Icma.az
close
up
RU
El Romandan yeni şeirlər

El Romandan yeni şeirlər

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Səhralara ismarış

Bu gecə batmadım qızılgüllərə,

sənin də yuxuna daş qarışdımı?

Yağan yağışdımı?

görən, yağmağa

sən evdən çıxanda başlamışdımı?

Səni xar edəni indi yar etmək,

sanki bir diyarı min diyar etmək.

Yağışlı havada intihar etmək

bütün səhralara ismarışdımı?

Sevgilim,

Allaha bu yer kürəndə

halallıq vermişdim hər öskürəndə.

Bərk-bərk tapşırmışdım, səni görəndə

demişdim, xoş danış, xoş danışdımı?

Gəlirəm heç nəsiz,

sənsiz, atasız,

belim tapançasız, cibim fotosuz,

bıçağım itisiz, köynək ütüsüz,

gedəndə baxaydın kaş, qırışdımı?

Buludlar solumdan, quşlar sağımdan

yanına uçardı Qoşqar dağından.

Görəsən, hələ də baş barmağından

saçının ucuna beş qarışdımı?

Bu gecə batmadım qızılgüllərə,

sənin də yuxuna daş qarışdımı?

Yağış tanışdımı?

görən, yağmağa

Mən evdən çıxanda başlamışdımı?

Bir

“Bir qəbrimiz olsaydı, ölərdik...” (İlqar Fəhmi)

Bir ömrümüz olsaydı, sürərdik,

Bir eşqimiz olsaydı, anardıq.

Bir ruhumuz olsaydı, görərdik,

Bir Rəbbimiz olsaydı, danardıq.

Bir cismimiz olsaydı, asardıq,

Bir arzumuz olsaydı, tutardıq.

Bir yaşımız olsaydı, susardıq,

Bir başımız olsaydı, qatardıq.

Bir cöngəmiz olsaydı, baxardıq,

Bir toğlumuz olsaydı, kəsərdik.

Bir bətnimiz olsaydı, doğardıq,

Bir oğlumuz olsaydı, küsərdik.

Bir haqqımız olsaydı, gülərdik,

Bir ağrımız olsaydı, olardıq.

Bir məğzimiz olsaydı, ölərdik,

Bir fərqimiz olsaydı, qalardıq.

Bir səhvimiz olsaydı, edərdik,

Bir nurumuz olsaydı, çilərdik.

Bir dünyamız olsaydı, gedərdik,

Bir dünyamız olsaydı, gələrdik.

O qız

O qız papaq atar bizim qapıya,

o qız papaq atar,

qırmızı papaq...

Tapsanız, razıyam, lap sizin olsun,

axtaraq,

birtəhər o qızı tapaq.

O qız sürməsini baş barmağıyla

çəkər gözlərinin yaş tərəfinə.

O qızın falında hərfin heç biri

bənzəməz adımın baş hərifinə.

O qızı uzaqdan tanımaq olar,

dünyanın ən gözəl qızıdı o qız.

Bütün gəncliyini bu gündən sonra

mənə qurban verən quzudu o qız.

O qızı gözümdən nə sala bilər?

O qızın önündə neçə qız sınır.

O qızın qəlbinə dəyməyin, onun

qəlbi yumurtadan daha tez sınır.

O qızın qəlbində tonqal qalanar,

sönməyən tonqalın butası mənəm.

O qızın atası mən olmasam da,

o qızın qızının atası mənəm.

O qız papaq atar bizim qapıya,

O qız papaq atar,

qırmızı papaq...

Qorxuram, bilələr itirdiyimi,

qorxuram, bir nəfər o qızı tapa...

El Roman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Aprel 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri