Əlihüseynin sonuncu zəngi: “Ana, məndə hər şey yaxşıdır…” şəhid anası ilə MÜSAHİBƏ
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 sentyabr, Aysel Azadqızı, AZƏRTAC
Arzu Məmmədova Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktorudur. Övladı Əlihüseyn Məmmədov Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Arzu xanım övladı ilə bağlı xatirələrini AZƏRTAC-la bölüşərək, həm şəhid anası kimi qürurunu, həm də ana kimi çəkdiyi dərdini səmimi şəkildə danışıb. Onunla müsahibəni təqdim edirik.
- Arzu xanım, ilk olaraq bizə şəhid övladınız barəsində məlumat verərdiniz. Harada döyüşüb, müharibədə nə qədər iştirak edib?
- Əlihüseyn 1998-ci ildə Bakıda anadan olub, bir müddət Şəkidə babasıgildə yaşayıb. 2005-ci ildə Şəki şəhərində 18 nömrəli məktəbdə ibtidai təhsilə başlasa da, sonralar Bakıya köçüb. İbtidai təhsilini Bakıda Xarici Dillər Təmayüllü Gimnaziyada tamamladıqdan sonra müəyyən səbəblərdən təhsilini rayonda davam etdirib. Tam orta təhsilini isə əvvəl oxuduğu Şəki şəhərinin 18 nömrəli tam orta məktəbində başa vurub. Məktəb illəri çox sakit keçib, fərqli davranışı, mədəni rəftarı və sakit təbiəti ilə həmişə seçilib və sevilib.
2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstilik energetikası mühəndisliyi fakültəsinə qəbul olub. Ailəmiz maddi baxımdan yaxşı təminatlı olsa da, Əlihüseyn heç vaxt cibxərcliyi üçün müraciət etməzdi. Xərcliklərini yığıb qənaətlə xərcləyirdi. Tələbəlik illərində marketdə satıcı, kassir işləyirdi. İmtahanlar zamanı işinə ara vermək məcburiyyətində qalsa da, bir işçi olaraq onu itirməmək üçün ona münasib iş qrafiki qurulurdu. Universiteti bitirdikdən sonra 2020-ci ildə Əlihüseyn hərbi xidmətə yollandı. Evdə hamımıza tapşırdı ki, əziyyət çəkib yanına getməyək. Füzulidə əsgərlik edib. Müharibə sentyabrın 27-si başlasa da, sentyabrın 24-dən onlar öz mövqelərini tutmağa başlamışdılar. Oktyabrın 9-dək cəsurcasına döyüşüb. Oktyabrın 9-da Füzulinin Qaraxanbəyli kəndində şəhid olub.

- Döyüşlərdə iştirak etdiyini nə zaman öyrəndiniz?
- Sentyabrın 28-də zəng etmişdi. Çox sakit danışırdı, səssiz idi, danışığında bir asudəlik var idi. Soruşdum, “necəsən, nə təhərsən?”, o an güllə səsləri gəlirdi, tək-tək eşidilirdi. Dedim: “Özündən muğayat ol, özünü qoru, diqqətli ol, heç nədən qorxma, çəkinmə”. O isə “Narahat olma, yaxşıyam, işimin başındayam” söylədi.
Müharibənin ilk günlərində də o, telefonla yığırdı, güllə səslərini eşidirdim. Yəni, bilirdim ki, müharibədədir. Hətta telefonda çox açıq, rahat danışa bilmirdim. Mən özüm də bəzi şeyləri qorumaq məqsədilə deyirdim ki, “Əlihüseyn, sən nəyəsə yaxınsan?”
O duruxurdu, bir, iki, üç, dörd, beş saniyə keçirdi. Bir də sual verirdim, “Əlihüseyn, sən nəyəsə yaxınsan?” Əslində, “Nəyəsə yaxınsan?” sualımla, yəni, sərhədlərə, ermənilərə yaxın olub-olmadığını soruşmağa çalışırdım. O da duruxurdu. Üç dəfə eyni sualı verəndən sonra, titrək səslə cavab vermişdi ki, “Hə”. Onda maşınla gedirdim, gözlərim doldu, əllərim əsdi. Narahatlığım günü-gündən artdı...
- Vətən müharibəsi günlərində Əlihüseynlə sonuncu dəfə nə vaxt danışdınız? O söhbəti xatırlayarsınızmı?
- Əlihüseyn oktyabrın 9-da şəhid olmuşdu. Onunla sonuncu dəfə oktyabrın 7-si axşam danışdım. Özü zəng edirdi, atışma səsləri gəlirdi. Xatırlayıram ki, mən ona sonuncu dəfə dedim: “Qorxma, çəkinmə, cəsur ol. Heç nədən özünü stresə salma. Əynini qalın geyin, başını isti saxla. Əgər nəyəsə ehtiyacın varsa, göndərim”. O isə mənə “Ana, məndə hər şey yaxşıdır. Yemişəm, içmişəm, əynimdə, başımda isti geyim var. Hətta meyvə də yemişəm. Məndən narahat olma” dedi.
Daha sonra bacısını, qardaşını soruşdu, hamıya salam göndərdi. Mən də dedim ki, imkan olanda zəng elə, səndən narahat qalmayım. Paralel olaraq güllə səsləri eşidilirdi.
Həmin gün bütün qohum-əqrəbaya zəng etmişdi... Elə bil hamıdan halallıq alırdı. Sanki hiss etmişdi ki, iki gündən sonra əbədi olaraq dünyaya gözlərini yumacaq.

- Şəhid övladınızın xatirəsini məktəbdə necə yaşadırsınız? Şagirdlərə, müəllimlərə, valideynlərə onun keçdiyi qəhrəmanlıq yolu haqqında məlumat verirsinizmi?
- Məktəbdə əlamətdar günlərdə, vətənpərvər mövzular olduqda, şagirdlərə həyatı daha dərindən başa salmaq üçün həmişə tədbirlərdə oğlumla bağlı xatirələrimi bölüşürəm. Əlihüseynin məktəbli vaxtlarında vətənpərvər fəaliyyətindən söz açıram. Vətənini necə sevdiyindən danışıram. Onunla bağlı bitməz-tükənməz xatirələrim var.
Əlihüseyn universitetdə oxuyanda müəllim müxtəlif dövlətlərə aid kurs işini tələbələr arasında bölürdü. Əlihüseynə də müəllim xarici dövlətin işini tapşırır. Əlihüseyn isə israrla Azərbaycan mövzusunu işləmək istədiyini deyir. Nəhayət, müəllimini razı salır ki, Azərbaycan haqqında mövzunu işləsin.
Həmin müəllim Əlihüseynin şəhid olmasından sonra bizə dedi: “Başa düşdüm ki, onun o israrı əbəs deyilmiş, vətənə o qədər bağlı imiş ki, heç nəyi düşünmədən torpağını düşməndən xilas etmək üçün mübarizə meydanına atıldı. Vətənpərvərliyi daim davranışlarında nümayiş olunsa da, biz görməmişik...”
Əlihüseynin dostu onunla paralel olaraq eyni ildə Türkiyə universitetlərindən birinə qəbul olmuşdu. Əlihüseyn əsgərlikdə olanda dostuna zəng edir. Dostu ona “Deyəsən mən Türkiyədə qalıb, burada əsgər gedəcəyəm” söyləyir. Əlihüseyn isə ona Azərbaycana qayıdıb, burada hərbi xidmətə getməsini təkid edərək “Vətənə olan borcunu Azərbaycanda ödə...” deyir.
Əlihüseyn şəhid olduqdan sonra dostu Azərbaycana gəlib əhvalatı mənə danışdı. Dedi ki, “Azərbaycana qayıdıb hərbi xidmətə getdim. Xidmətimi başa vurduqdan sonra Əlihüseynin məzarına gedib ona verdiyim sözü tutdum, borcumu ödədim”. Əlihüseyn ətrafında olan dostlarına da Azərbaycan sevgisini təbliğ edə bilirdi.
Onun keçdiyi qəhrəmanlıq yolu, bu yoldan öncə onun vətəninə, torpağına olan sevgisini, yaşadıqları xatirələri şagirdlərə danışdıqca onların gözündə vətən sevgisinin nə qədər artdığını, insanların vətənini sevib onun arxasınca getməyini görürəm. Mən xatirələrimi danışdıqca, uşaqlar o hissi yaşamağı bacarırlar. Sözün gücü ilə onlara vətəni sevdirməyi bacarıram. Hər dəfə tədbirlərdə, çıxışlarımda, söz düşəndə bu haqda danışıram. Bu elə bir mövzudur ki, istənilən məclisdə sözü açılır. Söhbət təkcə Əlihüseyndən getmir. Onun kimi övladlarımızın keçdikləri zəfər yolu, 44 gün ərzində Azərbaycanın düşmənə meydan oxuması, vətənpərvər oğullarımızın vətən uğrunda canlarını fəda etməsi bunun göstəricisidir. Bu, bütün Azərbaycanın uğurudur. Oğullarımız qanları, canları hesabına torpaqlarımı düşmən tapdağından azad etdilər. Bir növ özlərindən sonrakı nəsilləri ağır yükdən azad etdilər.
Yeni nəsil isə şəhidlərimizin qanı hesabına aldıqları torpağı qoruyub saxlamalıdır. Bunu ağılları, savadları, siyasətləri, düşmənin qarşısına ondan da güclü beyin həmləsi ilə çıxmağı bacarmalıdırlar.
Əlihüseyn və onunla yanaşı digər şəhidlərimizin fotoları, onlar haqqında kitablar məktəbin foyesində yer alır. Şəhidlərin şəkillərini gördükcə, şagirdlərimiz də başa düşürlər ki, bu oğulları unutmaq olmaz.

- Məktəbdə şəhidlərimizlə bağlı tətbiq etdiyiniz konkret layihə, tədbir və ya fəaliyyət varmı? Əgər varsa, onu paylaşa bilərsiniz.
- Hər il məktəbimizin şagirdləri “Hər an sizinləyik” layihəsi çərçivəsində 30-dan çox şəhid ailəsini ziyarət edirlər. Şagirdlər öz əl işlərini, şəhidlərin şəkilləri ilə hazırlanan hədiyyələri həmin ailələrə təqdim edirlər. Şəhid ailəsinin qapısını açır, onların evinə baş çəkir, xatirələrini dinləyir, valideynləri ilə söhbət edirlər. Bu, artıq ənənəyə çevrilib.
Bundan əlavə, məktəbimizdə “Şuşa İli” çox təntənəli şəkildə qeyd olunmuşdu və həmin tədbirlər sosial şəbəkələrdə də paylaşılmışdı. Mütəmadi olaraq məktəbin bütün tədbirlərində şəhid ailələri iştirak edir, bizim dəyərli qonağımız olurlar. Onları heç vaxt unutmuruq, daim hörmətlə yanaşırıq.
Mən də şəhid ailəsi olaraq bu hissi yaşadığım üçün onların dərdini, hisslərini çox yaxşı anlayıram. Onlara necə diqqət göstərmək lazım olduğunu bilirəm və tərəfimdən bu münasibət hər zaman göstərilir.
- Yəqin ki, məktəbinizdə başqa şəhid ailələri üzvləri də var. Müəllim və şagirdlərin sizinlə bölüşdüyü hekayələr varmı?
- Şəhid ailələri, xüsusilə şəhid anaları ilə bir yerdə olanda onlar bəzən öz hisslərini gizlədə bilmirlər. Gözləri yaşarır, ağlayırlar, duyğulanırlar. Onlara hər zaman deyirəm: “Analar, siz ağlamayın. Başınızı dik tutun, ayağınızı torpağa qürurla basın. Çünki oğlanlarımız bizim göz yaşları ilə deyil, qürurla yaşamağımız üçün şəhid olublar. Biz kiminsə qabağında belibükük gəzməməliyik. Əksinə, daha möhkəm, daha dik durmalıyıq. Çünki oğullarımız çox şərəfli bir yolda canlarını fəda ediblər”.
Onlar elə bir müqəddəs yola addım atıblar ki, Azərbaycan var olduqca onların adı çəkiləcək. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. Bu qızıl yazılar daim parıldamalı, heç vaxt solmamalıdır. Şəhid anaları və ailələri dik durmalıdırlar ki, ətrafda görənlər onların necə güclü olduğunu bilsinlər. Çünki güclü ailədən güclü övladlar çıxır.
Biz şəhid ailəsi olaraq çox böyük, mənəvi və müqəddəs bir ad daşıyırıq. Bu adın şərəfinə layiq olmalıyıq. Bu ada ləkə gətirəcək hərəkətlərdən uzaq durmalıyıq. Ətrafda insanlar bizim davranışımıza baxaraq fikir formalaşdırırlar. Nə qədər nümunəvi olarsaq, o qədər hörmət qazanarıq. Əks halda, bir yanlış hərəkətlə pis fikir formalaşarsa, onu dəyişmək çətin olar.

- Təhsil işçisi kimi, şəhid ailələrinin övladlarına məktəbdə hansı əlavə diqqət göstərilməsini vacib hesab edirsiniz?
- Şəhid ailələrinin övladlarına diqqət yalnız məktəbdə deyil, hər yerdə olmalıdır. Çünki onlar atasını, bəzən də hər iki valideynini şəhid veriblər. İnsan üçün ata bir qol, ana da bir qoldur. O uşaq bir qolunu itirib. Birqollu insanın hərəkəti heç vaxt ikiqollu insanın hərəkətinə bərabər olmur. Şəhidlik nə qədər müqəddəs və uca zirvə olsa da, bu, övlad üçün ömür boyu çəkiləcək bir həsrət yaradır. O uşaq atasız böyüyür, atasını gözləyir, ona həsrət qalır. Kimsə atasının əlindən tutub harasa gedəndə, o uşaq içində deyir: “Kaş mənim də atam olardı, onda mən də belə olardım”.
Bu səbəbdən də biz onlara hansı sahədə olmağımızdan asılı olmayaraq sevgimizi əsirgəməməliyik. Biz onların atasını geri qaytara bilmərik. Amma verə biləcəyimiz ən dəyərli şey sevgi, diqqətdir. Bu qayğı ilə onları yaşatmaq mümkündür.
Mən bir şəhid ailəsi olaraq xalqımızın sevgisini, diqqətini, qayğısını üzərimdə gördükcə hiss edirəm ki, bizi xalq yaşadır. Nə qədər ki, xalqımız bizi sevəcək, biz də o qədər yaşayacağıq.
Əgər məktəbdə şəhid ailəsinin övladı varsa, o zaman həmin şagirdin dərslərində və ümumi təhsil prosesində daim diqqət mərkəzində saxlanılması çox önəmlidir. Onun yaxşı təhsil alması, dərsdənkənar məşğələlərdə iştirak etməsi üçün müəllimlərin xüsusi diqqət göstərməsi vacibdir. Həmçinin müəllimlərə həmin şagirdin şəhid ailəsindən olduğunu nəzərə çatdırmaqla, ona qarşı xüsusi qayğı və həssaslıq nümayiş etdirmək lazımdır. Bu cür şagirdlərin təhsildə geri qalmaması və əksinə, daha da irəliləməsi üçün müəllimlər əlindən gələni əsirgəməməlidirlər. Bu, təhsildə həm mənəvi borcumuzdur, həm də şəhid ailələrinə olan hörmətimizin göstəricisidir.

- Sizcə, gənc nəslin nümayəndələri şəhidlərimizin qəhrəmanlıq tarixini necə öyrənib yaşada bilər?
- Gənc nəslin nümayəndələrinin şəhidlərimizin qəhrəmanlığını yaddaşda və diqqətdə saxlaması üçün daim tədbirlər keçirilməlidir. Onları unutmaq olmaz. Onlar haqqında filmlərə baxılmalı, abidələri ziyarət olunmalı, ailələri ilə görüşlər təşkil edilməlidir. Gənclər onların həyat yolunu, döyüş yolunu öyrənməli, bu haqda kitablar oxumalı, məktəblərdə və digər fəal yerlərdə onların xatirəsinə tədbirlər keçirilməlidir.
Biz onları həm sevdirməliyik, həm də onların keçdiyi yolu gənclərə anlatmalıyıq ki, onları sevməyi bacarsınlar və daim yaşatsınlar. Bu, təkcə sevgi ilə deyil, həm də biliklə olmalıdır. Azərbaycanın tarixini öyrənmək, bu torpaq uğrunda canını fəda edən şəhidlərin həyat yolunu bilmək vacibdir.
Onlar haqqında yazılan məqalələri oxumaq, sənədli filmlərə, videolara baxmaq, onların xatirəsini daim yaşatmaq gənc nəsil üçün həm vəzifədir, həm borcdur. Yaddaşlarda ancaq bu şəkildə qala bilərlər, unutmaqla yox, yaşatmaqla.
Əlbəttə ki, bir şeyi yaşatmaq, gələcək nəsillərə ötürmək üçün əvvəlcə onu özün dərindən bilməli, öyrənməlisən ki, başqalarına da sevdirə biləsən, onun haqqında danışa biləsən, onu təbliğ edə biləsən. Qarabağ torpağı o qədər əzizdir ki... Bu gün kiminsə ayaq basdığı Cıdır düzü, İsa bulağında nə qədər igidlərimiz can verib, qan töküb. Nə qədər anaların fəryadı o torpaqlarda qalıb, nə qədər övlad atasız, nə qədər ana övladsız, bacı qardaşsız qalıb o torpaq uğrunda. Qarabağın hər qarışında şəhidlərimizin, igidlərimizin ruhu dolaşır. Ona görə də bu torpaq bizim üçün müqəddəsdir.
Bu müqəddəslik yalnız 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ilə deyil, hələ 1990-cı illərdən başlayaraq bu torpaq uğrunda canından keçən bütün şəhidlərimizlə bağlıdır. O torpaq onların qanı ilə sulanıb, onların ruhu ilə yaşayır. Qarabağı sevən, millətini sevən şəhidini də sevəcək. Şəhidini sevən insan isə o torpağı yaşadacaq, onu çiçəkləndirəcək. Sevməyən isə nə onu yaşada bilər, nə də inkişaf etdirə bilər.
Qoy Azərbaycan bir günəş kimi daim parlasın, bir daha müharibə olmasın. Övladlar atasız, analar övladsız, bacılar isə qardaşsız qalmasın...


