Elm, fəlsəfə və ədəbiyyat
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
(əvvəli qəzetin 27 iyul, 3, 24, 31 avqust və 15 noyabr tarixli saylarında)
Elə elmi kəşflər var ki, onlar nəinki elmin və onun tətbiq sahələrinin, həm də bədii-fəlsəfi təfəkkürün predmetinə çevrilir. Bu barədə əvvəlki mövzularda müfəssəl məlumat vermişdik. Elmi faktlar fəlsəfi düşüncəyə yol açmaqla ədəbiyyatdan, bədii mətnlərdən də yan keçmir. Yəni elm, fəlsəfə və ədəbiyyat birgəliyi intellektual bədii mətnlərin yaranması ilə nəticələnir ki, bu sahə ədəbiyyatın xüsusi qolunu təşkil edir.
Hazırkı mövzu bəşəriyyət tarixində, elmi və praktik sahələrdə, ümumiyyətlə, bütün düşüncə müstəvisində xüsusi dönüş yaratmış bir nəzəriyyənin ədəbiyyatda rolundan bəhs edir: Qeyri-səlis məntiq nəzəriyyəsi.
Bu məqsədlə nəzəriyyənin elmi-kütləvi izahına və mahiyyətinə qısaca nəzər salıb, bu nəzəriyyənin intellektual bədii mətnlərlə əlaqəsindən və əhəmiyyətindən bəhs etməyə cəhd edəcəyik.
Qeyri-səlis məntiq. Bədii mətnlərlə əlaqəsindən əvvəl bu nəzəriyyənin, yuxarıda qeyd etdiyimiz kimi, qısa şərhini verək ki, ədəbi müstəvidə proyeksiyasına işıq sala bilək. Bu məntiq illərin sınağından çıxmış Binar məntiqə (Aristotel məntiqi də deyilir) alternativ yeni düşüncə şəbəkəsi formalaşdıraraq yaradıcı sahələrdə yeni intellektual təmayüllü əsərlərin meydana gəlməsinə zəmin yaradır. Həmçinin ədəbiyyatda. Nədir qeyri-səlis məntiq?
Binar və ya Aristotel məntiqinə görə, bir mülahizə ya doğrudur, ya da səhvdir. Göründüyü kimi, yalan və doğru arasında aralıq dərəcələr, aralıq vəziyyətlər nəzərə alınmır. Fikrimizi bir qədər genişləndirərək izah məqsədi ilə bu kimi mühakimələr irəli sürə bilərik; bu məntiqə görə, bir mülahizə doğru deyilsə, yalandır, bir şey ağ rəngdə deyilsə, qaradır, insan xoşbəxt deyilsə, bədbəxtdir, hər hansı şəxs dost deyilsə, düşməndir, adama olan hiss sevgi hissi deyilsə, nifrətdir və s. Məntiq anlaşılır, yəqin ki.
Lakin uzun müddət düşüncə adamlarını çoxölçülü məntiq düşündürmüş, Aristotel məntiqinin (ikili məntiqin) tarix boyu bir çox sahələrdə səmərə verməsinə baxmayaraq, çatışmazlıqlarını, qüsurlarını anlamışlar. Bu məntiqə görə, iki əks mülahizə arasında qalan nüanslar nəzərə alınmadığından, bu nüansların, belə demək mümkünsə, hüquqları tanınmamış olaraq qalırdı.
İlk dəfə Lütfi Zadə tərəfindən 1965-ci ildə irəli sürülən “Qeyri-səlis məntiq” nəzəriyyəsi elmi şəkildə çoxölçülü məntiq məsələsini ümumiləşdirmiş oldu. Bu məntiqə görə, qeyri-müəyyənlik şəraitində mütləq heç nə yoxdur və var olan hər şey dərəcəsi ilə mövcuddur. Ağ və qara rəng, yalan və doğru, sevgi və nifrət, xoşbəxtlik və bədbəxtlik və s. müxtəlif bir-birinə əks mülahizələr arasında sonsuz sayda aralıq kateqoriyalar, nüanslar mövcuddur; ağ rəng də dərəcəsi ilə mövcuddur, qara da. Xoşbəxtlik də, bədbəxtlik də, sevinc də, kədər də elə.
Anlaşılan dildə qısa elmi-kütləvi izahını da verməyə çalışaq. Binar məntiqə aid məsələlərdə iki qiymət mövcuddur: 0 və 1. Yəni hər bir mülahizənin doğruluq qiymətini iki məntiqi səviyyə müəyyən edir; doğru – 1 (vahid), yanlış – 0 (sıfır). Qeyri-səlis məntiqə aid məsələlərdə isə qiymət 0 və 1 arasında olan bütün ədədlər ola bilər. Yəni hər hansı bir mülahizənin doğruluq qiyməti bu iki səviyyə – 0 (yanlış) və 1 (doğru) – arasında sonsuz qiymətlər çoxluğu ilə müəyyən edilir. Bu qiymətlər çoxluğu isə, qeyd olunduğu kimi, varlığın mövcudluq dərəcəsini ifadə edir.
Qeyri-səlis məntiq ədəbiyyatda. Çoxölçülü məntiqin yaranması elmi və praktiki əhəmiyyəti ilə yanaşı, düşüncə sferasında da inqilab yaratdı. Bu inqilab isə digər elmi-fəlsəfi inqilablar kimi yaradıcı sahələr üçün yeni imkanlar açır. Bu imkanlar hadisələrə fərqli yanaşma tərzi aşılamaqla, istər-istəməz, fərqli bədii əsərlərin doğulması üçün bir baza, sanballı düşüncə şəbəkəsidir. Bu məntiqə bələd olan yaradıcı şəxs dost olmayanı həmişə düşmən hesab etmir. Anlayır ki, sevgi və nifrət arasında çoxlu aralıq mərhələlər, vəziyyətlər var. Bilir ki, ağ və qara rəng arasında sonsuz çalarlar mövcuddur. Dərk edir ki, xoşbəxt olmamaq hələ bədbəxt olmaq deyildir.
Yəni içində olduğu hadisələri fərqli idrakla qavrayır, hadisələrə fərqli fəlsəfi düşüncə ilə və eyni zamanda tolerant yanaşa bilir. Bu məntiqin formalaşdırdığı fəlsəfi düşüncə, həm də tolerant münasibət mövzunun bədii həlli zamanı informativliklə yanaşı, gözlənilməzlik də yarada bilir ki, bu da əsərin bədii dəyərini, fəlsəfi yükünü artırmaqla yeni ədəbi-bədii estetikanın da yaranmasına təkan verir.
Qeyri-səlis məntiq bizi öyrədir ki, mövcud olan nə varsa, dərəcəsi ilə mövcuddur. Dərəcəsi ilə mövcuddursa, demək, həm də özündə müəyyən qədər tərsini saxlayar. Tərsini saxlayarsa, demək, mövcud olan müəyyən həddən sonra öz tərsinə də çevrilə bilər: sevgi nifrətə, nifrət sevgiyə, bədbəxtlik xoşbəxtliyə, xoşbəxtlik bədbəxtliyə, sevinc kədərə, kədər sevincə...
Hesab edirik ki, bu məqamda mövzuya adekvat bədii mətn söylədiklərimizi qismən də olsa, tamamlaya bilər. Və bu nəzəriyyənin düşüncə sistemindəki rolunu və möhtəşəmliyini bədii mətndəki təsvir və ifadələrdə, az da olsa, hiss etmək mümkündür.
Hər hansı bir elmi nəzəriyyənin, elmi anlayışın mahiyyətini, fəlsəfəsini anladıqda, onun üzərində və ya ondan bədii model, bədii vasitə olaraq istifadə edilməklə qurulan bədii mətnin ötürdüyü informasiya anlaşıla bilər. Və yalnız bundan sonra bu mətnlərdən bədii həzz alınması mümkündür. Adətən, belə hallarda həzzi bədii mətnlər üzərində düşünməyi sevən, bədii mətnlərdə informativlik axtaran oxucular yaşaya bilirlər.
Çoxölçülü məntiq düşüncə sistemində əsaslı dəyişikliyə səbəb olan digər sanballı elmi nəzəriyyələr kimi, bədii-fəlsəfi düşüncə, ümumiyyətlə, yaradıcı təfəkkür üçün çoxölçülü imkanlar açır, hadisələrə, predmetlərə olan münasibət sferasını genişləndirməklə, həqiqətən, sərbəst düşüncə meydanını da genişləndirir.
Şair-filosof
Haydeger deyir: “Şair poetik düşünən filosofdu”.
Mən də düşünürəm neçə illərdi:
yaranan nə varsa,
tələbdən doğar,
şəkli əks olunar düşüncədə,
sonra yavaş-yavaş istəyə dönər.
Həyat var a – asta-asta ölümdü elə düşünsən
dərindən,
düşünsən dərindən,
sevgi – bir az da nifrətdi, nifrət – bir az sevgi,
sevinc – bir az kədərdi, kədər – bir az sevinc,
xoşbəxtlik – bir az bədbəxtlikdi,
bədbəxtlik – bir az səadət.
qələbə - məğlubiyyətdi həm də,
məğlubiyyət – qələbə.
(Hər şey ifratda öz tərsinə çevrilər). Elə çevrilər,
bir də görərsən sevinc kədərə dönüb,
səadət acıya, qələbə məğlubiyyətə,
ya da tərsinə, odur ki, gəlin şükür edək tale verənə.
Var olan – yox olandı,
yox olan – var olan.
Ölüm – həyatın davamı; yoxolma deyil,
şüurun məhsulu – bu yerdə, deyəsən,
səhv edər şüur.
Şair – poetik düşünən filosofdu.
Mən də
düşündüm, düşündüm, düşündüm...
və şeir yazdım:
Payız gəldi. Saralan yarpaq
elə həmən yarpaqdı,
rəngini dəyişib sadəcə.
Payız gəldi yenə də,
saralan yarpaq
endiyi budaqdan uçmaz uzağa.
8-ci mövzu. Kvant fizikasından ədəbiyyata
Ədəbi Suprematizm nəzəriyyəsinin növbəti hədəfi Kvant fizikasının uzun bir dövr ərzində düşüncə adamlarını şübhədə saxlayan bəzi mülahizələri gerçəkliyə çevirən çox möhtəşəm nəticələridir. Elmi təsdiqini tapsa da, bu gün də öz sehri ilə heyrətə, şübhə dolu məqamlarıyla müəyyən tərəddüdlərə səbəb olur bu nəticələr. Elə bu səbəbdən həmin nəticələrin doğurduğu fəlsəfənin bədii mətnlərdə ifadə texnikasını konsepsiyamızın əsasını təşkil edən “elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür” (Eİ – FD – BT) üçlüyünün komponentlər ardıcıllığının yaratdığı modelin sınağından keçirməyə qərar verdik.
Kvant fizikasının elmi baxımdan inkar edilməsə də, insan məfkurəsinin sərhədlərini aşan və daha çox metafizik məna daşıyan nəticələrinin fəlsəfəsini bədii mətnlərə gətirməyə nail olsaq, bunun nə böyük həzz aşıladığının şahidi olarıq. Əslində, bu elmi qənaətlərin özü yaradıcı təfəkkürü lərzəyə salan, bir çox hadisələrin həm də fəlsəfi təsvirini cızan fikir şəbəkəsi, fəlsəfi tezislər təşnəsidir.
Kainat təkcə maddi deyil. Klassik fizikaya görə işıq zərrəcik yığınıdır. Eynşteyn isə 1905-ci ildə işığın kvantlara – enerji porsiyalarına (bunlara foton deyilir) bölündüyü nəticəsinə gəlir. Baxın, Kvant fizikası nə deyir: İşıq təkcə zərrəcik deyil, o həm də dalğa halındadır. Bir sözlə, işıq maneəyə rast gələnə qədər dalğa (enerjiyə bürünür), maneəyə rast gəldiyi zaman isə zərrəcik (qum dənəcikləri şəklində maddə) kimi davranır. Bu hələ harasıdır. Gəlin davam edək. Növbəti araşdırmalar daha möhtəşəmdir: təkcə işıq deyil, atomu təşkil edən zərrələr (elektron, proton kimi zərrəciklər) də eynən işıq kimi, ya dalğa (enerji), ya da zərrəcik (maddə) olaraq davranırlar, yəni bəzən görünür, bəzən də yox olurlar – kvant davranış forması deyilir buna. Beləliklə, bütün kainat, maddi dünya nədirsə, təkcə maddi deyil, o həm də enerjidir. Çünki kainatda nə varsa, elementar zərrəciklərdən təşkil olunub – elementar zərrəciklər necə, onlardan ibarət dünya da o cür. Fizikadan metafizikaya keçid. Möhtəşəmdir, deyilmi? Uzun bir dövr müxtəlif aspektdən (həm dini, həm də fəlsəfi dünyagörüşü nəzərdə tuturam) söylənilib, isbatı üçün dəridən-qabıqdan çıxılan fikirlərin elmi təsdiqi; maddi dünyanın təməli enerjidir. Bunu fizika deyir a, təbiət qanunlarını öyrənən bir elm.
Atomun içindəki zərrəciklərin gah görünən, gah da görünməz olması ilə bağlı kəşf isə gerçək zənn etdiyimiz dünyadakı görüntülərin bir kölgə, bir illüziya olduğunu təsdiq edir. Niyə təsdiq edir? Platonun “İdeal dünya”sını xatırladınızmı? “Fiziki dünya aydın, həqiqi ideyalar aləminin bulanıq təsviridir (kölgəsidir)”.
Deməli (doğurdanmı?!), biz mövcud olduğumuz dünyayla birgə həqiqi, gerçək dünyanın yalnız təsviri, özü də bulanıq təsviri, kölgəsiyik (?!).
Əksim və mən
Gedirəm,
kölgəm gah irəlidə,
gah də geridə.
Gah da çəkilir qeyri-müəyyənliyə.
Dayanmışam qarşısında:
güzgü - əksim hərəkətdə.
Çəkilirəm,
əksim gizlənir zülmətdə.
Oturmuşam.
Qarşımda fotolar – şəkillərdə
düzbucaqlı xatirələr.
Baxmıram,
yox olur hadisələr.
Kölgə (gedirəm),
güzgüdə əksim (dayanmışam),
fotolar (oturmuşam)
və
mən (gedirəm, dayanmışam,
oturmuşam).
Nə sirr var bunlarda,
yəni kölgədə, güzgüdə, fotolarda? –
həm mənəm,
həm də mən deyiləm.
Nə sirr var? –
birini deyim:
mən üçölçülü – fəzada hərəkətdə,
onlar müstəvidə - ikiölçülü təsvirim.
Nə sirr var məndə,
nə sirr var? –
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm, şəkiləm, kölgəyəm.
(ardı var)
Əli Şirin ŞÜKÜRLÜ,
riyaziyyat üzrə fəlsəfə doktoru, şair-esseist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 24 Yanvar 2026 02:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















