Əhalinin kərə yağı ilə sınağı Saxta yağlar, monopol qiymətlər, YALNIŞ STATİSTİKA
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Nazirlər Kabinetinin təsdiq etdiyi minimum istehlak səbətinə əsasən, əmək qabiliyyətli bir şəxs il ərzində ən azı 7 kq, pensiyaçılar 5,8 kq, uşaqlar isə 6 kq kərə yağı istehlak etməlidir. Bu hesaba görə, dörd nəfərlik bir ailənin (ata, ana və iki uşaq) kərə yağına olan minimum illik tələbatı 26 kq təşkil edir. Bu isə o deməkdir ki, ailə hər ay orta hesabla ən azı 2 kq kərə yağı almalıdır. Minimum gəlirə malik bir ailə mövcud bazar qiymətləri ilə bu tələbatı ödəyə bilərmi? Bəs Azərbaycan ailələrinin keyfiyyətli kərə yağına əlçatanlığı hansı dərəcədədir?
Azərbaycanda satışda olan kərə yağlarının qiymətləri müxtəlifdir. Lakin ekspert rəyləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqlamalarından aydın olur ki, bazarda bu sahədə keyfiyyətsiz və saxta məhsulların sayı kifayət qədər çoxdur. Belə ki, AQTA-nın məlumatında bildirilir ki, “Natural”, “Tac”, “Selskoe”, “Rossiyskoe”, “Belaruskoe”, “Milk World” və “Golden Farm” əmtəə nişanlı, 82,5% yağlılıqla təqdim edilən kərə yağları saxta məhsullardır. Bu məhsulların tərkibində sağlamlıq üçün təhlükə yarada biləcək kimyəvi qatqılar və zərərli bitki yağları aşkarlanıb.
Saxta kərə yağı istehsal edən şirkətlərin adları da açıqlanıb. Bunlar “Allbuy” MMC, “Golden Farm” və “Şamaxı Dairy Farm” MMC şirkətləridir. Həmin şirkətlər müxtəlif adlar altında saxta kərə yağı məhsulları qablaşdıraraq həm iri market şəbəkələrində, həm də kiçik məhəllə marketlərində satışa çıxarıblar. Bu məhsullar 7-20 manat arasında satılır.
Gununsesi.info-ya şikayət edən istehlakçı Fərman Qasımov (ad şərtidir) bildirir ki, yerli istehsal olunan kərə yağlarının keyfiyyətinə güvənmir: “Yeni Zelandiyadan idxal olunaraq burada qablaşdırılan “Best Cow”, “Dayaruşka”, “Wellington”, “Novaya Zemlya”, “No 47” və digər yağları da almıram. Elə Qida Təhlükəsizliyi Agentliyinin son dövrlərdə yerli istehsal olunan kərə yağlarında apardığı yoxlamalarda əksəriyyətinin tərkibində bitki yağı olduğu müəyyən edilib. Tam əminliklə deyə bilərəm ki, AQTA-nın adlarını açıqlamadığı digər yerli istehsal yağlar da eyni vəziyyətdədir. Son yoxlamalar göstərir ki, bu saxta kərə yağlarının tərkibinə yalnız bitki yağı əlavə edilməyib, həm də bütün dünyada istifadəsi qadağan olunan sorbin və benzoy turşuları aşkarlanıb. Bu maddələr birbaşa xərçəng xəstəliyinə səbəb ola bilər. Bunların üzərinə Yeni Zelandiya, Belarus və Ukraynada istehsal olunan və burada satılan məhsulların vəziyyəti isə ayrıca bir problemdir.”
Əhalini keyfiyətli yağ əldə etmək istəsə də, bu məhsullarım qiymətiləri isə olduqca bahadır. Hətta eyni məhsulların qiymətlərini qonşu Gürcüstanla müqayisə etdikdə, Azərbaycanda kərə yağının daha baha olduğu müşahidə olunur. Halbuki hər iki ölkə kərə yağını əsasən idxal edir və idxal üçün nəqliyyat məsafələri də təxminən eynidir. Gürcüstanın ərzaq bazarında ötən həftə kərə yağının pərakəndə satış qiyməti 15–25 manat arasında dəyişib. Əgər Gürcüstanda ən bahalı kərə yağı 25 manat civarındadırsa, Azərbaycanda nisbətən normal keyfiyyətli yağların qiyməti 26–27 manatdan başlayır və 30–35 manata qədər yüksəlir.
Qonşu ölkədəki qiymətlərlə bağlı maraqlı müqayisələr ortaya çıxır. Məsələn, Gürcüstanda 400 qramlıq “Président” kərə yağı təxminən 11.70 manata (19 lari) təklif olunur. Eyni məhsul Azərbaycan marketlərində isə 13.70 manata satılır.
Bu qiymətlər fonunda bir ailənin minimum aylıq kərə yağı tələbatını ödəməsi üçün 55–70 manat arası vəsait xərcləməsi tələb olunur. Bu isə o deməkdir ki, minimum gəlirə malik bir ailə yalnız keyfiyyətli kərə yağı almaq üçün aylıq gəlirinin təxminən 15 faizini xərcləməlidir.
Azərbaycanda qiymət fərqi niyə belə yüksəkdir?
Ekspertlərin fikrincə, kərə yağı qiymətlərində Azərbaycanda müşahidə olunan kəskin fərqlərin əsas səbəblərindən biri təkəlləşmədir, yəni monopoliyadır. Gürcüstanda bu sahədə bir neçə idxalçı fəaliyyət göstərdiyi halda, Azərbaycanda bazara monopolist şirkətlər nəzarət edir və qiymətləri diktə edir.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Gununsesi.info-ya açıqlamasında bildirir ki, Gürcüstan, Ermənistan, İran və Türkiyədə kərə yağı qiymətlərinin Azərbaycana nisbətən daha ucuz olmasının əsas səbəbi bu ölkələrdə kənd təsərrüfatı məhsullarının idxal və ixracında monopoliyanın olmamasıdır: “Gürcüstanın Avropa ölkələri ilə müqaviləsi var, habelə Dünya Ticarət Təşkilatına üzv olduğu üçün onlara müəyyən güzəştlər əldə edib. Belə ki, yağ Gürcüstana aşağı rüsumla gətirilir. Azərbaycanda monopoliya olduğuna görə, qiymətlər qonşu ölkələrlə müqayisədə baha başa gəlir. Həm də orada yağın keyfiyyəti də bizdəkindən daha yüksəkdir. Məsələn, qonşu ölkə Azərbaycandan idxal edilən yağların tərkibində zərərli maddələrin olduğunu dərhal müəyyən ediblər. Bu isə daxili bazarda effektiv nəzarətin olmasından xəbər verir.”
Eskpert bildirir ki, Azərbaycanda monopolistin nüfuzundan asılı olaraq, onun adamlarının gətirdiyi məhsulun keyfiyyəti yoxlanılmır: “Onlar məhsulu xaricdən gətirərək burada qablaşdırır, müxtəlif qatqılar əlavə edir və çox yüksək qiymətə satışa çıxarırlar. Çünki bazara başqa oyunçuların daxil olmasına imkan verilmir. Nəticədə həm də qiymətə diktə edirlər. Azərbaycanda ürək-damar və xərçəng xəstəliklərinin bu qədər geniş yayılmasının səbəblərindən biri də qidalara əzarətin zəif olmasıdır”.
V.Məhərrəmovun sözlərinə görə, bahalı yağların belə keyfiyyətinə etibar etmək çətindir: “Kərə yağı qidalar arasında ən faydalı məhsullardan biridir. Lakin ona təhlükəli qatqılar əlavə edilirsə, artıq onun faydasından danışmağa dəyməz, əksinə, ciddi sağlamlıq riskləri yaradır. Tərkibinə heyvan piyi, müxtəlif bitki yağları, xüsusilə palma yağı əlavə olunur. Azərbaycana hər il 60 min tondan çox palma yağı idxal olunur, amma bazarda bu yağın satışına rast gəlinmir. Palma yağı əsasən kərə yağı istehsalında, süd və pendirin yağlılığının artırılmasında, eləcə də dondurma istehsalında istifadə olunur.”
Yerli yağ istehsalındakı problemlər
Azərbaycanda kərə yağına olan illik tələbat təxminən ən azı 73 min ton təşkil edir. Bu tələbatın cəmi 12 faizi yerli istehsal hesabına ödənilir. Hətta Vahid Məhərrəmov bildirir ki, bu rəqəmin də tam şəffaf olduğu şübhəlidir: “Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlarda xətalar var. Statistikaya xam mal şəklində xaricdən gətirilib, sadəcə burada qablaşdırılıb, daha sonra yerli istehsal kimi təqdim edilən məhsullar daxil edilir”
“İstehlak səbətində adambaşına kərə yağı üzrə minimum tələbat 7 kiloqram müəyyən olunub. Bu, yalnız minimum istehlakı əhatə edir. Bu rəqəmdən çıxış etsək, ümumi əhalinin minimum ehtiyaclarını qarşılamaq üçün ildə təxminən 70–75 min ton kərə yağı istehsal olunmalıdır. Bunun üçün isə çox böyük miqdarda südə ehtiyac yaranır”- deyə mütəxəssis deyir.
Onun fikrincə, belə bir istehsal həcmini təmin etmək üçün təxminən 1 milyon 750 min ton süd tələb olunur: “Azərbaycanın ümumi süd istehsalı isə rəsmi statistikaya görə 2 milyon 200 min ton civarındadır. Lakin bunun bir hissəsi xaricdən gətirilən quru süd hesabına ödənilir. Azərbaycanda hər inəkdən illik orta hesabla 1700–1800 litr süd əldə olunur. Bu səbəbdən də yerli süd istehsalı baha başa gəlir.
Digər ölkələrdə 50-60 qəpik olan süd Azərbaycanda 1 manatdan baha satılır. Hətta paketlənmiş südün qiyməti 2.60–2.80 manat, bəzi hallarda isə keyfiyyətindən asılı olaraq 3 manatdan da yuxarı olur. Azərbaycanda südün baha başa gəlməsinin əsas səbəblərindən biri kifayət qədər yemin olmamasıdır.
Süd istehsalı üçün yaşıl yem, quru ot, şirəli yem, senaj və silos tələb olunur. Lakin Azərbaycanda şirəli yem və senaj istehsal olunmur. Silos istehsalı tələbatdan 100 dəfə, ot 2,5 dəfə, qüvvəli yem isə 15 dəfə azdır. Yaşıl yem isə yay aylarında həm az olur, həm də qiyməti çox baha olur.
Bu səbəblərdən Azərbaycanda kərə yağı istehsalı da kifayət qədər deyil. Ölkə tələbatının 30 faizini belə özü təmin edə bilmir. Yem istehsalı olmadığı üçün süd istehsalı da azdır. Azərbaycanda bir inəkdən illik orta hesabla 1 ton 700 kq süd əldə olunur. Bu göstərici qonşu ölkələrdə 3 ton, öz kərə yağını istehsal edə bilən ölkələrdə isə 6-7 ton təşkil edir. İsraildə isə hər inəkdən illik 13 ton süd alınır”.
Mütəxəssis bildirir ki, məhsuldarlığı artırmaq üçün konkret addımlar atılmalı, heyvandarlığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edilməlidir.
Vüsalə Rüstəmova


