Icma.az
close
up
RU
Ekspert: Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər Yaxın Şərq ölkələrinin diqqətini cəlb edir MÜSAHİBƏ

Ekspert: Azərbaycanda keçirilən beynəlxalq miqyaslı tədbirlər Yaxın Şərq ölkələrinin diqqətini cəlb edir MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskva, 6 fevral, AZƏRTAC

Yaxın Şərq Araşdırmaları Mərkəzinin prezidenti (Moskva, Rusiya), Milli Tədqiqat Universitetinin “Ali İqtisadiyyat Məktəbi”nin, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dəvət olunmuş müəllimi, “Vostoçnı karaul” “Telegram” kanalının müəllifi, Yaxın Şərq üzrə ekspert, dövlət və özəl strukturların məsləhətçisi Murad Sadıqzadə AZƏRTAC-a müsahibəsində mövcud vəziyyət, onun qlobal neft və qaz bazarlarına təsiri, eləcə də Azərbaycanın bu regionun ölkələri ilə əlaqələri haqqında danışıb.

- Bu gün Yaxın Şərqin üzləşdiyi əsas çağırışlar hansılardır?

- Məncə, burada bir neçə çağırış var. Birincisi, həm qlobal, həm də regional arenada dünya nizamının transformasiyası və güc balansının dəyişməsi ilə bağlı geosiyasi risklər mövcuddur. Region ölkələri qeyri-müəyyən bir vəziyyətə düşür. Belə ki, onlar dünyanın güc mərkəzləri arasında tarazlığı saxlamaq məcburiyyətindədir. Qeyri-müəyyənlik ondadır ki, onlar bir tərəfdən maliyyə, ticarət, texnologiya və təhlükəsizlik baxımından Qərb ölkələrindən asılıdırlar, digər tərəfdən isə region dövlətləri tarixən keçmişdə Qərb müstəmləkəçiliyinin dağıdıcı təsiri, son onilliklərdə Vaşinqton və onun müttəfiqlərinin dağıdıcı hegemonluğu ilə üzləşiblər. İkincisi, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İran, İsrail və Türkiyənin təmsil etdiyi regional aktorlar arasında ziddiyyətlər var. Regional aktorların regionda öz maraqlarını genişləndirmək istəyi qlobal oyunçuların maraqları ilə birləşərək Yaxın Şərqin bütün perimetri boyunca proksi müharibələrin başlanmasına səbəb olur. Üçüncüsü, regionda həll olunmamış etnik-konfessional ziddiyyətlər, xüsusən də əsas münaqişələrlə bağlıdır - fələstinlilərlə israillilər arasında demək olar ki, bir əsrdir davam edən qarşıdurma bu gün yenidən bütün regionu alt-üst edib. Dördüncüsü, təbii ki, regionun əksər ölkələrində hegemon güclərin qarşıdurması, yüksəksəviyyəli münaqişələr və səmərəsiz dövlət iqtisadi siyasəti ilə daha da ağırlaşan sosial-iqtisadi problemlər davam edir.

- Son illər regionda qüvvələr nisbəti necə dəyişib? İndi əsas rolları kimlər oynayır?

- 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra bölgə transformasiyaya başladı və qüvvələr balansı sarsıldı. 2020-ci ilə qədər 2010-2011-ci illərdə baş verən “Ərəb baharı” hadisələrindən sonra kəskinləşən əsas regional aktorlar arasında qarşıdurma potensialı azaldı və bu, İsrail ilə ərəb dövlətləri arasında münasibətlərin normallaşacağına ümid verdi. Səudiyyə Ərəbistanı ilə də münasibətlər normallaşmağa başladı, İran və Səudiyyə Ərəbistanı dialoqa başlayıb və əlaqələr konstruktiv əməkdaşlığa doğru istiqamətlənib. Amma 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra bölgədə uzun müddətdir davam edən problem - Fələstin məsələsi yenidən kəskinləşməyə başladı. İranın bölgədəki təsiri xeyli zəifləyib, baxmayaraq ki, bu, təkcə Hizbullah və digər İrana bağlı qruplara qarşı hücumlarla deyil, həm də Prezident Rəisinin ölümündən sonra İslam Respublikasında daxili siyasi transformasiyalarla bağlı idi. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd hakimiyyətinin sona çatması və hakimiyyətin Tehrana dost olmayan yeni qüvvələrə keçməsi də İranın maraqlarına güclü zərbə vurdu.

Məhz bunun nəticəsidir ki, indiki məqamda regionda siyasi mənzərənin transformasiyasının davam etdiyini və qüvvələr balansının yeni optimal nöqtəsinin hələ də tapılmadığını görürük.

- Azərbaycanla Yaxın Şərq ölkələri arasında münasibətlər necə dəyişib? Əməkdaşlıq üçün hansı perspektivlər var?

- Son illər Bakı Yaxın Şərq ölkələri ilə siyasi və iqtisadi əlaqələri gücləndirib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər Yaxın Şərq ölkələrinin diqqətini cəlb edir. Ölkəyə turist axınının artması və humanitar sahədə əməkdaşlığın genişlənməsi Bakının region ölkələri ilə qarşılıqlı əlaqələrinə müsbət təsir göstərir. Azərbaycanın OPEC+ sazişində iştirakı, D8 iqtisadi assosiasiyasına qoşulması, Əlcəzairin Fransa tərəfindən törədilən soyqırımının tanımasını dəstəkləməsi və bir sıra digər amillər əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərir.

Yeni üfüqlərə çatmaq üçün Bakı iqtisadi təhlükəsizliyini gücləndirə və regionun bütün ölkələri, xüsusən də İran, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ kimi regional aktorlarla balanslaşdırılmış siyasəti davam etdirə bilər. Azərbaycanın praqmatik və çevik siyasəti Körfəzin ərəb dövlətlərindən ölkə iqtisadiyyatına, xüsusən də Qarabağın bərpası və inkişafına daha çox sərmayə cəlb edəcək. Amma qeyd etmək lazımdır ki, regionda yüksək münaqişə potensialı səbəbindən Azərbaycan müxtəlif aktorların maraqları arasında tarazlıq yaratmalı və regional oyunçuların bir-biri ilə ziddiyyətlərinə cəlb olunmasına imkan verməməlidir ki, hazırda Bakı bunu çox səmərəli edir.

Əməkdaşlıq potensialı böyükdür və başa düşmək lazımdır ki, Bakı region ölkələri üçün mühüm tərəfdaş ola bildiyi kimi, region ölkələri də Azərbaycanın Yaxın Şərq və Şimali Afrika ölkələri ilə mədəni və dini oxşarlıqlara əsaslanan xarici siyasətinin və iqtisadi planlarının həyata keçirilməsi baxımından maraqlı ola bilər.

- Bu gün Yaxın Şərqdə hökm sürən qeyri-sabitlik qlobal neft və qaz bazarlarına necə təsir edir?

- İndiyə qədər bütün hadisələr qlobal neft bazarına minimal təsir göstərib, çünki karbohidrogen ixracatçılarının açıq münaqişələrdə ciddi iştirakı olmayıb. Bundan əlavə, biz başa düşməliyik ki, OPEC+ sazişləri və dünya neft bazarında sazişdən kənar ölkələrin payı sayəsində neftin qiymətini sabitləşdirmək mümkündür. Amma İsrail və İran arasında münaqişə ABŞ-ın iştirakı ilə şiddətlənərsə, böyük tərəddüd riski var. Fars körfəzində potensial döyüşlər təchizat problemlərinə səbəb ola bilər, çünki dünya neft ixracının demək olar ki, yarısı bu regiona məxsusdur.

- Yaxın gələcəkdə Fars körfəzi ölkələrinin dünyanın enerji mərkəzləri kimi rolunun dəyişməsi mümkündürmü?

- İndiyə qədər bəşəriyyət neft və qazdan daha səmərəli və sərfəli enerji mənbələri tapmayıb. Fars körfəzi ölkələrinin zəngin olduğu sərvətlər də bunlardır. Region ölkələri özləri gəlir mənbələrini şaxələndirməyə və neft sektorunun milli ÜDM-dəki payını azaltmağa çalışırlar, amma mövcud tendensiyalarla biz yalnız alternativ enerji mənbələrinin daha əlçatan və gəlirli olduğu yeni onillikdə nəzərə çarpacaq nəticələri görə biləcəyik. Ancaq hələ ki, mən Körfəz ölkələrinin dünya iqtisadiyyatının enerji mərkəzləri kimi rolunda xüsusi transformasiya görmürəm.

- Regionda alternativ enerjinin perspektivləri necədir? Ənənəvi mənbələr ilə rəqabət edə bilərmi?

- Hazırkı mərhələdə Yaxın Şərqin rəqabət qabiliyyəti o qədər də güclü olmasa da, region ölkələrinin bütün inkişaf strategiyalarında bərpaolunan enerji mənbələrinin inkişafı və milli iqtisadiyyatların karbon neytrallığına nail olması məsələsinə ciddi diqqət yetirilir. Regionun nüvə enerjisinə xüsusi marağı var. Belə ki, Türkiyə, Misir və BƏƏ artıq atom elektrik stansiyaları tikib və ya inşa edir, Səudiyyə Ərəbistanı podratçılar cəlb etmək prosesindədir, Əlcəzair də bu məsələdə maraqlıdır.

Regionun bir çox ölkəsində günəş və külək enerjisi layihələri hazırlanır. Bərpaolunan enerji mənbələrinin inkişafına özəl və dövlət investisiyaları qoyulur və ölkələr bu sahədə yaxşı göstəricilər nümayiş etdirir. Amma hələ ki, bu enerji mənbələri potensial karbohidrogenlərlə rəqabət aparacaq qədər böyük deyil.

- Yaxın Şərq Çinin regionda təsirinin artmasına necə reaksiya verir? Pekin ərəb ölkələri üçün əsas tərəfdaş ola bilərmi?

- Çin 2000-ci illərin əvvəllərindən region ölkələri ilə iqtisadi-ticari əlaqələrini fəal şəkildə genişləndirir. Məhz Yaxın Şərq Rusiya ilə birlikdə Çin, Hindistan və digər Asiya ölkələrinə enerji resurslarının mühüm ixracatçısıdır. Son illərdə Pekin regiona aid siyasi məsələlərlə fəal şəkildə məşğul olmağa başlayıb. Burada bir çox mövzularda Pekin ilə Moskva arasında mövqelərin birləşməsini görə bilərik. Region ölkələri inteqrasiya birliklərində, o cümlədən ŞƏT və BRICS-də fəal iştirak edir.

Pekinin region ölkələrinin əsas tərəfdaşına çevriləcəyi ilə razılaşmıram, çünki Yaxın Şərq dövlətləri də əlaqələrini şaxələndirməyə çalışır. Belə ki, ABŞ-ın regionda uzun illər hökmranlığı Yaxın Şərq liderlərinə mühüm dərs verib ki, ölkə təkbaşına heç kimdən asılı ola bilməz, müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətlər qurmaq, tarazlıq yaratmaq və onların milli maraqlarının müdafiəsi ilə məşğul olmaq lazımdır. Ona görə də onlar Vaşinqton, London və Brüssel, eləcə də Moskva, Pekin və Yeni Dehli ilə əlaqələri inkişaf etdirəcəklər. Bu, “dünyada çoxluq” ölkələrinin can atdığı yeni reallıq və çoxqütblü dünya nizamıdır.

- Yaxın 10-15 ildə regionun hansı ölkələri yeni siyasi və iqtisadi lider ola bilər?

- Prinsipcə, mən regional aktor adlandırdığım həmin ölkələri - Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, İran və İsraili düşünürəm. Çünki bu gün iqtisadiyyat və təhlükəsizlik vacib amillərdir, əgər bu ölkələr öz iqtisadiyyatlarında islahatlar apara və yüksək texnologiyalara nail ola bilsələr, o zaman flaqman olaraq qala bilərlər. Məsələn, bu gün həmin ölkələrin hərəkətlərini təhlil edə bilərik. Sadaladığım altı ölkənin hamısı texnoloji inkişafa çalışır, çünki bu, onlara öz iqtisadiyyatlarını rəqabətqabiliyyətli etməyə, hərbi sənaye kompleksini inkişaf etdirməyə, cəlb olunan investisiyaların həcmini artırmağa və xalqlarının rifahını gücləndirməyə imkan verir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri