Dünənki qərəzi bugünün əməkdaşlığına çevirən reallıq
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa paytaxtlarının Bakı ilə dialoqa can atmasını onların geosiyasi maraqları şərtləndirir
Dünya siyasətində maraqlar dəyişdikcə mövqelər də dəyişir. Cənubi Qafqazda baş verənlər bunun bariz nümunəsidir. Regionda formalaşan yeni geosiyasi reallıq, Avropanın enerji təhlükəsizliyi qayğıları və Şərq-Qərb nəqliyyat marşrutlarının artan əhəmiyyəti “qoca qitə”ni Azərbaycanla münasibətlərə yenidən baxmağa vadar edir. Uzun illər ölkəmizə münasibətdə ikili standartlardan çıxış edən, birtərəfli mövqe sərgiləyən Qərbin bəzi dairələri indi Bakı ilə dialoqun vacibliyini açıq etiraf edirlər. Dünən siyasi təzyiq göstərməyə çalışanlar bu gün Bakə ilə əməkdaşlıq imkanları axtarırlar.
Siyasi təzyiq və ikili standartlar
Avropanın Azərbaycana münasibətindəki ziddiyyətləri anlamaq üçün yaxın keçmişə nəzər salmaq kifayətdir. Bir sıra Avropa paytaxtları ölkəmizin milli maraqlarına və suveren hüquqlarına obyektiv yanaşmaq əvəzinə, siyasi təzyiq və ikili standartlar yolunu tutmuşdular. Fransa, Belçika və Niderland parlamentlərində qəbul edilən bəzi qətnamələr, səsləndirilən bəyanatlar və sanksiya çağırışları bunun bariz nümunəsidir. Belçika və Niderland parlamentlərinin 2026-cı il aprelin 16-da qəbul etdiyi qətnamələri Azərbaycan Milli Məclisi tərəfindən tarixi və hüquqi reallıqları təhrif edən, ölkəmizin suverenliyinə qarşı əsassız iddialar irəli sürən və sülh prosesinə xələl gətirən sənəd sayıldı. Münaqişənin həllində nəticə verməyən siyasi mövqeləri müdafiə edən Avropanın bəzi ölkələri Azərbaycan öz suveren hüquqlarını bərpa etdikdən sonra da köhnə ritorikadan əl çəkmədilər. İkili standartların mahiyyəti də məhz burada üzə çıxırdı. Çünki bir tərəfdən dövlətlərin suverenliyini və ərazi bütövlüyünü müdafiə etdiyini bəyan edən dairələr, digər tərəfdən Azərbaycanın beynəlxalq hüquqla tanınmış suveren hüquqlarını həyata keçirməsinə münasibətdə fərqli mövqe sərgiləyirdilər. Bu yanaşma nə regionda etimadın formalaşmasına, nə də davamlı sülhün təmin olunmasına xidmət edirdi.
Avropa niyə Bakıya üz tutur?
O vaxtdan çox şey dəyişib: geosiyasi mənzərə də, Qərbin Azərbaycana münasibəti də. Bu dəyişikliyin arxasında Azərbaycanın getdikcə güclənən siyasi və iqtisadi mövqeyi, beynəlxalq nüfuzunun artması dayanır. Çünki beynəlxalq siyasətdə dövlətlərin milli maraqları gec-tez siyasi bəyanatlara üstün gəlir. Avropa paytaxtlarının Bakı ilə əməkdaşlığa marağı da bu reallığın nəticəsidir. Orta Dəhlizin artan əhəmiyyəti, alternativ ticarət yollarına və etibarlı təchizat marşrutlarına ehtiyac ölkəmizin geostrateji mövqeyini ön plana çıxarıb. Şərqlə Qərbi birləşdirən bu nəqliyyat xəttində Azərbaycanın oynadığı rol Avropa üçün həm iqtisadi, həm də siyasi əhəmiyyət daşıyır.
Bütün bunlarla yanaşı, məsələnin mühüm siyasi tərəfi də var. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Cənubi Qafqazda geosiyasi mənzərəni dəyişib. Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması isə münasibətlərin normallaşması istiqamətində yeni mərhələnin əsasını qoyub. Artıq regiondakı proseslərə köhnə siyasi yanaşmalarla qiymət vermək, Azərbaycanın mövqeyini nəzərə almadan planlar qurmaq mümkün deyil. Bütün bu amillər bir reallığı ortaya qoyub: Bakı ilə əməkdaşlıq Avropa üçün, sadəcə, diplomatik seçim deyil, getdikcə daha çox strateji zərurətə çevrilir. Söhbət təkcə enerji və nəqliyyat layihələrindən getmir. Cənubi Qafqazda təhlükəsizlik arxitekturası, davamlı sülh və Avropanın regiondakı gələcək mövqeyi də birbaşa Azərbaycanın iştirakı ilə bağlıdır. Dünən siyasi təzyiq göstərməyə çalışan dairələrin bu gün Bakı ilə əməkdaşlıq üçün növbəyə durması dəyişən geosiyasi reallıqların təsadüfi olmayan nəticəsidir.
Əməkdaşlığın yeni mərhələsi
Avropa paytaxtlarının Azərbaycana münasibətindəki dəyişiklik yüksək səviyyəli görüşlərdə də özünü göstərir. 2026-cı ilin noyabrın 12-13-də Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin bir sıra Avropa liderləri ilə görüşləri siyasi dialoqu genişləndirmək marağını nümayiş etdirdi. 2028-ci ildə növbəti sammitin Bakıda keçirilməsi qərarı isə Azərbaycanın Avropa siyasi platformasındakı artan rolunun göstəricisidir. Bu dəyişiklik diplomatik açıqlamalarda da hiss olunur. Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepo ölkəsinin Azərbaycan-Ermənistan sülh prosesini dəstəklədiyini, iki ölkə arasında regional sabitlik və rifah naminə konstruktiv dialoqun aparıldığını bildirib. O, Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərin bərpası, minatəmizləmə və nəqliyyat əlaqələrinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib, Belçika diplomatik heyətinin Tehrandan Azərbaycan vasitəsilə təxliyəsinə göstərilən dəstəyə görə rəsmi Bakıya minnətdarlığını ifadə edib.
Bu açıqlamalar Belçika parlamentində əvvəllər Azərbaycana qarşı qəbul edilmiş qərəzli qətnamələr fonunda diqqət çəkir. Parlament səviyyəsində sərt bəyanatların səsləndirilməsinə baxmayaraq, diplomatik müstəvidə Bakı ilə konstruktiv dialoqun vacibliyi vurğulanır. Bu fərq ölkənin siyasi institutları arasında yanaşma müxtəlifliyini və praqmatik əməkdaşlığa marağın artdığını göstərir. Bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini təsdiqləyir. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik sahələrində artan rolu ölkəmizi Avropa üçün mühüm tərəfdaşa çevirir. Dünən Azərbaycanla təzyiq dili ilə danışan bəzi dairələrin bu gün Bakı ilə əməkdaşlığın vacibliyini vurğulaması dəyişən geosiyasi reallıqların göstəricisidir. Artıq aydın görünür ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq Azərbaycanın iştirakı və milli maraqları nəzərə alınmadan təmin edilə bilməz.
Pünhan ƏFƏNDİYEV
XQ
Ekspert rəyi
Arzu NAĞIYEV, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Prezident İlham Əliyevin Dublində bir çox ölkənin liderləri, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti ilə keçirdiyi görüşlər Azərbaycanın Avropada artan siyasi nüfuzunun və Bakı ilə əməkdaşlığa marağın göstəricisidir. Azərbaycanın Aİ üçün əhəmiyyəti enerji resursları ilə məhdudlaşmır. Ölkəmizin geostrateji mövqeyi, Orta Dəhlizdəki rolu, tranzit imkanları və yaşıl enerji potensialı onu Avropanın mühüm tərəfdaşlarından birinə çevirir. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Dublində görüşü isə Azərbaycanın regional sülh prosesindəki aparıcı rolunu bir daha gündəmə gətirir. Aydındır ki, Cənubi Qafqazda davamlı sülh suverenliyə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı etimad və əməkdaşlıq əsasında mümkündür.
Bütün bunlar Avropa paytaxtlarının Bakı ilə münasibətlərində yeni siyasi dinamikanın formalaşdığını göstərir. Vaxtilə Azərbaycana təzyiq göstərməyə və birtərəfli mövqe sərgiləməyə üstünlük verən bəzi dairələr indi ölkəmizlə əməkdaşlığın strateji əhəmiyyətini daha aydın dərk edirlər. Belçika səfirinin açıqlamaları və Dublində keçirilən yüksək səviyyəli görüşlər bu dəyişimin diplomatik təzahürləridir.
Azərbaycanın müstəqil və praqmatik xarici siyasəti beynəlxalq mövqeyini gücləndirməklə yanaşı, Avropa ilə münasibətlərdə yeni imkanlar açır. İndi əsas məsələ bu yaxınlaşmanı davamlı siyasi dialoqa və bərabərhüquqlu tərəfdaşlığa çevirməkdir. Çünki Cənubi Qafqazda sülh və təhlükəsizlik, eləcə də Avropanın regiondakı strateji maraqları Azərbaycanın suverenliyinə və legitim maraqlarına hörmət edilməsindən keçir.
Baxış sayı:47
Bu xəbər 17 Noyabr 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















