilə əlbir hərəkət etməkdən boyun qaçırdılar.Bunun müqabilində,Uzun Həsən 1477-ci ildə 20 min süvari və 11 min piyada ilə Gürcüstana hücum etdi.Tiflis və Qori də daxil olmaqla ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal edildi. Ağqoyunlu Sultanı Uzun Həsən gürcü knyazlarından 16 min dukat bac alaraq və sərkərdə Xəlil bəy Bəktaşı Tiflisdə canişini təyin edərək Tiflisdən qayıtdı.
Uzun Həsən Gürcüstan səfəri zamanı öz hərbi qüvvələrinin mühüm bir qismini Misir Məmlüklərinə qarşı göndərmişdi.Ağqoyunlular Amid və Urfa yaxınlığında Məmlüklər üzərində parlaq qələbələr çalmışdılar.Ağqoyunlu sərkərdələri 1478-ci ilin yanvarında Misir Sultanlığı ilə müharibədən zəfərlə qayıtdıqda,artıq Uzun Həsən sağ deyildi.Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur.
1478-ci ilin 5 yanvarında Uzun Həsən vəfat edir.Onu özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn edirlər.Bundan sonra həmin məscid “Həsən padşahın məscidi” adlanır.
Uzun Həsənin ölümündən sonra taxta oğlu Sultan Xəlil keçmişdir.
Ailəsi:
Uzun Həsənin atası Cəlaləddin Əli bəy Ağqoyunlu, anası Sara Xatundur.
İlk öncə əmisi Kür Məhəmmədin qızı Səlcuqşah Bəyimlə evlənmişdir. Ondan olan övladları:
Sultan Xəlil;
Sultan Yaqub;
Yusif Mirzə.
1441-ci ildə Əgil hakimi Dövlətşah bəy Bulduqaninin qızı ilə evlənmişdir.Ondan olan övladı:
Uğurlu Məhəmməd
Ömər bəy Zraqinin qızı ilə evliliyindən olan övladı:
Zeynal bəy
Despina Xatundan (Teodora Meqale Komni) olan övladları:
Məsih Mirzə;
Maqsud Mirzə;
Aləmşah Bəyim (Marta) -1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir.Onların bu evlilikdən 3 oğlu-Əli Mirzə Səfəvi, İbrahim və Şah İsmayıl Səfəvi,4 qızı dünyaya gəlmişdir.Oğlu Şah İsmayıl tərəfindən öldürüldüyü mənbələrdə söylənməkdədir.
Ardı var


