Icma.az
close
up
RU
Əgər ayaq üstəyəmsə, özüm yatıb dura bilirəmsə...

Əgər ayaq üstəyəmsə, özüm yatıb dura bilirəmsə...

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünən veteran futbolçu Şakir Qəribovun 70 yaşı tamam oldu. SSRİ dönəmində ustalardan ibarət "Neftçi" komandasında çıxış etmiş, uzun müddət əsas millidə və aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərmiş, hazırda AFFA-nın Məşqçilər Komitəsinin üzvü olan Şakir müəllimlə görüşdük, yubilyarla bir qədər keçmişə "ekskursiya" etdik, bir qədər isə "yetmiş"dən danışdıq.

- 1956-cı il yanvarın 15-də Sabirabadda dünyaya gəlmişəm. Ailədə 8 uşaq idik - 6 qardaş, 2 bacı. Atam Dadaş kişi, anam Reyhan xanım və 4 qardaşım dünyasını dəyişib. Kasıbçılıqla böyümüşük. Atam külfətini evimizin yaxınlığındakı çayxananı işlətməklə dolandırıb. Orta məktəbi yaxşı oxumamışam. Hətta 1 il sinifdə qalmışam. Bunun da səbəbi futbola sevgim idi. Boş vaxtlarımda atama kömək edirdim. İmkan tapan kimi isə futbol oynamağa qaçırdım.

SSRİ dönəmində bütün rayonlarda idman məktəbləri fəaliyyət göstərirdi və həmin məktəblərin təşkilatçılığı ilə gənc futbolçular müxtəlif rayonlara yarışlara aparılırdı. Özlərini göstərə bilən uşaqlar haqqında məlumatları Bakıya - İdman Komitəsinə oyunları izləyən məşqçilərlə yanaşı, hakimlər də ötürürdülər. Sabirabadlı uşaqlardan mənimlə Ruslan Həbibovu gözaltı edən həmin seleksiyaçılar Göygöldəki oyundan sonra hər ikimizi hər il Bakıda keçirilən perspektivli futbolçuların turnirinə dəvət etdilər. Baş məşqçimiz Eldar Dərgahov üçün bundan gözəl hədiyyə ola bilməzdi. "Spartak" stadionunda bakılılardan ibarət "Bakı-1" və rayon uşaqlarının təşkil etdiyi "Bakı-2" komandası arasında keçirilən oyundan sonra məşqçilər bizi bəyəndilər. 1973-cü il oktyabr ayı idi. Çayxanada atama kömək edirdim. Bir də gördük ki, poçtalyonumuz İbrahim kişi qaça-qaça böyük qardaşım Bəhrəmə yaxınlaşıb "Neftçi"yə çağırılmağımla bağlı muştuluq istəyir. Uşaqlıqdan "Neftçi"nin futbolçularının şəkillərini cibimdə gəzdirirdim. İndən belə onlarla bir komandada oynayacaqdım.

- Amma "Neftçi"də ilk oyununuza 5 il sonra çıxmısınız.

- Bir müddət əvəzedici komandada, Gəncə "Dinamo"sunda və hərbi xidmətlə əlaqədar OİK-də oynadım. 1978-ci il yanvarın 1-dən isə əsas komandaya qoşuldum. İlk maaşım 180 rubl idi. Sonradan artırdılar. İlk oyunum isə Bakıda Voroşilovqradın "Zarya" komandasına qarşı olub. 2:1 qalib gəlmişdik. Oyunum da pis alınmamışdı. Ondan sonra əsas heyət oyunçusuna çevrildim.

- "Neftçi"də 6 qol vurmusunuz. Az deyil?

- İndiyə kimi "Neftçi"də heç bir müdafiəçi mənim qədər qol vurmayıb. 6 qol sizə az gəlməsin. 2 dəfə də kubok oyunlarında fərqlənmişəm.

- Bəlkə bir az dəqiqləşdirək. O vaxt "Neftçi"nin müdafiəçiləri kimlər idi? Götürək Əsgər Abdullayevi...

- Özünü yorma, onsuz da məndən çox qol vuran müdafiəçi tapa bilməzsən. Əsgər cəmi 1 qol vurub. Vilnüsdə "Jalgris" ilə oynayırdıq. Oyun 1:1 hesabı ilə başa çatmışdı və qolu da Əsgər vurmuşdu. Amma çox gözəl qol idi. İsgəndər Cavadov cərimə zərbəsindən asma etdi, Əsgər isə "uçaraq" başla super qol vurdu. Yüz qola dəyərdi.

- Yaxşı, yormayacam. Bəs "Neftçi"nin heyətində neçə oyunda meydana çıxmısınız?

- Rəhmətlik Abbas Əzimov 213 olduğunu deyirdi. Kubokla bir yerdə 240 civarında olar.

- İlk qolunuzu xatırlayırsınız?

- Əlbəttə. İlk qolumu Tiflisdə "Dinamo"ya vurmuşam. Tarixini də deyə bilərəm - 1980-ci il sentyabrın 13-ü. Yaxşı yadımdadır, "Dinamo"ya bir qapıçı gətirmişdilər, ilk oyununa çıxırdı. Uzaqdan topu "doqquzluğ"a göndərdim. Həmin qoldan sonra qapıçını komandadan göndərdilər. 2:1 hesabı ilə qalib gəlmişdik. O biri qolu isə İsgəndər Cavadov vurmuşdu.

- "Neftçi"də ən çox kimə ürək isindirirdiniz?

- Uşaqların hamısı ilə münasibətim yaxşı idi. Ən çox Əbdülqəni Nurməmmədov və rəhmətlik Səmədağa Şıxlarovla oturub-dururdum. Çünki həm oyunumuz, həm də xasiyyətimiz tuturdu. Hətta bizə ayama da qoşmuşdular - "Mükəmməl üçlük".

- Uşaqlıqda şəklini cibinizdə gəzdirdiyiniz Banişevski yadınızda necə qalıb?

- Komandada həmişə özümdən böyüklərə hörmətlə yanaşmağa, kiçiklərə isə həyan olmağa çalışmışam. Banişevskiyə gəlincə, o, mənə böyüklük eləyib, yol göstərib. Onunla ilk görüşüm mənə yuxu kimi gəlirdi. Cəmi bir neçə ay əvvələ kimi onun şəkli ilə yatıb-dururdum. Təkcə onun yox, Tuayev, Kramarenko və digərlərinin də şəkilləri həmişə üstümdə olurdu. Kramarenkodan ötrü "ölürdüm". Yaxşı qapıçı olmaqla yanaşı, o qədər "simpatiçni" idi ki, əsl futbolçu "vid"i vardı. Banişevski ilə uzun müddət bir yerdə oynadım, bir dəfə də olsun onu "Tolik" deyə çağırmadım. Ölənə kimi də ona "Anatoli Andreyeviç" deyə, müraciət etdim.

- SSRİ çempionatında güclü hücumçular çox olub. Kimə qarşı oynamaq çətin idi?

- Əsasən sürətli hücumçulara. Kiyev "Dinamo"sundan Oleq Bloxin və İqor Belanov, Tiflis "Dinamo"sundan Vladimir Qutsayev, "Şaxtyor"dan Viktor Qraçov... Bekkenbauer, Foqts kimi müdafiəçilər Bloxinin qarşısında aciz qalırdılar. Elə götürək Maşallah Əhmədovu. İndi onun kimi sürətli futbolçu var? Müdafiəçi tərpənənə kimi Maşallah ondan 2-3 metr aralanırdı. Maşallaha, İsgəndərə və digərlərinə heykəl qoymaq lazımdır.

- O halda nəyə görə irəli gedə bilmədilər? Azından SSRİ yığmasına dəvət ala bilərdilər.

- İstəyirsən inan, istəyirsən yox, sapı özümüzdən olan baltalar imkan vermirdilər. Yoxsa, nə Maşallah, nə də İsgəndər yığmada oynayanların heç birindən zəif deyildi. Çoxlarına onların SSRİ yığmasında oynaması sərf eləmirdi. Necə olurdu ki, "Ararat"dan, Tiflis "Dinamo"sundan yığmaya futbolçu çağırırdılar, "Neftçi"dən yox?

- "Neftçi"də ən yaddaqalan hadisə hansı olub?

- Bir əhvalat danışım, özünüz qərar verin. Deməli, 1987-ci ilin mayında Bakıda Tiflis "Dinamo"su ilə oynayırdıq. 3:0 hesabı ilə qalib gəldik. Qolları Maşallah Əhmədov, mən və Nazim Süleymanov vurmuşduq. Özü də mənim qolum çox baxımlı alınmışdı. Ertəsi gün qəzetləri oxuyanda gördüm ki, qolum Nazimin, onunku isə mənim adıma yazılıb. Belə də səhv olar, bəyəm camaat bilmir ki, ikinci qolu kim vurdu, üçüncünü kim? Sonradan "yerdəyişmə"nin səhv yox, bilərəkdən belə yazıldığı mənə bildirdilər. Məsələ burasındadır ki, həmin vaxt "Neftçi"dən Yunis Hüseynovla Nazim Süleymanov SSRİ yığmasına namizəd idilər. Onları hər vəchlə irəli çəkmək lazım idi. Ona görə mənim qolum Nazimin adına yazdırmışdı. O vaxtlar mərkəzi televiziyada "Futbolnoye obozreniye" adlı həftəlik veriliş efirə gedirdi və ayda bir dəfə vurulan qollardan 3 ən baxımlısı seçilirdi. Nazimə hədiyyə etdiyim qol may ayında 2-ci yeri tutmuşdu. Həm Yunis, həm də Nazimin xətrini çox istəyirəm. O vaxt 30 yaşım var idi, gənclərə irəli getmələri üçün dəstək olmaq lazım idi. Qolumun Nazimi adına yazılması onun işinə yaraya bilərdi.

- Bəs "Neftçi"nin baş məşqçisi olmuş Yuri Sevidovun sizdən üzr istəməsi?

- O da yadımdadır. Sevidov "Neftçi"yə gələndə özü ilə 2 müdafiəçi gətirmişdi. Onlara görə məni ehtiyatda saxlayırdı. Uğursuz nəticələrə görə komandadan göndərildi və Ağasəlim Mircavadov məni əsas heyətə qaytardı. Bir müddət keçdi, Moskvada "Dinamo" ilə oyundan sonra, mənə yaxınlaşıb haqsızlıq etdiyini söylədi və üzr istədi.

- Veteran futbolçularla söhbətimdə həmişə "Neftçi"nin "Ararat"la oyunları haqda fikirlərini öyrənmişəm. Bəlkə, bir az da bundan danışaq?

- Ermənilərlə oyun həmişə çətin olurdu. Həm İrəvanda, həm də Bakıda. Tiflis "Dinamo"su "Ararat"dan güclü komanda idi. Amma gürcülərlə oyuna rahat çıxırdıq. İrəvandakı "Razdan" stadionu 70 min azarkeş tutumuna malik idi. Dağı yarıb stadion düzəltmişdilər. Bizimlə oyunda ağzınacan dolurdu. Çox maraqlıdır, orada həmişə yaxşı oynayırdıq, amma qalib gələ bilmirdik. Bir dəfə İrəvanda böyük hesabla məğlub olduq - 1:6. İnanırsınız, bəlkə də 20 real qol şansından istifadə edə bilmədik. Təkbətək çıxdıq vura bilmədik, boş qapıya düşə bilmədik, penaltidən istifadə edə bilmədik. Görün vəziyyət nə həddə çatmışdı ki, həmişə penaltini yerinə yetirən İqor Ponomaryov sinəsini kənara çəkdi. Yazıq neyləsin, görürdü ki, top qapıdan keçmir. Asim Xudiyev gəldi ki, mən vuracam. Vurdu, amma qol olmadı. Bəxtləri gətirirdi. Futboldu da. Hər dəfə güclü qalib gəlmir ki. Bakıdakı oyunlarda isə bizim üstünlüyümüz var idi. Cəmi bir dəfə ermənilər Bakıda bizi udublar. Baxmayaraq ki, "Ararat" SSRİ çempionu olub, heç vaxt "Neftçi"dən güclü oyun göstərməyib.

- 70 yaşdan geri boylananda nə düşünürsünüz?

- Sözlə ifadə etmək çətindir. Əgər 70 yaşımda özüm yatıb-dura bilirəmsə, ayaq üstəyəmsə, kiməsə möhtac deyiləmsə, deməli, xoşbəxt adamam. Hər yaşın öz gözəlliyi var. Yaxşı günlər də olub, pis günlər də. Bildiyim odur ki, yaşadıqca ildən-ilə insan təkmilləşir, həyat təcrübəsi zənginləşir. Doğrudur, qocalırıq. Amma qocalıq da hər kəsə qismət olmur. Ən əsası, bu yaşa alnıaçıq çata bilmişəm. Bu, hər bir insan üçün ən böyük sərvətdir.

- 10 il əvvəl Şakir müəllim 60 illik yubileyini təmtəraqla qeyd etmişdi. Bu il nədən sakitlik oldu?

- Hələ gənc olanda əhd etmişdim ki, 50 yaşıma çatanda yubiley keçirəcəm, ondan sonra yox. 60 yaşım tamam olanda tədbir, yığıncaq təşkil etmək fikrim yox idi. Amma dostumuz Vaqif Sadıqov məcbur etdi. Yəni, əhdimi pozdum. Amma bu dəfə sözümün üstünda dayandım, təmtəraqlı tədbirdən vaz keçdim. 70 yaşımı ailəmlə qeyd etdim.

- Bu 10 ildə Şakir müəllim çoxmu dəyişib?

- Demək isyəirsən ki, çoxmu qocalmışam? Əlbəttə, insan hər yaşda bir qədər də qocalır. 60-la 70-in arasındakı dəyişikliklər çoxdur. Düzü, özümü o qədər də qoca hiss etmirəm, amma 10 il bundan əvvəlki Şakir də deyiləm. Bu 10 ildə ən yaddaqalan hadisə mənim 2-ci dəfə dünyaya gəlməyimdir. 2021-ci il oktyabrın 23-də ağır əməliyyat keçirdim. Ürəyimdə ciddi problem var idi. Hətta məni müalicə edən həkim, deputatımız Rəşad Mahmudov əməliyyatın riskli olduğunu demişdi. Türkiyədən bu tip əməliyyatlarda böyük təcrübəsi olan həkim dəvət olundu və əməliyyat uğurla başa çatdı.

- Futbol ictimaiyyəti 70 yaşlı Şakir Qəribovu unutmayıb ki?

- Qətiyyən. Bir neçə gün əvvəl "Neftçi" məni qonaq çağırdı. Bir xeyli söhbətləşdik, akademiyanın yeni binası ilə tanış oldum, eynim açıldı. Dünən AFFA da, digər klublarımız da təbrik etdi. Xeyli zənglər gəldi. Özbəkistandan gələn zəngi isə xüsusi qeyd etmək istəyirəm. Bir vaxtlar "Neftçi"də komanda yoldaşım olmuş Mustafa Bilalovun təbriki əsl sürpriz idi.

- Üzü "səksən"ə ən böyük arzunuz nədir?

- 80 yaşa çatmaq üçün yaşamaq lazımdır. Yaşamaq üçünsə ətrafında gərək pozitiv, müsbət enerjili  insanlar çox olsun. Bu yaşa çatmağımın bəlkə də ən böyük səbəbkarları onlardır. Ən böyük arzum Azərbaycan futbolunu Avropa, dünya səviyyəsində görməkdir. Bəlkə də bunu görməyə ömrüm çatmayacaq, amma nə vaxtsa gerçəkləşəcəyinə inanıram. Biz 30 il işğal altında olan torpaqlarımızı azad edən xalqıq. Bununla müqayisədə futbolu inkişaf etdirmək nədir ki?

İlqar TAĞIYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri