Elmar Məmmədyarov: “Bu suala cavab vermək üçün Nostradamus olmaq lazımdır” MÜSAHİBƏ
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bakıvaxtı.az-ın müsahibi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovdur.
Onunla söhbəti təqdim edirik:
Dəhlizin işləməsində Amerika Rusiyasız çətinlik çəkəcək
- Azərbaycanla Ermənistan arasında yekun sülhlə bağlı ilkin razılaşma Vaşinqtonda əldə olundu. Sizcə, yekun sülhün imzalanması hansı müddətə qədər başa çatmalıdır?
- Bu, böyük irəliləyişdir. Donald Tramp həmin sənədə öz imzasını atıb. Ona görə də məsələyə pozitiv yanaşmaq lazımdır. Düşünürəm ki, yekun sülh gec-tez imzalanacaq.
Çox güman ki, Ermənistan tərəfi seçkiləri gözləyəcək. Minsk qrupu ləğv olundu. İndi Ermənistanda konstitusiyası ilə bağlı referendumun keçirilməsi qalır. Bu proses də Ermənistandakı seçkilərdən sonra baş tuta bilər. Çünki daxili seçkilər zamanı vəziyyəti öyrənməlidirlər. İndi top Ermənistandadır. Gərək onlar konstitusiyanı dəyişdirsinlər. O sənədə düzəlişlər etsinlər, bundan sonra yükun sülh sazişi üçün yol açılacaq.
- Zəngəzur dəhlizi ifadəsi dünya siyasi leksikonuna “Tramp yolu” kimi daxil edildi. Sizcə, ad dəyişməklə yolun açılışına nail olmaq mümkün olacaqmı?
- Dəhliz açılacaq, buna zərrə də şübhəm yoxdur. Tramp bu dəhlizə öz adını verib. Burada bəzi məqamlar var.
- Söhbət hansı məqamdan gedir?
- O yolu bir-iki şirkət idarə edəcək. Gərək bu şirkətlərlə bağlı razılaşma əldə olunsun. Ən böyük məsələ təhlükəsizliklə bağlıdır. Təhlükəsizlik necə qorunacaq?
Gərək Amerika Ermənistanla daha intensiv danışıqlar aparsın və təhlükəsizlik məsələsini aydınlaşdırsınlar. Əlbəttə, Azərbaycanın da maraqları təmin olunmalıdır. Azərbaycan vətəndaşı Naxçıvana gedərkən, onun təhlükəsizliyini kim qoruyacaq? Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sazişdə qeyd olunub ki, bu yolda təhlükəsizliyi Rusiya sərhədçiləri qoruyacaq. Amma indi ortada Amerika faktoru var, digər tərəfdən İran və Rusiya faktoru da mövcuddur. Çünki indi oranı Rusiya sərhədçiləri qoruyur. Buna cavab tapmaq lazımdır. Bilmək lazımdır ki, təhlükəsizlik hansı rejimlə qorunacaq. Moskvadan belə xəbərlər gəlir ki, guya onlar bu yolun açılıb-açılmamasında maraqlı deyillər, amma belə düşünürəm ki, dəhlizin açılması Rusiyanın da maraqlarına uyğundur və rəsmi Moskva da bunda çox maraqlıdır. Çünki Qərb Ukraynaya görə bütün qapıları Rusiyanın üzünə qapadıb. Düzdür, Bakı-Tbilisi-Qars dəmiryolu xətti də var, amma digər tərəfdən “Tramp yolu” da çox önəmlidir. Burada Çinin də maraqları mövcuddur. Çin üçün yeni imkanlar açılacaq.
- “Tramp yolu”nun təhlükəsizliyi ilə bağlı maraqlı bir məqama toxundunuz. Ermənistandan belə bəyanatlar verilir ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli saziş Vaşinqton razılaşmasından sonra qüvvədən düşüb. Dolayısı ilə bəyan etmək istəyirlər ki, Zəngəzur dəhlizinin mühafizəni Rusiya sərhədçiləri deyil, Amerika təşkilatı həyata keçirəcək. Sizcə, Amerikanın Cənubi Qafqaza nüfuzu Rusiyanı narahat etməyəcək?
- Birmənalı narahat edəcək. Amma bu məqamda ABŞ və Rusiya arasında da danışıqlar aparılacaq. Dəhlizin işləməsi və mühafizəsinin hansı rejimdə təşkil olunması dəqiqləşdiriləcək. Ona görə də bir az gözləmək lazım gələcək. Bu mənada Rusiya və ABŞ arasındakı danışıqları gözləmək lazımdır. Dəhlizin işləməsində Amerika Rusiyasız çətinlik çəkəcək.
Rusiya-Azərbaycan münasibətləri əvvəlki səviyyədə olmayacaq, amma...
- Son aylar Azərbaycan- Rusiya münasibətlərindəki gəginlik açıq müstəviyə keçib. Sizcə, münasibətlər niyə kəksinləşdi?
- Hər şey Azərbaycana məxsus mülki təyyarənin vurulmasından başladı. Düşünürəm ki, istintaq başa çatandan, məhkəmənin qərarı qəbul olunandan sonra Rusiya təyyarə və sərnişinlərə görə kompensasiyanı ödəyəcək. İndiki halda baş verənlər ritorikanın gərginləşməsidir. Əsasən rəsmi bəyanatlara diqqət etmək lazımdır. Rusiya prezidenti Vladimir Putin mətbuata müsahibəsində bildirdi ki, Azərbaycanla Rusiya arasında fundamental əlaqələr var. Baş nazirin müavini Aleksey Overçuk da müsbət açıqlama verdi. Bildirdi ki, Azərbaycanla Rusiya arasındakı iqtisadi əlaqələr yaxşı imkanlar yaradır. Aleksey Overcukla Azərbaycanın Baş nazir müavini Şahin Mustafayev arasında görüş baş tutub. Onlar iqtisadiyyatı daha da genişləndirmək istiqamətində razılığa gəliblər. Bu mənada düşünürəm ki, sərt ritorika yumşalacaq. Düzdür, münasibətlər əvvəlki səviyyədə olmayacaq, amma yumşalmalar olacaq. Münasibətlərin əvvəlki səviyyəyə yüksəlməsi zaman alacaq.
- Rusiyada yaşayan soydaşlarımıza qarşı “OMON”un açıq-aşkar təzyiqləri var. Azərbaycanlı biznesmenlərin “ovuna” çıxıblar. Bunu nə ilə izah etmək olar?
- Bütün bunlar Azərbaycana qarşı iqtisadi təzyiqlərdir. Həmin şəxslər mənşə etibarilə azərbaycanlı olsalar da, Rusiyanın vətəndaşlarıdır. Əlbəttə, hüquq-mühafizə orqanları onlara birbaşa təzyiq göstərə bilməz. Bu da yoluna qoyulacaq.
Azərbaycan ŞƏT-ə Ermənistanla bərabər üzv olacaq
- Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv kimi (ŞƏT) qəbul olunmadı. Sizcə, səbəb nə idi?
- Bu təşkilata üzv olması Azərbaycanın iqtisadiyyatı və siyasi həyatı üçün çox önəmlidir. Gec-tez Azərbaycan ora üzv olacaq. Çox güman ki, Azərbaycan Ermənistanla bərabər üzv olacaq. Yadımdadır, vaxtilə biz ŞƏT-ə üzv olmaq üçün nota verəndə, onda bildirirdilər ki, Ermənistan da nota verməlidir. Sonra bəyan etdilər ki, sizin aranızda sülhün olmaması təşkilat üçün problem yaradır. Amma indi bütün problemlər aradan qaldırılıb. Bu mənada inanıram ki, gec-tez ŞƏT Azərbaycanı üzvlüyə qəbul edəcək. Bu təşkilat Azərbaycanın nəqliyyat sferası və iqtisadiyyatı üçün önəmlidir.
- Rəsmi Bakı bəyan etdi ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünə mane olan ölkələrdən biri Hindistan olub, pərdəarxasında isə Rusiya dayanır. Hindistan nə istəyir?
- Rəsmi Dehli Pakistana görə bizə qarşı qərəzli mövqedə dayanır, amma əsas məqam Çinin mövqeyidir. Çin də bəyanat verib ki, onlar Azərbaycanın ŞƏT-in üzvü olmağını arzulayırlar. İnanıram ki, bunun da yolu tapılacaq, bu məsələdə optimistəm. Açıqlama verirlər ŞƏT siyasətlə deyil, daha çox iqtisadiyyatla məşğuldur. Düzdür, bildirirlər ki, bu, daha çox ABŞ-yə qarşıdır, amma ŞƏT ABŞ və Qərbə açıq şəkildə siyasi təzyiq göstərmir. Çünki Çinin praqmatik bir yolu var: iqtisadiyyatı inkişaf etdirmək, yolları açmaq, məhsulları Amerika və Avropa bazarlarına çıxarmaq.
Rusiya-Ukrayna savaşının dayanacağına inanmıram
- Alyaskada Donald Trampla Vladimir Putin arasında görüş baş tutdu. Niyyət Rusiya-Ukrayna savaşını nöqtələmək idi, amma müzakirələr səmərə vermədi. Proqnozlar var ki, məlum savaş 2030-cu ilə qədər davam edə bilər…
- Bu savaşın dayanacağına inanmıram. Burada hər iki tərəfin mövqeləri fərqlidir. Avropanın da mövqeləri fərqlidir. Təhlil edəndə ilk növbədə məntiqlə düşünmək lazımdır. Tələb budur ki, gərək Ukrayna Donetsk ərazisindən öz qoşunlarını çıxarsın, bu, Kiyev üçün qəbuledilməzdir. Bundan başqa artıq Rusiya Donetsk, Luqansk, Xerson və Zaporojyeni öz ərazisi olaraq, konstitusiyasına daxil edib. Ukrayna bunu necə qəbul etsin? Ona görə də savaşın dayanması ilə bağlı optimist deyiləm.
- Bu cür yanaşmalar var ki, Rusiya Ukraynadan “əli güclü” çıxarsa, növbəti hədəf Azərbaycan ola bilər? Sizcə, bu, mümkündürmü?
- Bu hipotetik məsələdir. Bu suala cavab vermək üçün Nostradamus olmaq lazımdır.
- Hər bir fikrin ərsəyə gəlməsində bir səbəb var, çünki Kremlin “danışan dili” hesab olunan bəzi rus siyasi ekspertlər bu cür açılamalar səsləndirirlər…
- İnanıram ki, Rusiya Azərbaycanla “yumşaq dillə” əlaqələr saxlayacaq, çünki Azərbaycan Rusiya üçün nəqliyyat və iqtisadiyyat baxımından önəmli ölkədir. Pozitiv yanaşıram.
Aydın Baxış


