Icma.az
close
up
RU
El üçün şəhid Elçin

El üçün şəhid Elçin

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oqtay ABBAS

Qarabağ hamımızın dərdi idi. Sadəcə, uzun çəkdi, görəsən, gülüzlü övladlarına əbədi həsrət qalmış ağlar gözlü şəhid anaları üçün bu zaman nə qədər davam edəcək? Suala ancaq şəhid anaları cavab verə bilər. Qarabağ probleminin davam etdiyi dövrdə irili-xırdalı bir neçə yazı hazırlayıb çap etdirmişəm. Bir kitabım nəşr olunub. Amma şəhid Elçin Səmədovdan yazmaq istəyəndə qələm əlimi yandırıb. Sadəcə, qələm oda, kösövə dönüb, alışdırıb əlimi, barmaqlarımı. Şəhid Sənandan, Sənan İsayevdən yazanda da belə oldu.  O yazını da hazırlamağım uzun çəkdi. Lap indiki kimi, bəlkə buna səbəb şəhidlərin müqəddəs ruhları qarşısındakı məsuliyyət hissidir? Bəlkə də daha dəqiq sözlər, ifadələr seçmək istəyimin yaratdığı bir sonluqla bağlıdır. Çox da böyük olmayan bir kəndin - Şabran rayonunun Ağbaş kəndinin verdiyi şəhidlər gözlərimin önündən çəkilmir.                                                   

Yazmaq asandır, şəhid olmaq çətin. Şəhid olmaq Vətən torpaqlarını heç olmasa onu azad etmək üçün cavan canlarından keçməyə hazır olanların olduğuna insanları inandırmaq deməkdir. Nə az, nə çox - 30 il şəhid verdik. Qan yerdə qalmadı, belə bir ifadə var. Açıqlamasını belə ifadə etmək olar: bu qan ona görə yerdə qalmır ki, o, torpaqlarımızın qarış-qarış azad edilməsi yolunda axıdılıb.

Və görmüşəm ki, müqəddəs insanları ürəkdən gələn ifadələrlə təsvir etmək üçün lazım olan sözlər hələ yaranmayıb - bunlar yer sözləri deyil, daha çox göy sözləri, ruhun tərənnümü, təcəssümüdür. Deməli, əsas qalır indi mövcud olan ifadə imkanlarından istifadəyə. Onların ruhu qələm əhlinə kömək etməsə, olmaz.

Qeybdən gələn səs və ya el üçün. Elçin yaşıdlarından fərqi az, oxşarlığı çox olan bir gənc idi. Fərqini, üstünlüklərini göstərməyi sevməzdi. Görünür, bu fərqin yaratdığı enerjini daha lazımlı işlər üçün saxlayırmış. Göz açandan ailədə valideynlərindən, məktəbə gedəndən ehtiramla yanaşdığı müəllimlərindən həmin o yer haqqında söhbətlərə qulaq asır, ürəyində bu yerlərin suyunu nağıllarda eşitdiyi bədheybətin kəsdiyi haqda hekayətlər quraşdırırdı. Xalq öz övladlarını müqəddəs cahada, geridönməzliyi qaçılmaz olan döyüşlərə hazırlayırdı.

Sanki kimsə təkidlə qulağıma pıçıldayırdı: o, uşaqlıqda, xeyli vaxt, öz adını düz deməyib. Başqa bir səs, - belə şeylər olur, - söyləyirdi. Qulağıma gələn səs əl çəkmirdi - öz adına "El üçün" deyirdi. Kimsə irad tutanda elə ciddi dəyişiklik eləmirdi: "El üçün" deyib, sakitcə dönüb gedirdi. Elə bil adını özü istədiyi kimi deməkdən onu çəkindirəcəklərindən ehtiyatlanırdı adamlar da üstünə  getmirdilər. Sonra özləri də zarafatla elə - Elüçün çağırmağa başladılar onu. Necə istəyir, elə də desin, uşağı rahat buraxırdılar. Onsuz da adam öz adını az işlədir. Bu da olur ondan başqaları soruşanda.

Ağlımdan keçdi ki, qulağımdan getməyən pıçıltının nə qədər real olduğunu soruşum. Mənimlə üz-üzə oturub, ruhən daha uzaqlarda olduğu həssas gözlərdən yayınmayan cavana müraciət etdim.  Az sonra öyrəndim ki, müraciət etdiyim adam Elçinin, şəhid Elçin Səmədovun dost-doğma əmisi oğlu Rəşid Səmədovdur. Xəyallardan ayıldım. Amma xəyallar nə xəyallardı, bilə bilmədim. Şirin də ola bilərdi, kədərli də. Görünür, həm də sualım onu çaşdırmışdı. Üzümə təəccüblə baxdı. Yavaşca dedi:

- Balacalıqda təhrif etdiyi adının mənasını qanı, canı bahasına doğrultdu - Vətən üçün fəda oldu, şəhidlik zirvəsinə ucaldı əmim oğlu Elçin...

Müəllimləri danışır. Onsuz da ağır olan sükutu Bəhram müəllimin söhbəti pozur. Bəhram müəllim rayonun tanınıb-seçilən təcrübəli müəllimlərindəndir. Elçinin müəllimi olub, deyir:

Elçingilin sinfinə "Coğrafiya" fənnini tədris edirdim. Nədənsə Elçinin hərbçi olacağını düşünürdüm. Amma bilməzdim ki, bir zamanlar Azərbaycanı, onun hər qarış torpağını, çayını, daşını, meşəsini, dağını, tanıtdığım bu  sakit təbətli, başqalarında ilk andaca xoş təəssürat yaradan Elçin vaxt gələcək Ağbaşa şəhid kimi, müqəddəs bayrağımızın örtüyündə qayıdacaq. Və nə vaxtsa özünə  "Elüçün" deməsinə maraqla yanaşan Ağbaş camaatı onu ehtiramla qarşılayıb, əbədi mənzilinə - Şabran şəhərindəki  Şəhidlər xiyabanına yola salacaq.

Elçinə xarici dil dərsləri demiş, həm də qohumu Səmədağa müəlim - Səmədağa Quliyev də kövrək anları yada salır: "Elçin Ağbaş kəndinin ilk şəhidi deyil. Allah eləsin Azərbaycanda, eləcə də dünyada bir əbədi sülh qərar tutsun, ellərə, evlərə  şəhid cənazəsi gəlməsin.  Amma təəssüf, dünyada ikili siyasət hökm sürür. Bu siyasət qaldıqca müharibələr də istisna deyil. Odur ki, hər doğulan körpəni, Azərbaycanın şəxsiyyət vəsiqəsini gəzdirən hər bir gənci vətənpərvərlik ruhunda tərbiyə etmək, vətənpərvər insan kimi formalaşdırmaq lazımdır, bu, xüsusən, biz müəllimlərin borcudur.

Danışan şəkillər. Elçinin müxtəlif vaxtlarda çəkilmiş şəkillərinə baxıram. Şəkilərin birində hərbi paltardadır, stulda oturub. Elçinin atası Akif diqqətlə baxdığımı görüb deyir:

- Ömrünün böyük bir hissəsini hərbi paltarda olub, elə bil bu paltarı  çıxarmaqdan qorxurdu. Başqa bir kadrda əlləri bir-birinə daraqlanmış şəkildə təsvir olunub. Üz ifadəsindən narahatlığı aydın hiss olunur. Başadüşüləndir. Hələ də azad olunmayan torpaqlarımızın həsrətindən yaranan hala bənzəyir. Bu da təbiidir. İndi bizim olan torpaqların düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış yoldaşlarının qisasının alınması borcunu yaşamaq da onu belə narahat edə bilər.

Başqa şəkildə gülümsəyir. Atasının dediklərindən belə məlum olur ki, bu şəkil Azərbaycan-Ermənistan münasibətlərində dönüş yaradan, kimin kim olduğunu aşkar edən Aprel döyüşlərindən sonra çəkilib.

Ata ocağında çəkilmiş şəkil hamımızı kövrəldir.

Ot kökü üstə bitər: Yazdıq ki, Elçin Ağbaş kəndində doğulub. Şabran rayonundakı bu kənd əslində Sovet dövründə köçürülmüş (əslində didərgin salınmış) 6 para kəndin əhalisinin yurd çevrilib.

Bir də ayılıb görüblər ki, keçmiş sovetlərin yürütdüyü səhv siyasət nəticəsində can dərmanı bulaqları, yamyaşıl meşələri, yabanı meyvələrlə zəngin ağacları, hər dərdin dərmanı gülü-çiçəyi olan şəfalı torpaqlar boş qalıb. Camaat köç edib arana, öyrəşmədikləri, alışmadıqları ərazilərə. Elnən gələn dərd - toy-bayramdır deyib, taleləri ilə barışmağa, bir az da dəqiq desək, yeni yurda alışmağa çalışıblar. Amma, amma alışıblarmı? Daha yaşlı insanlar danışırlar ki, həmin dövrlərdə, xüsusən, köçün ilk illərində adamlar arasında qızdırma xəstəliyi yayılıb, uşaqlar, qocalar arasında ölüm halları artıb. Nə edəsən? Geriyə dönüşün olmadığını tez başa düşüblər. Başa düşüblər ki, əl-ələ verib "yaxşı günləri yaratmaqdan başqa yol" yoxdur.

Bax, indi haqqında kədərlə, həm də qürurla yazdığım, ruhu neçə illərdir qoruduğu, nəhayət, can qurban verdiyi, şəhidlik zirvəsinə yüksəlmiş Elçin də bu acıları yaşamış bir nəslin nümayəndəsidir. Ulu babası Nadirşah kişi ötən əsrdə doğma yurddan, yaşadığı Güləhdən köçüb Ağbaşa. Bir-birilərinə dayaq olub çətinliklərdən çıxıblar. Çətinliklərin də ucu yox, bucağı yox. Amma bərkiyiblər, qarşılarına qoyduqları məqsədə əxlaqın yol verdiyi bütün imkanlardan, üsul və vasitələrdən istifadə edərək çatıblar. Ailənin bir prinsipi həmişə dəyişməz qalıb. Kiçik də, böyük addım atanda, bir iş görəndə gözlərinin qarşısına ilk növbədə bu prinsipi canlandırıb: Halallıq, başqalarının malında gözü olmamaq, xeyirxahlıq!

Elçinin babası Əmirşah kişi də, atası Akif də, nəhayət, Elçinin özü də belə bir ailədə böyüdü, formalaşdı. Özü də təkcə fiziki baxımdan deyil, həm də ruhu cəhətdən. Yuxarıda qeyd etdiyim kimi, xatırlamaq, fikrimcə, bəs edər ki, Elçinin bibisi oğlu Samir Xəlil oğlu Zülfüqarov Azərbaycanın Milli Qəhrəmanıdır. Ağbaş kəndində, ata yurdunda heykəli ucaldılıb. Başqa bir fakt: Elçinin əmizi oğlu Rəşid Səmədov qazidir. Azərbaycan Tibb Universitetinin Hərbi Kollecini bitirib. Təhsilini tamamlayan gündən ağır yaralanan qədər cəbhə bölgələrində xidmət edib, onlarla qəhrəman əsgərimizi, zabitimizi döyüş nöqtələrindən çıxarıb, ölümün pəncəsindən qurtarıb.

Çadırda.  Akiflə - şəhidin atası ilə üz-üzə oturduq. Ortaya sanki dağ çökmüşdü. Ləpələnən sular buza dönmüşdü. Heç birimiz söz tapıb danışa bilmirik. Sözgəlişi soruşdum: Ağbaş məktəbində oxuyub? Cavabını özüm də bilirəm ki, bu  məktəbdə oxuyub. Ağbaş məktəbini yaxşı tanıyıram. Adla deyilən müəllimləri olub, indi də var. Feyyaz Rəşidov uzun illər bu məktəbə rəhbərlik edib. Direktor işləyib. Təşəbbüsü ilə məktəbin uçuq-salxaq binasının yerində çoxmərtəbəli, müasir tipli tədris binası inşa edilib. Təəssüf ki, uzun illər ərzində məktəb baxımsız hala düşüb. Əsaslı təmirə, bəlkə də bərpaya ehtiyacı var. Vaxtilə məktəb haqqında Azərbaycan televiziyası film çəkib, nümayiş etdirilib. İnqilab müəllim riyaziyyatdan dərs deyib. Onun işlədiyi dövrdə məktəbin xeyli məzunu ölkənin, keçmiş SSRİ-nin müxəlif ali və orta ixtisas məktəblərinə riyaziyyat istiqamətli ixtisaslar üzrə qəbul olunub. Rəşid müəllimdən sonra Səfər müəllim, Səfər Əzimov məktəbə rəhbərlik edib. Ənənələr saxlanılıb, yenilər milli dəyərlərimizin haləsində tətbiq edilib. Bunlar öz yerində. Amma təlimlə yanaşı, şagirdlərin bir şəxsiyyət kimi formalaşmaları həmişə müəllimlərin diqqət mərkəzində olub. - Faydasız elm, bilik - artıq yükdən başqa bir şey deyil. Əsas odur ki, əldə etdiyin bilikdən insanlığın faydasına istifadə edəsən - bu, pedaqoji kollektivin əsas məqsədi olub.

Yenidən şəhid Elçinin təltiflərini nəzərdən keçirirəm. Bu işdə mənə Rəşid kömək edir. Fikirləşirəm ki,   bu təltiflərin biri ona özündən sonra ("ölümündən sonra" yazmağa əlim gəlmir) verilib. Həyatda yoxdur, sevinmir. Amma bir el, bir oba, Vətən, vətənin vətəndaşları, otu, çiçəyi, daşları qürur duyur bu təltifləri qazanmış, sağlığında igidlikləri dastana dönmüş Elçinlə.

Bu medal ona Kəlbəcərin azad olunmasındakı igidliklərinə görə verilib. Amma Kəlbəcərə qədər,  Kəlbəcəri həqiqi sahiblərinə qaytarana qədər sonsuz bir zaman qoyub arxada. Aprel döyüşlərinin  odunda, alovunda bərkiyib. Aprel döyüşləri mütləq qələbə ilə yekunlaşacaq bir yolun başlanğıcını qoydu, orduda özünə inamı, xalqda əsgərə, zabitə güvəni möhkəmləndirdi, iki əzəmətli qüvvənin birliyini sarsılmaz etdi. Sonra bu birlik, bu inam dəmir yumruğa çevrilib düşmənin başını əzdi.

Bundan sonrakı təltiflərin hər biri müharibə meydaında göstərilmiş cəsarətlərlə, igidliklərlə bağlıdır. Bu yerdə görünür, faktları ifadə edən sözləri dinləməliyik: Elçin Səmədov 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 2016-cı ildə MAHHXHQ kəşfiyyatçı ixtisası kursunu fərqlənmə diplomu ilə bitirmişdir. 2017-ci ilin yanvar ayında N saylı hərbi kəşfiyyat hissəsində xidmətə başlamış, düşmən arxasında həyata keçirilən əməliyyatlarda iştirak etmişdir. 2020-ci ilin 28 dekabrında Müdafiə Nazirliyi tərəfindən gizir hərbi rütbəsi ilə təltif olunmuşdur. 2021-ci ilin noyabr döyüşləri, Laçın istiqamətində və Fərrux yüksəkliyinin düşməndən təmizlənilməsində göstərdiyi şücaətlərə görə Elçin Səmədova kiçik hərbi leytenent rütbəsi verilib. İkinci Qarabağ müharibəsində "Dəmir yumruq" əməliyyatında strateji əhəmiyyətli yüksəkliklərin alınmasında iştirak etmiş, Azərbaycan Respublikasının Ali Baş Komandanının sərəncamları əsasında döyüşdə xidmətlərinə görə "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "100 illik" və "Vətən müharibəsi iştirakçısı" medalları və ordenləri ilə təltif olunmuşdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see192

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see134

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see132

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see132

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see127

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see121

Sosial şəbəkələrdə təhlükəsizlik problemləri

08 Sentyabr 2025 23:40see116

NATO HHQ Estoniyanın hava məkanında təlimlər keçirəcək

08 Sentyabr 2025 19:06see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri