İki parlayan ulduz Xalq yazıçısı Anar yazır
Icma.az bildirir, 525.az portalına istinadən.
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
Moskvada Ali ssenari kurslarını bitirərkən diplom işi kimi tammetrajlı bədii filmin "Torpaq. Dəniz. Od. Səma"nın ssenarisini kursun bədii şurasına təqdim etdim. Ssenari bədii şura tərəfindən qəbul olundu və "Azərbaycanfilm" studiyasında quruluşuna məsləhət görüldü.
Çətinliklər də bundan sonra başlandı. Özünün qeyri-adi formasına görə ssenari kinostudiyamızın redaksiya heyəti tərəfindən yaxşı qarşılanmayanda SSRİ Dövlət kino komitəsinə və diplom işimin rəhbəri, "Yaşadığım ev", "Əgər bu sevgidirsə?" filmlərinin müəllifi, məşhur kinodramaturq İ.Q.Olşanskiyə müraciət etməli oldum. O da ssenarinin yaxın illərin birində plana daxil edilməsi üçün israrlı zəmanətlə bizim kinostudiyaya məktub yazdı, SSRİ Dövlət kino komitəsini də, Azərbaycan kinorəhbərliyini də yola gətirdi. Ssenariyə bir neçə rejissor maraq göstərdi, nəhayət filmin quruluşu Şamil Mahmudbəyova tapşırıldı.
Şamil Mahmudbəyov, mənim fikrimcə, özünəməxsus bir film çəkdi. Bu mənim kinoda ilk böyük işim idi. "Torpaq. Dəniz. Od. Səma" filmində əsas rollardan birinə hələ gənc olan Fidan Qasımova çəkilmişdi. Bu, onun aktrisa kimi kinoda birinci və sonuncu işi oldu. Konservatoriyanın skripka sinfinin tələbəsi - Fidanı Şamil Mahmudbəyov kəşf etmişdi və o, İsmayıl Osmanlı, Tamara Kokova kimi təcrübəli peşəkarların yanında sönük görünmədi.
Belə uğurlu debütdən sonra Fidan kinoya çox çəkilməli idi. Lakin tale onu əsl istedadına uyğun başqa bir rol nəsib etmişdi.
Filmimiz isə Ermənistana ümumittifaq kinofestivalında göstərilmək üçün aparıldı. Başda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri - Həsən Seyidbəyli olmaqla, aktrisalar Nəcibə Məlikova, Fidan Qasımova, rejissorlar Şamil Mahmudbəyov, Rüfət Şabanov, operator Arif Nərimanbəyov nümayəndə heyətinin tərkibinə daxil idilər. Mən də ilk dəfə idi ki, Ermənistanda olurdum.
Festival ssenarisi şair Gevorq Eminə məxsus olan (rejissorun adını xatırlamıram) tammetrajlı bədii- sənədli filmlə - "Ermənistan haqqında 7 nəğmə" filmi ilə açıldı.
Film yetərincə professional çəkilmişdi, hərçənd ki, kadrarxası diktor mətni çox pafosluydu: "Ermənistanın bitdiyi sərhədlərdə qaranlıqlar başlayır".
Ermənistan, məlumdur ki, nəinki İran və Türkiyə ilə qonşudur, müəllifin fikrincə, zülmətə qərq olmuş sovet respublikaları - Azərbaycan və Gürcustanla da həmsərhəddir.
Və yaxud da belə mənasız ifadələr: "Düşmənlər Araratı fəth edə bilmədilər, onu əsir aldılar".
Məlumdur ki, Ararat dağı Türkiyədə yerləşir. Lakin bütün bunlar başlanğıc idi, ən betəri hələ qabaqdaydı. Ekranda İkinci Dünya müharibəsi zamanı SSRİ-nin, Polşanın işğal olunmuş ərazilərində faşist vəhşiliklərinin - kütləvi edamlar, güllələnmələr, dar ağacları, sürgünlər və insanların döyülməsinin sənədli kadrları görünürdü, kadr arxasında isə təxminən belə mətn səsləndi: "Türk yeniçəriləri 1915-ci ildə bizim əjdadlarımızla bax belə davranırdılar".
Film bitəndən sonra, zalda işıqlar yananda bütün başqa qonşu xalqlara patoloji düşmənçiliklə hipnoz edilmiş gənclərin və nəinki gənclərin, öz xalqını "incidənlərə" münasibətdə kindən və intiqamdan od püskürənlərin göz yaşlarını gördük.
Anar, Fidan Qasımova, Tamara Makarova, Rüfət Şabanov, Ukrayna aktrisası
Açığını desək, biz saxta və yapma "xalqlar dostluğu" - təntənəli surətdə bəyan olunduğu sovet dövründə qonşu millətlərə düşmənçiliyin belə açıq təbliğatından şok olmuşduq. Bütün bunlar haqqında düşünərkən mahnılarında Kürü, Arazı, Araratı, Hayastanla qardaşlığı tərənnüm edən, tarixi qəhrəmanları - Şaumyanları və Mikoyanları sayan sovet beynəlmiləlçilik prinsiplərinə ancaq Azərbaycanda riayət olunduğu nəticəsinə gəlirdim. Mən sovet dövrünəqədərki erməni yazıçılarından Raffinin türkəfob romanları və "sosialist realizmi" nümayəndələri olan Silva Kaputikyanın, L.Qurunsun, B.Ulubabayanın (Zori Balayan o vaxt lax yumurtadan çıxmamışdı) əsərləri ilə tanış idim. Mən bu mətnlərin Azərbaycan yazıçılarının - klassik və müasirlərin əsərlərindən kəskin fərqini görürdüm, bizim mətnlərdə ermənilər haqqında bir kəlmə pis söz ola bilməzdi (buna yol verilə bilməzdi də), bu xalqın azı bir nümayəndəsi mütləq dost, az qala qardaş obrazında təqdim olunurdu. Yuxarıda adı çəkilən erməni müəlliflərinin "əsərlərindəsə" açıq qəzəblə, çox vaxt təhqiredici ifadələrlə türklər, müsəlmanlar, birbaşa və dolayısıyla azərbaycanlılar haqqında danışılırdı. Bir var kitabda oxuyasan, bir də var kütləvi sənət olan kinoda, ekranda görəsən. Nə qədər uşaqları, gənc insanları "Ermənistan haqqında yeddi nəğmə" kimi filmlərlə zəhərləmək mümkündü. Biz bu lentlərin nümayiş olunmasından nəinki qəzəblənmiş, təhqir olunmuşduq. Öz etirazımızı da bildirdik. Həsən Seyidbəylini də yaxından tanıyan münsiflər heyətinin sədri məşhur rus rejissoru Stanislav Rostoski idi - hər ikisi ÜDKİ-nın məzunu idi. Mən Həsən Seyidbəyliyə S.Rostoski ilə görüşməyi və bizim fikrimizi ona bildirməyi təklif etdim. Biz onun otağında görüşdük və bu filmin açıq və gizli provaksiya xarakterini ona ətraflı izah etdik. S.Rostoski açıq-aşkar şok olmuşdu. "Ermənilər belə gözəl Baş mükafatı - Qran pirini hazırlamışdılar və açığını desəm, biz onu "Ermənistan haqqında yeddi nəğmə" filminə təqdim etmək istəyirdik" - dedi.
Biz bununla bağlı qəti narazılığımızı bildirdik və belə olan halda Azərbaycan nümayəndə heyətinin etiraz əlaməti olaraq festivalı tərk edəcəyini dedik. Bunun, əlbəttə, təsiri oldu.
Lakin bununla belə, festival Ermənistanda keçirilirdi, ev sahibliyi olan tərəflə heç də münasibətləri korlamaq istəməyən başda Rostoski olmaqla münsiflər heyətini (münsiflər heyətinə məşhur aktrisa Tamara Makarova da daxil idi) başa düşmək olardı. Yeganə ona nail olduq ki, "Ermənistan haqqında yeddi nəğmə" filminə Qran pri verilmədi, o, heç kimə təqdim olunmadı, ermənilər isə Birinci mükafatla qane oldular. Lakin bununla bizim filmimizin də taleyi həll olundu. Bizə heç bir mükafat, heç bir priz, heç bir diplom belə verilmədi. S.Rostoski arsızcasına bizə təsəlli verirdi: - Əvəzində azərbaycanlılar festivala ən gözəl aktrisaları gətiriblər.
Həqiqətən də festivalda heç kim qadın cazibəsi solmuş Tamara Makarova da daxil olmaqla, Nəcibə xanım Məlikovanın yetkin gözəlliyi və Fidan Qasımovanın gənclik təranəsi ilə müqayisə oluna bilməzdi.
Biz hamımız nəinki konkursun qeyri-obyektiv nəticələri ilə, həm də nümayəndə heyətimizə qarşı açıq-aşkar etinasızlığa görə çox qəzəblənmışdik.
Bütün qonaqları Sevan gölünə apardılar. "Aktamar" restoranının bir zalında erməni sahibləri nüfuzlu moskvalı qonaqlara ziyafət verirdilər.
Bizi, bizdən başqa yerli kino idarədən ikinci dərəcəli məmurları başqa bir zala apardılar. Düzdür, bizim masada təşkilatçıların ya səhlənkarlığındanmı, ya da məlumatsızlığındanmı bilmirəm, festivalın ən istedadlı qonağı olan - dramaturq Aleksandr Volodini də oturtmuşdular. Mən məhz həmin vaxtlar onun pyeslər kitabını oxumuşdum, çox xoşuma gəlmişdi və bu barədə ona dedim. Volodin sözlərimdən açıq-aşkar sıxılırdı, görünür, çox utancaq adam idi. Cavabında o da "Nedelya"nın səhifələrindən tanış olduğu "Mən, sən, o və telefon" hekayəm haqqında xoş sözlər dedi. Ermənilərin belə "ənənəvi Qafqaz" qonaqpərvərliyi bizi qeyzləndirmişdi və bəlkə də məhz buna görə mən qədərindən çox içmişdim.
Bizim nümayəndə heyətinə mikroavtobus və Həsən Seyidbəylinin, Nəcibə xanımın və Fidanın oturduğu yüngül avtomobil vermişdilər. Banketdən sonra hamı maşınlara oturmağa başlayanda, mən gördüm ki, bizim mikroavtobusun sürücüsü maşını sürməyə tələsmir. Onda mən macal tapıb Həsəngil mindiyi maşının qapısını açdım, rul arxasına keçdim və motoru işə saldım. Maşın əyri-üyrü yollarla hərəkət etməyə başladı. Qorxudan donub qalmış Həsən Seyidbəyli bir dəqiqəlik şokdan sonra özünə gəldi və maşını dayandırmağımı xahiş etdi. Nəcibə xanım qorxu içində oturmuşdu və yalnız Fidan fərəhlə və sevinə-sevinə qışqırırdı - görünür, bütün bunlar onun çox xoşuna gəlmişdi. Mən bu qədər içkidən sonra Sevanın dolanbac və bələd olmadığım yollarında maşını necə idarə etdiyimə bu vaxta qədər də təəccüblənirəm. Hələ bir Həsən Seyidbəylinin yalvarışları: "Xahiş edirəm saxla, xahiş edirəm əyləci bas" fəryadları. Yalnız düz yola çıxanda maşını saxladım. Başqa bir maşında bizə çatan rəngi ağarmış sürücü öz yerini tutdu.
Pianoçu Zöhrab Adıgözəlov, Fidan Qasımova, Anar. İstanbulda, Azərbaycan gecəsində
Əlbəttə, bütün bunlar mənim essemin mövzusuna dolayısıyla aiddir, sadəcə bizim Ermənistanda olduğumuz müddətdə bütün mənfi emosiyalara baxmayaraq, bu gənclik xatirələri mənimçün çox əzizdir. Və bir mühüm cəhət də ondan ibarətdir ki, o vaxt mən ilk dəfə Fidanın xarakterini - qoçaqlığını, qorxmazlığını duydum. O, uşaqcasına mənim uşaq hərəkətlərimə sevinirdi.
Bunu nümayəndə heyətimizin digər üzvləri də görürdülər və Rüfət Şabanov deyirdi: "Mən də sabah mütləq maşın qaçırdıb sürəcəm". Lakin bu, kinemotoqrafistlərin dediyi kimi, "ikinci ekran" olardı.
Mən bu səfərdə Fidanın nəinki skripka çaldığını, hətta maraqlı şeirlər yazdığını və ümumiyyətlə, gözəl yumor hissinə malik olduğunu bildim. Yalnız bir şeyi bilmirdim - bu da onun vokal qabiliyyəti idi ki, bu da sonralar aşkar oldu.
Skripkaçı kimi o, Nazim Rzayevin Kamera orkestrində çalırdı, lakin az bir müddətdən sonra o, özünü bütünlüklə vokala həsr etdi. Əvvəlcə Bakı, sonra Moskva Konservatoriyasında mükəmməl məktəb keçdi və Moskvada Ədəbiyyatçıların Mərkəzi Evində Fidan hansısa yubileydə çıxış edərkən, M.Maqomayevdən onun oxuması haqqında fikrini soruşdum, o vaxt özünün şöhrət zirvəsində olan Müslüm dedi: gözəl müğənnidir, artıq təcrübəli sənətkardır, gələcəkdə daha uca yüksəkliklərə qalxacaq.
Müslüm tamamilə haqlı çıxdı - qısa müddətdə Fidan Qasımova sənətdə birinci dərəcəli ulduz kimi parladı, ən yüksək adları, nüfuzlu mükafatları aldı, böyük uğurla məşhur opera səhnələrində və konsert zallarında çıxış etdi.
Moskva təhsilindən sonra mən tamamilə başqa bir insanla, düzdür, hələ söhrətin zirvəsinə çatmamış, lakin artıq üstünlükləri və itkiləri ilə Moskva həyat məktəbi keçmiş birisi ilə qarşılaşdım.
Elə bu vaxtlarda onun kiçik bacısı Xuramanın ulduzu parlamağa başladı. O da sənət yoluna kino aktrisa kimi başladı, lakin Fidandan fərqli olaraq bir neçə filmə çəkildi. Xuraman - "Mən ki gözəl deyildim", "Liftçi qız" və başqa kinofilmlərin baş qəhrəmanı idi. Əgər desəm ki, Xuraman kino aktrisa kimi daha istedadlıdır, yəqin ki, Fidan məndən inciməz. Ancaq Xuramanın bir vokalist kimi formalaşmasında Fidanın böyük rolu oldu. Fidan Xuraman üçün nəinki böyük bacı, həm də musiqidə böyük, nüfuz sahibi, müəllimə, təqlid nümunəsidir. Təqlid sözü bəlkə də, yerinə düşmür, Xuraman kifayət qədər müstəqil, orijinal müğənnidir. Əbəs yerə deyil ki, o, Afinada Mariya Kallas adına konkursda Qran priyə layiq görüldü, dəfələrlə başqa nüfuzlu beynəlxalq mükafatlar aldı.
Konkursda onun ifası münsiflər heyətinin sədri, gəncliyimizin "Sevimli ariyalar" filmindən yaxşı tanıdığımız əfsanəvi italyan müğənnisi Tito Qobbini məftun etmişdi.
Fidan və Xuramanın unikal vokal keyfiyyətləri hansısa dərəcədə onların genetikası ilə bağlıdır. Valideynləri - ata və anasının musiqi istedadları var idi. Ata tərəfdən babası məşhur müəllim və maarifçi Əli bəy Qasımov Lev Tolstoyla məktublaşırdı və hətta böyük yazıçının Yasnaya polyanadakı evində qonaq olmuşdu. Atası Əkrəm və anası Tükəzban xanım başqa sənət sahibləri olsalar da, dediyim kimi, qeyri-adi musiqi qabiliyyətinə malik idilər. Anasının gözəl səsi vardı, atası müxtəlif alətlərdə peşəkarcasına çalırdı. Qardaşı Əlibəyin musiqi təhsili olmasa da, bacıların ifa etdiyi bir neçə mahnının müəllifidir.
Mənim üçün etalon və yüksək ifaçılıq göstəricisi Üzeyir Hacıbəylinin opera və opereattalarındakı partiyalardır. Ümumi fikrə görə, ən yaxşı Məcnun Hüseynqulu Sarabski olub. Sonrakı nəsillər bunu əski kinokadrlardan duya bilərik. Ən yaxşı Leyli, mənim fikrimcə, Rübabə Muradova idi. Mən onun səhnədəki ifasını deyil, "Leyli və Məcnun" operasının lent yazısını nəzərdə tuturam. Ən yaxşı, təkrarsız və misilsiz Koroğlu şübhəsiz, böyük Bülbül, "Arşın mal alan"dakı ən yaxşı Əskər - böyük Rəşid Behbudovdur.
Ən yaxşı Nigar və Gülçöhrə, əlbəttə ki, Fidan, sonra isə Xuramandır. Mən "Arşın mal alan" lentinə qulaq asmaqdan doymuram. Böyük Niyazinin redaktəsi, bədii rəhbərliyi və orkestrləşməsində bu diskdə Rəşid Behbudov-Əskər, Fidan-Gülçöhrə və Xuraman-Asiyanın ilahi ifaları səslənir. Xüsusən "Arşın mal alan" nəqarəti ilə Gülçöhrənin ariyası məni çox təsirləndirir - Fidan öz ifası ilə nə qədər dəruni hissləri, zəngin çalarlı incə yaşantıları çatdırır.
Danışırlardı ki, Niyazi "Arşın mal alan"ı vala yazdırarkən, Fidanın bu ariyanın ifası zamanı gözyaşlarını saxlaya bilmirmiş.
Fidan hər hansı musiqini ifa edərkən nəinki emosiyalarının parlaqlığı, həm də ifa olunan musiqinin mahiyyətinə dərin nüfüz etməyi məni heyran qoyur.
Həm Fidan, həm də Xuraman bizim xalq mahnılarımızın və vokal sənətimizin incilər olan Niyazinin "Arzu", Fikrət Əmirovun "Mən səni araram" və "Sevdiyim yardır mənim", Tofiq Quliyevin "Üzüyümün qaşı firuzədəndir" və "Sənə də qalmaz", Vasif Adıgözəlovun "Bakı" mahnılarının misilsiz ifaçılarıdır. Son üç mahnı atamın sözlərinə yazılıb. Mən səmimi qəlbdən Fidan və Xuramana minnətdaram ki, onlar daima və böyük şövqlə Rəsul Rza ilə bağlı tədbirlərdə çıxış edirlər, onun 90 və 100 illiyində də həvəslə oxudular. Fidan həmçinin həyat yoldaşım Zemfira xanımın Ü.Hacıbəyliyə həsr olunmuş "Ölməzlik" kitabının təqdimat mərasimində iştirak edib və dahi bəstəkarın "Sənsiz" əsərini müşayiətsiz, akapella üsuluyla son dərəcə gözəl oxuyub. Yeri gəlmişkən, həmin axşam o, çıxış edərkən dedi ki, əvvəlcə valideynləri ona Əlvan adı qoymaq istəyiblər, sonra mənim bacımın adını eşidiblər, qızlarına bu adı veriblər.
Xuraman Qasımova, Vasif Adıgözəlov, Anar
Qeyd etmək istəyirəm ki, Fidan və Xuramanın birgə konsertinə ilk resenziyalardan birini də Zemfira xanım yazıb. "Qasımova bacıları" resenziyasında qeyd edir: "İlk birgə solo konsertində çıxış edərkən Fidan və Xuraman böyük musiqi qabiliyyəti, yüksək professionallıq, geniş diapozonlu repertuar nümayiş etdirdilər. Konsertdə Perselin, Hendelin, Motsartın, Puççininin, Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyovun, S.Rüstəmovun, F.Əmirovun, T.Quliyevin, A.Məlikovun, A.Məmmədovun əsərləri səsləndi.
Bircə bu sadalanan müəlliflər müğənnilərin böyük diapozonundan və klassik musiqidən tutmuş müasirliyə qədər konsert proqramının zənginliyindən xəbər verir. Gözəl soprano tembrinə malik olan müğənnilər birgə çıxış edərək öz repertuarlarına oxşar əsərlər daxil etmişdilər".
1979-cu ildə bu resenziya yazılanda həm Fidan, həm də Xuraman respublikanın Əməkdar artistləri idilər. Bu gün Fidan da, Xuraman da Xalq artistləridirlər, hər ikisi Dövlət mükafatı laureatıdırlar. Lakin məsələ bu rəsmi adlarda deyil. İtaliyaya səfərimiz zamanı belkantonun vətənində məşhur Müslüm Moqamayev və Tamara Sinyavskayayla, gənc Qasımova bacılarını necə eyni heyranlıqla qarşılandıqlarını xatırlayıram. Mən Bakıda Aida rolunda Xuramanın Böyük teatrın solisti Amneris rolunda Yelena Qbrazsovoydan geri qalmadığının şahidiyəm. Həm Fidanın, həm də Xuramanın şöhrətə gedən yolları heç də hamar olmayıb, onlar çətin günlər də görüblər, ağır situasiyalar yaşayıblar, xüsusən sevimli valideynlərinin, çox istədikləri qardaşlarının itkisi ilə bağlı kədərli günləri olub.
Xuraman xəstəliyə tutulanda o, ABŞ-da müalicə olunurdu, şükür Allaha ki, sağaldı. Yad diyarda həddindən artıq uzun müddət ərzində əziyyət çəkərək, Bakıya qayıdarkən doğma torpağı öpdüyünü danışırdılar.
ABŞ-dan qayıtdıqdan sonra Xuraman ilk konsertindəcə əvvəlki güc və sənətkarlıqla, lakin daha artıq xüsusi şövqlə Azərbaycan bəstəkarlarının əsərlərini ifa etmişdi. Hamını Asəf Zeynallının "Ölkəm" romansının təsirli ifası sarsıtmışdı, bu mahnıda doğma vətən üçün darıxan, əzab çəkən ruhun səmimi duyğuları vardı.
Xuramanın həm də, qeyri-adi yumor hissi var, o, müxtəlif insanları - ictimai xadimləri, incəsənət işçilərini misilsiz təqlid edir.
Bu iki ulduz, bəzən insanları güldürməyi, bəzən də ağlatmağı bacaran bacılar Azərbaycanın şöhrəti və iftixarıdırlar.
26 dekabr 2010-cu il
P.S. On beş il bundan əvvəl rusca yazılmış bu mətn Azərbaycan dilində ilk dəfə çap olunur. 2023-cü ildə 85 yaşım qeyd edilərkən Fidanın (yəqin ki, Xuramanın da iştirakıyla) mənim haqqımda yazısı üçün də çox minnətdaram.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 08 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















