Döyüş dostluğunun öyünclü ünvanı
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Milli qəhrəmanların unuda bilmədiyi şəhid kəşfiyyatçı
Həyat sübut edib ki, ağır günün dostluğu daha etibarlı olur. Əslində, dost dar günündə səni tək qoymayan insandır. Qanlı savaş günlərinin dostluğu isə ən yüksəkdə dayanır.
Gecə-gündüz, qar-yağış, dərə-təpə, meşə-düzən bilmədən, yastıqları daş, yorğanları ağac budaqları, döşəkləri torpaq olan, atəş səsinə oyanan igidlərimiz var ki, öz döyüş yollarından yox, daha çox şəhid olan komandirlərindən danışmağı özlərinə borc bilirlər. Həmsöhbətlərim XTQ mənsubları – Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, polkovnik-leytenant Zahir Zeynalov və kapitan Əliağa Zeynalov kimi…
Şəhid kapitan Orucov Mühüd Qurban oğlu haqqında söhbətə başlamazdan öncə onu deyək ki, o, 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. Orta məktəbdə ilk müəllimi anası Sima Hacıyeva olub və “Ana”, “Vətən” sözlərini yazmağı və sevməyi öyrədib. 1999-cu ildən 2002-ci ilədək C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə təhsilini qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. 2006–2007-ci illərdə Silahlı Qüvvələrin Təlim–Tədris Mərkəzinin kurslarında zabit ixtisasına yiyələnib.
2007-ci ildə gənc zabit Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat taqım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zamanda Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib. 2014-cü ilin avqust ayında uğurlu əməliyyatdan sonra Prezident İlham Əliyev Mühüd Orucovla görüşdə ona qol saatı bağışlayıb.
Kapitan Mühüd Orucov 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşlər zamanı düşmənin atdığı tank mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid olub. O, aprelin 9-da doğulduğu Qazax rayonunun Fərəhli kəndində yaylım atəşi altında torpağa tapşırılıb. Mühüd ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb. Haqqında bu rəsmi məlumatı verdikdən sonra onu şəhidliyə aparan şərəfli döyüş yolundan söz açaq.
Mühid Orucovun uşaqlığı güllə səsləri altında keçib. Onlarca günahsız insanın düşmən gülləsinə tuş gəldiyinə şahid olduğundan, böyüyəndə düşməndən qisas almağı arzu edir. Gün gəlir ki, Mühüd Orucovun istəyinə çatmaq, düşmənə zərbə vurmaq məqamı çatır. Bölüyün kəşfiyyat qrupunun üç zabiti iki gündən bəri hazırlanan xüsusi planı icra etmək üçün düşmən tərəfə keçir. Ancaq nə tabor komandiri kapitan M.Orucovla, nə də digər iki zabitlə əlaqə yaratmaq mümkün olur.
Bu vaxt gecənin zil qaranlığı bir andaca işıqlanır. Bölükdən çıxan alov qaranlığı yara-yara ərşə qalxır. Düşmənin 2-si silahla dolu 3 zirehli maşını partladılır. Tapşırıq yerinə yetirilir. Səhərə yaxın Mühüd və komandası yaxınlıqdakı çayda görünür. Onu qarşılamağa gedən zabit yoldaşları kəşfiyyatçıların boynunu qucaqlayır, onları təbrik edir. M.Orucov Vətənə layiqincə xidmət etməyin, tapşırığı uğurla başa vurmağın sevincini yaşayır.
Mühüd uşaqlıq illərində qonşularının təsərrüfat işlərini görərkən düşmən gülləsinə tuş gəlməsini unuda bilmir. Həmin günlərdə hərbçi olmaq qərarına gəlir. Atası Qurban kişi həmişə igid Azərbaycan əsgərlərinin onları qoruduğundan söz açır. Beləcə, onun ürəyində hərbi formaya sevgi yaranır. Hərbi təhsildən sonra fərdi bacarıqları hesabına tez bir zamanda kapitan rütbəsi alır, tabor komandiri vəzifəsinə yüksəlir. Dəfələrlə hərbi yarışlarda iştirak etmək üçün Türkiyəyə gedir, müxtəlif növ təlimlərdə iştirak edir. Onun bu xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilir, dəfələrlə mükafatlandırılır.
Uzun müddət davam edən nisbi sakitlikdən sonra 2014-cü ilin avqust ayında erməni ordusu yenidən təxribata əl atır. Azərbaycan hərb tarixində xüsusi yeri olan Avqust döyüşləri zamanı da Mühüd Orucov ön cəbhədə olur. O, səngərə döyüşlərin qızğın vaxtı çatır. Düşmənin Azərbaycan Ordusuna məxsus postu almaq üçün açdığı yaylım atəşlə postdakı bir neçə zabit yaralanır, əsgərlər şəhid olur. Mühüd Orucov yaylım atəşinə rəğmən posta girib, oradan yaralı zabitləri çıxarmağı bacarır.
Həmin gün Mühüd Orucova xəbər gəlir ki, Ali Baş Komandan İlham Əliyev döyüş bölgəsinə səfər edəcək. Mühüd Orucovun qəlbini sevinc qarışıq həyəcan bürüyür. Prezident İlham Əliyev onunla görüşür, döyüşdə göstərdiyi xüsusi şücaətinə görə, komandan kimi öz adından və Azərbaycan xalqı adından təşəkkür edir. Onun əlini sıxır və gələcək əməliyyatlarda uğurlar arzulayır, xatirə üçün qızıl saat hədiyyə edir.
Aprel döyüşləri yetişir. Erməni tərəfi dayanmadan Azərbaycan Ordusunun cəbhə bölgəsindəki postlarına hücum edir.
Tanklar hər iki tərəfdən strateji əhəmiyyətli postu – Lələtəpəni nişan alır, yaylım atəşi həyata keçirirlər. Hər atəşdə ətrafa bir uğultu çökür, istehkamlar zədələnir. Növbəti zərbədə ağır artilleriyadan atılan mərmilərin qəlpələri kapitanın bədəninə dolur. Mühüd Orucov arzusuna çatır, şəhid olur. O, son ana qədər bu Vətənin bütövlüyü uğrunda döyüşür, onun sayəsində postu qoruyub saxlamaq mümkün olur. Qısa vaxt ərzində döyüş uğurla nəticələnir, hərbi əhəmiyyətli Lələtəpə illər sonra erməni caynağından xilas edilir.
Mühüd Orucov ölümündən sonra Prezidentin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Bununla yanaşı, dövlətimiz şəhidin övladlarının təhsilini öz himayəsinə götürüb. Mühüdün ipoteka ilə aldığı, indi ailəsinin yaşadığı evin banka olan borcu dövlət tərəfindən ödənilib, şəhidin əkiz övladlarına yeni mənzil verilib.
Bu gün Mühüdlə birgə savaş yolu keçən əsl cəngavər olan XTQ üzvləri qonağımızdır. Onlar dostları haqqında yanğı ilə danışırlar. Çətin günün dostları Mühüddən sonra yenə təlimlərdə iştirak etdilər, hərb sənətinin incəliklərini daha dərindən mənimsədilər və Vətən müharibəsində öz döyüşləri ilə Qələbəyə imza atdılar. Bu yerdə 3 dostun, o ağır günlərin 3 alovlardan çıxmış şahidlərini dinləyək.
Mühüdün döyüş yoldası, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun bir anı da unudulmayan ölüm-dirim günlərini belə xatırlayır:
– Şəhid Mühüd Orucovla 2007-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunda tanış olmuşuq və o vaxtdan şəhid olana qədər birgə xidmət yolu keçmişik. Mühüd xidmətə başlayandan cəsurluğu, qorxmazlığı, mərdliyi, fiziki və taktiki hazırlığı ilə bütün zabit yoldaşlarına həmişə örnək–nümunə olub. Məhz bu səbəbdən də o, zabit yoldaşlarının arasından ilk olaraq xüsusi əməliyyat taborunun komandiri vəzifəsinə layiq görülmüşdü.
2012–2016-cı illərdə XTQ düşmənin taktiki dərinliklərində çoxlu sayda kəşfiyyat-diversiya əməliyyatları icra edərkən Mühüd ilk tapşırıq alan zabitlərdən oldu. Yetərincə hazırlıqlı olan zabit yoldaşımız həmin illərdə düşmən arxasında çoxlu sayda basqın, pusqu əməliyyatları icra etmişdi. 2015-ci ilin sentyabrında mənimlə birgə Kəlbəcər rayonu istiqamətində düşmənin təminat yolu üzərində minalama pusqusu əməliyyatının icrası zamanı Mühüd yüksək peşəkarlıq nümayiş etdirərək şəxsi heyətini çox çətin hava və relyefə malik olan Koroğlu yüksəkliyindən (3200 metr) keçirərək əməliyyatı uğurla yerinə yetirdi. Mühüdün döyüş ruhuna bələd olan şəxsi heyəti çətin əməliyyatları asanlıqla, mümkünsüzü isə vaxt aparsa belə, icra edirdi.
2016-cı il Aprel döyüşlərində Mühüdün taboru ən çox əməliyyat icra etmiş olduğu üçün hərbi hissənin komandiri şəhid Milli Qəhrəman Murad Mirzəyev onu taboru ilə birlikdə öz yanında ehtiyat kimi saxlamışdı. Biz döyüşərək düşmənin bir neçə postunu ələ keçirdikdən sonra Mühüd komandirə məruzə etdi ki, irəli getmək istəyir və elə də etdi. Mühüd öz heyəti ilə döyüş meydanına girəndə şəxsi heyətə yenidən savaş ruhu gəldi və Talış kəndinin bir neçə yüksəkliyi yenidən azad olundu.
Mühüdün olduğu posta düşmən tanklardan və artilleriyadan dəfələrlə əks-hücum etsə də, Mühüd postu tərk etməyərək döyüşü davam etdirdi. Sayca həddən artıq olan düşmənlə üzbəüz çıxaraq onlara ağır itkilər verdi. Onun bu qəhrəmanlıqlarını görən komandir Milli Qəhrəman Murad Mirzəyev və müavini şəhid Milli Qəhrəman Samid İmanov elə döyüş meydanında “Sən əsl milli qəhrəmansan”, – deyə fikir bildirmişdilər. Düşmən Mühüdü yalnız döyüş sursatı bitdikdən sonra şəhid etməyə nail oldu.
Mühüd biz zabitlərin kumiri – millətimizin bitməyən bir sərvəti idi. İllər keçsə də, Mühüdün gözümüzün önündə göstərdiyi qəhrəmanlıqları dilimizdən düşməyəcək, gələcək zabitlərimizə bir dərs–örnək olacaqdır.
Şəhidin digər döyüş yoldaşı, istefada olan polkovnik-leytenant Zahir Zeynalov isə deyir:
– Mühid Orucovla tanışlığımız Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən başlayıb. Məndən bir kurs aşağı oxumasına baxmayaraq, vaxtaşırı görüşürdük. Məktəbi bitirib ordu sıralarında xidmətə başladıqdan sonra ilk dəfə Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) qarşılaşdıq. Məlum oldu ki, o da XTQ kursunu müvəffəqiyyətlə bitirib və xidmətini burada davam etdirəcək. Biz fərqli qruplarda olsaq da, eyni bölmədə xidmət edirdik. Ümumiyyətlə, xidməti zərurətlə əlaqədar fərqli vaxtlarda qısa ayrılıqlar olsa da, xidmətimizin böyük hissəsi birlikdə keçib. Bu dövrdə onunla saysız-hesabsız yaddaqalan, xoş xatirələrimiz olub. Xidmət dövründə yaşanan xatirələrdən bəzilərini sizinlə bölüşmək istəyirəm.
Öncə onu deyim ki, 2008-ci il avqustun 31-dən noyabr ayının 15-dək Mühüdlə birlikdə Türkiyə Respublikasında “Komando” kursunda olmuşuq. Kurs müddətində Mühüd çox intizamlı, bacarıqlı, savadlı, yüksək fiziki hazırlığı olan bir zabit kimi tanınmışdı. Verilən tapşırıqların yerinə yetirilməsində yoldaşlarından seçilir və hər zaman təlimlərdə öndə olurdu. Bunun nəticəsidir ki, kursu da yüksək balla birinci olaraq bitirdi.
Yaxşı xatırlayıram ki, kurs müddətində noyabr ayında o dövrdə Türkiyə Respublikasının baş naziri olan Rəcəb Tayyib Ərdoğan kursda olduğumuz “Dağ Komando Okulu”na səfər etmişdi. Mühüdün hazırlığı və yerinə yetirdiyi çalışma onun diqqətini cəlb etmişdi. R.T.Ərdoğan Mühüdü yanına çağırdı, ona “Aslan komando” dedi. Mühidin Azərbaycandan olduğunu biləndən sonra isə əlini onun çiyninə qoyaraq “Azərbaycanlı Aslan” deyə müraciət etdi.
Mühüdlə uzun müddət birlikdə xidmət etməyimizə baxmayaraq, sadəcə, iki döyüş tapşırığında birlikdə olmuşuq. Birincisi, 2014-cü il yanvar ayının 19-dan 20-nə keçən gecə, mənim ilk, Mühüdün növbəti döyüş tapşırığı, ikincisi isə 2016-cı ilin Aprel döyüşlərində – Mühüdün sonuncu, mənim isə növbəti döyüş tapşırığım olub. Bu döyüş tapşırıqlarının ortaq cəhətləri var. Amma mənim üçün əsas iki cəhət unudulmaz və həyati əhəmiyyət kəsb edir. Belə ki, əgər bu tapşırıqlara Mühüdlə getməsəydim, mən indi bu xatirəni danışa bilməzdim.
Qətiyyətlə deyirəm ki, bəli, hər iki tapşırıqda da istər birbaşa, istərsə də dolayı yolla Mühüd mənim həyatımı xilas edib.
Birinci tapşırıqda Mühüd qrup komandiri, mən isə onun müavini idim. Planlamaya uyğun olaraq Mühüd düşmənin təxribatının qarşısını almaq üçün bir neçə nəfərlə düşmən postuna girib oradakı düşmənləri məhv etməli, mən isə yanımda olan bir nəfərlə onları postdan çıxarkən atəşimizlə dəstəkləməli idik.
Hər şey planlandığı kimi oldu, Mühüd düşmənləri məhv etdi, təxribatın qarşısı alındı və qarşı tərəf geri çəkilməyə başladı, biz də öz tapşırığımızın icrasına başladıq, Mühüd mənim çiynimə əlini qoyanda, elə bil, yuxudan ayılıb özümə gəldim. Bu mənim ilk tapşırığım olduğundan və düşmənlə üz-üzə dayanıb döyüş aparmağın həyəcanından tərtibləndiyimiz mövqelərdən geri çıxmalı olduğumu unutmuş, eyni məkandan çox atəş açdığımız üçün də düşmən artıq yerimizi müəyyən etmişdi.
Əgər Mühüd gəlib bizi ordan çıxarmasaydı, artıq çox gec olacaqdı. Hətta düşmən atəşi altında geri qayıdarkən döyüş yoldaşlarımızdan biri, gizir Sahil Əbilov əlindəki istifadə olunmamış RPQ-26 qumbaraatanını Mühüdə uzadıb “bunu nə edək?”, – dedi. Mühüd bir an belə tərəddüd etməyərək qumbaraatanı onun əlindən alıb, döyüş vəziyyətinə gətirdi, cəld yaxınlıqda olan təpənin üstünə çıxdı və üzərimizə atəş açan düşmən mövqeyinə tərəf atdı. Möhtəşəm bir partlayış oldu və artıq atəş səsləri kəsildi. Öz yüksək döyüş hazırlığı və peşəkarlığı ilə Mühüd nəinki mənim, bütün qrupun şəxsi heyətini xilas etdi.
2016-cı ilin Aprel döyüşlərində isə Mühüdün öz taboru ilə müdafiə etdiyi yüksəkliyə düşmən dəfələrlə hücum edərək ələ keçirmək istəsə də, müvəffəq ola bilmir, əksinə, çox böyük itkilər verərək geri çəkilirdi. Hakim yüksəklikləri ala bilməyəcəyini anlayan düşmən öz canlı qüvvəsi ilə Talış kəndi istiqamətindəki bizim azad etdiyimiz öz döyüş mövqelərinə iriçaplı silahlar, toplar və tanklarla atəş açmağa başladı. Döyüş mövqeyinə düşən birinci mərmidə mən yaralandım və Mühüdün göstərişi ilə təhlükəsiz yerə aparıldım. Mərmilərin ardı-arası kəsilmirdi, növbəti mərmidə Milli Qəhrəman gizir Pəncəli Teymurov şəhid oldu.
Bu qeyri-bərabər gedən döyüşün bizim üçün heç də yaxşı olmayacağını görən Mühüd mənim və Pəncəlinin öz mövqelərimizə təxliyə edilməyimiz üçün göstəriş verdi, özü isə sonu ölüm olacağını bilə-bilə yenə də şəxsi heyəti ilə birgə mövqeyini tərk etmədi. Son nəfəslərinə kimi düşmənlə qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə ucaldılar.
Xüsusi təyinatlı qoşunun ehtiyatda olan Qarabağ qazisi, kapitan Əliağa Zeynalov da dostunu dərin hüzn və sevgi ilə xatırlayır:
– Şəhid Mühüd Orucovla 2001-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tanış olmuşam. O, bizdən iki kurs yuxarı oxuyurdu, hər gün idman saatlarında Mühüd hamıdan tez gəlir, idman bitdikdən sonra da hamıdan gec gedərdi. Bu, təkcə məsuliyyət deyil, həm də bizə nümunə idi.
Mən və bizim kursun digər kursantları Mühüdü gördükcə, həvəsə gəlir, onun kimi olmaq istədiyimizi ozünə bildirirdik.
O hər məşqdə bizə iradə, nizam-intizam öyrədirdi. Mühüd bir komandir kimi bizim önümüzdə gedirdi. Biz gənc idik, ancaq irəlidəki illərə baxanda bilirdik ki, bir gün bu güc təkcə idman saatlarında, təlimlərdə, dərslərdə yox, Vətənin taleyində lazım olacaq. Mühüd hər zaman bizi başına toplayıb deyərdi: “Harada özün varsan, ora Vətəndir. Vətən ilk növbədə sənin içindən başlamalıdır”. Məhz bu sözlərlə bizi formalaşdırırdı. 1 il müddətində bizə öz bilik və bacarığından öyrətdi. 2002-ci ildə Mühüd də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil oldu, aradan keçən 2 il müddətində bizim gözlərimiz daim Mühüdü axtarırdı.
2004-cü ildə mən də Heydər Əliyev adına ali hərbi məktəbə daxil oldum, dərs həftəsinin başladığı ilk gün yenidən Mühüdlə rastlaşdıq. Artıq o zaman Mühüd kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirirdi. Bir neçə il keçdikdən sonra Mühüd Ali Hərbi Məktəbi bitirərək ordu sıralarında, sonra XTQ-də xidmətini davam etdirməyə başladı. Mühüd hələ gənc yaşlarından Vətənə xidmət etməyi özünə borc bilmiş, məsuliyyət hissi ilə formalaşmış bir şəxsiyyət idi. XTQ-də xidmətə başladığı ilk günlərdən onun daxilindəki liderlik və soyuqqanlılıq hissi diqqətdən qaçmırdı.
Mən 2010-cu ildə XTQ-də xidmətə başlayanda Mühüd olan tabora göndərildim. Mühüd məni görən zaman zarafatla dedi: “Elə bil məni izləyirsən”. İllər keçdikcə, o, bir zabitdən yüzlərlə döyüşçünün etibar etdiyi komandirə çevrildi. Lakin onu komandir edən yalnız rütbəsi deyildi, onu böyük edən qrupunda, taborunda olan şəxsi heyətə böyük qardaş, ata kimi yanaşması idi.
26 mart 2012-ci il sıradan bir gün deyildi, XTQ-ə ilk döyüş tapşırığı gəlmişdi, həmin tapşırığa getmək üçün yuxarı komandanlığa yaxınlaşaraq bu tapşırığı mən öz dəstəmlə etmək istədiyimi bildirdim. Amma yuxarı komandanlığın hansı reaksiya verəcəyini hamı səbirsizliklə gözləyirdi. XTQ-də Mühüdün göstərdiyi nizam-intizam, hərbi biliklərə yiyələnməsi, təlimlərdə yüksək nəticələrin əldə edilməsinin nəticəsi olaraq XTQ-nin ilk döyüş tapşırığı Mühüd Orucova həvalə edildi. Tapşırığı aldıqdan sonra Mühüd dəstəni seçərək təşkilatlandırdı. Mən də bu tapşırıqda öz heyətimlə iştirak etdim.
Tapşırığın XTQ tarixində ilk döyüş tapşırığı olmasına baxmayaraq, kapitan Mühüd Orucovun bilik və bacarığı, qorxmazlıq şücaəti sayəsində dəstənin qarşısına qoyulan tapşırıq çox uğurlu şəkildə yerinə yetirildi. Düşmənə Gədəbəy istiqamətində çoxlu sayda ağır itki verildi. Mühüd bu döyüş əməliyyatlarında ön sırada irəliləyirdi. O heç vaxt arxada getməzdi, heç vaxt özünü başqalarından üstün tutmazdı. Heyəti həmişə deyərdi: “Mühüd döyüşə girəndə elə bil qorxu da geri çəkilirdi”. Onun rəhbərliyi ilə keçən əməliyyatlarda döyüşçülər özlərinə daha çox güvənirdilər, hər kəs bilirdi ki, Mühüd onların yanındadır.
Mühüd bir qəhrəman idi, təkcə o günün deyil, gələcək nəsillərin də qəhrəmanıdır. Onun göstərdiyi şücaətlər gənclərə bir örnəkdir. Vətənini sevmək, nəsillərə daşımaq, çətinlikdən qaçmamaq, haqqın yanında dayanmaq cəsarətin simvoluna çevrilib. Mühüd kimi qəhrəmanlar tarix yazmır, tarixin özüdürlər. Onlar göstərirlər ki, Vətəni sevmək yalnız sözlə deyil, fədakarlıqla, əməllə olur. Belə igidlərin varlığı bir xalqın gücüdür, onun sabahına ümiddir.
Mühüd bu gün də döyüş yoldaşlarının yaddaşında bir qoruyucu qəhrəman kimi yaşayır. Onun hekayəsi bitməyib, hər yeni nəsildə, hər vətənpərvər gəncdə yenidən doğulur. O yalnız zabit deyildi, o yalnız komandir deyildi. O yol açan, qaranlıqda işıq olan, döyüşdə qorxuya qalib gələn kəşfiyyat ruhu idi. Mən deyərdim ki, İkinci Qarabağ savaşında, əzəli torpaqlarımızın işğaldan azad edilməsində Mühüd şəxsən fiziki olaraq iştirak edə bilməsə də, birbaşa və danılmaz əməyi mövcuddur. Hətta Şuşaya daxil olan XTQ mənsublarının da əksəriyyətinin döyüşçü kimi yetişməsində, vətənpərvərlik hisslərinin aşılanmasında onun birbaşa rolu olmuşdur.
XTQ-nin ilk döyüş tapşırığından 2016-cı ilin şanlı Aprel döyüşlərinə kimi əfsanəvi komandir kapitan Mühüd Orucovun şəhadətə yüksəldiyi günə kimi bütün döyüş tapşırıqlarında şəxsən özü iştirak edirdi. Edə bilmədiyi döyüş tapşırıqlarında isə komandir və şəxsi heyətə öz bilik və bacarıqlarından paylaşardı ki, tapşırıq uğurlu və itkisiz olsun. Özü tabor komandiri olmağına baxmayaraq, daim kollektivin bütün sevincli və kədərli günlərində onlarla bərabər olardı. Mühüdün daim səsləndirdiyi bir fikri var idi: “Ya general olacağam, ya şəhid!”.
Mühüd haqqında dostlarının söhbətlərindən öyrəndim ki, onun rəhbərliyi ilə uğurlu əməliyyatlar çox olub. Bütün hərbi hissələr bilirmiş ki, Mühüd getdiyi tapşırıqdan əliboş qayıtmayacaq... Buna görə ona “Kəşfiyyatın Mixaylosu” adı veriblərmiş. Hər zaman döyüşə və ya əməliyyata hamıdan birinci çıxıb, döyüş bitəndə hamıdan sonra qayıdan Mühüd bu son döyüşündən qayıda bilməyib. Toz dumanı çəkiləndən sonra, arxadakı əsgərlər onu görməyəndə biliblər ki, artıq komandirləri yoxdur... Amma Talış yüksəkliyi əldə edilib.
Mühüd Orucov, Milli qəhrəmanlar – Murad Mirzəyev, Samid İmanov, Pəncəli Teymurov – onların dördü də birlikdə Talış yüksəkliyinin alınması uğrunda ilk döyüş tapşırığını uğurla yerinə yetiriblər. Bu igidlər ilk həmlələrindən düşməndə olan bir neçə postu azad edərək, arxadan gələn heyəti irəli apara bilmişdilər.
Zərifə HÜSEYNOVA
XQ
Baxış sayı:101
Bu xəbər 23 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















