Icma.az
close
up
RU
Elçindən Elçinə sözüm var... Məryəm Əlizadə yazır

Elçindən Elçinə sözüm var... Məryəm Əlizadə yazır

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Məryəm ƏLİZADƏ
Sənətşünaslıq doktoru, professor

(Yuğlama)

Bu dağda ozan ağlar,

Dərd-qəmin yazan ağlar.

(bayatı)

Unudulmaz Elçin müəllim!

Mən də bir ozan kimi sazı əlimə alıban SİZDƏN SİZƏ - Əlahəzrət AZƏRBAYCAN TEATRInı sehrli bir möcüzə kimi dünyada şöhrətləndirmiş görkəmli yazıçı-dramaturqumuza niskin dolu ürək sözlərimi bəyan etmək istəyirəm. İnanıram ki, bu sözlər həm də Sizi çox dəyərləndirən və sevən Azərbaycan teatr xadimlərinin, oxucularınızın, tamaşaçılarınızın, xalqımızın "ürəyindən tikan çıxardacaq". Sözlə ifadə etməyə aciz olduğum BÖYÜK  ELÇİN İTKİSİNİ, bax beləcə - birlikdə yaşayacaq... Elçinin möhtəşəm ədəbi hünərlərindən söz açıb onu "yuğlayacaq"... vəsf etməkdən yorulub-usanmayacağıq...

Elçin qəfil dünyasını dəyişdikdən sonra hörmətli akademik İsa Həbibbəylinin "Bu dünyadan Elçin keçdi" ("Ədəbiyyat qəzeti", 4 avqust 2025) adlı çox məzmunlu yazısını oxudum, bəyəndim və aşırı təsirləndim. Həməncə öz-özümə qeyri-ixtiyari səsləndim: nə yaxşı ki, Elçinin əbədiyyətə gedən yolu Azərbaycandan keçdi. Həqiqətən də Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin möhtəşəm nümayəndəsi, milli şüurun dirçəlişində misilsiz rol oynamış parlaq zəka sahibi - alim - düşünər, əsərləri dünya dillərinə çevrilmiş, dünya teatrlarının səhnələrində uğurla oynanılmış, sağlığında "klassik" mərtəbəsinə yüksəlmiş Elçin İlahinin ona bəxş etdiyi böyük istedadını, zəkasını doğulub boya-başa çatdığı, əqidəli vətəndaşa, görkəmli yazıçıya, böyük şəxsiyyətə çevrildiyi doğma Azərbaycanına həsr edərək ÖLMƏZ ƏDƏBİ MƏTNLƏR yaratdı. Yaratdığı ölməz ədəbi sərvəti Azərbaycan xalqına - Azərbaycan teatrına ərməğan edibən əbədi yolunu davam etdirdi.

Nə yaxşı ki, İlahi böyük şəxsiyyətlərə... sənətkarlara ikinci-əbədi-virtual həyat bəxş edir.

Lap elə Elçin kimi...

Əbədi-virtual həyatına təzəcə qədəm qoymuş Elçini indən belə möhtəşəm ədəbi mətnləri... ölməz pyesləri... bir də böyük Azərbaycan xalqı yaşadacaq...

lll

Elçin müəllimin əbədi cənnətməkanı seçildiyi gün mistik örtüyə bürünmüş əsl möcüzə baş verdi: atası, Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin məzarı yanındakı qos-qocaman ağac öz kökündən ayrılıban müqəddəs məkanını Elçinə - daha köklü-köməçli bir ağaca - əqidəli Vətən oğluna, Azərbaycan ədəbiyyatının - mədəniyyətinin şəksiz avtoritetinə təzim edərək bağışladı və başqa mənzilə üz tutdu. Bu minvalla da bir-birinə sonsuz məhəbbətlə bağlı olan Ata və oğul Əfəndiyevlər əbədi olaraq qovuşdular. Sən demə, Elçin müəllim dəfn günü baş vermiş bu möcüzəni hələ atasını itirdikdən sonra yuxuda görübmüş.

Bu yuxu da belə çin oldu...

Bu, mistika deyil, bəs nədir? Yəqin ki, mistik möcüzədir...

Bu yerlərə binə gəlləm,

Gedərəm, yenə gəlləm.

(bayatı)

İndi isə biz - teatr xadimləri bu ağır itkidən qubarlanmamaq üçün Elçinin ədəbi hünərlərini vəsf edib, onu "yuğlamaq"  istəyirik.

lll

Elçin Azərbaycan xalqının yazıçısıdır, özü də geniş bir ərazidə məskunlaşmış böyük bir xalqın sevimli yazıçısıdır. Çünki xalq sadəliyi, yaşantıların həqiqiliyini, təhkiyənin axıcılığını, personajların bir-birilə, dünya ilə isti, diri münasibətinin təsvirini sevir, sevir ki, ona xoş, pozitiv duyğular, ovqatlar bağışlasınlar, onu doğruluğun, ədalətin, xeyirxahlığın, kişiliyin, ləyaqətin və yaxşı adamların hələ də tükənmədiyinə inandırsınlar... Elçin həmişə xalqın istədiyini, arzuladığını yazmağı bacarıb, yazdığını əla yazmağı, xalqın şah damarını tutub yazmağı bacarıb.

Elə buna görə də Elçin Azərbaycan ədəbiyyatının fenomenidir, milli ədəbi-bədii düşüncənin fenomenidir, müasir Azərbaycan teatr qavrayışının fenomenidir.

Bir anlamda fenomen hadisənin, təzahürün duyğusal müşahidəsidir. Başqa bir anlamda isə fenomen artıq hamıya bəlli, məlum bir hadisəni, bir təzahürü işarələyir, nişan verir. Hərçənd ki, bu hadisə, bu təzahür müəyyən antropoloji, sosial-psixoloji, fəlsəfi-kulturoloji bilgi sistemlərinə uyğun olsa da, onun dərki çətindir.

Elçin öz yaradıcılığında hər dəfə yeni bir ədəbi missiyada, yeni bir ədəbi formatda gündəmə gəldi. O, əgər dünən hər hansı bir pyesi bir mütəfəkkir jesti, bir filosof zövqü, bir dramaturq fantaziyası ilə sona yetirib nöqtələyirdisə, bu gün qəfildən dönüb uşaqlaşır, uşaqlaşıb sadəliyin, səmimiliyin son həddinə çatır və balaca cocuqlar üçün bir nağıl yazır, ertəsi gün isə sanki əllərinə döyüş əlbəsələrini geyinib gözlənilmədən iri bir məqalə ilə əsl debatçı əzmində ədəbi diskussiyaya qatılır, birisi günə isə daha hansısa bir ədəbi ideyanı nəsrdə reallaşdırmağı planlaşdırırdı. Lakin bütün hallarda Elçin öz duyğular və düşüncələr dünyası ilə oxucusunu və seyrçisini əfsunlayıb onun qəlbini ələ ala bilirdi.

"Elçin və fenomen" mövzusunun koordinatlarında mülahizələrimi davam etdirərək söyləyim ki, dahi alman filosofu Edmund Qüsserl fenomenə tamam fərqli bir yöndən yanaşır. Onun fəlsəfi paradiqmasında fenomen təkcə nəsnələrin keyfiyyətinin müşahidəsi kimi qiymətləndirilmir, həm də hadisənin məzmun birgəliyi kimi dəyərləndirilir.

Fikrin daha aydın və sadə izahı baxımından Azərbaycanın görkəmli ədəbiyyatşünas-alimi, akademik Nizami Cəfərovun 2005-ci ildə Elçinin "Seçilmiş əsərləri"nin nəşri münasibətilə yazdığı məqalənin preambulası olduqca konkret və simptomatik görünür. Hətta N.Cəfərov kimi bir alim etiraf edir ki, Elçin "yaradıcılığını ona layiq bir səviyyədə təhlil edib dəyərləndirmək, qaldırdığı ictimai-ideoloji problemlərin "coğrafiya"sını tələb olunan şəkildə əhatə eləmək, bədii idrakının özünəməxsus texnologiyalarını, ritmini, intonasiyasını az-çox elmi interpritasiyanın predmetinə çevirmək o qədər də asan deyil". Mən də bu fikri dəstəkləyirəm. Lakin bununla yanaşı, N.Cəfərov həməncə öz nəzəri bilgilərinin müstəvisində dəqiq analitik bəyanatla çıxış edir: "Elçinin hər bir əsəri - hekayədən romana, publisistik məqalədən monoqrafiyaya qədər - məhdudlaşmayan, onunla tükənməyən bütöv (intəhasız!) bir yaradıcılıq metafizikasının təzahürüdür. O, bu və ya digər əsərinin müəllifi olmaqdan daha çox həmin əsərlərdə zühur edən tarixi ədəbi istedadın (və ya missiyanın!) müəllifidir". Bax, budur fenomen... okean və damla... Bir damla okeanın bütün xassələrinin təcəssüm modelidir. Bir qar dənəciyi kainat suyunun şəklidir. Gerçəklikdə su adi sudur, qar dənəciyini isə qavrayış möcüzə bilir. Hərçənd ki, qar dənəciyi də elə həmin su damlasıdır ki var...

Sənətkarın özü və təcrübəsi bəlli bir zaman nöqtəsinə çatanda artıq mədəniyyətin tədqiqat predmeti kimi formalaşmış təkzibedilməz faktına çevrilir: bu faktda bir damcı suda olduğu kimi milli mədəniyyətin bütün atributları, tanış cizgiləri öz əksini tapır. Elçin yaradıcılığı isə bir tablodur və bu tablodan ən müxtəlif masştablarda, ən müxtəlif rəng çalarlarında Azərbaycanın özü, azərbaycanlıların özləri və mədəniyyətləri görünməkdədir.

Elçin məhz öz ədəbi-bədii yaradıcılığının məzmun birgəliyi baxımından fenomendir. Odur ki, Elçin-yazıçını Elçin ədəbiyyatşünasdan, Elçin-ədəbiyyatşünası Elçin-dramaturqdan ayırmağı, onların yerini müxtəlif fəaliyyət sahələrinə görə müəyyənləşdirməyi heç də düzgün saymıram. Çünki onsuz bu yoxdur, bunsuz da - o. Bir də... Elçin nə yazıbsa yazsın, fərqi yoxdur ki, bu, hekayə, povest, roman, dram, publisistik oçerk, tənqidi məqalə, yaxud ədəbi xülasə olsun, o, həmişə, hər yazısında müasirini tanımağa, onu anlamağa, dərk etməyə çalışıb, müasirinin yaşantılarında, portretində dövrü, zamanı təcəssüm etdirib. Elçin çalışıb ki, müasirinin köməyilə öz içinin dərinliklərinə yol tapsın, öz dünya modelini qursun, insan batininin qaranlıqlarını işıqlandırsın. Çünki o da Sinoplu Diogen kimi gündüzün günorta çağı əlində məşəl tutaraq insanı axtarıb.

Hər dəfə Elçin yaradıcılığına müraciətim Elçin fenomenini Azərbaycan mədəniyyəti kontekstində, insani dəyərlər kontekstində öyrənmək, dövrün ictimai-siyasi proseslərinin, təbəddülatlarının müstəvisində təhlil etmək, onun yaradıcılığının sal qaya kimi bütövlüyünü teatr və dramaturgiya materialına söykənərək ortaya qoymaq cəhdimdən irəli gəlir. Yaradıcılığın bütövlüyü isə xarakterin, xislətin bütövlüyüdür, şəxsiyyətin bütövlüyüdür, özünə sədaqətin bütövlüyüdür.

Digər tərəfdən isə Elçinin dramaturgiyası, bütün yuxarıda deyilənlərə baxmayaraq, Elçin dünyası içində özəl bir dünyadır, hətta haradasa ada təəssüratı yaradan bir dünyadır. Elə bir ada ki, o ada elə bil gəmi kimi Elçinin nəsr okeanında sərbəstcəsinə üzüb arzuladığı sahilə yan ala bilir, istədiyinə istədiyi kimi və həməncə reaksiya verə bilir... Belə ki, bu ada lirik-psixoloji yaşantıların, poetik düşüncələrin, sonsuzluğa söylənilmiş monoloqların səhnəsi də ola bilir, homerik gülüşlərin, satirik öcəşmələrin, sarkastik şəbədələrin meydanı da... Bu ada absurdun beşiyinə dönüb dəlixananı da xatırlada bilir, adi bir ailənin məişət dramı oynanılan mənzilini də... Başqa sözlə, Elçinin dramaturgiya adası intensiv metamorfozlar, yəni dəyişmələr, çevrilmələr dünyasıdır və burada hər bir insan özünü kənardan görüb tanımaq imkanına malikdir. Çünki Elçin yad planetlilərdən yazanda da, əslində, elə bizdən, bizim həyatımızdan, bizim ağrılarımızdan, dərdlərimizdən, məişətimizin, düşüncəmizin problemlərindən, qavrayışımızın stereotiplərindən yazıb, bəzən də bizi hətta inanılmaz, qeyri-adi dramatik situasiyalara salıb yazıb.

Ona görə Elçin dramaturgiyasını öyrənmək, tədqiq eləmək xüsusi maraq doğurur. Bu marağı şərtləndirən birinci səbəb dramatik vəziyyətlərin orijinallığı, onların fantastika ilə gerçəklik sərhədində yerləşməsi və haradasa qeyri-adi səciyyə daşımasıdır. İkinci bir səbəb də ondan ibarətdir ki, Elçin dramaturgiyasından Azərbaycan teatrının son 30-40 il ərzində yaşadığı tarixin mənzərəsi açılır və nəinki təkcə Azərbaycan teatr tarixinin mənzərəsi... Üçüncü səbəb budur ki, Elçinin pyeslərində güclü tənqidi ruh var. Komediya, gülüş həmişə tənqiddir, nəinsə təftişidir, sınağa çəkilməsidir, yoxlanılmasıdır, inkarıdır və eyni zamanda, bu, nə qədər qəribə səslənsə belə, ümidin təsdiqidir. Çox zaman deyirlər ki, həyatda ən axırıncı ümid ölür. Məncə, bu deyimdə bir balaca boşluq var, çünki ümid heç vədə ölmür. İnsanlığın bütün ümidləri yaşayır və ta sonuncu insan yer üzündən yox olana qədər yaşayacaq. Bu mənada, ümid insan deməkdir, insan - ümid... Hətta belə bir fikri də dilə gətirmək olar ki, ümid sözdür, enerjidir, antimateriyadır və hər cür yaşam fövqündədir, zaman dışındadır. Elçinin də bütün əsərlərinin sonunda mütləq şəkildə bütün hadisələrin fövqündə qərarlaşmış bir ümid işığı yanır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Elçin dramaturgiyası milli dramaturgiyamızda indiyə kimi rast gəlmədiyimiz yeni mövzuları, gözlənilməz süjet kombinasiyalarını, düşüncə və hisslərin stereotipdən uzaq bir formada ifadə edilməsilə fərqlənən yeni insan tiplərini, obrazlarını yaratdı. Bu pyeslərdə dramaturqun "mövcudluq effekti"nin parlaqlığı, maraqlı dramatik, lirik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar, çağdaş dövrə xas davranış tipi və ona adekvat dünyaduyumu yüksək peşəkarlıqla bir-birinə hörülüb. Şrtixləri, detalları, intonasiyaları, süjet xətlərini mükəmməl şəkildə seçən dramaturq gah məişət motivlərilə xəyali romantik çırpıntıların bir-birinə bağlandığı komediyalar yazıb, gah da mənəviyyatını, ruhunu qoruma instinktini itirən insan obrazlarını yaradıb.

Elçin dramaturgiyasına marağı çəkən dördüncü məqam görkəmli teatrşünas-alim Aydın Talıbzadənin təbirincə desək, "Elçin öz nəsrində elə bil ki Abşeronun qum teatrınıyaradıb: onun prozasının plastikası o qədərdir ki... o qədərdir burada işıq-kölgə effekti ki, ovqatlar, personajlar, siluetlər, görüntülər həməncə anbaan dəyişir, ilğımlaşır, birindən digərinə transformasiya olunur". Müşahidənin özü və onun sözlə ifadəsi dəqiqdir. Amma mən buraya bir mühüm cəhəti də əlavə etmək istərdim. Elçinin dramaturgiyası da işıq və kölgənin bir-birilə əvəzləndiyi sərhəddə təzahür eləyir. Onun, demək olar ki, əksər pyesləri yuxu ilə, xəyal ilə, fantaziya ilə gündəlik məişət təkrarlarının sintezində, qarışığında əmələ gəlir. Bu əsərlərin fakturasında hər iki dünya - təsəvvürlə reallıq yanaşıdırlar və onların arasına nazik bir tül pərdə atılıb. Birindən digərinə keçid cəmi bircə anın məsələsidir. Heç də təsadüfi deyil ki, Elçin pyeslərində personajlar tez-tez xəyalların oyunu ilə gerçəkliyi səhv salırlar, gerçəklikdən ayrılıb ya ilğımlarla yaşayırlar, ya da gerçəkliyin özünü ilğımlaşdırırlar. Hətta onların yaşadıqları məkanın özü belə haradasa yırğalanan, dayanıqsız qumları xatırladır. Əgər personajlar bu qumların üstündə aşırı ləngisələr, o andaca qum dənizində yoxa çıxarlar. Mən bunu Elçin dramaturgiyasının çox özəl, nadir xüsusiyyəti kimi dəyərləndirirəm.

Azərbaycan dramaturgiyasında bir günəş kimi parlayan Elçinə  mənim marağımı cəlb edən beşinci səbəb isə onun pyeslərinin səhnə üçün hədsiz dərəcədə effektli olmasıdır, canlı xalq dilində yazılmasıdır, dramatik vəziyyətlərin dinamikliyi və mütəhərrikliyidir. Bu dinamikanı, mütəhərrikliyi təmin edən nəsnə isə Elçinin öz pyesləri üçün seçdiyi absurd formatıdır. Azərbaycan ədəbiyyatşünaslığının ən parlaq simalarından biri Yaşar Qarayev heç də əbəs yazmırdı ki, "Elçin dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq, ədəbi, estetik münasibət ifadə edir". Xaosun obrazı - hər növ fantaziya üçün, fantaziya əlvanlığı üçün, təxəyyülü oyatmaq üçün olduqca təsirli bir qıcıqdır. Xaosu hərə bir cür görür, bir cür təsəvvür edir və bir cür modelləşdirir. Lakin Xaos həm də o nəsnədir ki, içində dünyaya yer verir, dünyanı öz sahmansızlığından doğurub sahmana gətirir. Elçinin pyesləri də sanki xaosun parametrlərsiz məkanında strukturlaşır. Ona görə rejissorlar belə bir məkanda özlərini tam azad, tam sərbəst hiss eləyirlər, öz improvizə etmək qabiliyyətlərini heç nə ilə məhdudlaşdırmırlar. Aktyorlar barəsində də bunları demək mümkündür. Onların Elçin pyeslərində aldığı rollar birmənalı şəkildə aktyor improvizəsini şərtləndirir. Çünki Elçin aktyora obrazı yox, obrazın kodunu, şifrəsini təqdim edir. Aktyor məhz bu koda, bu şifrələrə əsasən obrazın səhnə həyatını, onun daxilini və plastik rəsmini, bir sözlə, bütövlüyünü yaratmalıdır. Ona görə də hər bir aktyor Elçin dramaturgiyasında oynadığı rolu öz improvizəsinin gücünə söykənərək yaradır. Bu da ondan irəli gəlir ki, Elçinin pyeslərində statik, daşlaşmış, dəyişməz heç nə yoxdur. Elçinin dramaturji mətnləri improvizələrə, yozumlara, innovasiyalara, müxtəlif modulyasiyalara açıq ədəbi mətnlərdir.

Hər məqaləmdə bu pyesləri bircə-bircə araşdırmaq, onların səhnə təcəssümündən danışmaq, Elçindən Elçinə danışmaq, baxmayaraq ki, o, bunları məndən daha müfəssəl və daha mükəmməl bilir, mənə son dərəcə zövq verən bir məşğuliyyət kimi görünür.

Azərbaycanın görkəmli söz adamı, ədəbiyyatşünası, ictimai xadimi, çoxsaylı hekayələr, povestlər və romanlar müəllifi Elçin kimi çox uğurlu bir yazıçı 90-cı illərin əvvəllərində daha fəal bir surətdə dramaturgiya ilə, absurd pyeslər yazmaqla məşğul olub, özü də o dərəcədə böyük həvəslə, entuziazmla məşğul olub ki, dramaturgiya tədricən Elçin yaradıcılığında önə keçib avanqard mövqelərdə dayanıb. Burada mən "avanqard" kəlməsini gəlişi gözəl söz kimi işlətmədim. Elçin, həqiqətən, Azərbaycan dramaturgiyasına və teatrına münasibətdə avanqard bir mövqe tutmuşdur. Fikrimin təsdiqi onun pyesləri, pyeslərinin strukturu və bu pyeslər əsasında hazırlanan tamaşaların keyfiyyətindədir.

Elçinin avanqardçılığı daha çox onun absurd pyesləri üçün səciyyəvi bir xüsusiyyətdir. Elçin absurd çərçivəsində maraqlı şəxsi, fəlsəfi, sosial konstruktlar qurmaqdan həzz alıb, öz personajlarını həm müəyyən konstruktların, həm də müəyyən dramaturji vəziyyətlərin içinə atıb onların necə davranacağına tamaşa edib: hərdən nəzarəti gücləndirib, hərdən də zəiflədib. Bu konstruktlar kontekstində Elçin personajı yox, personaj öz-özünü yazır, öz-özünü yaradır. Elçinin "Ah, Paris, Paris", "Mən sənin dayınam", "Dəlixanadan dəli qaçıb", "Mənim ərim dəlidir" komediyalarında "sosrealizm nəzəriyyə"sinin qəlibləri əsasında "büt"ləşmiş qəhrəman tipajı illyuziyası darmadağın edilir, "sosrealizm estetikası"ndan heç bir əsər-əlamət qalmır, absurd hüdudlarında bütün izmlər, bütün ifadə boyaları ustacasına bir-birinə qarışdırılır, sosialist realizmi atmosferin sürrealizmi ilə əvəzlənir, hətta bəzən hiperrealizmin ordan-burdan baş qaldırdığı belə nəzərə çarpır, bəzən impressionist ovqat personajları öz içinə alıb somnambulik valsa dəvət edir, bəzən acı kinayə emosiyalar lirizmini qabağına qatıb romantik yaşantıları uçurub dağıdır, bəzən isə gerçəkliyin mahiyyəti qəddarlıq maskasında görünür. Bunun əsəs səbəbi, məncə, Elçinin bir dramaturq kimi güclü bədii təxəyyülə, fantaziyaya və improvizator keyfiyyətlərinə malik olmasıdır. Elçin öz absurd pyeslərində "fristayl" üslubunda çəkdiyi tabloları heç vaxt sonacan doldurmur. O, bu lövhələrdə müəyyən mənalı boşluqlar saxlayır ki, onlar da fantaziyanın, təxəyyülün qıcıqlandırıcıları kimi yozula bilər. Məhz bu "boşluqlar" çoxsaylı improvizələrə yol açır. Absurd pyeslər "heçnə haqqında heç nə" və ya "hər nə istəsəniz" prinsipinə riayət etmək baxımından improvizə əsasında formalaşırlar ki, burada hər məqam, hər ifadə istənilən kimi yozula bilər. Lakin bu heç də o demək deyil ki, absurd pyes struktursuz pyesdir. Xeyr, bəlkə də əksinə. Absurd improvizə ilə bərabər, hər bir sözün dəqiq müəyyənləşdirilmiş yerini tələb edir.

Elçinin 90-cı illərdə yazdığı absurd pyeslərdən zamanın, gündəlik həyatın, məişətin, iddiaların, şüarların, sarsaq niyyətlərin, vəzifəpərəstliyin, mənasız didişmələrin, yaltaqlığın absurdu fışqırır.

Teatr bir oyun növüdür, dram oyundur, poeziya oyundur. Komediya isə daha çox oyundur, çünki başqalarından fərqli olaraq özünün qeyri-ciddiliyini öncədən elan edir. Ona görə absurd özünü əksər hallarda komediya janrında tanıyır, komediya ilə identifikasiya eləyir. Hər bir komediyada absurd rüşeymi var, hətta dahi Aristofanın "Lizistrata"sında, "Buludlar"ında, "Arılar"ında absurdun izlərini, cizgilərini asanca aşkarlamaq mümkündür. Elçinin öz yaradıcılığının 90-cı illər mərhələsi üçün komediya yazması, komediyanı öz fikirlərini, duyğularını ifadə etməsi üçün daha məqbul, daha perspektivli, daha məqsədyönlü sayması da bu baxımdan heç təsadüfi deyil. Hətta mən bir qədər dərinə gedib onu deyərdim ki, Elçinin absurda meyllənməsi, komediya janrı ilə gündəmə gəlməsi sözün əsl mənasında kulturoloji və ədəbi-bədii aksiya idi. Elçin risk eləyirdi, çünki 90-cı illərə qədər Azərbaycanın ədəbi ictimaiyyəti onu son dərəcə ciddi nasir, yüksək intellektli yazılar müəllifi kimi tanıyırdı və Elçin nəsrində rəğbətlə,  sevgi ilə yoğrulmuş yumor sərhəddindən kənara çıxmağa özünə yol vermirdi.

90-cı illərdən bu yana isə Elçin teatr üçün absurd oyunlar yazdı, bu oyunların içini komediya ilə, gülüşlə, zarafatla, kinayə ilə, sarkazmla bəzədi. O, gülüş parametrlərində qurduğu müxtəlif oyunlarda adi olanı qeyri-adiyə çevirdi, fantastik olanı isə adiləşdirdi, mahircəsinə romantikadan şəbədəyə, kinayədən lirizmə adladı, yəni sərhədləri tamamilə götürdü, gerçəkliyi oyun modelində təqdim etdi, oyun içində məxfiləşdirdi.

90-cı illər ədəbi ictimaiyyətə yeni Elçini, dramaturq Elçini, komedioqraf Elçini təqdim etdi. Elçin 1994-cü ildə "Literaturnaya qazeta"nın müxbiri Elmira Axundovaya verdiyi müsahibəsində heç də əbəs demirdi ki, "1990-cı ilin yanvar hadisələri həyatımı ikiyə böldü"... Rica eləyirəm, fikir verin: o, demir ki, yaradıcılığımı, deyir ki, həyatımı. Bu onu bildirir ki, 1990-cı illərdən sonra o, özünü də, dünyanı da, ətrafını da, hadisələri də artıq tamam başqa cür görməyə başlayır, tamam başqa cür qiymətləndirir və bütün bu duyğularını, emosiyalarını ifadə etməkdən ötrü yeni yazı metodologiyaları və texnologiyaları arayır. Onun bu müsahibəsi Elçinin 90-cı illər yaradıcılığının tədqiqindən ötrü bir epiqraf kimi götürülə bilər, çünki bu epiqrafda həm dövr, həm şəxsiyyət, həm sənətçi ovqatı və həm də yazıçı axtarışları öz əksini tapır. Və hətta bundan əlavə, Elçinin bu müsahibəsi mənə çox simptomatik psixoloji bir durumun xəritəsi və həmin durumdan azad olmaq, çətin sarsıntıdan çıxa bilmək resepti, düsturu, yolu kimi görünür.

Bu müsahibə Elçin düşüncəsinin həyatında mühüm bir not, bir mesaj kimi çox dəyərlidir. Yazıçı, mütəfəkkir, ziyalı və adi vətəndaş Elçin burada əslində, bir ruh adamı kimi, bir söz adamı kimi öz xilasından danışır. Belə ki, məhz komediya ona 20 yanvar hadisəsinin ruhi sarsıntısından qurtulmağa, danışmağa, özünü, yaşantılarını tam ifadə etməyə imkan verib, Elçin üçün təzədən yaradıcılığa qayıtmağa bir təkan, bir impuls olub.

Bir qayda olaraq, Elçinin komediyalarında müsbət qəhrəman yoxdur və ya qəhrəmanının müsbət keyfiyyətlərini dramaturq məharətlə örtüyə bürüyüb arxa plana atıb, yəni o da başqalarından heç nə ilə fərqlənmir. Böyük masştabda götürdükdə, Elçin pyeslərində heç mənfi personajlar da yoxdur, əgər cəmiyyət xəstədirsə, dəlilik yaşam norması kimi qəbul olunursa, insanları - personajları müsbət və ya mənfi qütblərə yığmağın, müsbət və ya mənfi qütblərdə qruplaşdırmağın mənası varmı?

Bir də axı, Elçinin yazdığı pyeslərin əksəriyyəti absurddur! Absurdda müsbət və ya mənfi personaj axtarmağın özü mənasızdır, çünki onlar bu absurd içində yaşamağa məhkum adamlardır, dəlilik və intihar sərhədində dayanmış adamlardır. Bu insanların yaxşılığı və pisliyi ancaq şərti və nisbidir. Absurd pyeslərində həmişə yalnız bir müsbət personaj, bir müsbət sima olur ki, bu da dramaturqun özüdür. Əgər daha dəqiq olmağa çalışsaq, deməliyik ki, bu, müəllifin gülüşüdür. Absurd pyeslərində müsbət rolda məhz "Cənab Gülüş" çıxış edir. Hərçənd ki, Elçin öz absurd pyeslərində həmişə oxucusu-tamaşaçısı üçün qaranlıq tunelin sonunda mütləq bir işıq yandırmağa çalışıb. Lakin elə məqamlar olur ki, heç müəllifin özü də bu işığın yandığına inanmır və başlayır öz içində bu işığa da xısın-xısın gülməyə...

Elçin zirvədən zirvəyə addımlayıb, bir zirvəni fəth edən kimi yenisini axtarıb və həmin o zirvəyə qalxmağa hazırlıq görüb. Di gəl ki, Elçin zirvədən zirvəyə yüksəldikcə təngiməyib, yorulmayıb, enerjisi tükənməyib, elə hey getdikcə gedib, sanki ədəbiyyatın, sənətin sonsuzluğu içində əbədi səyahətə çıxıb...

Elçin söz adamıdır...

Elçin teatr adamıdır...

Elçin Azərbaycan mədəniyyətinin hadisəsidir...

Elçinin teatr haqqındakı fikirləri, müasir teatr prosesilə bağlı dedikləri, yazdıqları, qeyd etdikləri Azərbaycan teatrşünaslığı üçün mötəbər bir məxəzdir, Azərbaycan teatrının inkişafına bir təkandır.

Elçinin pyesləri Azərbaycan dramaturgiyasının yeni bədii-estetik üfüqüdür, yeni bədii-estetik paradiqmasıdır. Bu paradiqmada absurd faciə ilə, komediya dramla, tragikomediya siyasi pamfletlə qonşulaşır, magik realizm satira ilə, sürrealizm kinayə ilə, bədii şişirtmə eksklüziv reportajla qarışır. Ona görə Elçinin pyesləri teatr qarşısında həmişə geniş hüdudlar açıb, rejissor fantaziyası üçün səhnədə müxtəlif variasiyalar qurmaq imkanı yaradıb.

Lakin bütün bunların əsasında Azərbaycana xidmət, Azərbaycan vətəndaşına xidmət missiyası durub. Amma bu heç də o anlama gəlmir ki, Elçin yalnız azərbaycanlılar üçün yazıb yaradıb. Xeyr! Elçin yalnız İNSAN faktorunu düşünərək yazıb, millilikdə bəşəri olanı axtarıb, bütün insanları birləşdirən sosial, psixoloji, kültürəl və duyğusal amilləri bir araya gətirib.

Nasir Elçinin xoşbəxt taleyi olduğu kimi, dramaturq Elçinin də xoşbəxt teatr taleyi olub və olacaq. Bu taleyi o, öz teatr dünyasını yarada-yarada, öz teatrını yaza-yaza gerçəkləşdirib, gerçəkliyin bədii modelini qura-qura gerçəkləşdirib. Bu dünya çoxsakinlidir, çoxsəslidir, rəngarəngdir və bu dünya, əslində, Elçinin teatr planetidir.

Bu gün Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının repertuarını bəzəyir, həmçinin, dünya teatrlarının repertuarını dolaşır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və böyük maraqla səhnədə oynayırlar. Təqdir olunası haldır ki, bu tendensiya gün-gündən artmaqda, şaxələnməkdədir...

Bu düşüncələrlə də Azərbaycan dramaturgiyasında özünün bəlli bir "yeri-yurdu" olan Elçinin pyesləri, ONUN TEATR DÜNYASI barəsində düşüncələrimi, mülahizələrimi hələlik yekunlaşdırıram...

Amma yox... heç şəksiz ki, bu düşüncələr indən belə də özünün əbədi-virtual həyatına başlamış (3 avqust 2025) Elçinlə - görkəmli azərbaycanlı Elçinlə, dünya adamı Elçinlə, bənzərsiz şəxsiyyət, yazar, dramaturq, dövlət xadimi, ictimai xadim Elçinlə birgə əbədi yaşayacaq... zənginləşəcək... ELÇİN TEATRI ilə, ELÇİNİN TEATR PLANETİ ilə yanaşı yol gedəcək.

Əziz Elçin müəllim! Sizdən əsərlərinizdə canlandırdığınız insanlar arasındakı işıqlı münasibətlərin qələbəsinə sonsuz inam hissilə ayrılıram...

Yox... hələlik ayrılıram...

Bu dağlar ulu dağlar

Çeşməli, sulu dağlar

Burda bir igid ölüb

Göy kişnər, bulud ağlar.

(bayatı)

lll

Bu gün isə Azərbaycan ədəbiyyatının baş romanı "Baş"ın Azərbaycan teatrının sirli-sehrli səhnəsinə ELÇİNSİZ GƏLİŞİ ilə Elçinin əbədi - daha möhtəşəm virtual həyatı başladı.

Görünən də budur ki, Elçindən heç zaman ayrılmayacaq möhtəşəm Azərbaycan teatrı dramaturq Elçinin virtual həyatında yenə onunla birlikdə sabaha addımlamaqdadır...

İndi isə açın pərdəni: bu dəfə Elçin teatrımıza "Baş"la gəlir!

Bu gün Elçinin dramaturji yaradıcılığının, teatr salnaməsinin hüsnünü, əzəmətini, miqyasını xüsusi vurğulamaq niyyətilə deyəndə ki, "Açın pərdəni: bu dəfə Elçin "Baş"la səhnəmizə gəlir, həm də məni (bizi!) sarsıdan böyük itkinin içimi göynədən ağrı-acılarıma, kədərlə dolu dərin yaşantılarıma həməncə bir nikbinlik əhvalı hakim kəsildi...

Dağların qaşı sənsən

Dibinin daşı sənsən,

Eldə neçə igid var,

Hamının başı sənsən.

(bayatı)

Nə bəxtiyar ki, Elçin möhtəşəm ədəbi irsi ilə birlikdə bu gündə yaşamaqdadır... sabah da yaşayacaqdır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see165

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see156

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see148

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see140

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see138

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see136

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see135

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see129

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see128

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see127

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see126

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see125

Süni intellekt bütün dünyada fermerlərə kömək edir...

07 Sentyabr 2025 22:26see124

Şəmkirdə təcili yardımda xəsarət həkim və digər şəxslərin kimliyi bilinib Yenilənib

07 Sentyabr 2025 22:04see124

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see118

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see114

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see114

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri