Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın birliyini nümayiş etdirir
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Azərbaycan dünyada sabitlik adası kimi tanınır, bu reallığı formalaşdıran əsas amillərdən biri məqsədyönlü dövlət siyasəti nəticəsində xalq–iqtidar birliyinin və milli həmrəyliyin təmin olunmasıdır. Ümummilli Lider Heydər Əliyev müstəqillik dövründə xalqın vahid ideya ətrafında birləşməsini strateji vəzifə kimi müəyyənləşdirmiş uzaqgörən lider olmuşdur.
Milli həmrəyliyin təzahürünə çevrilmiş 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu siyasi baxışın və tarixi məsuliyyətin nəticəsi kimi meydana çıxmışdır. 1991-ci il dekabrın 16-da Ulu Öndərin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsi ideoloji məzmun daşıyan mühüm siyasi addım kimi tarixə düşmüşdür. Naxçıvan Ali Məclisinin təşəbbüsü ilə məsələ ölkə parlamentinin müzakirəsinə çıxarılmış və 1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurası tərəfindən 31 dekabrın rəsmi bayram günü elan edilməsi ilə həmin ideya ümumxalq səviyyəsində rəsmiləşmişdir.
Dünya azərbaycanlılarının təşkilatlanması və ideoloji həmrəyliyi Ulu Öndərin siyasi fəaliyyətində daim xüsusi yer tutmuşdur. Heydər Əliyev xarici səfərləri zamanı iş qrafikinin gərginliyinə baxmayaraq, mütləq şəkildə həmin ölkələrdə yaşayan həmvətənlərlə görüşür, onların problem və qayğıları ilə maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Bu görüşlər diasporun vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır.
Ulu Öndərin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri milli qürurun, mənəvi özünüdərkin və həmrəyliyin ideoloji təcəssümünə çevrilmişdir. Bu fikirlər bütün dünya azərbaycanlılarını bir amal ətrafında birləşdirən çağırış kimi qəbul olunur.
Milli birliyin möhkəmləndirilməsi istiqamətində atılan ardıcıl addımlar fonunda dünya azərbaycanlılarının qurultayları xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər tədbirlər soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə daha mütəşəkkil şəkildə fəaliyyət göstərməsinə ciddi təsir göstərmişdir. Həmin təşəbbüslər dövlət siyasətində yeni bir istiqamətin – diaspor siyasətinin sistemli şəkildə formalaşdırılmasının göstəricisi idi.
2002-ci il 5 iyul tarixli Fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyinin hüquqi və təşkilati əsaslarını daha da möhkəmləndirdi. Bu addımlar diaspor quruculuğunun dövlət səviyyəsində ardıcıl şəkildə idarə olunan siyasətə çevrildiyini göstərir.
Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt bu gün də uğurla davam etdirilir. Xaricdə yaşayan soydaşlarla əlaqələrin genişləndirilməsi müasir dövrdə dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi prioritet saxlanılır. Prezident İlham Əliyevin xarici səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan fikir mübadilələri, verilən tövsiyələr bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Dünyada gedən mürəkkəb geosiyasi proseslər fonunda diasporun vahid mövqedən çıxış etməsi, milli maraqların müdafiəsində fəal iştirak etməsi mühüm əhəmiyyət kəsb edir. Bu siyasətin nəticəsidir ki, bu gün dünyanın onlarla ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları yaşadıqları cəmiyyətlərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal rol oynayır, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında prinsipial mövqe sərgiləyirlər.
Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalamışdır. Həmin ilin dekabrında “Dünya azərbaycanlılarının Xartiyası”nın qəbul edilməsi diaspor fəaliyyətində koordinasiyanın gücləndirilməsinə, tarixi Vətənlə mənəvi əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir. Sonrakı illərdə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması, “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması bu sahədə dövlət dəstəyinin sistemli və davamlı xarakter aldığını təsdiqləmişdir.
Diaspor siyasətində mühüm yer tutan istiqamətlərdən biri də türk dünyası ilə həmrəyliyin möhkəmləndirilməsidir. “Bir millət, iki dövlət” prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin ideoloji əsasını təşkil edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində diaspor qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi isə bu sahədə yeni mərhələnin əsasını qoyur. 2025-ci ilin dekabrında Budapeştdə qəbul edilmiş “Diaspor üzrə Birgə Fəaliyyət Planı” milli maraqların beynəlxalq miqyasda daha koordinasiyalı şəkildə müdafiəsinə xidmət edir.
44 günlük Vətən müharibəsi milli birliyin real gücünü bütün dünyaya nümayiş etdirib. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar görünməmiş fəallıq göstərərək haqq səsinin eşidilməsi üçün səylərini birləşdirdilər. Mitinqlər, bəyanatlar, media çıxışları və ictimai təşəbbüslər bir daha sübut etdi ki, milli mənsubiyyət harada yaşamasından asılı olmayaraq vahid mövqedə birləşmə gücünə malikdir. Bu dövrdə xalqın öz Liderinin ətrafında sıx birləşməsi, siyasi iradəyə və qətiyyətə inam şanlı Qələbənin əsas amillərindən biri olub. Milli həmrəylik təkcə döyüş meydanında deyil, informasiya və diplomatik müstəvidə də həlledici rol oynayıb.
2022-ci il aprelin 22-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı (Zəfər Qurultayı) milli həmrəyliyin təntənəsinə çevrilib. Bu Qurultay artıq qalib xalqın, suverenliyini və ərazi bütövlüyünü təmin etmiş dövlətin yeni mərhələyə inamla qədəm qoyduğunu nümayiş etdirib. Şuşadan verilən mesajlar dünya azərbaycanlılarının bundan sonra da vahid məqsədlər ətrafında birləşəcəyini təsdiqlədi.
Bu gün qarşıda yeni reallıqlar və çağırışlar dayanır, qlobal miqyasda baş verən mürəkkəb proseslər fonunda milli birliyin qorunub saxlanılması əsas hədəflərdən biridir. Məhz bu həmrəylik sayəsində Azərbaycan daxili və xarici siyasətdə mühüm nailiyyətlərə imza atır, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixi yaddaşın, milli qürurun və ideoloji birliyin təntənəsidir. Bu əlamətdar gün yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyə ünvanlanan strateji çağırışdır. Milli birliyin qorunması, möhkəmləndirilməsi və yeni nəsillərə ötürülməsi müasir dövrün əsas vəzifələrindəndir. Xalqımız öz Liderinin ətrafında sıx birləşərək qarşıdakı perspektivlərə inamla addımlayır və bu həmrəylik gələcək uğurların ən etibarlı təminatıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 29 Dekabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















