Eks nazirin Xoxan ı və qızının “Məhsəti” ilə üzə çıxan rəngi
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Məhsəti” filminə baxdım. Açığı, bunu film adlandırmaq üçün gərək elə filmin qəhrəmanları kimi xeyli içki içəsən. 2024-cü il istehsalı olan 11 dəqiqə 45 saniyəlik video çızma-qaranın 2 dəqiqəsi titrlərə ayrılıb.
Film (video çızma-qara) 4 səhnədən ibarətdir. Hər səhnə 1,5-2 dəqiqə davam edir. Mənə bu filmə yalnız bir dəfə baxmaq imkanı verilmişdi. Baxandan sonra bloklandı.
Birinci səhnədə hadisələr qrim otağında cərəyan edir. İki aktrisa tamaşadan sonra qrimlərini silir. Yarıqaranlıq qrim otağında divardan “1001 gecə” baletinin afişası asılıb. Yəqin ki, hadisələrin sonrakı inkişafına işarə edilir.
Bu zaman iki gənc aktyor otağa daxil olur və qızlardan qrimlərini silmək üçün “bir şey” istəyirlər. (Dırnaq arasında verilmiş sözlər filmdə istifadə olunur). Qısa, mənasız deyişmələr davam edir. Birdən aktyorlardan biri Minaya (baş qəhrəmana) deyir: “Sən bilirsən, Məhsəti də gəzəyən olub”.
İkinci qız cavab verir ki, sən bunu (qrimini silən aktyora işarə edərək) ondan soruş. Aktyor cavab verir ki, nə olsun, mən də gəzəyənəm. Yəni seksual azadlığın tərəfdarı olduğunu təsdiqləyir.
Mina onlara təpinir: “Boş-boş danışmayın. Gecikirik”.
Bundan sonra ikinci səhnə başlayır. İkinci səhnə gecə barında baş verir. Yəni tamaşadan sonra aktyorlar gecə barına gəlib əylənirlər. Səhnə onunla başlayır ki, gənc aktyorlar tekila içirlər. Sonra məst olub rəqs edirlər. Açığı, rəqs hərəkətləri sərxoş adamdan daha çox narkotik vasitə istifadəçilərin hərəkətlərini xatırladır. Əvvəl Mina özünü gəzəyən elan edən aktyor həmkarı ilə (sonradan məlum olur ki, bu aktyor Minanın əridir) rəqs edir. Bu zaman o (əri) Minanın qulağna pıçıldayır: “Bu gecə sənin sultanın kim olacaq?”
Bundan sonra kadr dəyişir. Mina qızla, əri isə başqa oğlanla bir birini tumarlayaraq rəqs edirlər. Kadr yenə dəyişir. Bu dəfə Mina barda tapdığı başqa bir oğlanla erotik rəqs edir. İkinci səhnə burda bitir.
Üçüncü səhnə onunla başlayır ki, bütün gecəni barda əylənən “dostlar” (seks partnyotlarl) səhər sübh tezdən maşında yol gedirlər. Minanın barda tapdığı təsadüfi gənc maşını idarə edir. Mina qabaq oturacaqda barda tapdığı “bir gecəlik sultanı” ilə yanaşı oturub. Arxa oturacaqlarda Minanın aktyor (əri) və aktrisa həmkarları əyləşiblər. Gənclər nəsə danışıb gülürlər. Bu məqamda arxada əyləşən aktyor (ər) Minanın barda tapdığı oğlana deyir: “Sən bilirsən, mən onun əriyəm?” (Minaya işarə edərək). Mina mövzunu dəyişir və oğlanın cavab verməsinə imkan vermir. Daha sonra Mina maşının tavan hissəsindəki panoram şüşəsindən başını gövdəsinədək bayıra çıxarır və başlayır rəqsvari hərəkətlər etməyə. Daha doğrusu, bu hərəkətləri onun şəhvətləndiyini bildirir. Yəni, tezliklə baş verəcək intim təmasın nəşəsini yaşayır.
Maşın arxada məscidin fonunda hərəkət edir. Bibi Heybət məscidi barda eyş-işrətdən sonra sübh tezdən cinsi əlaqənin keyfinə doğru hərəkət edən gənclərin “daxili azadlığına” şahidlik edir. Gənclər məscidin fonunda daxili azadlıqlarının keyfini yaşadıqlarını nümayiş etdirərək dini etiqadın “buxovlarını” qırıb atırlar.
Kadr dəyişir və Mina barda tapdığı “bir gecəlik sultanı” ilə (daha doğrusu, birdəfəlik sultanı ilə) maşında cinsi əlaqəyə girir. Bu erotik səhnə mikro film üçün xeyli uzun çəkilib. Sanki filmin kulminasiyasıdır. Minanın seksual hisslərini, cinsi əlaqə zamanı ekstaza çatdığını Suad Qara (rejissor) tamaşaçıya realistcəsinə göstərməyə çalışıb. Hiss olunur ki, onun filmdə ən sevdiyi səhnə budur və yəqin ki, bu səhnəni çəkmək üçün xeyli zəhmət sərf edib. Çinsi əlaqədən sonra Mina maşında hələ də aldığı həzzin təsirində siqaret çəkir. “Bir gecəlik sultan” ondan soruşur: “Sən nə istəyirsən? Sevgi?”
Mina cavab verir: “Sevgi uğurlu adamların ixtiyarındadır”.
Oğlan deyir: “Onda bir şeir de”.
Mina Məhsəti Gəncəvinin bir rübaisini söyləyir. Səhnə bununla bitir.
Dördüncü səhnədə Mina milli geyimdə teatr səhnəsinin ortasında, guya Məhsəti obrazında stulda əyləşib. Bir qadın və iki kişi “Məhsəti, Məhsəti, can, canan” deyə-deyə hərəsi bir tərəfdən başlayırlar onu tumarlamağa, qoxulamağa. Ekstaza girdikcə əzilib-büzülürlər. Mina ekstazın pik nöqtəsində başlayır uca səslə Məhsətinin rübaisini söyləməyə. Kamera çevrilir zala. Tamaşaçıların gurultulu, sürəkli alqışları. Bu alqışların sədaları altında aktyorlar pərdə arxasından səhnəyə çıxıb təzim edirlər.
Məhsəti 12-ci əsrdə yaşasa da, aktyorların geyimi 19-cu əsrə aiddir. Teatr səhnəsindəki epizodla rejissor qrup halında seksə işarə edir.
Uzun-uzadı alqışlardan sonra stop kadrda titrlər verilir...
Filmi olduğu kimi sizə nəql etdim. Tam səmimiyyətlə bildirirəm ki, bu çızma-qara videonun bu qədər səs-küy yaratdığına çox təəccübləndim. Peşəkarlıq tərəfdən bu filmi ən yaxşı halda rejissorluqda oxuyan tələbənin işi səviyyəsində qəbul etmək olar (Filmin məzmununu nəzərdə tutmuram). Yəni burda hər hansı bədii yararıcılıq səviyyəsindən, peşəkarlıqdan danışmağa dəyməz. Mən bu yazını yazanda kino terminlərindən istifadə etməyə belə çətinlik çəkirəm. Çünkü ssenari, janr, dramaturgiya, quruluş, rejissura baxımından çox zəif və bəsit filmdir. Bütün bunlara baxmayaraq, bəzi düşüncələrimi bölüşmək istəyirəm.
İlk olaraq qeyd edim ki, Suad Qara rejissor deyil. Heç sseneri yazan da deyil. Kinodan da xəbəri yoxdur. Onda nə istəyir Suad Qara? Nədir onu bu mövzuya müraciət etməyə təhrik edən?
Onun və Mina rolunun ifaçısı olan aktrisanın müsahibələri çıxmışdı qarşıma. Hər ikisi eyni fikri israrla sübut etməyə cəhd edirdilər. Yəni hamıya izah edirdilər ki, Məhsəti obrazını yaratmaq üçün öz daxili sərhədlərini aşmaq lazım idi. Maraqlıdır, daxili sərhəd deyəndə bunlar nəyi nəzərdə tuturlar?
Filmin əvvəlində “Məhsəti gəzəyəndir” fikrini real həyatda da sınaqdan çıxarmaq Suad Qaranın kinoda böyük tapıntısıdır. Təsəvvür edirsiniz? İstənilən obrazı canlandırmaq üçün gərək onun həyatını realda yaşayasan...
Obraza girmək yox, qarışdırmayın. Suad Qara təklif edir ki, oynadığın qəhrəman həyatda necə yaşayıbsa, sən də gərək kinodan kənar da bütün bunları yaşayasan. Yəni qəhrəmanın fahişədirsə, sən də gərək real həyatda fahişəliklə məşğul olasan. Bu, Suad Qaranın dünya kino tarixində çox böyük tapıntısıdır...
Məni bir fikir maraqlandırır. Suad Qaranın atası uzun müddət Azərbaycan Respublikasının mədəniyyət naziri olub. Ondan qabaq da gənclər və idman naziri işləyib. Görəsən, Əbülfəs Qarayev nazir olanda bu filmə yayım vəsiqəsi verərdi?..
Bu cızma-qara film ətrafında yaranmış qalmaqalın əsas səbəbini bu sualda axtarmaq lazımdır. Əbülfəs Qarayev bilə-bilə ki, belə bir filmə icazə verilməyəcək, onda niyə qızını belə addım atmaqdan çəkindirmədi? Axı o özü nazir olanda nə qədər ssenariləri dəyişməyə müəllifləri məcbur etmişdi. Neçə ideyanı beşiyindəcə boğmuşdu ki, milli mənəvi dəyərlərimizə uyğun deyil. Bəs niyə qızına izah etmədi ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəlirindən biri olan Məhsəti haqqında belə təhqiramiz film çəkmək olmaz...
Mən qətiyyətlə bildirirəm ki, Suad Qaranın “Məhsəti” filmi Azərbaycanı təxribata çəkməyə hesablanıb. Qeyd etdiyim kimi, bu film 2024-cü ildə çəkilib və Avropada bir neçə çox da məşhur olmayan festivalda nümayiş olunub. Amma heç bir uğur qazana bilməyib. Qazana da bilməzdi. Çünki zəif, uğursuz filmdir. Filmin yaradıcıları bu mövzunu ekranlaşdırmaqla ümid edirdilər ki, Avropada, Amerikada böyük uğur qazanacaqlar. Çünki Orxan Pamuk nümunəsi bu manqurtlara rahatlıq vermir. Amma unutdular ki, Orxan Pamuk anti-milli mövqedə dayansa da, onun böyük istedad sahibi olduğu heç kimdə şübhə doğurmur. Hazırda Fransada yaşayan müasir rus kinosunun ən istedadlı nümayəndələrindən olan Zvyaqentsev öz filmlərində millətini sonsuz dərəcədə alçatsa da (“Leviafan” filmi), bədii sənət nümunəsi yarada bilmişdi və hətta ən nüfuzlu festivallarda mükafat qazanmışdı.
Suad Qara öz aləmində Avropanı cəlb edəcək mövzuya müraciət edib, millətini alçaltmaq üçün qondarma mövzu tapıb. Amma bu qondarma mövzudan bədii sənət nümunəsi yarada bilməyib. Ona görə də ümid etdiyi uğur baş verməyib. Hətta millətini alçatsa belə.
Film 2024-cü ildə çəkilib və bir neçə ölkədə nümayiş olunub. Buna baxmayaraq, bu film haqqında kimsənin xəbəri belə olmayıb. Çünki filmin yaradıcıları düşündüklərinə nail ola bilməyiblər. Ona görə də bu çızma-qara video ətrafında qalmaqal yaratmaq üçün onu Bakıda keçirilən festivala təqdim ediblər. Onlar bunu edəndə tam əmin idilər ki, film kütləvi nümayişə buraxılmayacaq. Deməli, bunlara festivalda iştirak yox, film ətrafında qalmaqal lazım idi. Belə qalmaqaldan sonra isə Avropada, Amerikada hər hansı uğura ümid etmək olar...
Əbülfəs Qarayevin mədəniyyət naziri işlədiyi dövrün ən məşhur filmi “Xoxan” filmidir. Düzdür, bu filmin nazirliyə aidiyyəti yoxdur. Amma nazir kimi onun yaratdığı kino mühitinin şedevri “Xoxan” oldu. Mədəniyyət Nazirliyinin yayım vəsiqəsi verdiyi “Xoxan” müstəqillik dövrümüzün kinoteatlarda ən çox baxılan filmidir. Mən zarafat etmirəm. Bu həqiqətdir. Əbülfəs Qarayevin nazir kimi yaratdığı həqiqət...
Bədii Şuranın bu film ətrafında qaldırdığı qalmaqalı da anlaya bilmirəm. Bir cümlə ilə izah etmək olardl ki, film peşəkarlıq baxımından aşağı səviyyəli olduğuna görə festivalda nümayişi məqsədə uyğun hesab edilmir. Vəssalam. Suad Qaraya Avropada populyarlıq qazanmaq üçün imkan verməyə, belə ciddi qalmaqal yaratmağa ehtiyac yox idi. Onlar elə bunu istəyirdilər ki, Avropada, Amerikada göstərsinlər ki, Azərbaycanda yaradıcılıq azadlığı necə boğulur...
Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən olan Məhsəti Gəncəvi Suad Qara üçün bir vasitədir. İngiltərədə, Avropada rəsm əsərlərinin ticarəti ilə məşğul olan və bu işdə kifayət qədər uğur qazana bilən bir rəsm əsərləri alverçisi birdən-birə kino çəkmək həvəsinə niyə düşüb görəsən? Tutaq ki, öz aləmində kiminləsə bəhsə girib bu addımı atıb. Bunun üçün də klassik şairənin, 900 il bundan əvvəl ədəbi incilər yaradan Məhsəti Gəncəvinin həyatını, yatağını təftiş etməyi məqsəd seçib. Məhsəti yaradıcılığına vurğunluğundan deyil bu seçim. Avropanın bəlli çevrəsində özünə yer axtarışıdır məqsədi.
Ən acınacaqlısı odur ki, bu mənasız film ətrafında yaranmış və ya yaradılmış qalmaqalın nəticəsi o oldu ki, bəziləri sübut etməyə başladılar ki, Məhsəti heç azərbaycanlı deyilmiş. Yəni nə boğazınızı yırtırsınız, Məhsəti Gəncəvnin Azərbaycana aidiyyəti yoxdur...
Suad Qara “qadın azadlığı”nın müdafiəçisi kimi özünü ortaya atıb millətinin dəyərlərinə tüpürərək, bəlkə də üzvü olduğu hansısa qeyri-ənənəvi seksual sektanın sifarişini yerinə yetirir. Məgər qadın azadlığı ərinin yardımı ilə hər gecə bir sultanın ağuşunda axrarılır? Azərbaycanda Avropanın normal kəsiminin rəğbətini, sevgisini, hörmətini qazana biləcək kifayət qədər qadın azadlığına aid mövzular var. Bu mövzular Suad Qaraya maraqlı deyil. Onun həyat tərzinə uyğun gəlmir...
Suad Qaranın diqqətinə Avropada, Amerikada, dünyanın istənilən ölkəsində maraqla qarşılanacaq və Azərbaycan qadınının şərəfini nümayiş etdirəcək bəzi mövzuları çatdırmaq istəyirəm.
Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçısı, xalq artisti Kövkəb xanım Səfərəlibəyova gənc bəstəkar Asəf Zeynallı ilə nişanlı olur. Asəf Zeynallı 23 yaşında dünyasını dəyişdikdən sonra Kövkəb xanım ömrünün sonuna qədər sevgisinə sədadət nümayiş etdirir və heç vaxt evlənmir. Saysız-hesabsız evlilik təkliflərinin hamısını rədd edərək, “mən Asəfin nişanlısıyam, ona xəyanət edə bilmərəm” deyir.
Suad Qara bunu anlamaz, onun və ətrafı üçün belə qadın ləyaqəti, şərəfi maraqlı deyil.
Bütün Şərq aləminin ilk balet ustası, SSRİ xalq artisti Qəmər Almaszadə mühafizəkar müsəlman ailəsində dünyaya göz açıb. Atası Hacıağa qatı dindar, bütün dini ayinlərə əməl edən birisi olub. Kiçik yaşlı qızının balet studiyasına getdiyini biləndə onu balta ilə öldürmək istəyib. Anası qızını gözü qızmış atasının əlindən çətinliklə xilas edə bilib. Ölüm təhlükəsinə baxmayaraq, Qəmər xanım gizlincə balet studiyasına getməyə davam edir və sənətin ən ali pilləsinə qədər yüksəlir.
Suad Qara bu mövzunu işləyib avropalılara təqdim etsəydi, Azərbaycan qadınının adına şərəf gətirməzdimi?
Vətən müharibəsində nişanlısının şəhid olduğunu eşidən gənc qız gəlinlik paltarını geyinib qayınatasının evinə gələn və “bundan sonra mənim evim buradır” deyən Azərbaycan qızının ləyaqəti Suad Qaranı təsirləndirmədi?
Vətən müharibəsində şəhid olan ərinin əsgər paltarını geyinərək bütün adət-ənənələrin əksinə gedərək qəhrəman ərinin nəşi olan tabutu öz zərif çiyinlərində qəbiristanlığa aparan Azərbaycan qadını Suad Qaranın gözündə ləyaqət simvolu ola bilmədi...
Suad Qara uzun müddət gənclər və idman naziri, daha sonra mədəniyyət naziri işləmiş Əbulfəs Qarayevin qızıdır. Görkəmli bəstəkar Qara Qarayevin qardaşı nəvəsidir. Bu azmış kimi məşhur teatr rejissoru, Dövlət Dram Teatrının baş rejissoru, xalq artisti Tofiq Kazımovun nəvəsidir. Ən dəhşətlisi isə şair, dramaturq, maarifçi pedaqoq, jurnalist, naşir Səməd Mənsurun nəticəsidir. Bu qədər məşhur, tanınmış iki nəslin nümayəndəsi olan Suad Qara görəsən hansı mühitdə formalaşıb? Onun bu əqidədə yetişməsinə rəvac verən nədir? Harda boşluq yaranıb?
Görəsən Suad Qara ulu babası Səməd Mənsurun övladlarına yazdığı “Övladlarıma vəsiyyət” məktubundan-əsərindən xəbəri varmı?
Böyük Səməd Mənsurun həyatının sonuna yaxın yazdığı, mənəvi dəyərlər, doğruluq, sədaqət, eləcə də həyatın fani və dəyişkən mahiyyəti (hər şeyin “rəng” olması) haqqında öyüd-nəsihətlər ehtiva edən fəlsəfi məktubunu Suad Qaraya göstəriblərmi?..
Həpsi rəngdir.
Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.
Məscidü-meyxanə rəng, eyşü-ibadət rəngdir.
Mey riya, məşuqə qəşş, hüsnü-vəcahət rəngdir
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.
Görmədim bir zərri-xalis buteyi-nasutidə,
Mənəvi min ləkə gördüm ləldə, yaqutidə,
Biqərəz insan olur görmək fəqət tabutidə,
Bilməzəm varmı sədaqət aləmi-lahutidə,
Azma, fikrim, cümlə ecazi-kəramət rəngdir.
İndi ki mümkün deyil aləmdə olmaq kamiyab,
Ey gözün qurbanı, saqi, ver genə sağər şərab,
Ver genə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsur rahət iktisab,
Yoxsa bu aləmdə yoxdur istirahət, rəngdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Dekabr 2025 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















