Qışın axır ayı Əli Əmirli yazır
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əli ƏMİRLİ
Hafizə xoruzların banına yuxudan oyandı. Çətinliklə açılan gözlərini ovuşdurub ləzzətlə əsnədi. Divardan asılmış saatın əqrəbləri masaüstü lampanın zəif işığında yüngül parıltı saçırdı. Rəqəmlər görünməsə də, əqrəblərin vəziyyətindən yeddinin yarısı olduğunu bildi.
Otağın aşağı başında taxta çarpayıda atası Səftər kişi xoruldayırdı. Bu peyvənd xorultudan evin divarları titrəyirdi. Hafizə bu xorultuya deyil, xoruzların səsinə oyandığına təəccübləndi. Sağ böyrü üstə çönüb pəncərədən bayıra baxdı, hələ qaranlıqdı. Bayırda kiçik çillənin axırı idi, gecələr də xeyli qısalmışdı. Hafizə yerindən qalxmaq istəmirdi. Yorğanı çənəsinin altınacan çəkib gözlərini yenidən yumdu. Öz-özünə "bir çimir də alım, sonra duraram" dedi. Ancaq öz-özünə belə desə də, bilirdi ki, yatmayacaq, daha doğrusu, yata bilməzdi. Bir azdan atası, qardaşları qalxacaq. Çay qoymaq, həyət-bacanı süpürmək gərəkdi. Həm də saat altıda durmağa vərdiş eləmişdi. Bu günsə bu vərdişin də təsiri olmadı deyəsən. "Cəhənnəmə! Nə olur, olsun!" dedi və üzünü xalçalı divara çevirib bərk-bərk yorğanına büründü, gözlərini də yumdu. Gözlərini yummağı ilə dünən televizorda gördüyü türk kinosunun yadına düşməsi bir oldu. Yanaqları istiləndi. Film yaşı ötmüş bir qızın həyatından danışırdı. Hafizə filmə baxdıqca elə bil öz taleyini görürdü. Filmin axırına yaxın özünü saxlaya bilməyib evdəkilərin yanındaca ağlamışdı. Yaxşı ki, ondan başqa televizora baxan yox idi. Yoxsa onun niyə ağladığını başa düşərdilər. Məsələ burasında idi ki, Hafizənin də yaşı otuzu haxlamışdı. Ta kənddə onun adını yetişmiş qızlar sırasında çəkmirdilər.
- Ağız, Hafza! - atasının xırıltılı səsi idi.
- Haaa.
- Gör xoruzların neçənci banıdı, dursana!
- Dururam, xoruzlar partlamazlar. - Onun kal səsi vardı, elə bil boğazına üst-üstdən soyuq dəymişdi. - Allah günümü qara eləyib.
Kişi onun deyinməyini eyninə almayıb üstünə atdığı sırıqlısının cibindən papiros çıxartdı. Birinci qullabdan sonra bərkdən öskürdü, sinəsi sulu qəlyan kimi xoruldadı.
Hafizə lampanı söndürdü. Donunu əyninə alıb pambıqdan sırınmış qolsuz canlığını geydi və üç lampalı işığı yandırdı. Yerini yığıb artırmaya çıxdı. Çaydanı iri ağ qazanda məxsusi çay üçün saxladığı kəhriz suyu ilə doldurub qazın üstünə qoydu və həyətə düşdü. Onsuz da təmiz olan həyəti çalğılamağa başladı. Qanı qara idi. Qaşqabağını elə düyünləmişdi ki, üzünün bir də güləcəyinə heç fələk də inanmazdı.
Atası da həyətə düşdü. İri dəsmalı ilə sazaqdan sulanmış gözlərini silib daxalın dünən xarab olmuş cəftəsini düzəltməyə başladı.
Hafizə yavaş-yavaş bozaran tutqun göyə baxıb üz-gözünü bir az da turşutdu.
- Gör nətəər qara geyif göy çalır?!
Bu sözləri deyəndə onun səsindən, bütün görkəmindən bilinirdi ki, bu dəm onun ürəyində fərəh oyada biləcək heç nə yoxdur. Səhər atası onu səsləyəndən bəri bütün işləri elə görürdü, guya qurulmuş maşın idi. İndi də çalğını bir tərəfə tullayıb pəyəyə sarı getdi. İnəyi naxıra hazırlamaq gərəkdi. Bir azdan naxırçı Sarının düdüyünün səsi kəndi başına götürəcəkdi.
"Ho-ha!" deyə-deyə inəyi qovub həyətə çıxartdı.
- Azzar dəysin saa! Ay inək, ho-ha! Qara azzar dəysin elə, gör nə özün dartıb, guya o yanı bəri eliyif.
Səftər kişi qızının cod səsini eşidib qımışdı.
- A bala, niyə öldürürsən bu inəyi? Gədələr durmuyuf-nədi?
- Yox, gədələr Nəsrəddin şahın balalarıdı.
Kişi bir də qımışdı.
- Mənim Nəsrəddin şahdan nəyim əskikdi, az?
Hafizə onun zarafatına fikir verməyib başından ləçəyini açdı və aynabəndi saxlayan dirəklərdən birinə mıxlanmış əlüzyuyana yaxınlaşdı. Qoşa ovcunu buz kimi suyla doldurub qaşqabaqlı üzünə çırpdı.
Səftər kişi başını bulaya-bulaya inəyi qabağına qatıb naxıra apardı.
- Hafza! Hafza! - Böyük qardaşı Çıraq idi. Hafizə öz-özünə "Hafzasız qalasınız!" dedi, sonra örpəyinin bir ucu ilə üzünü silib qardaşına bozardı:
- Nə var?
- Qağam inəyi apardı?
- Apardı, arxayın yat, - dedi və keçib böyük otağa girdi.
Bu otaq Hafizənin illərdən bəri bir-bir alıb yığdığı cehiz şeyləri ilə dolu olduğundan özündən başqa heç kəs bura ayaq basmırdı. Hafizə güzgünün qabağına keçib başını daradı, saçını hörə-hörə qarayanız sifətinə diqqət elədi. İri gözləri çuxura düşmüşdü. Səhərin sazağından qaysaqlanmış dodaqları bir-iki yerdən elə bil çatlamışdı. Birdən-birə güzgüdəki əksinə yad adama baxan kimi sinc elədi və yenə də dünənki film düşdü yadına. Gözləri yaşardı, tezcə də güzgüdən aralanıb otaqdan çıxdı. Şüşəbənddən Çırağın səsi gəldi:
- Sən ölmüyəsən genə gejikəjəm, Hafza!
Hafizə qazın üstündən çaydanı götürüb içəri keçdi.
- Nə var, genə nə burnunu sallamısan? - deyib Çıraq uzunboğaz sapoqlarını ayağına çəkdi. - Az qalıb yeddi olsun çay yoxdu. Xozeyin genə danlıyajax məni.
- Şəkərin qızını gətir, çayın vaxtında hazır olsun.
- Sarsaqlama! - Çırağın çatma qaşları düyünləndi.
Hafizə stəkanlara çay tökdü və hiss elədi ki, bu saat ağlayacaq. Alt dodağını dişləyib erkək səsi ilə kiçik qardaşı Kərimi çağırdı. Kərim üzünü məhraba ilə silə-silə içəri girdi. Məhrəbanı mıxdan asıb bir parça çörəyin üstünə yağ çəkdi. Tələsik taxçadan bir-iki kitab götürüb toqqasına keçirdi. Çörəyi dişləyə-dişləyə "mən getdim" deyib məktəbə yollandı.
- Səhər-səhər mısmırığını sallama görək.
Hafizə burnunun ucundan sallanan göz yaşını əlinin arxası ilə silib başını qaldırdı. Çırağın üzünə baxıb zorla gülümsədi. Çıraq başını bulaya-bulaya gödəkcəsini götürdü. Onun tappatarap addım səsləri pilləkəndən kəsilənəcən Hafizə yerindən tərpənmədi. Sonra çay dəsmalını dəm çaydanının üstünə sərib artırmaya çıxdı. Atası hələ də daxalın qapısı ilə əlləşirdi.
- Qağa, çayın soyudu.
Kişi işini yarımçıq qoyub əllərini yudu. Pilləkənləri qalxa-qalxa soruşdu:
- Gədələr getdilərmi?
- Getdilər.
Səftər kişi uzunboğaz çəkmələrini çıxarıb Hafizənin arxasınca içəri keçdi. Hafizə çay tökdü.
- Axşamnan bişmiş qalıf, qızdırımmı?
- Yox, elə şirin çay bəsimdi. İşiniz hələ çoxdu?
- Öz hektarımı qutarmışam, Sayalıya köməy edirəm.
- Yaman gejikdiniz, balam, yaz qapını döyür.
- Böyüyümüz avara adamdı, o xartana torpağı qamarrıyıf, hamma gözü doymur. Nə istədiyini də bir fələk bilir.
- Aylığınızı ki vaxtında verir?
- Verməsə nə itimiz azıf xalxın təsərifatında?
Kişi boşalmış stəkanı böyrü üstə nəlbəkiyə qoyub ayağa qalxdı.
- Qızım, majal eliyə bilsən bir xəngəl bişir, yamanca eynimə düşüb.
Hafizə heç nə deməyib stolun üstünü yığışdırmağa başladı. Stəkanları bir qab suda yaxalayıb ağzı üstə məcməiyə düzdü.
- Hafza, ay Hafza! - Həyətdən Sayalının səsi eşidildi.
- Gəldim, Sayalı, gəldim...
Hafizə qalın sırıqlısını geyinib başına yun şalını bağladı. Qapıları qıfıllayıb yemək zəmbilini götürdü.
Üzümlük boz dumana bürünmüşdü. Nəfəs alanda adamın burnuna xoş bir nəmlik qoxusu gəlirdi. Meynələrin budaqlarından şeh kimi damcılar asılmışdı. Hafizə tənəkləri budayır, kəsdiyi artıq budaqları, bicləri bir-birinin üstünə yığırdı. Şələlər iriləşdikcə onları ortasından sivirimlə bağlayırdı. Xeyli aralıda Sayalı da zümzümə eləyə-eləyə həmin işi görürdü.
Hafizə həmişəki kimi sürətlə və səliqə ilə işləyirdi. Səhərdən bəri qayçını əlindən yerə qoymamışdı. Dünənki kino yenidən gözlərinin önündə canlandı. Heç ağlına gəlməzdi ki, allahın bir kinosu onu beləcə yerindən oynada bilərmiş. Ürəyində danışmaq istəyi qaynayırdı, ancaq bilmirdi dərdini-sərini kiminlə bölüşdürsün. Yavaş-yavaş Sayalıya tərəf yön aldı.
- Nə var, Hafza, çörəy vaxtıdı?
- Nədi, ajmısan?
- Mən elə həməşə ajam, bajı. - Hər ikisi güldü.
Sayalı bir yerə yığdığı çubuqları şələləyib belini dikəltdi.
- Sayalı, gejəki kinoya baxdın?
- Nejə?
- Yaxşı kino idi.
- Sən allah, ətimizi tökmə, onun nəyi yaxşıydı, az? Birəz baxdım, sora səbrim gəlmədi. Lal kimi bir qız gah ora gedir, gah bura. İstəyi nəydi, baş aça bilmədim.
Hafizə daha kinodan söz salmadı.
- Uf, uf... - Sayalı üz-gözünü qırışdırıb yerə sərdiyi boş kisənin üstündə bardaş qurdu. - Adam nə qədər durar əyağ üsdə? Gejə yatannan-yatana rahat oluram, Qostan majal versə, - hırıltıyla güldü. - Uşaxlar da bir tərəfdən qarğa-quzğun kimi tökülülər üsdümə. - Zəmbildən süfrə çıxarıb quru yarpaqların üstünə sərdi. - Otursana!
Hafizə də bardaş qurub oturdu və günorta yeməyini süfrəyə qoydu.
- Həəə... tökülürlər üstümə, - loxmasını çeynəyə-çeynəyə danışır. - Ana, bunu tik, ana, onu ver. Birini çimizdir, birini geyindir, çörəy bişir, bəyə qulluq elə...
- Naşükür olma, Sayalı.
- Sən bilsən mən nə çəkirəm, belə deməzsən. Gedərsən bir köpəy oğluna...
- Elə gedə-gedə qalmışam, - Hafizə yüngülcə gülümsədi.
- Gedərsən, gedərsən... Kiminin əvvəli, kiminin axırı deyiflər, - Sayalı termosdan stəkanlara çay tökdü. - Özün də az qaşqabaxlı gəz, dilinə şəkər qat, həmişə səsinin kal yerinə salma.
- Aaz, bulları maa çoxdan deyeydin dayna.
- Qorxuram da saa söz deməyə, adamı peşman eliyirsən. Balam pisini istiyirəm mən?
- Nə bilim, Sayalı, mənim də baxtım belə gətirif. - Yağ-şor dürməyini dişlədi.
- Bax, saa bir söz deyəjəm, amma sən o qoşa qardaşıyın canı, majal ver axıracan deyim. İndi sözdü dayna deyirəm. - Hafizənin dinmədiyini görüb sözünə davam etdi. - Biri məni saa adam salıb, özü də çoxdandı. Düzü, ürək eləmirdim deyim, qorxurdum ajığın tutar.
Hafizənin qaşları düyünləndi:
- Yanı heylə allah vurmuşdu?
- Yox, aaz! Dayının canı haqqı, beş kişinin biridi. Belə bir az...
- Yaxşı uzatma, de görüm kimdi o beş kişinin biri?
- Musanı deyirəm, şofiri!
- Musa? Boccalı Musanı deyirsən?
- Aaz, hə dayna! Öz məhləmizin adamıdı.
- Sayalı, bu sözü bir də dilinə gətirmə. - Hafizə süfrənin qırağını hirslə qatlayıb yerindən qalxdı. - Bir daş altda, bir daş üstdə! Dul, özü də... dalı yetimli maa qalmıyıf. Onnansa evin küncündə qarımax min pay yaxşıdı. Özün də əriştə kəsənsən, yeri bajın qızı keçəl Fatmıya umac ov! - Qayçısını götürüb iri və hikkəli addımlarla öz vərinə tərəf getdi. "Gör nə günə qalmışam! İki yetim yekəltdiyim azmış, indi də gedim boccalı Musanın yetiminə baxım, adım da olsun öyə ana". Özü də bilmədən ucadan danışdı:
- Sən bunun işdahına bax! Dul arvad qəhətiymiş başına!
Ağır bədənini yırğalaya-yırğalaya Sayalı özünü yetirdi:
- Aaz, indi mən nə dedim? Xeyrini istiyirəm dayna. Kişinin oğlu bir sözdü deyirdi, deyərəm deməmiş ol, vəssalam!
Hafizə dinmədi, əyilib corablarını yuxarı çəkdi.
- Şil dəyil, şikəst dəyil, lay divar kimi oğuldu, əlində sənəti-sübutu. Neynəsin arvadı ölüb. Ömrü boyu arvadsız qalmalıdı?
- Sayalı, bu saat abrını bükərəm ətəyinə haaa... Açma mənim gül ağzımı. Yaxşıdı, dedim saa, apar bajın qızını ver ona, ər deyif dad döyür.
- Alsa oynuya-oynuya verərdim. Kopolu saa aşıq olub.
"Aşıq olub" sözü Hafizəni diksindirdi, yanaqları bircə anın içində qızarıb istiləndi və hirsi-hikkəsi yoxa çıxdı, elə bil sabun köpüyünün üstünə soyuq su caladın. Hətta gülümsəmək də istədi. Tələsik zəmbilini götürüb kəndə sarı üz tutdu. Sayalı iri-iti addımlarla uzaqlaşan Hafizənin dalınca baxıb dodaqaltı deyindi:
- Qudurasan qurbağa! Yaxşı deyiflər, it qursağı yağ götürməz.
Doqqazın qabağına çatanda Hafizənin hirsi tamam soyumuşdu, eyni də açılmışdı, amma ürəyi narahat fikirlərlə dolu idi. Doqqazın ağzında dayanıb kürsülü evi olan qonşu həyətə sarı boylandı. Bura boccalı Musanın həyəti idi. Həyəti dövrələyən qalın çəpər tamam yatmışdı. Öz-özünə "arvadsız evin həyəti belə olar" dedi və hiss elədi ki, ürəyi nigarançılıqla döyündü. Və birdən evin yan tərəfindən balaca bir qız çıxdı. Hafizə Musanın qızını tanıdı. Əlini doqqazın qapısından çəkib dayandı. Qız evin pilləkənini qalxıb qapının ağzında oturdu. Hafizənin ürəyi bu gün neçənci dəfə qəribə tərzdə titrədi və ona elə gəldi ki, səsini çıxarsa, ağlayacaq. Qızsa qapının ağzında oturub tərpənmirdi. Hafizə Musanın həyətinə necə girdiyini, uşağa necə yaxınlaşdığını bilmədi.
- Axşamın xeyir, Könül.
Könül başını qaldırıb təəccüblə Hafizənin üzünə baxdı.
- Atam gəlmiyif, - qız günahkar kimi dilləndi. - Demişdi axşamtərəfi qayıdajam.
Qızın qəribə səsi vardı. Ona elə gəldi Könülün səsini birinci dəfə eşidir və ömründə belə zərif uşaq səsi eşitməyib.
- Bağçadan özün gəldin?
- Hə, müəllimə ilə tək qalmışdıq. Gəldim evə. Atam tez qayıdajax.
- Bəs açarın yoxdu? - Hafizə qapıdan asılmış qara qıfıla baxdı. Qız da Hafizə kimi qıfıla baxdı.
- Var, - əlini qoynuna salıb boynundan asılmış açarı çıxartdı. - Bircə məktəbə getsəydim, işimiz hasandlaşardı.
- Atan belə deyir? - Hafizə gülümsədi, açarı qızın boynundan çıxarıb qapını açdı. - İndi puçu qalıyım ev istilənsin, yoxsa söyuxdan donarıx. Ajsanmı?
- Hə, ajmışam, - deyən qız yüyürüb dizi üstə kətilə qalxdı, stolun üstündəki qazanın ağzını açdı.
Hafizə dəmir sobaya odun qoya-qoya soruşdu:
- Sən özün bişirirsən bişmişi?
- Yox, atam bişirir, bir də Sayalı bibim.
- Sayalı nə belə canıyanan olub? - Hafizə köntöy səslə soruşdu.
Könül təəccüblə Hafizəyə baxdı və əlindəki kibrit qutusunu ona uzatdı. Hafizə qazla yanan sobanı alışdırıb dünəndən qalmış bozbaş qazanını odun üstünə qoydu.
- Atam deyir yenidə məktəbə gedəjəm. Onda bişmişi də özüm bişirəjəm.
Hafizə altı yaşlı bu çəlimsiz qızla danışdıqca ürəyinin açıldığını, yüngülləşdiyini hiss edirdi. Eyni çiçək kimi açılmışdı. Evin tör-töküntüsünü yığışdırdıqca hərəkətlərinin zərif və rəvan olmasına çalışır, bu balaca qızın xoşuna gəlmək istəyirdi.
- Atam gələndə deyəjəm bu işləri özüm görmüşəm. - Qız bic-bic gülümsədi.
- Yaxşı eliyəssən.
Hafizə qızı qucaqlamaq, əzizləmək üçün bəhanə axtarırdı.
- Könül, darağı gətir başını darıyım.
Qız yüyürüb dişləri üç-dörd yerdən mırıq düşmüş darağı gətirib Hafizənin qabağında dayandı. Hafizə darağa baxıb güldü:
- Bu daraq da sənin kimi mırıqdı.
Qız da güldü.
- Sən də atam kimi deyirsən. İki dənə hör, sabah Sərviyə göstərəjəm. Qağam həmişə bir dənə hörür.
Hafizə birdən narahat oldu, pəncərədən bayıra baxdı. Hava qaralırdı. "Allah məni öldürsün, lap çaşmışam. Öz ayağımla gəlib girmişəm evə". Qalxıb üstünü çırpdı.
- Hə, di yeri güzgüyə bax, mən də gedim, gejdi.
Qız qaçıb güzgüyə baxdı.
- Bax çaydana-zada əl vurma, özünü yandırarsan. Çörəyini ye, bir hourdan atan da gəlib çıxar. Tək qalmaqdan qorxmursan ki?
- Yox, atam deyir, adam gərək heş nədən qorxmasın.
- Düz deyir, - cibindən iki dənə karamel çıxarıb qıza verdi. - Qapını da bağlı saxla.
Hafizə artırmaya çıxıb zəmbilini götürdü, darvazadan çıxıb doqqazlarına tərəf qaçdı. Həyətdə atası ilə üz-üzə gəldi.
- Hardasan, balam?
Hafizə qızardığını hiss elədi. Üzünü gizlətmək üçün aşağı əyildi, quru təzəyi götürüb çəpərə sarı tulladı.
- Ho-ha! Qara azzar vursun səni! Gəl, özünü öldürdü bu azar dəymiş. Bir istikan südü yığılıb, dünyanı dağıdır. Bizo da mələməydən çatdadı.
- Əşi, burax qoy əmsin. Onsuz da inəyin bir şeyi yoxdu.
Kişi qəribə söz eşidirmiş kimi təəccüblə Hafizənin üzünə baxdı.
- Bu nə deyir, ə?! Az, sağılmamış inəyi buraxax əmizdirsin? Başına at təpif?
Hafizə kişiyə fikir verməyib həyəti çalğılamağa başladı.
- Hafza, bu havaxtın həyət süpürməyidi? Hava qaralır, gəl inəyi sağ.
- Əşi, görmürsən onun yelini boşdu? Heç olmasa qoy balasını doyursun.
Kişi yenə də mat-mat qızın üzünə baxdı, daha bir söz deməyib başını buladı və mər-mər mələyən buzovun ipini buraxdı. Buzov yüz ilin acı kimi qaçıb inəyin altına girdi, dizlərini yerə qoyub yelinə baş vura-vura əmməyə başladı. Bir azdan buzovun ağzından daşlanan süd nazik şırnaqla açıq-qəhvəyi boynuna axdı...
Toran əməlli-başlı qovuşmuşdu. Ara-sıra qonşu həyətlərdən, uzaq obalardan itlərin hürüşməsi, naxırdan gecikmiş inəklərin mələrtisi, tarda hələ yerini rahatlaya bilməmiş toyuq-cücənin pozuq qaqqıltısı eşidilir və dincəlməyə hazırlaşan kəndin hənirtisini daha da həzinləşdirirdi.
Hafizə boşqablara çəkdiyi xəngəli süfrəyə düzdü. Hər şeyin yerli-yerində olduğunu görüb: "Di yeyin, soyutmayın", - dedi.
Böyük qardaşı Çıraq hələ işdən qayıtmamışdı, kiçiyi isə bayaqdan oxuduğu kitabı bir tərəfə atıb yeməyə girişdi.
- Qağa, soyutma, isti-isti ye, - dedi Hafizə və sarımsaqlı qatığı kişiyə sarı sürüşdürdü. Özü də qalxıb bu axşam neçənci dəfə yanaşdığı kəllə pəncərəyə sarı getdi. Burdan boccalı Musanın həyəti əl içi kimi görünürdü. Kürsülü evin işığı yanmırdı. Hafizənin ürəyi gizildədi: "Bu qız işığı niyə yandırmır? Yoxsa yuxulayıb?"
Bayaqdan bəri qızının hərəkətlərində yaranmış yeniliyə, üzündəki özünü-sözünü bilməyən nigaran ifadəyə sinclə göz qoyan Səftər kişi şübhəli-şübhəli soruşdu:
- Bəs sən niyə gəlib qılça qatdamırsan, az?
Hafizə diksindi, amma yerindən tərpənmədi, öz-özünə danışır kimi dedi:
- Mmmən? Niyə yemirəm, mən də... - Sözünü bitirə bilmədi, boğazına tıxanmış qəhər burnunun ucunu tüstü kimi göynətdi. Əllərini xırda güllü döşlüyünün ətəyinə silib pıçıldadı:
- Yazıq uşaq, qorxacaq...
- Kimnənsən, az?
- Mən? Heş kimnən.
Səftər kişi başını məzəmmətlə buladı. Hafizə dolmuş gözlərini gizlicə əlinin arxası ilə sildi və gəlib süfrənin qırağında oturdu. Elə ilk tikəsini udmuşdu ki, maşın tırıltısına yerindən dik qalxdı. İkinci tikəsi döşəməyə sərilmiş fərşin üstünə düşdü. Qonşu evin işığı yanırdı.
- Allaha şükür, gəlib çıxdı, yoxsa qız bağrıdalaq olardı, - dedi Hafizə və özünü saxlaya bilməyib ağladı...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















