Icma.az
close
up
RU
Durnalar cənuba uçur Yazıçı Əlabbasın yeni romanından hissə

Durnalar cənuba uçur Yazıçı Əlabbasın yeni romanından hissə

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az yazıçı Əlabbasın Bağırovun hazırda üzərində işlədiyi Qarabağ mövzusuna həsr olunmuş “Durnalar cənuba uçur” adlı romanından üzərində bir parçanı təqdim edir.


Laura balaca ekranda oğlunu görəndə yer ayağının altından qaçdı, səndirləyib yıxıldığını ancaq özünə gələndə anladı: bacısı Bakıdan video göndərmişdi ki, gör bu adam Ruslandır, ya mən səhv edirəm?
Qadın gözünü açanda, aradan təxminən on dəqiqə keçmiş olardı, əvvəlcə divanın altına düşən telefonu axtarıb tapdı, gördüklərinə təkrar-təkrar, həm də bu dəfə daha təmkinlə baxdı. Bir yandan təşviş, təlaş, bir yandan da gözləri dolduğundan hər şeyi iki görürdü deyə yenə ayırd eləyə bilmədi, o, Ruslandır, ya ona oxşar başqa birisi?
Hərbi komissarlığa getmək fikri də belə ağlına gəldi. Dedi getsə, həm şübhədən qurtular, həm də öyrənib görər bu barədə bir məlumat var, ya yox? Əgər varsa, nə olacaq bu işlərin axırı?... Onlardan da baş açmaq olmur, hərdən elə bilirsən orda ona görə oturublar ki, yarana duz bassınlar. Həmişə eyni şeyi təkrarlayırlar: oğlunuz itkin düşüb, hələ xəbər yoxdur, nömrə saxlayın, özümüz zəng elərik...

Çar-naçar dinləyər, ümidsiz halda çıxıb ordan da morqa üz tutar və yolboyu fikirləşərdi ki, nə olurdu olaydı, bir o xarabaya getmək olmayaydı: iyi baş çatladan buz kimi yarıqaranlıq otaq, yan-yana düzülmüş bədrəng kisələr, cəsədlərin ayağında bir insan ömründən geri qalan yalnızca dairəvi plasmas lövhəcikdəki sıra nömrələri... Hələ küncdə necə gəldi üst-üstə qalanmış qan ləkəli xərəklər, əllərin titrəyə-titrəyə üzünü açıb baxdığın meşin örtüklər!... Ölüb ölümdən qayıdırsan. Hər dəfə, İlahi, özün kömək ol, kaş bu Rusik olmasın, deyirsən. Kaş bu da! Özün hifz elə, Markare İsus! Albert elə, Baqram belə, barı Rusiklə sınağa çəkmə məni, kimsəsiz qadınam!
Bir dəfə, bir meyitə baxandan sonra necə hövlləndisə, boğazına diri ilan salsalar da, dedi, bir də bura gələn deyil: qarşısındakı şəkil kimi oğlan idi, amma şüşələnmiş gözünün biri aya baxırdı, biri çaya. Nə qədər güclü iradən, dəmir əsəbin olsa da əyilir, sınır, ikiqat olursan.
Amma həftə sonunda yenidən geri qayıdası oldu. Xəbər eləmişdilər ki, Ruslan adlı sahibsiz kişi meyiti gətiriblər. Suzannanı sağ olsun, onu tək qoymadı, qoşalaşıb getdilər. Həkim adam idi, hər şeydən başı çıxırdı, nə qədər olmasa, bəd ayaqda yalnız köməyi dəyərdi. Elə dəydi də. Meyitin əlamətlərini öyrənəndən sonra içəri girməyə ürək etmədikləri o səksəkəli dəqiqələrdə yenə Suzanna özündə cəsarət tapdı. Geri qayıdıb deyəndə ki, o, əlli-əlli beş yaşlı saqqallı, tösmərəyin biridir, Laura onda hərəkətə gəldi. Sonralar fikirləşirdi ki, gərək, heç onu da etməyəydi. Amma görməzə-bilməzə necə arxayın ola bilərsən ki, hər şey elə düşündüyün kimidir? Vaxt olur, adam heç öz gözünə inanmır. Onu da içəri çəkən bu qüvvə idi. Yoxsa sifəti yappa kimi yastılanıb ənsəsinə yapışan zavallının üzünü açıb baxmaq nəyinə lazım idi? Sonralar oturub yadlardan ötrü göz yaşı tökmək üçün? Məgər öz dərdi özünə bəs deyildi?
Bütün əziyyətlərin hədər gedib ümidlərin puç, xəyalların alt-üst olduğu anda qəfildən xəbər çıxa ki, oğlun sağdır – nə deməkdir bu, Astvast?! Təsadüf? Nəyinsə imtahanı? Ya Müqəddəs ruhların mükafatı? Sən nələrə qadirsən, İlahi?...
– Sakit ol, səbrin olsun! Sevin, dua elə! – Laura pıçıldadı, Allaha yalvardı ki, bircə ürəyi dayanmasın, heç olmasa qonşular çatanacan. O dəfə nədi o... zavallının adı da yadından çıxıb... həə, həə, Anahit, nişanlısı cəbhədən qayıdanda elə orda, aeroportda, Sərkisin qolları üstə can vermədimi? Yatan ölməz, yetən ölər, burda deyiblər...
Videoda gördüyü yalan deyilsə, ola bilməz adı siyahıya salınmasın oğlunun, məgər “Qırmızı Xaç” elə-belə təşkilatdır? Dünyanın hər yerinə əli çatır, xüsusən də, qaynar nöqtələrə... Bunu düşünməklə gözünə işıq gəldi, az-maz toxtayan kimi oldu Laura. Elədirsə, yəqin, əsirləri dəyişmək, ya qaytarmaq söhbəti də uzun çəkməz.

O dəfə qonşu Mesropun oğlu Manveli də bu yolla qaytarmışdılar. Yadında idi, çarəsiz cavan hər deyiləni necə can-başla yerinə yetirirdi, təki öldürməsinlər. Əmr edirdilər, burdan filan şəhərə salam, o da tutuquşu kimi eşitdiyini təkrarlayırdı. Bu, Lauranın yaralı yeri idi, deyirdi, birdən o hadisə Ruslanın da başına gələr, hissə qapılıb səhvə yol verər, di gəl. Hər şey bircə anda alt-üst olar.
– Sənə bir şey olsa, biləcəm ki, dilinin bəlasına düşmüsən, – son sözü bu olmuşdu Ruslanı yola salanda, – hər şey bitib, uduzmuşuq. Artsax boşalıb, adam qalmayıb orda. Hardan gəlmisən, necə gəlmisən, elə də qayıt get. Bizə Baqramı qorumaq lazım idi, onu da bacarmadıq. Bundan belə nəyimə lazım sənin o kino-minon? Elə bilirsən, hər həqiqəti deyəni sevirlər? Ondan gözünü çək! Heç görmüsən yalan danışana dəyib-toxunalar? Həmişə düzlərə divan tuturlar. İndi də sən, öz çəkində olmayan söhbətlər eləyirsən. Belə də film adı olar? “Mən səni görürəm, xoşbəxtlik!” Varmı elə insan ki, onu görmüş olsun? Elə şeylər kinolarda olur. Adamları aldatmaq üçün.
Hərdən qonum-qonşu da irad tutardı. Lauracan, sənin bu Ruslanın ki var, çox mərifətli oğlandır, heç o birinin tayı deyil. Tale səxavətini əsirgəməyib, onu cavankən ağılla şərəfləndirib. Bircə yersiz höcətliyi olmaya... Ondan başqa kim elə məktəbi yarımçıq qoyardı? Heç gör bu da sözdür: “Taleyim Moskva ilə bağlıdır” Yox, əşi?!... İndiki cavanlardan baş açmaq olmur ha, ağılları nə kəsir, onu da eləyirlər. Bir də baxacaqsan Moskvadan da o tərəflərə, lap uzaqlara gedib.
– Xasiyyətdir, nə edə bilərsən? – Laura da gülər, artıq dinib-danışmaz, uzağı, – Beş barmağın beşi də bir olmur ki! – deyərdi.
İçini çəkə-çəkə bacısının nömrəsini yığırdı ki, televiziyada musiqi roliki ilə xəbərlər başlandı və anonsda yaraşıqlı siması bütöv ekranı tutan Ruslan göründü. O idi, özü idi, ad-familinəcən dedilər: Şahnazarov Ruslan Albertoviç!
– Ruslaaan! – qadın necə riqqətə gəldisə, üzünü göyə tutaraq ac qurd kimi ulayıb özündən getdi. Qonşular səsə gələndə o hələ də yanıüstə yıxılıb qalmışdı.
– Ruslan sağdır! – başını güclə qaldırıb dillənən Lauranın ilk sözü bu oldu. – Bakıdadır o! Özüm eşitdim. Əvvəlcə inanmadım, dedim, birdən yalan olar.
– Mən də gördüm, Lau. Bayraqla çəkməsini silməyən oğlan... Özüdür ki, var! Dedim, bəlkə, yuxu görürəm, hələlik susum, – Arpine ağlayan qadını qucaqladı, Katrin dərman dalınca qaçdı, dərhal da onun Suzannanı çağıran və dəhliz boyu dalğa-dalğa yayılan cingiltili səsi gəldi:
– Ruslan sağdır! Bakıdadır, eşidirsiniz, sağdır o!
Təqribən on-on beş dəqiqə sonra dərman qoxuyan otaqda Laura gələnləri zarıyan səslə xəbərdar eləyirdi:
– Seva video atıb ki, gör bu, Rusikdir, ya mən çaşmışam? Baxıram ki, Bakı, əsirləri gətirirlər, lap axırda da Rusik! On beş-iyirmi nəfər olardılar. Dünya başıma fırlandı. Kaş öləydim, səni belə görməyəydim! – o, sızlaya-sızlaya telefonu hamıdan irəlidə dayanan Hasmikə uzatdı. Xəstənin dilinə dərman damızdıran Suzannadan başqa, hamı tələsik qızın başına yığışdı.
– Nə deyib səni əsir alıblar? – Hasmik içini çəkdi, – Səndən yoxdur, Rusik, bir dənəsən. Bircə dənə...
– Uy daaa, – islanmış yanaqlarını səsi titrəyə-titrəyə silən Qayane telefonu ondan sanki həkimə göstərmək üçün aldı, – Suza, bir bax, heç dəyişməyib bizim Rusik.
– Niyə dəyişsin? – işini telefona gözucu nəzər yetirməklə bitmiş hesab edən həkim çalxaladığı dərmanı şprisə çəkdi, – bu xalqın fəxridir o.
– Yox, sınıxıb. Görünür, onu incidirlər, – unuda bilmədiyi mənzərənin təsirindən Laura yenidən sayıqlamağa başladı, – Bayrağı görən kimi dalağım sancdı. Ürəyimdə dedim, yaxşı düşün, Rusik, səhv etmək yeri deyil. Sil, deyirlər, sil, sənə bayraq lazımdır, ya canın? Rədd olsun Artsax da, onun bayrağı da!
Üzə vurmasa da, başqalarının onu siyasətci hesab etməyi ilə daim qürrələnən qıvrımsaç İra məsələyə dərhal başqa don geydirdi:
– Yoox, elə deyil, o bizik ki, fikirləşirik Artsaxın bayrağı ilə çəkmələrini sil, deyirlər, o isə başını bulayır. Elə bilirsən bunu ekrana çıxardanlar az bilir? Burda məsələ başqa cürdür: millətə başa salmaq istəyirlər ki, ruhdan düşməyin, bu hələ son deyil, olsa-olsa biz döyüşü uduzmuşuq, müharibəni yox, hər şey irəlidədir. Bunlar fərqli-fərqli şeylərdir. Bir az uzağı görmək lazım! Burnun dibini hamı görür... O ki qaldı Rusikə, heç silərmi ayağını bayraqla? Onda erməni qanı var.
– Həm də qüruru, – qızıldiş Anuşun düzəlişi lap ürəklərindən oldu, sevincək başlarını yırğaladılar.
– Nədi axı bayraq? – əli qoynunda dayanmış Qayane öz aləmində heç vaxt düz sarımadığı kilkəbaşın cavabını verməklə söhbəti əvvəlki axarına qaytarmış oldu, – eni-uzunu iki metr əski parçası. Otuz il əvvəl bilən vardı bayraq nədi? O da indi dəbə minib. Kimin yadındadı SSRİ-nin bayrağı?
Üç gün idi yığışmırdılar deyin hiss olunurdu ki, xeyli təzə mövzu var: arada nələr olub, kim daha çox itki verib, Azərbaycanın son məqsədi nədir, daha hansı rayonların itirilmə təhlükəsi var, ruslar niyə etibarsız çıxdı, Fransa kimi gözləyir?...
– Yıxdı siyasət bu xalqı! Cəhənnəm olsun rus da, fransız da! – zəhlətökən söhbətdən bezən Suzanna işarə ilə sakit olmağı tapşırıb xəstənin nəbzini axtardı, – Sevinək ki, Müqəddəs Məryəm rəhmini bizlərdən əsirgəmədi, əsas budur.
– Deyirsiniz, yəni inanım? – bihal Laura yenidən inildədi, – Nəyə görə, İlahi? Axı nəyə görə? Niyə belə gətirdi mənimki? Nə günah elədim axı? Bircə dəfə Rusikin üzünü görüm, heç nə istəmirəm. Onsuz da axırımdır.
– Şükür Allaha, hər şey yenidən başlanır. Siz nədən danışırsınız, “тёт” Laura, axır nədir? – həmişə araya şuxluq qatmağı ilə seçilən Hasmikin bu dəfə də şaqraq səsi gəldi, – İtin yiyəsi varsa, qurdun da Allahı var. Dalımızda Fransa kimi dağ dayanıb. Amerika da onun kimi. Axşam özüm Jirayrdan eşitdim ki, “Haykakan Jamanak”a deyir...
– Hansı? O qartalqaş? – soruşan Qayane idi.
– Həə də, Liparityan. Deyir ki, son məqsəd Türkiyəni oyuna qatmaqdır.
– İlan başı kimi əzəcəklər Türkiyəni, – İra da təsdiqlədi, – Rusiya özü də məqam gözləyir. Bu elə-belə iş deyil, uzun illərin cızılmış gizli planıdır. Böyüklərin sözü həmişə bir olub.
– Deyirəm birdən köhnə çəkiliş olar bu? – naümid Lauranın ehtimalları bitib-tükənmək bilmirdi, – Düzünü deyin, bəlkə, biləniniz var, mənə demirsiniz? Bəlkə, öldürüblər onu? Belə oğlu niyə sağ qoysunlar? Ağıllıdır axı o. Onları tez öldürürlər.
– Sağdır o. Allahın nəzəri üstündədir, – çoxbilmiş Klara elə inamla dilləndi, sanki Ruslanın yanından indilərdə qayıtmışdı, – həyatına təhlükə olmadığına başımla cavab verərəm. Ağlına ayrı şey gətirmə, aziz can. Sabah kilsəyə gedək, şam yandıraq. Allaha dua edək ki, türklər rəhmə gəlsinlər, yoxsa axırımıza çıxacaqlar. Gəlib Gorusa çatıblar.
– Düz deyirsən, əlac kilsəyədir, bizə heç kimdən haray yoxdur, – özünü təzəcə yetirmiş gözəl Amelya da ürək-dirək verməyindən qalmadı, smartfonu dairəvi eynəyinin üstündən az qaldı gözlərinə dürtsün, – tezliklə qayıdacaq o!
Telefon yenidən əlinə keçəndə – bu ara hardansa Tatul Ambarsumyanın neydə çaldığı popurilərin qəmli səsi gəlirdi – Hasmik şirin dilini təkrar işə saldı:
– Yolunu gözləyənlər var, Rusik, bilirsənmi onu? “Tёт” Laura məni sənə almadı, canı sağ olsun. Sən belə şeylərə fikir vermə, tez qayıt! Yolunu gözləyənlər var, – balaca ekranı öpə-öpə deyirdi o, – Allah özü hifz eləsin! Sən Yerevanın ən yaraşıqlı oğlanısan! Xəyalın da gözəldir sənin!

Teylor Svift yeni rekord qırdı "Nə sərvət topladım, nə də ailə qurdum..." - Azad Mirzəcanzadə kiminlə qürur duyurdu? Elon Mask ilə "Netflix" arasındakı gərginlik artır
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see287

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see181

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see173

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see143

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see140

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see138

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see137

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see137

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see135

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see131

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri