Icma.az
close
up
RU
Ərinin qisasını övladından alan ana Vüqar Vanın romanı haqqında

Ərinin qisasını övladından alan ana Vüqar Vanın romanı haqqında

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az yazıçı-publisist Nadir Yalçının Vüqar Vanın “Hardasa olardı, 13-14 yaşım” romanı haqqında yazdığı “Ən təzə Azərbaycan romanı” adlı yazısını təqdim edir.

Janr davasına nə ehtiyac var?

Hə, indi ekrana bir az yaxın əyləşmək lazımdı. Nəql edəcəyim mətləblər yalnız əli qələm tutanlar üçün deyil, həm də Azərbaycan oxucusu üçün vacib məqamlardır. Ya az, ya çox, fərq etmir, kitab oxuyan hər kəs bu yazını müasir ədəbiyyatımız üçün bələdçilik qeydləri kimi qəbul edə bilər.

Nəinki mətnlər, onların strukturu və ifadəsi, həmçinin oxucunun düşüncə tərzi, həyata, insanlara, hisslərə, bütün baş verənlərə, sürətlə dəyişən dünyaya və bunların hamısını özündə ehtiva etməli olan kitaba münasibəti də dəyişilməyə məhkumdur. “Özündə ehtiva etməli olan” birləşməsindəki “etməli” feilinin məhz vaciblik kontekstində təqdimi təsadüfi deyil. Bəli, əgər həyatın ritmi dəyişirsə, həyatın bədii əksi olan ədəbiyyat da ayrı libasa girməlidir. Bir neçə müddət öncə oxuyub bitirdiyim “Hardasa, olardı 13-14 yaşım” adlı roman yeni Azərbaycan romanıdır. Yazıçı Vüqar Vanın müəllifi olduğu bu roman barədə qeyd etdiyim “yeni” təyini əsərin həm forma, həm də məzmun baxımından haqqını verir.

Nəzəri məsələləri yazının sonunda qeyd edəcəm, lakin əvvəlcə, onu deyim ki, “Hardasa, olardı 13-14 yaşım” avtofikşın romandır. “Avtofikşın” termini “avtobiqorafiya” və “fiksiya” sözlərinin birləşməsindən yaranıb. Yəni, bu cür romanlarda avtobioqrafik hadisələrlə, kobud desək, uydurmalar, yazıçının təxəyyülündən gələn məsələlər sintez edilir. Bu vəziyyətdə müəllifin qarşısında dayanan ən əsas vəzifə bu avtobioqrafik nəsnələrlə təxəyyüldən gələn nəsnələr arasında sərhədləri itirmək, hadisələrin hansının, həqiqətən, əsas obrazın başına gəlib-gəlmədiyini büruzə verməməkdir. Daha aydın deyim: romandakı hadisələrin hansının avtobioqrafik, hansının fiksiya olduğu bilinməməlidir. “Hardasa, olardı 13-14 yaşım” romanının ilk böyük məziyyəti bu tələbi ödəməsidir. Bu isə imkan verir ki, roman oxucuya qurama, süni, boğazdan yuxarı təsir bağışlamasın, həyatilik qorunub saxlanılsın.

Bir haşiyə:

Roman çap olunandan sonra bu əsər üzərindən bəzi qələm əhli bir-birinə atmaca atmağa başladı. “Azərbaycanda ilk avtofiksiya janrında yazılmış əsər Vüqarın romanıdır” deyənlərlə əks mövqedə olanlar PUA-sız atışmağa başladılar. Avtofiksiyanın uğurlu olub-olmaması barədə müzakirələr vüsət aldı. Terminlər göydə uçuşdu. “Telegram”da yazanlardan “Facebook”da yazanlara qədər, hərə bir söz dedi. Hətta qovğaların içində özünü ağıllı göstərmək istəyənlər də oldu. Ümumiyyətlə, bu nəzəriyyəbazlıq, janrbazlıq məsələlərinin vaxtı keçib. Bu, ədəbi tənqidçilərin, salnaməçilərin işidir. Ay hörmətli şəxs, oxu, sözün var, sözünü de, yoxdusa, sus. Avtofiksiya barədə qənaətlərdən yola çıxıb sözügedən roman barədə mənfi və ya müsbət nəsə demək çürükçülükdü. Mətn var, mətn! Yaza bilib, ya yox?! Dilemma budur, qalanı təfərrüatdır...

Romanın girişində cümlələrlə cızılmış xəritə

İndi isə sturuktura, hadisələrə və yazıçının qaldırdığı problemlərə fokuslanaq. Əvvəlcə, onu deyək ki, hardasa, 13-14 yaşları olan Vüqar (yazıçı baş qəhrəmanına elə öz adını verib) anası və bacısı ilə birgə yaşayır, atası harasa gedib, ailə üçün ölmüş kimi bir şeydi. Vüqargil Lerikdə yaşayır, qonşularla münasibətləri var. Roman birinci şəxsin dili ilə, yəni, hardasa, 13-14 yaşı olan Vüqarın təhkiyəsi ilə nəql olunur.

Əsər maraqlı gedişlə başlayır və bu, yeni roman ab-havasını yaradan ilk tapıntıdır. Vüqar, əvvəlcə, oxucu üçün xəritə cızıb. Bu xəritədə onların məhəlləsi əks olunub. Folknerin Yeknapatofası, Markesin Makondası kimi, o da özünə balaca dünya yaradıb. Məlum olur ki, Vüqargilin evinin yerində əvvəllər köhnə xəstəxana olub:

“Deyilənə görə, evimiz köhnə xəstəxana vaxtında aptek imiş. Evimizin əvvəllər aptek kimi istifadə olunduğu haqqında nə qədər fikirləşsəm də, təsəvvür edə bilmirdim; satıcı harda dayanırmış, dərmanları hara yığırmışlar, hansı otağımızı anbar kimi istifadə edirmişlər, müş- tərilər haradan girib, haradan çıxırmışlar?”

İlkin instinkt – daha əvvələ qayıtmaq, yaradılışa enmək cəhdi, bundan əvvəlkilərlə bağlı maraq dolu intizar... Bu abzasla müəllif özünün dayaq nöqtəsini, söykənəcəyini, uzağa boylanmaq üçün ayağının altına qoyacağı taburetkanı tapıb.

Daha sonra Vüqar xəritə məsələsini reallaşdırır; özləri də daxil olmaqla, doqquz evin ailə tərkibi, Vüqargillə münasibəti, sosial durumları, nə işlə məşğul olduqları barədə çox qısa – iki-üç cümləlik məlumat verilir. On beş hissədən ibarət romanın ilk hissəsindəki bu xəritə digər on dörd hissədə yavaş-yavaş açılır və müxtəlif talelər fonda qışqırıqsız, xüsusi müdaxiləsiz, ana xəttə ziyan vurmadan cərəyan edir.

Birinci hissədə bu məhəllə xəritəsindən başqa, müqəddimə xaraxterli muzey səhnələri var. Bəlli olur ki, Vüqarın anası Sevil Lerik tarix-diyarşünaslıq muzeyinin müdiridir. Çox zabitəlidir, Vüqara qarşı tələbkardır və məsuliyyətlidir. Ana və onun xarakteri ilə ilk tanışlıq burda mümkün olur. Müəllif oxucunu növbəti hadisələrə hazırlamağa çalışır.

Muzeydə Cabbar əmi adında bir kişi də çalışır. Ümumiyyətlə, hər hissədə Vüqarla hansısa şəkildə ünsiyyətdə olan bir kişi obrazı var. Vüqarın gözündə onların hər biri müxtəlif cür xarakterizə olunur. Amma hamısı ilə bağlı bir ortaq nöqtə var. Digər hissələrdən bəhs etdikdən sonra bu nöqtə barədə danışacağam...

İndiki gəncliyin məktəb illəri ilk dəfə bədii nəsrdə

İkinci və üçüncü hissədə daha çox xarakterlər açılır. Roman barədə həm də onu demək mümkündür ki, sürətlə cərəyan edən hadisələrin fonunda müəllif psixoloji qatlara enməyi bacarıb. Bir-birindən fərqli onlarla ştrix romanda obraz çoxrəngliliyi yaradıb. Bu hissələrdə Lerikdə insanların düşüncəsi, həyata yanaşması, şəhər sivilizasiyasından uzaq sakinlərin yaşam tərzi, bölgələrdə həyatın hansısa formada sönüklüyü, uşaqlı-böyüklü insanların mərkəzə qaçış arzusu ilmə-ilmə nəql edilib. Bu hissədə həm də Vüqarın öz xarakteri açılır. Həm özü, həm də anası barədə təhkiyəçi hədsiz dərəcədə cəsarətlidir. O mütləq yaxşı, yaxud mütləq pis obraz yaratmağa cəhd etməyib, bütün mənfisi, müsbəti ilə birlikdə orijinal qəhrəman yaratmağı arzulayıb və buna nail olub. Vüqarın müsbətləri ilə yanaşı, xarakterindəki naqisliklər və bunların səbəbləri romanın ikinci, üçüncü hissələrində ifadə olunub.

Bu hissələrdə son on-on beş ilin – bizim dövrümüzün məktəb illərinin ümumi mənzərəsi yaradılıb. Müasir romanlarımızda indinin 20-25 yaşlı gənclərinin məktəbli illəri, demək olar ki, qələmə alınmayıb. Məsələn, elə şeylər var, 30, 35, 40 yaşlı şəxslərin məktəb illəri üçün spesifik deyil, məhz 20-25 yaşlıların məktəb ab-havasına uyğundur. Bu hissələri oxuduqca məktəbin soyuqqanlılıqla, dəqiq detallarla təsviri insanı bir az da əsərin içinə çəkir.

Lerikdən Bakıya – doğmalıqdan qəribliyə

Dördüncü hissədə müəllif məkan fərqini, yeni mühitlə tanışlığı izah etməyə çalışır. Lerikdən Bakıya köçən ailənin öz yerindən perik düşmüş pazl hissəciyi kimi təsvir edir. Bacı obrazının xarakteri bu hissədə açılır və daxili təlatümlərlə tanış oluruq. Psixoloji-mənəvi böhranın yazıçı üçün hansı həddə, hansı rəngdə göründüyü aydın olur. Xaotik həyat, şəhərin səs-küyü, bullinq olunan Vüqar və kəndə qayıdış istəyi... Bu dinamika, hadisələrin cərəyanetmə ardıcıllığı həm ayrılıqda bütün hissələrdə, həm də bütöv romanda özünü büruzə verir. Hadisələrin inkişafı, xüsusən, irihəcmli əsərdə mütləq məsələdir.

Digər tərəfdən, romanın hər bölümündə nəsə yeni bir şey üzə çıxır. Məsələn, dördüncü hissədə Bakının qarmaqarışıqlığında Vüqar yeganə həmdəm kimi qonşuluqdakı Elnuru tapır. Elnur onun Bakıdakı tək tutunduğu yerdir. Və günün birində Elnuru anası bu münasibəti də sonlandırır. Nəticə: bəzən həyatda tək dayağın da qırılır və bu reallıqdır qaçılmazdır.

Vüqar roman boyu bu tip qənaətləri filosof kimi yox, 13-14 yaş üslubu ilə, bu tip sadə görünən, amma böyük məna ehtiva edən hadisələrlə ifadə edir. Qətiyyən nəsihət, didaktik intonasiyaya rast gəlmək olmur.

Nəhayət, bu hissədə də bir ata obrazı var:

“Bizim vaqonda mənlə anamdan başqa üzbəüz əsgər paltarında bir adam oturmuşdu. Əli qızarmış, yaralanmışdı. Mənə elə gəldi, onun əli yanıb. O, sol əlini tutub ufuldayırdı. Bir neçə stansiya gedəndən sonra anam çantasından əl kremi çıxarıb ona uzatdı və izah etdi ki, yaranın üstünə çəkib bir az masaj eləsin. Əsgər kremi götürüb əlinə sürtdü və anamın dediyi kimi elədi. Deyəsən, krem yaxşı təsir göstərdi. Təşəkkür edib, kremi qaytaranda, anam götürmədi. Mən hər şeyə təəccüb və maraqla baxırdım. Anamın bir əsgərə krem verməyi, yad bir kişi ilə danışmağına təəccüblənmişdim. Növbəti stansiyasının adı çəkiləndə əsgər ayağa durdu, anamla baxışdılar, bir daha başıyla təşəkkür etdi. Qapılar açılanda nə fikirləşdisə, beretini çıxarıb heç nə demədən mənim başıma qoydu və çıxıb getdi”.

Kitabda ən xoşuma gələn abzaslardan biridir. O əsgər də bir ata obrazıdır. Bereti verir və gedir...

Valideyn-övlad münasibətləri müasir prizmadan

Romanın beşinci və altıncı hissəsində müasir valideyn-övlad münasibətlərini görürük. Biz XX əsrin əvvəllərinin valideynini, Sovet dövrünün valideynini, 90-cı ildən sonrakı keçid dövrünün valideynini, 2000-lərin əvvəllərinin valideynini məhz nəsr vasitəsilə yaxşı tanıyırıq. Amma ən müasir ailə modeli anadilli nəsrimizdə hələki incəliyinə qədər işlənilməyib. Romanın təzəliyi də bundadı. Ailənin diqtəsi, Vüqarın nə düşündüyünün bir o qədər də əhəmiyyətli olmaması üzə çıxır. Ana əvvəl onu musiqi məktəbinə yazdırır, sonra quran dərsinə yollayır. Təkcə Vüqar yox, yaşıdları da – məsələn, qonşusu Babakişi – bu məcburiyyət buxovundan əziyyət çəkir. Həqiqətən də, Vüqarın bacarıqsız və heç nəyi yarıtmadığını görürük. Çünki müxtəlif istiqamətlərə haçalanmaqla yarımçıqlıq sindromu başlayır.

Bütün hissələrdə dövrün mənzərəsi, detallarla yox, üzəvari əks etdirilib. Romanın çatışmayan tərəflərindən biri də budur. Birinci məsələ, topoqrafik tablolar yox səviyyəsindədir. Könül istərdi, hadisələrin baş verdiyi Leriklə, o küçələrlə, məktəb, musiqi məktəbi yolu ilə tanış olaq. Bu, romanı daha da sanballaşdırardı. İkinci məsələ, bayaq dediyim dövrün mənzərəsidir. Bəli, romanın müxtəlif yerlərində dinə, məktəbə, musiqiyə münasibətdə bəzi detallar var. Amma tam və yetərli deyil. Sanki müəllif əsas şeyləri təsvir edib, fon məsələsində isə tələskən olub.

Zəruri qeyd: beşinci və altıncı hissədə də alt-üst olmuş ata obrazları var: Taksi sürən musiqi müəllimi Elxan və polislərin cənginə keçən molla.

Yedinci hissədə Vüqarın gözündəki ideal ailə modeli ilə tanış oluruq. O ailəvi dost olduqları şəxslər barədə həsədlə danışır və ideal bacı obrazını tapır. Lakin onlar da Bakıya köçürlər və ikinci acı reallıq məlum olur...

Vüqar anasının diqtəsi və qorxusu ilə böyüdüyündən məscidə getmək adı ilə “playstation”a gedir. Onun həyatında belə paradokslar çoxdu. Bu paradokslar ona uğurlu olmağa imkan vermir. Hətta növbəti ata obrazı – Sərrafla balıq tutmağa gedəndə belə suya yıxılır. Bu qədər uğursuzluğun səbəbi ailə münasibətləri ilə şifrələnir.

Ərdəbilin təsviri – xaricə getməyin yolu yalnız xəstələnməkdən keçir

Romanın ən sənətkarlıqla yazılmış hissəsi Vüqarın Şakirlə birlikdə Ərdəbilə getdiyi hissədi. Anası gözündə problem yaranan Vüqarı müayinə üçün İrana yollayır. Rayon uşaqlarının yalnız səhhətlərində problem yarananda ölkə hüdudlarından çıxma fürsəti əks etdirilir. Vüqarın isə bəxti yenə gətirmir. Həkim gözünə nəsə dərman tökür, o hər yeri bulanıq görür. Bu bulanıqlıqla ətraf, səfər barədə yazmaq çox çətindir. Sanki müəllif bu hissədə özünü sınağa çəkir. Buna yazıçı priyomu deyirlər. Fəndgirlik yazıçıya istedadını büruzə vermək üçün vasitə olur bəzən... Vüqar həyatda ilk uğuruna imza atır: Ərdəbildə özünə ayaqqabı alır. Fəqət bu uğur da yalançı uğur olur. Bulanıq gözlə öz istədiyi ayaqqabını necə seçə bilərdi?! Yalançı olsa belə, müəllif ana buxovundan qismən azad olan kimi, öz istədiyi nəyisə həyata keçirir. Müəllif bununla düzgün münasibətlərin necə qurulduğunu izah etməyə çalışır.

Romanda kitaba və ənənələrə münasibət

On birinci hissədə yaşıdı Azərin fonunda müəllif kitaba, mütaliəyə təkcə özünün yox, anasının və ümumi cəmiyyətin münasibətini göstərir. 200 il sonra XXI əsrin ikinci onilliyində kitaba münasibətin necə olduğunu öyrənmək istəsələr, bu romanda bütün suallara cavab tapa bilərlər.

İkinci vacib məsələ Novruz bayramı və Məhərrəmlik məclislərinin təsvirləridir. Romanda 13-14 yaşlı uşağın kamerası ilə bu mərasimlərə tamaşa etmək mümkün olur. Bu hissədə müəllif daha çox detallarla işləməyə üstünlük verib. Digər hissələrdəki becid nəqeltmə burada öz tempini azaldıb, mətləblər daha da aydınlaşıb.

Maraqlıdır, on ikinci hissədə də ənənələrin tərkib hissəsi kimi təndirdən söhbət açılır. Birinci hissədəki xəritədə təndirə də rast gəlmişdik. Ana təndir quru və ilk dəfədir ki, romanda anaya bəraət verilir. Obrazın hərtərəfli inandırıcılıq gücünü artıran bu gediş orijinallıq naminə atılan addımdır. Mütləq yaxşı və mütləq pis yoxdur! Yazıçı sona qədər buna riyaət edir. Ana min əziyyətlə təndiri tikir, ocağı yandırır və yuvanı qoruyur. Ananın od qorumaq tarixi instinkti və vəzifəsi burada da özünü büruzə verir.

Ərsiz qadının faciəsi – nimdaş tənqidi realizm

On üçüncü hissədə hamam tikdirmək istəyən ana əvvəlcə dindar usta ilə sövdələşir. Dindar usta çox ləng iş görür və gününün çox hissəsini öz ehtiyaclarına sərf edir. Hamı da anadan hamamı xəbər alır... Günün birində dindar usta Allahqulu Vüqara deyir ki, ərsiz qalmaq dində bəyənilmir... Vüqar bunu anasına deyəndə ilk dəfə ərsizliyi Sevilin üzünə vurulur... Ayrı-ayrı vaxtlarda Allahqulu Vüqara musiqinin, kitab oxumağın mənasız olduğunu deyir. Nəysə ki, bu usta ilə münasibət pozulur və əvəzinə əyyaş usta gəlir. Tez bir zamanda işi tamamlayır. Vüqarla şahmat oynayır və s.

Cəlil Məmmədquluzadənin “Usta Zeynal” hekayəsi yada düşür. Cahil-dindar tandemi öz dövrünü bitirib. Belə modern mətndə Mirzə Cəlilə – XX əsrin tənqidi realizminə göndərmə etmək yersiz idi. Nədənsə həmişə molla, din adamını cahil təsvir etmişik. Bəli, cahilləri çoxdu, axı aqilləri, elmi, ədəb-ərkanı gözəl olanlar da var. Nə oldu, elə qabağımıza çıxan dindarlar hamısı cahil oldu?! Sovet dövrünün təbliğ əsintisi var bu hissədə. Romanda da yamaq kimi görünür.

Bu nüansı nəzərə almasaq, tək başına mücadilə aparan Azərbaycan qadınının üzləşdiyi problem, atasız uşaq böyütməyin ağırlığı, ictimai yanaşma, əyalətdə münasibət və bu kimi situasiyaya spesifik nüanslar romanın sözgedən hissəsində aydın ifadə edilib.


Xülasə – romana ötəri nəzəri baxış

Son üç hissə barədə yazmayacağam. Romanı oxumağı məsləhət görürəm. İndiyə qədər bəhs etdiyim məsələlər son üç hissəyə xidmət edir. Əslində, belə də olmalıdır. Məsələlər bir-birini şərtləndirir. Vüqar Van sona qədər ana xəttə, demək istədiyinə xidmət edib.

Vüqar müəllif kimi ədalətli davranıb. Baş obrazı heç bir hadisənin, heç bir ikinci dərəcəli obrazın ayağına verməyib. Xüsusən, ana obrazı nə qədər öndə olsa da, ana xəttə, əsas gedişata xələ gətirməyib, sadəcə prosesə xidmət edib.

Əsərin ideyasında bir “günah keçisi axtarmaq, baiskar tapmaq” məsələsi var. Ananın bu arzusu ona ərinin qisasını oğlundan almaq cəhdlərinə başa gəlir. Əsərdə qoyulan “atasızlıq necə olur?” sualı ətrafında baş verən hadisələrdə maraqlı bir məqam var: Qeyd etdiyim kimi, bütün hissələrdə bir kişi, ər, ata obrazı var. Amma Vüqar onlardan heç birinə söykənə bilmir, heç biri onun üçün ideallaşmır, hamının öz atası var və başqa kimsə kimsənin atası ola bilmir. Vüqarın bu ata hissi axtarışı anasının münasibətində öləziyir.

Roman mozaik deyil, tam, bütöv bir mətndir. Lakin yarıya qədər keçidlərdə axsaqlıqlar var. Romanın yarısından sonra isə hissələr arasında keçidlər güclənir, ilmələr möhkəmlənirş

Dil-üslub məzmunun haqqını verir. 13-14 yaşlı şəxsin dilindən olan fikirlər öz libasından çıxmır. Vüqar Van demək istəyir ki, sadə, bağ-bağatsız cümlələrlə də ədəbiyyat yaratmaq olur.

Ən əsas məsələ, müəllif dəllallıq etmir, əxlaqi mühakimə yürütmür, didakdiklikdən qaçır.

Nədənsə, əsər mənə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını xatırlatdı. Eynilə insanlar, qonşular, ənənələr və həssas məqamlar təsvir edilib.

Müəllifə uğurlar arzulayıram və ən təzə Azərbaycan romanını yazdığına görə, təşəkkür edirəm.

Xalq artisti ilə vida mərasimi keçirildi - Fotolar Həsən Kürün son vəziyyəti - Açıqlama "Gənclərin ən böyük problemi evdir" - Günel Natiq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see282

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see274

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see254

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see253

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see231

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see164

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see158

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see150

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see148

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see136

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see136

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see132

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see130

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see127

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see126

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see126

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see125

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see125

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri