Dünyada insanlıq əleyhinə cinayətlərin miqyası genişlənir TƏHLİL
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
Acı təəssüf hissi ilə qeyd edilməlidir ki, bu gün müharibələr, daxili vətəndaş qarşıdurması ilə çalxalanan dünyamızda insanlıq əleyhinə cinayətlərin miqyası artır. Hər gün orta statistikaya əsasən demək olar ki, dünyada 38 min, bəzi hallarda 55 minə yaxın insan baş verən müharibələrin, daxili qarşıdurmaların, total toqquşmaların qurbanı olur. Ən dəhşətlisi ondan ibarətdir ki, bəzi hallarda insanlar zorakı, vəhşi qruplar tərəfindən kütləvi şəkildə məhv edilirlər. Əhalinin məhvetmə insanlıq əleyhinə cinayət kimi Nürnberq Tribunalı Nizamnaməsinin 6-cı maddəsində, BNŞ-nın 10 nömrəli Qanununun 11-ci maddəsində, YBCT və RBCT nizamnamələrinin 5-ci və 3-cü maddələrində, Sülh və Bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər məcəlləsi layihəsinin 2-ci maddəsində və BCM Statutunun 7-ci maddəsində öz əksini tapmışdır. İnsanlıq əleyhinə cinayətlərin bir növü də işgəncədir. Hər cür ağrı və əzab işgəncə sayılmadığı üçün, hər cür işgəncə də insanlıq əleyhinə cinayət hesab olunmur. 1984-cü il dekabrın 10-da BMT-nin Baş Assambleyası İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə Konvensiya qəbul etdi. Konvensiya həmin cinayət barəsində universal yurisdiksiya müəyyənləşdirdi. Konvensiyanın 4-cü maddəsi iştirakçı dövlətlərin bütün işgəncə aktlarını cinayət kimi tövsif etmələrini və “onların xarakterinin çox ağır olduğunu nəzərə alaraq” cəza müəyyənləşdirmələrini tələb edir. Yəni insanlıq əleyhinə dair beynəlxalq hüquqda çoxsaylı qərarlar, qanunlar, konvensiyalar qəbul edilib.
Bu gün dünyanın müxtəlif bölgələrində baş verən qanlı müharibələr və münaqişələrdə bilərəkdən, şüurlu şəkildə dinc insanlar kütləvi şəkildə öldürülür. Müəyyən hallarda ölkələr dinc sakinlərin toplaşdıqları mərkəzləri bilərəkdən bombardman edirlər. Təəssüf ki, bu cür qeyri-insanı əməllərə qarşı beynəlxalq aləm, nüfuzlu təşkilatlar, özlərini dünyada sülhün və təhlükəsizliyin qarantı kimi təqdim edən dövlətlər heç bir əməli addım atmırlar. Sadəcə bəyanat vermək, çağırışlarla çıxış etməklə işlərini yekunlaşdırırlar.
Baş molla devrilə bilər
Dünyada Rusiya–Ukrayna və İsrail-HƏMAS - Qəzza müharibəsi, Pakistan–Hindistan, Pakistan–Əfqanıstan qarşıdurması, Efiopiyada Fano qüvvələri ilə federal hökumət arasında Amhara bölgəsində baş verən döyüşlər, Liviyada baş verən vətəndaş qarşıdurması, Konqo Demokratik Respublikasında hökumət qüvvələri ilə silahlı qruplar arasında gedən münaqişə, Somalidə yaşanan vətəndaş müharibəsi və nəhayət, fars-molla rejiminin daxilində insanlara qarşı yaşanan soyqırımı aktı dünyada ən amansız insanlıq əleyhinə cinayətlərdən hesab olunur. Xüsusilə də, Ukrayna-Rusiya müharibəsində ölənlərin sayı kitab dəftərə sığmır, yaralananların sayı isə dəhşət yaradır. Ukrayna ərazisinin az qala 70 faizi tamamilə dağılıb, insanlar çarəsidir, qida tapmaq, istiliklə təmin olunmaqda ciddi problemlərlə üzləşirlər. Fars-molla rejiminin nəzarət etdiyi ərazilərdə insanlıq əleyhinə törədilən cinayətlər daha amansızdır. Müasir dünyanın gözü qarşısında bu gün fars –molla rejimi özünün bütün növ hərbi qüvvələrindən və müxtəlif silahdan istifadə etməklə haqları və varlıqları uğrunda etiraz aksiyaları keçirən insanları öldürür, gecə evlərindən, küçələrdən oğurlayıb zindanlara atıb məhv edir. İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) məlumatına görə, ötən müddətdə ərazilərin bütün şəhər və , qəsəbələrində etiraz aksiyası, tətil və küçə nümayişi keçirilib. Etirazlara universitetlərin tələbələri də qoşulub. Hesabata əsasən, hərbi qüvvələrin tətbiq etdiyi zorakılıq nəticəsində 20 minə yaxın dinc sakin öldürülüb. Məlumatlara görə, ölənlərin böyük əksəriyyəti gənclər, xüsusilə 10- 12 yaşlı uşaqlardır. Dünənə olan məlumatda bildirilir ki, rejim 33 mindən çox aksiya iştirakçısını evlərindən oğurlayaraq zindanlara atıb. Hazırkı etirazlar 1979-cu bəri rejim ərazisində ən böyük aksiyalardandır.
Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Beni Sabtinin “The Times of İsrael“ə açıqlamasında rejim ərazilərində hərbi çevriliş ehtimalının qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, SEPAH rejimə sadiqliyini nümayiş etdirsə də, həm xarici təzyiqlər, həm də dərinləşən daxili böhran vəziyyəti daha da mürəkkəbləşdirir: “Çevriliş yalnız yuxarıdan ola bilər. Bəzi generallar – “SEPAH” və ya ordudan kimlərsə iqtidara nəzarəti ələ keçirsə, bu rejimi daha mötədil edə bilər. Ayətullah Xamenei devrilərsə bu rejim ərazilərdə sakitlyin yaranmasına müsbət təsir göstərən amilə çevrilə bilər”. Beni Sabtinin sözlərinə istinadən demək olar ki, baş molla hədəfdədir və istənilən vaxt həbs oluna bilər. Bununla da etirazçılar qarşılarına qoyduqlar məqsədlərinin bir hissəsinə nail ola bilər.
Bu arada ABŞ prezidenti D.Tramp molla rejiminə xəbərdarlıq edib ki, əgər ayətullah rejimi insanlara qarşı ölümcül zorakılığa əl atsa, ABŞ "müdaxilə edəcək" və etirazçıların azadlığa çıxmasına kömək edəcək. D.Tramp bu yaxınlarda rejimdə ki vəziyyətlə bağlı "saatlıq yeniləmələr" aldığını və ABŞ ordusunun kiberhücumlar və ABŞ və ya İsrail tərəfindən birbaşa zərbələr də daxil olmaqla "bir neçə çox güclü variantı nəzərdən keçirdiyini" söyləyib. Donald Tramp onu da bildirib ki, etirazçılar edam olunarsa, çox ciddi tədbirlər görəcəyik: “Mən hələlik hər hansı bir edamdan xəbərsizəm. Amma əgər onları assalar, bunun qarşılığında bəzi şeylər görəcəklər. Belə bir hal baş verərsə, biz çox sərt tədbirlər görəcəyik”.
Tramp onu qeyd edib ki, ABŞ-ın rejim ərazilərində keçirilən etirazçılara kömək etmək üçün bir çox variantı var və bu yardımlar yalnız hərbi addımlarla məhdudlaşmır. O, iqtisadi və digər dəstək mexanizmlərinin də mümkün olduğunu bildirib: “Etiraz etmək anlaşılandır, amma minlərlə insan öldürülməyə başlayanda vəziyyət dəyişir. İndi isə edamlardan danışılır. Gəlin görək, bu proses onlar üçün necə bitəcək... Yaxşı bitməyəcək”.
Rejimin Ali Məhkəməsinin rəhbəri Qulam Hüseyn Mohseni-Eceinin isə tələsməyi və tezliklə etiraz aksiyaları zamanı saxlanılan şübhəlilərlə bağlı məhkəmə proseslərinin sürətləndirilməsini və onların edam edilməsinin vacibliyini söyləyib.
Araşdırmalarla sübuta yetirilir ki, fars-molla rejiminin cəza dəstələri saxladıqları etirazçıları xüsusi işgəncələrlə öldürürlər. Həbs olunan şəxslər döyülür, bəzi hallarda saxlanıldıqları yerlərdə kranlardan asılaraq həyatlarına son qoyurlar. Bu isə rejimin qədim dövrlərin cəza üsullarından əl çəkmədiklərini göstərir. Yəni fars-molla rejimi vəhşi barbarlardan heç də geri qalmadıqlarını və bəzi hallarda onları üstələdiklərini nümayiş etdirirlər. Tarixi mənbələrə istinadən qeyd etmək olar ki, qədim dövrdə elə müharibələr olub ki, işğalçılar zəbt etdikləri şəhərlərin, kəndlərin hər bir canlısını qılıncdan keçiriblər. Yunan tarixçisi Fukidid eramızdan əvvəl V əsrdə Pelopennes müharibəsi zamanı afinalıların Melos adası sakinlərini son nəfərinədək məhv etdiyini yazıb. 947- ci il də bizim qədim yurdumuz olan Bərdə şəhərini işğal edən slablar 20 min insanı qətlə yetirmişlər. Yalnız Şirvanşahların müdaxiləsindən və slabların başçısının öldürlməsindən sonra Bərdədə normal həyatı bərpa etmək mümkün olmuşdur. Araşdırmalar təsdiq edir ki, 23 milyondan çox Amerika aborigenlərinin qətlə yetirilməsi bəşər tarixinin ən genişmiqyaslı soyqırımı hesab olunur. Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750 000 nəfər təşkil edirdi. Lakin 1911-ci ildə onların sayı cəmi 31 000 nəfər idi. Onların əksəriyyəti xəstəlikdən, deportasiyadan, qətliamdan və aclıqdan həlak oldu. 1226-cı il də Nişapuru işğal edən Cingiz xan şəhərin əhalisini tamamilə qılıncdan keçirib. Hətta Cingiz xan Nişapuru alan zaman əsgərlərinə əmr edir ki, şəhərdə insanlarla yanaşı uçan quşlar, yeriyən heyvanlar da məhv edilsin.
İnsan qatilləri cəza üsullarını təkmilləşdirməyə üstünlük verirlər
İnsan qatilləri qədim dövrlərdən bu günümüzə qədər insan qatillərinin simaları dəyişsə də, əməlləri və üsulları olduğu kimi qalır. Birinci Dünya müharibəsində 20 milyon, İkinci Dünya müharibəsində isə 70 milyona yaxın insan öldürülmüşdür. Nasist Almaniyası tərəfindən 6 milyon yəhudinin məhv edilməsini (Xolokost) tarixin ən dəhşətli soyqırımılarından hesab olunur. Yaponiya ordusu tərəfindən törədilmiş beynəlxalq cinayətlər bəşəri vəhşiliklər hesab olunur. Müharibə bitdikdən sonra müttəfiqlər tərəfindən hərbi cinayətlərin törədilməsində ittiham olunan təxminən 5000 yapon hərbçisi üzərində məhkəmə prosesləri keçirilmiş və onlann 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir. Almanlar tərəfindən Namibiyanm yerli xalqlarının məhv edilməsi nəticəsində 65 000 xerero (onların 80 faizi) və 10 000 nama (onlarm 50 faizi) həlak olmuşdur. 1985-ci ildə BMT Namibiya yerli xalqların məhv edilməsi cəhdini XX əsrin birinci soyqırımı aktı kimi qiymətləndirdi. 2004-cü ildə Almaniya hakimiyyəti Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi. 1975-1979 illərdə Pol Pot və İyenq Sari rejimi tərəfindən Kambocada 3 milyona qədər insanın məhv edilməsini, 1995 - ci ildə Srebrenisada Bosniya müsəlmanları Bosniya serbləri tərəfindən kütləvi qırğınmı, Darfurda yerli əhalinin soyqırımı (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və digər cinayətlər bəşəriyyətin amansız soyqırımıları hesab olunur.
1994-cü ildə Ruandadakı hutu hökuməti tutsiləri kütləvi qırğına məruz qoyub. Müxtəlif hesablamalara görə, iki ay ərzində təxminən 800.000-1.000.000 arası insan həlak olub, 250.000-500.000 qadın zorlanıb, ölənlərin 70%-ini tutsilər təşkil edib. Ruanda dövlət başçısı Pol Kaqame Fransa və Belçikanı soyqırımının siyasi hazırlıqlarını təşkil etməkdə günahlandırır.
2016-cı ilin sonlarında 300 nəfər silahlı rohanca sərhəd postlarına hücum edib 9 hərbçini öldürəndən sonra Myanma silahlı qüvvələri Rakhayn ştatında yaşayan rohancalara – müsəlman azlığa qarşı kütləvi qırğın əməliyyatlarına başlayıb. “Ontario” Beynəlxalq İnkişaf Agentliyinin (OIDA) məlumatına görə, həmin dövrdən etibarən Myanma ordusu tərəfindən 24.000 rohanca öldürülüb, 18.000 qadın əsgər və polislər tərəfindən zorlanıb, 116.000 nəfər fiziki zorakılığa məruz qalıb, 36.000 nəfər odda yandırılıb, 115.000 ev yandırılıb, 113.000 ev yağmalanıb. Uzunmüddətli və təkrarlanan repressiyalar nəticəsində Myanmada 2.4 milyon rohincadan yalnız 200.000 nəfəri sağ qala bilib.
Müasir dövrün amansız qətliamlarından biri də ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdir. Ötən əsrin 88-ci illərindən başlayaraq ermənilər azərbaycanlıları öldürmək, torpaqlarını zəbt etmək üçün genişmiqyaslı terror aktları həyata keçirməyə başlamışdır. Erməni silahlı quldur dəstələri 1989-cu ildən başlayaraq mütəmadi olaraq Xocavənd rayonunun Qaradağlı kəndini ağır texnikalardan, qumbara atanlardan, pulemyotlardan və digər odlu silahlardan atəş açaraq kənddə yaşayan əhalini mütəmadi olaraq qorxu və həyəcan içərisində saxlamış, evlər yandırılmış və kənddə yaşamaq mümkün olmadığına görə həmin dövrdən başlayaraq 1992-ci ilin fevral ayının 14-nə kimi 889 nəfər kənd sakini öz yaşadıqları evlərdən zorla deportasiya olunmuşdur. 11 fevral 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin top, raket, pulemyot, avtomat silahlardan və zirehli texnikalardan atəşə tutulması nəticəsində dinc sakinlərdən 10 nəfəri (6-sı Malıbəyli, 4-cü Quşçular) qətlə yetirilmiş, 5 nəfəri (2-si Malıbəyli, 3-ü Quşçular) kəndi tərk edə bilməyib xəbərsiz itkin düşmüş, 45 nəfəri (25 nəfəri Malıbəyli, 20 nəfəri Quşçular) yaşadıqları kəndlərdən çıxaraq piyada Ağdam rayonu Abdal-Gülablı istiqamətində gedərkən erməni silahlıları tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq ağır dərəcəli bədən xəsarətləri almış, 9 nəfər (3-ü Malıbəyli, 6-sı Quşçular) kənd sakini isə ermənilər tərəfindən girov götürülərək işgəncələrə məruz qaldıqdan sonra müxtəlif vaxtlarda azad olunmuş və onlara verilmiş işgəncələr nəticəsində almış olduqları xəsarətlərin təsirindən vəfat etmişdir. Erməni terrorçu hərbi birləşmələrinin işğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi deportasiyaya məruz qalmış, Quşçular və Malıbəyli kəndlərinə (o zaman mövcud olmuş məzənnə ilə) 35 mlrd 195 mln 478 min 249 manat ziyan dəymişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilər tərəfindən 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.
Qısa xülasəyə əsasən bir daha o fikri vurğulamaq olar ki, dünyamızda elə dövlətlər və onların elə rəhbərləri var ki, fəaliyyətləri ancaq dünya düzənini pozmaq, insanları öldürmək, yaralamaq və ev –eşiyindən didərgin salmaqdır. Qonşuluğumuzda yaradılan fars-molla rejiminin ərazilərində mollaların dinc insanları kütləvi şəkildə qətlə yetirmələri, yaralamaları buna misal ola bilər. Hətta artıq məlumatlara görə, fars-molla rejiminin ərazilərində yaşayan insanlar rejimin qətliamlarından qorunmaq üçün quru yollarla Türkiyəyə üz tuturlar. Qeyd olunanlara əsasən 100 mindən çox insan Türkiyəyə keçmək üçün sərhəddə gözləyirlər. Təbii ki, rejim öz qanında boğulmayacağı təqdirdə fars-molla rejiminin ərazilərində yaşayan xalqları, xüsusilə də daim hədəfdə olan güneyli soydaşlarımızı daha böyük faciələr gözləyir. Ona görə insanlar əraziləri tərk etməkdənsə, birlik nümayiş etməli və çürüməkdə olan rejimi tamamilə məhv etməlidir.
İLHAM ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 15 Yanvar 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















