Icma.az
close
up
RU
Dünyada halal məhsullara tələbat sürətlə artır

Dünyada halal məhsullara tələbat sürətlə artır

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində “Strateji Liderlik Dialoqu - Etik Halal Biznes Modelləri və Risklərə Dayanıqlı Maliyyələşdirmə” adlı panel sessiya təşkil olunub.

Modern.az xəbər verir ki, panel sessiyada çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk bildirib ki, qlobal iqtisadiyyatın 2026-cı ildə 1,7 faiz artacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, buna baxmayaraq, İƏT-ə üzv ölkələr üçün 2023–2026-cı illər üzrə iqtisadi artım perspektivləri daha nikbindir.

“Qlobal iqtisadiyyat müxtəlif çağırışlarla üzləşsə də, ölkələrimiz güclənən iqtisadi əməkdaşlıq və genişlənən bazar imkanlarından faydalanmağa davam edir. Üzv ölkələrimiz birlikdə qlobal bazarın təxminən 8 faizini təmsil edir. Buna görə də davamlı iqtisadi artımın və dayanıqlılığın təmin olunması üçün investisiyaların, ticarətin və qabaqcıl xidmətlərin təşviqini davam etdirməliyik”.

Z.Selçuk qeyd edib ki, bu iqtisadiyyatlar güclü daxili tələbat və möhkəm iqtisadi təmələ malikdir.

“Eyni zamanda, onlar uzunmüddətli və keyfiyyətli inkişafı dəstəkləmək məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, innovasiya və regional əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət yetirirlər”.

Səudiyyə Ərəbistanının Halal Məhsulların İnkişafı Şirkətinin (HPDC) baş investisiya direktoru Ameen Alsaadi isə halal sənayesinin dünyada ən sürətlə inkişaf edən sahələrdən biri olduğunu bildirib:

Onun sözlərinə görə, bu artımın əsas səbəblərindən biri dünyada müsəlman əhalisinin sayının artmasıdır:

“Bu da təbii olaraq halal məhsullara tələbatın yüksəlməsinə səbəb olur. Digər mühüm amil isə halal iqtisadiyyatına daxil olan sektorların genişlənməsidir. Ənənəvi olaraq halal dedikdə əsasən qida və sertifikatlaşdırılmış məhsullar nəzərdə tutulurdu. Hazırda isə geyim, turizm və digər sahələrdə fəaliyyət göstərən sahibkarların və şirkətlərin sayı artır. Beləliklə, halal konsepsiyası artıq bir çox sektoru əhatə edir”.

A.Alsaadi vurğulayıb ki, istehlakçıların keyfiyyətlə bağlı gözləntiləri də dəyişib.

“Bu gün istehlakçılar halal sertifikatını sadəcə bir tələb kimi deyil, minimum standart kimi qəbul edirlər. Onlar halal məhsulları bazardakı digər məhsullarla müqayisə edir və daha yüksək keyfiyyət gözləyirlər”.

HPDC rəsmisinin sözlərinə görə, texnologiya da halal sənayesinin inkişafında mühüm rol oynayır.

“Xüsusilə qida sənayesində texnologiya istehsalçılara qeyri-halal tərkibli maddələrin əvəzinə halal alternativlər hazırlamağa imkan verir. Məsələn, əvvəllər əsasən heyvan mənşəli mənbələrdən əldə olunan jelatin və kollagen məhsulları artıq yeni texnologiyalar sayəsində göbələk və digər alternativ mənbələrdən də istehsal olunur”.

A.Alsaadi əlavə edib ki, halal sənayesinin gələcəyinə təsir edən mühüm amillərdən biri də dövlət dəstəyidir:

“Şirkətlər fəaliyyətlərində ilk növbədə maliyyə gəlirlərinə diqqət yetirsələr də, halal sektorunda ölkələr və maraqlı tərəflər arasında inteqrasiyanın gücləndirilməsi üçün dövlət dəstəyi vacibdir. Bu dəstək investisiyalar, texnologiyalar və digər istiqamətlərdə özünü göstərməlidir”, – deyə o bildirib.

Malayziyanın Halal İnkişaf Korporasiyasının (HDC) baş icraçı direktorunun və İdarə Heyətinin sədrinin xüsusi müşaviri Hadi Hamzah isə Malayziyada istehlakçıların halal məhsullara yanaşmasının digər müsəlman ölkələrindəki istehlakçılardan ciddi şəkildə fərqlənmədiyini deyib:

“Lakin hər bir ölkədə olduğu kimi, burada da həm sosial, həm də iqtisadi gündəm mövcuddur. Bir neçə onillik əvvəl Malayziyada ilk halal təsdiqi sənədləri ortaya çıxanda əsas məsələ etimad idi. İstehlakçılar məhsulun həqiqətən halal olduğuna əmin olmaq istəyirdilər. Zaman keçdikcə isə gözləntilər dəyişdi və sadəcə halal statusu kifayət etmədi. İnsanlar daha yüksək keyfiyyət və əlavə təminatlar tələb etməyə başladılar”.

H.Hamzah qeyd edib ki, həmin dövrdə bir çox beynəlxalq və transmilli şirkət, o cümlədən Qərb brendləri halal bazarına daxil olub.

“Onlar halal standartlarını məhsul və xidmətlərinin dəyər təklifinin bir hissəsinə çevirdilər.

Beləliklə, halal anlayışı yalnız dini tələb deyil, həm də keyfiyyət, təhlükəsizlik və etibarlılıq göstəricisi kimi qəbul edilməyə başladı”.

Onun sözlərinə görə, 1980-ci illərin sonlarından, xüsusilə də 2000-ci illərdə Malayziyada halal sənayesinin inkişafı sürətlənib:

“Bu inkişaf həm maraqlı tərəflərin tələbi, həm də bizneslərin halal bazarının potensialını görməsi ilə bağlı idi. Maraqlıdır ki, halal sertifikatlaşdırılmasına maraq göstərənlər yalnız müsəlman şirkətləri deyildi. Bir çox qeyri-müsəlman şirkət də halal standartlarını tətbiq etmək üçün konkret addımlar atmağa başladı”.

O qeyd edib ki, Malayziya eyni zamanda öz daxili potensialından daha səmərəli istifadə etməyə çalışıb:

“Halal məhsul istehsalçıları üçün yeni imkanlar yaradılıb, idxalı əvəz edən məhsulların istehsalı təşviq olunub və nəticədə Malayziya məhsulları qlobal bazarlara çıxmağa başlayıb. Hazırda halal iqtisadiyyatı Malayziyanın ümumi daxili məhsulunun təxminən 10 faizini təşkil edir. Ölkədə halal sertifikatı almış təxminən 12 min şirkət fəaliyyət göstərir”.

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) əməliyyatlar üzrə baş direktoru Nazeem Noordali isə bildirib ki, halal iqtisadiyyatı artıq qlobal iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilməkdədir.

“Dünyada yeni iqtisadiyyatlar və yüksək inkişaf tempinə malik bazarlar formalaşdığı bir dövrdə İslam ölkələri halal iqtisadiyyatının inkişafını prioritet istiqamət kimi müəyyənləşdiriblər. Hazırda halal iqtisadiyyatının həcminin təxminən 5,6 trilyon ABŞ dollarına çatdığı bildirilir”.

N.Noordalinin sözlərinə görə, halal iqtisadiyyatı ilə islam maliyyəsi arasında güclü əlaqə mövcuddur:

“Məhz buna görə də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr həm islam maliyyəsinin, həm də halal iqtisadiyyatının inkişafı üçün birgə fəaliyyət göstərirlər. Məqsəd yalnız maliyyə xidmətlərini genişləndirmək deyil, həm də halal iqtisadiyyatının qlobal miqyasda inkişafına dəstək verməkdir”.

Baş direktor vurğulayıb ki, bu istiqamətdə özəl sektorun imkanlarının genişləndirilməsi, əlavə təşviq mexanizmlərinin yaradılması və sahibkarların beynəlxalq bazarlara çıxışının asanlaşdırılması vacibdir:

“Bizneslərin investisiyalara, maliyyə resurslarına və yeni bazarlara çıxış imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. İslam maliyyəsi və halal iqtisadiyyatının qarşılıqlı inkişafı həm üzv ölkələrin iqtisadi potensialını gücləndirə, həm də qlobal halal bazarının daha da genişlənməsinə töhfə verə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 İyun 2026 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri