Icma.az
close
up
RU
Ekspert: Azərbaycan bütün Avrasiya məkanında enerji keçidində mərkəzi rol oynaya bilər MÜSAHİBƏ

Ekspert: Azərbaycan bütün Avrasiya məkanında enerji keçidində mərkəzi rol oynaya bilər MÜSAHİBƏ

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 avqust, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Adelaida Universitetinin İqtisadiyyat professoru, Adelaida Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi, beynəlxalq ticarət və iqtisadi inkişaf üzrə ekspert Riçard Pomfret ilə müsahibəni təqdim edir.

– Azərbaycan müstəqillik əldə etdikdən sonra onun iqtisadi trayektoriyasını Cənubi Qafqazın digər ölkələrindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır?

– Müstəqillik əldə edildikdən sonrakı ilk illər Azərbaycanda Ermənistanla münaqişə ilə müşayiət olundu. 1995-ci ildən sonra, xüsusilə də 1999-cu ildə dünya neft qiymətlərinin artması fonunda ölkənin iqtisadi inkişafı enerji sektoru ətrafında cəmləşdi. XXI əsrdə Azərbaycan Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə daha çox rifaha nail oldu. Bu rifah böyük ölçüdə neft və qaz ixracından əldə olunan gəlirlər sayəsində mümkün oldu və bu gəlirlər infrastruktur sahəsinə genişmiqyaslı investisiyaların yatırılmasına imkan verdi. Gürcüstan və Ermənistandan fərqli olaraq, Azərbaycan Dövlət Neft Fondu vasitəsilə əhəmiyyətli maliyyə ehtiyatları toplaya bildi.

Bundan əlavə, iqtisadi artım hökumətə genişmiqyaslı sosial proqramların həyata keçirilməsinə və uzun illər ərzində yoxsulluq səviyyəsinin azaldılmasına şərait yaratdı.

– Pandemiyadan sonra, Avropada enerji böhranı və Ukraynadakı müharibə fonunda Azərbaycanın yeni geoiqtisadi reallığa uyğunlaşmaq qabiliyyətini necə qiymətləndirirsiniz? Bakının Şərqlə Qərb arasında “imkanlar körpüsü”nə çevrildiyini demək olarmı, yoxsa bu sadəcə ritorikadır?

– Bu, sadəcə ritorika deyil. Şərq-Qərb istiqamətində alternativ nəqliyyat dəhlizlərinə artan maraq Azərbaycanı tədricən mühüm tranzit və logistika mərkəzinə çevirir. Bu, əsasən onunla bağlıdır ki, Bakı və Ələt limanı Xəzər dənizinin qərb sahilində yerləşən, nə Rusiyaya, nə də İrana məxsus olan yeganə iri limanlardır. Belə unikal coğrafi, siyasi mövqe Azərbaycanın qlobal ticarət və tranzit marşrutlarının yenidən qurulması prosesində strateji əhəmiyyətini artırır. Eyni zamanda, Ukraynada müharibənin başlanmasından sonra Avropanın enerji mənbələrini şaxələndirmək səyləri də Azərbaycana əlavə üstünlüklər verir. Avropanın Rusiya enerjisindən imtina etdiyi bir vaxtda Bakı etibarlı tərəfdaş kimi həm neft, həm də qaz tədarük edir. Bu isə Azərbaycanın enerji diplomatiyasını gücləndirməyə, onun regional və beynəlxalq bazarlardakı əhəmiyyətini artırmağa imkan verir.

Bundan əlavə, Azərbaycanın infrastruktur – dəmir yolları, avtomobil yolları və logistika mərkəzlərinə yatırdığı sərmayələr ölkəyə qlobal tədarük zəncirlərindəki dəyişikliklərdən faydalanmağa şərait yaradıb. Xüsusilə Orta Dəhliz yeni diqqət mərkəzinə çevrilib və Azərbaycan onun inkişafında fəal rol oynayır. Nəticədə, Azərbaycan artıq sadəcə bir nöqtə deyil – o Avrasiya bağlantısının əsas halqasına çevrilir.

– Azərbaycan onilliklər ərzində iqtisadiyyatını xammal ehtiyatlarının ixracına əsaslanan model üzərində qurub. Sizcə, son illərdə iqtisadiyyatın diversifikasiyası istiqamətində atılan addımlar – xüsusilə logistika, informasiya texnologiyaları və kənd təsərrüfatına yatırılan sərmayələr – uğurlu sayılarmı?

– Qeyd etdiyiniz sahələr – logistika, İT və kənd təsərrüfatı, doğrudan da inkişaf potensialına malikdir, lakin bu potensialın reallaşması üçün dövlət tərəfindən məqsədyönlü və ardıcıl səylər tələb olunur. Bu sahələrin, xüsusilə İT və logistikanın tələblərinə cavab verə biləcək ixtisaslı kadrların hazırlanması üzrə aydın strategiyanın qurulması vacibdir.

Bundan əlavə, infrastrukturun tikintisi problemin yalnız bir hissəsidir; insan kapitalının inkişafı və institusional islahatlar olmadan bu sahələr geniş miqyaslı inkişaf mərhələsinə çata bilməz. Hazırda neft və qaz gəlirləri qlobal qeyri-sabitlik dövrlərində iqtisadiyyatın sabitləşdirilməsində əsas rol oynayır.

— Azərbaycan Şərq və Qərb infrastrukturlarını birləşdirən regional enerji “platforma-dövlət”inə çevrilə bilərmi, məsələn, hidrogen və elektrik enerjisi üçün “yaşıl dəhliz” çərçivəsində?

— Bəli. Öz coğrafi mövqeyi, mövcud enerji infrastrukturu, həm Şərq, həm də Qərb tərəfdaşları ilə möhkəm əlaqələri sayəsində Azərbaycan regional enerji “platforma-dövləti”nə çevrilmək üçün yaxşı ilkin şərtlərə malikdir. Hidrogen və elektrik enerjisi dəhlizlərini əhatə edən yaşıl dəhlizlərin inkişafı Azərbaycanın enerji sektorunun modernləşdirilməsi və dekarbonizasiyası üzrə daha geniş strategiyasına tam uyğundur. Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli kimi layihələr Bakının Avropanın enerji sistemi ilə uzunmüddətli inteqrasiyaya sadiqliyini nümayiş etdirir. Davamlı investisiyalar və regional əməkdaşlıq şəraitində Azərbaycan bütövlükdə Avrasiya məkanında enerji keçidində mərkəzi rol oynaya bilər.

– Sizin Mərkəzi Asiyadakı nəqliyyat marşrutları barədə çoxsaylı yazılarınız var. Azərbaycanın Orta Dəhlizin əsas həlqəsi kimi perspektivlərini necə qiymətləndirirsiniz? Bu istiqamət iqtisadi baxımdan nə dərəcədə dayanıqlıdır və Şimal və Cənub dəhlizləri ilə rəqabət apara bilərmi?

– Orta Dəhliz müəyyən çağırışlarla üzləşir, məsələn, dəmir yolundan dəniz nəqliyyatına və əksinə keçidin zəruriliyi, eləcə də sərhəd keçidlərində qeyri-səmərəlilik. Lakin bunların öhdəsindən gəlmək mümkün olarsa, Orta Dəhlizin rəqabətqabiliyyətli bir variant kimi çıxış etməsinə heç bir ciddi əngəl yoxdur, xüsusilə Çin və Mərkəzi Asiyanı Yaxın Şərq və Cənubi Avropa ilə birləşdirmək baxımından. Azərbaycan bu marşrutda coğrafi mövqeyi və inkişaf etmiş infrastrukturu, xüsusən Ələt Limanı və logistika şəbəkəsi ilə mərkəzi rol oynayır. Rəqəmsallaşmaya və bölgədə gömrük prosedurlarının uyğunlaşdırılmasına yatırılan investisiyalar effektivliyin artırılmasında əsas rol oynayacaq. Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu və geosiyasi gərginliyin artdığı bir dövrdə Orta Dəhlizin strateji əhəmiyyəti durmadan artır.

– Türk dünyası çərçivəsində, xüsusilə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi perspektivlərini necə qiymətləndirirsiniz? Avrasiyada “türk iqtisadi klasteri”nin formalaşmasından danışmaq olarmı?

– Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq artıq çox möhkəmdir. Azərbaycan ilə Qazaxıstan arasındakı tərəfdaşlıq da inkişaf edir və əhəmiyyətli potensial nümayiş etdirir. Lakin digər türk dövlətləri ilə iqtisadi əlaqələr nisbətən zəif olaraq qalır. Bu səbəbdən, hazırkı qarşılıqlı əlaqə səviyyəsinin “türk iqtisadi klasteri”ndən danışmağa əsas verdiyinə əmin deyiləm. Bu ideya mədəni və geosiyasi baxımdan cəlbedici olsa da, onun reallaşması üçün daha möhkəm iqtisadi təməl tələb olunur. Azərbaycan Türk dünyası daxilində əlaqələrin dərinləşdirilməsindən fayda əldə edə bilər, lakin bununla yanaşı, türk olmayan qonşularla — Orta Dəhlizin inkişafında iştirak edən və regional ticarətlə maraqlanan ölkələrlə daha geniş əməkdaşlıq da vacibdir. Uzunmüddətli perspektivdə balanslı və inklüziv yanaşma daha səmərəli ola bilər.

– Azad olunmuş ərazilərin bərpası genişmiqyaslı investisiyalar tələb edir. Qarabağın milli iqtisadiyyata inteqrasiyası üçün optimal iqtisadi model hansı olmalıdır ki, büdcə transfertlərindən asılılıq yaranmasın?

– İlk növbədə, nəqliyyat şəbəkələri, məktəblər, xəstəxanalar və həyat təminatı sistemləri kimi həyati vacib infrastrukturun bərpası zəruridir. Eyni zamanda, bölgədə sahibkarlığın başlanması və inkişafını asanlaşdıracaq əlverişli biznes mühitinin yaradılması mühüm əhəmiyyət daşıyır. Özəl investisiyaların və sahibkarlıq fəaliyyətinin təşviqi yerli iqtisadiyyatın şaxələndirilməsinə və dövlət büdcə transfertlərindən asılılığın azaldılmasına töhfə verəcək.

Bundan əlavə, yerli əhali üçün təlim proqramlarının və dəstək xidmətlərinin təqdim edilməsi insan kapitalının möhkəmləndirilməsinə və davamlı inkişafa şərait yaradacaq. Qarabağın nəqliyyat, logistika əlaqələrinin yaxşılaşdırılması hesabına milli və regional bazarlara inteqrasiyası da onun iqtisadi perspektivlərini daha da artıracaq.

— Çin, Türkiyə və Avropa İttifaqının Azərbaycan iqtisadiyyatındakı rolunu necə qiymətləndirirsiniz? Rusiyanın təsirinin zəiflədiyi bir şəraitdə bu aktorlar iqtisadi mövcudluqlarını gücləndirərək yeni bir rəqabət konfiqurasiyası yarada bilərlərmi?

— Çin, Türkiyə və Avropa İttifaqı Azərbaycanın iqtisadi inkişafına və şaxələndirilməsinə töhfə vermək üçün əhəmiyyətli potensiala malikdir. Onların hər biri müxtəlif sahələrdə güclü tərəflərə sahibdir - Çin infrastruktur və investisiyalar sahəsində, Türkiyə sıx mədəni və siyasi əlaqələr sahəsində, Avropa İttifaqı isə texnologiyalar, ticarət standartları və institusional potensialın inkişafı baxımından. Lakin bu aktorların Azərbaycanda yeni rəqabət konfiqurasiyası formalaşdırmaq qabiliyyəti əsasən Azərbaycanın iqtisadi və xarici siyasət qərarlarından asılı olacaq. Məhz daxili islahatlar, investisiya mühiti və Azərbaycanın strateji prioritetləri bu tərəfdaşlıqların nə dərəcədə səmərəli olacağını müəyyən edəcək. Tarazlaşdırılmış və peşəkar şəkildə idarə olunan yanaşma hər üç tərəflə əməkdaşlığın üstünlüklərindən maksimum yararlanmağa, eyni zamanda milli maraqları qorumağa imkan verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saç ustası olduğu deyilən həkim DANIŞDI

22 Avqust 2025 09:52see224

Talassemiya Mərkəzi ilə bağlı narazılıqlar: Pasiyentlər dərman çatışmazlığından şikayətçidirlər

22 Avqust 2025 00:35see191

Kişilər, çox kök yeməyin!?.

21 Avqust 2025 23:26see170

Məşhur ağrıkəsici şizofreniya simptomları YARATDI

22 Avqust 2025 00:10see134

AFFA nın baş katibi “Qarabağ”ın qonağı olub Şəkillər

23 Avqust 2025 06:01see129

Avropa Liqası: “Samsunspor” ilk oyunda “Panatinaikos”a uduzub

22 Avqust 2025 00:08see126

“Putin Ukraynaya hücum barədə düşünməsin deyə...”

23 Avqust 2025 04:32see125

Qarpızı necə kəsmək lazımdır? İndiyə kimi səhv edirmişik

22 Avqust 2025 09:54see123

Premyer Liqa klubu 70 milyona hücumçu alır

22 Avqust 2025 23:39see122

Benfika dan Beşiktaş a maraqlı mesaj

22 Avqust 2025 23:46see122

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see121

Dost Estetik Mərkəzi ndə əməliyyat zamanı qeyri etik görüntüləri yayılan həkim DANIŞDI

22 Avqust 2025 00:48see120

Manaf Ağayevin illər ərzində cavanlaşması diqqət çəkdi VİDEO

22 Avqust 2025 16:06see119

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see119

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see117

Şakiradan fırıldaqçılıq: Himndən əldə olunan pullar mənimsənilib?

22 Avqust 2025 05:01see117

Kralı təhqir edən siyasətçi və milyarderə bəraət verildi

22 Avqust 2025 18:15see117

Aİ Ukrayna üçün 4 milyarddan çox vəsait ayırdı

22 Avqust 2025 17:48see116

Qars İğdır Dilucu dəmir yolu xətti Orta Dəhlizlə strateji inteqrasiyanı gücləndirəcək Deputat

22 Avqust 2025 16:31see115

Gənc valideynlər niyə övladlarına milli ad verməkdən çəkinirlər?

23 Avqust 2025 02:18see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri