Icma.az
close
up
RU
Ərə yox, gora gedən qızlar...

Ərə yox, gora gedən qızlar...

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Kubra Məhərrəmova yazır...

Allahın elə bir günü yoxdur ki, qara xəbər almayaq. Hər gün bir qadın ya kimsə tərəfindən öldürülür, ya da öz canına qıyır, sanki elə belə də olmalıdır.

Sonra da öldürülənlərin qohum-əqrəbası çıxıb deyir ki, "bəs gəlinim aydan-arı, sudan-duru idi". Öləndən sonra ha təriflə, nə olsun? Qayıdacaqmı o gəlin üç balasının yanına?!

Birinin meyiti soyumamış digərinin xəbərini aldıq, 19 yaşlı Ləman Məmmədli qız toyundan sonra canına qəsd edib. 19 yaş...

Atası Murad Bayramov isə deyir ki, "qız könüllü ərə gedib, özü istəyib. Qız toyundan sonra oğlan evi dava elədi ki, gəlinliyi çox açıq-saçıqdır. Dava-dalaşa dözməyən qız canına qıydı".

Burada bir haşiyə, bu dərəcədə "ciddi", "namus-qeyrət" ovçusu olan oğlan tərəfi necə olub ki, qızın gəlinlik seçiminə əvvəldən müdaxilə etməyib? Bunu evdən çıxaranda görməyiblər ki, əynində nə var?

İkincisi, heç bir gəlin özü gedib gəlinlik seçmir. Mütləq oğlan tərəfinin qohumları ilə gedib seçirlər. Bu qəbildən olanlar gəlinin evdə geyindiyi tərlik belə ailə məclisində müzakirəyə qoyulur, səsvermə keçirilir, təsdiqlənir, sonra alınır. Yəni bu versiyanı əvvəldən atırıq kənara.

İndi keçək digər məsələyə.

Kim inanmaq istəyir, inansın atanın dediyinə. Mən isə 19 yaşlı Ləmanın toyundakı görüntülərə inanıram. Görüntülər isə deyir ki, 19 yaşlı gəlin heç də xoşbəxt görünmür. Tort kəsmək mərasimində tortu kəsən kimi əlini tez çəkir. Məncə sevən adam sevdiyi şəxsə daha çox toxunmağa çalışır, nəinki əlini çəkmək...

Ardınca cütlüklərin bir-birinə tort daddırmaq məqamında əlləri ilə imtina edir ki, istəmirəm.

Sözlə deyilə bilməyən etirazlar çox vaxt belə ifadə olunur. Valideyni tərəfindən atılan körpə kimi, kimsəsiz və tək.

Yeri gəlmişkən, ən çox müzakirə olunan isə bəyin 35-36 yaşında olması idi. Qız atası da dedi ki, "elə deyil, bəyin 33 yaşı var".

Allah tərəfi deməliyik ki, ciddi fərq var. 33 hara, 35 hara.

Bizim cəmiyyət sevir olanın üstünə beş də artıq qoymağı.

Məsələnin ən kulminasiya nöqtəsi isə bilirsiniz nədir?

Oğlan evi Ləmanın yas mərasiminə gəlmək istəyib, ya da gəlib (dəqiq bilinmir) atası da "təzə qohumları" qovub. Mən demirəm, siz deyin. Bu, hansı məcraya sığır?

Ümumiyyətlə hansı məcraya sığır ki, qız istəməyə, könül xoşluğu olmaya, amma kişi onunla evlənə?!

Hansı məcraya sığır ki, mələk üzlü 19 yaşlı qızı tez ərə verəsən ki, çayxanada "yerbəyer" etdim deyəsən?!

Hansı məcraya sığır ki, qız uşaqlarından məhz bu cür canını qurtarasan?!

Yazıqların yarısı dünyaya gəlməmiş ana bətnində tələf olunur, yarısı da belə.

Gəlin etiraf edək ki, bizim cəmiyyətdə baş tutan toy mərasimlərinin əsas hissəsi tamaşadır.

Bu tamaşada isə çox vaxt faciə oynanılır. Xəstə uşaqdırsa, narkoman, psixoloji problemi olan, ağlınıza gələn-gəlməyən nə varsa, evləndirirlər ki, el gözünə sübut olsun. Bizim uşaq sağ-salamatdır, budur evləndirdik, qız da alıb gətirdik.

Bəzən də belə problemli ailələr gənc qızları gəlin seçirlər ki, "gözü açılmamış" olsun. Anlamasın ki, ərə getdiyi oğlanın nəsə dərdi var.

Ərə gedəndən sonra isə çox vaxt gec olur. Çox vaxt ailələr "geri qayıdan qızı" qəbul etmir, "getmisən, meyitin çıxmalıdır" deyib, ər evinə geri yola salırlar.

Çarəsizlik və bədbəxtlik içində psixoloji və fiziki zorakılığa məruz qalan qızların sonu hər birimizə bəllidir.

Maraqlısı odur ki, psixoloji təzyiq və zorakılığa görə hələ heç kim cəza almayıb.

Yoxdur belə bir hal.

Ancaq qurban öldürülübsə, o zaman araşdırma başlanır.

Bəlkə dövlət qurumları bu məsələ ilə məşğul olsunlar? Bəlkə Milli Məclisdə yeni qanun qəbul etsinlər?

Valideyn adını daşıyanlardan üz çevirmişik. Övladlarını qorumaq və dəstək olmaq əvəzinə həyatına qəsd edənlərin yanında duranlar var. Bu yazıq qızların qaçacaq bir yolu, döyəcəyi bir qapısı, sığınacaq tapacağı bir yeri olmalıdır. Yoxsa qəbiristanlıqlar qırmızı xonçalı, qırmızı lentli, gəlinlik libasında olan məzarlarla dolu olacaq.

2025-ci ilin sonuna çatmışıq, hələ bizim dərdimizə bax.

19 yaşlı Ləmanın faciəsi qalıb kənarda, adamlar sosial şəbəkədə yazırlar ki, "yaş fərqi önəmli deyil!"

Ay qardaş, ay bacı, sənin üçün önəmli olmaya bilər, başqası üçün vacibdir!

Kimsə həyatını ahıl yaşlı kişi ilə keçirtmək istəyir, kimsə cavanla. Bundan sizə nə? 19 yaşlı cavan qız həyatına son qoyub. Heç bunun fərqinə varırsınız?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see378

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see348

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see329

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see248

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see241

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see233

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see218

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see181

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see168

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see165

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see160

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see159

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see159

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see158

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see156

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see154

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see154

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see148

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri