Dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır
Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərinizin ailələri, qazilərimiz, müharibə veteranlarına qayğı və diqqət hər zaman dövlətimiz üçün prioritet olub. İstər dövlət səviyyəsində, istər vətəndaş səviyyəsində bu qəbildən olan vətəndaşlarımıza hər zaman xüsusi diqqət və qayğı göstərilib.
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı, eyni zamanda müharibədən öncə və ya sonra döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı, vətən torpağını qoruyarkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməyıb. Müəyyən xidmətlərdə bu qəbildən olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı hər zaman müşahidə olunur.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini Azərbaycanın ərazi bütövlüyü və bu mübarizədə canlarını hər zaman fəda etməyə hazır olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Onu da vurğulayaq ki, tez-tez hansısa obyektlərin qarşısında gördüyümüz “şəhid ailələrinə xidmət ödənişsizdir” , “sizin borcunuzu valideynləriniz Qarabağ müharibəsində ödəyib”, “sizin bizə deyil, bizim sizə borcumuz var, hansı ki, heç bir zaman ödəyə bilmərik” kimi yazılar da vətəndaş səviyyəsində də şəhid və qazilərimizə göstərilən hörmətin, qayğının bariz nümunəsidir. Sual olunur: “Bu cür vətəndaşları olan dövləti kim məğlub edə bilər?" Təbii ki, heç kim. Onu da bildirək ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı Fərman da bu humanist addımlardan biridir. “YAŞAT” Fondu şəhid ailələrinə və qazilərə əlavə dəstək üçündür. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunaraq bu yolla onların üzündə təbəssüm yaratmağa və həyatlarında daha rahat yaşamalarına şərait yaradılır. Şəhidlərimizin ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının ən böyük nümunəsidir. “YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutaraq onların həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görürlər. Prosesdə “YAŞAT” Fondunun və “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri iştirak edirlər. Bu Fondun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar. Həyata keçirilmiş tədbirlər çərçivəsində hazırda hər bir şəhid ailəsi və qazinin həyat şəraitinin yaxşılaşdırılması üçün proses davam edir. Fondun fəaliyyəti çərçivəsində müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacları qarşılanır. Bununla yanaşı, şəhid ailələrinin övladları ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) da şəhid ailəsi üzvlərinə üstünlük verilir. Əmək münasibətlərində, vergi sahəsində də onlar bir sıra imtiyazlara və təminatlara malikdirlər. Eyni zamanda vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış komplekslərindəki mənzillər də şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Bu məqsədlə müvafiq olaraq Bakı şəhərində, Abşeron, Lənkəran, Samux rayonlarında yeni yaşayış komplekslərinin açılışları olub və qəhrəmanlarımıza bağışlanıb.
Və bütün sahələrdə ali səviyyədə vurğulanır ki, müharibə iştirakçıları, əlilləri və canını fəda etmiş qəhrəmanlarımızın ailələri hər zaman prioritet olaraq qalacaq.
Bütün bunlar bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Dövlət öz növbəsində ölkənin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən şəhid, yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərmək prinsipini qoruyub saxlayır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Prezident İlham Əliyev Vətən üçün müqəddəs yola çıxan və şəhid olan heç bir əsgər ailəsini, heç bir qazini tək qoymayıb. Onlar yaralananda hospitallara, xəstəxanalara gedib. Səmimi dialoq quraraq onların dərdlərini dinləyib. Şəhid ailələri ilə davamlı olaraq görüşərək onların qarşısında söz verib və yerinə yetirib. Çünki bu insanlar cəmiyyətin həssas təbəqəsidir və onlara göstərilməli olan diqqətin kökündə dövlətin, bütün cəmiyyətin mənəvi borcu məsələsi dayanır.
Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”.
Bu, dövlətin müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində prinsipiallığını, gördüyü işlərin ardıcıllığını və planlı şəkildə həyata keçirilməsini özündə ehtiva edir.
Aysel Aslan
Yazı Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Müharibə iştirakçılarına və şəhid ailələrinə dəstək tədbirləri" layihəsi çərçivəsində hazırlanıb