Icma.az
close
up
RU
Erməni vandalizminin mənəvi qurbanları

Erməni vandalizminin mənəvi qurbanları

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İşğal dövründə tarixi-mədəni irsimiz məhv edilib, saxtalaşdırılaraq mənimsənilib

Azərbaycan bəşər sivilizasiyasının formalaşdığı ən qədim coğrafiyalardan biri kimi zəngin və çoxqatlı mədəni irsə malikdir. Qayaüstü rəsmlər, kurqanlar, Azıx mağarası kimi qədim yaşayış məskənləri, Qafqaz Albaniyası dövrünə aid məbədlər, orta əsr şəhərləri, məscidlər, karvansaralar və türbələr bu torpaqda mədəni inkişafın minilliklər boyu davam etdiyini sübut edir.

Bu irs təkcə milli sərvət deyil, eyni zamanda, ümumbəşəri mədəniyyət xəzinəsinin ayrılmaz hissəsidir. Xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini özündə əks etdirir. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində bu irs vandalizmə məruz qalıb. Yüz illər boyu qorunub saxlanılmış abidələr məqsədyönlü şəkildə dağıdılıb, talan edilib və mənimsənilib.

Bu barədə XQ-yə danışan AMEA Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi Ramin Əlizadə bildirdi ki, erməni vandalizminə məruz qalan abidələr arasında Xudavəng, Gəncəsər və Ağoğlan kimi monastırlar da var. Onların quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb:

– Ermənistan silahlı qüvvələrinin işğalı altında olan müddətdə onlar Gəncəsər məbədini “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim ediblər. Abidənin memarlıq quruluşu və interyeri qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb. Daş kitabələr korlanıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və rəmzlər tamamilə silinib, bir çoxunun formaları dəyişdirilərək tanınmaz hala salınıb. 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilib.

Monastırın həyətindəki qəbiristanlıqda 2000–2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılıb. Abidənin daxili divarları üzərindəki yazılar və bədii nümunələr silinərək qırmızı və qara rənglərlə erməni dilində yazılarla bəzədilib. Kompleksin daxilindəki knyaz Həsən Cəlalın qəbri üzərindəki sinə daşı sındırılıb, üzərində həkk olunmuş bədii ornamentlərin çoxu məhv edilib. Monastırın həyətində aparılan tikinti işləri tarixi abidənin əzəli görkəminə zərər vurmuşdur.

Yeri gəlmişkən, Azərbaycanın Ermənistana qarşı Avropa Məhkəməsində 2011-ci ildə qaldırdığı iddiada bu məqama toxunmuşdur. Abidənin xarici divarlarındakı alban izlərinin silinməsi üçün isə üzəri daş piltələrlə örtülmüşdür. Bu vandalizm aktına hətta bir sıra ermənilərin özləri də etiraz etmişlər. 2013-cü ilin iyununda bununla bağlı 350 nəfər erməni Ermənistan rəhbərliyinə müraciət ünvanlamışdı.

Maraqlı bir faktı da xatırlatmaq istərdim. Ermənilər burada qondarma tarixi kitabları saxlayırdılar. İşğal zamanı kitabların üzərində videomüşahidə sistemi quraşdırılmışdı. Bu kitablara toxunmaq qadağan idi, çünki siqnalizasiya sisteminə qoşulmuşdular, lakin indi açmaq və incələmək mümkündür. Kitablardan biri XIII əsrə aid ermənilərin tarixi və mədəniyyətinə həsr olunub. İçərisində yalnız ön və ortada bir yazılı vərəq var. Digər bütün səhifələr boşdur. Ermənilərin təqdim etdiyi tarix və mədəniyyət kimi, bu kitablar da tamamilə boşdur. Heç bir məzmun yoxdur. Digər bütün kitabların səhifələri də boşdur. Yəni onların nümayiş etdirdiyi tarix və mədəniyyət, bu boş kitablar kimi saxtadır.

Xudavəngin də ermənilərə heç bir adiyyəti yoxdur. Ramin Əlizadə monastır kompleksinin Qafqaz Albaniyasının yadigarı olduğunu bildirir:

– Xaçın knyazlığı sülaləsi və knyazlıq əhalisi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər. Abidə də onlardan yadigar qalıb.

Onu da qeyd edək ki, monastırda yağlı boya ilə çəkilmiş çoxlu şəkil və yazılar vardı. 1952-ci ildə yerli icra nümayəndəsi Məhərrəm İsmayılov Kəlbəcər rayon rəhbərliyinə müraciət edərək, qonaq qismində kəndə gələn ermənilərin fürsət tapdıqca balta və digər kənd təsərrüfatı alətləri ilə abidə üzərindəki qiymətli alban epiqrafik yazılarını yonub məhv etdiyini bildirmişdi.

Lakin rayon rəhbərliyi susmağa üstünlük vermişdi. Nəticədə, Ağdərədən və Basarkeçərdən gələn ermənilər xaç və yazıları balta ilə çaparaq yox etmiş və beləliklə, tarixi saxtalaşdırmağa çalışmışlar. Sonrakı dövrdə də abidə dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Məsələn, Ağdərə RPK katibinin göstərişi ilə abidə-kompleks taxtadan çəpərlənmişdi. Lakin Kəlbəcər camaatı həmin çəpəri dağıtmışlar.

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Xudavəng monastırının tarixində ən faciəli dövr başlandı. Erməni apostol kilsəsinin dəstəyi və Ermənistan dövlətinin vəsaiti hesabına monastırda “bərpa” adı altında qanunsuz işlər görüldü. Arzu xatun, Böyük Həsən kilsələri və kompleksə daxil olan digər tikililər üzərində əlavələr edildi. Bu barədə R.Əlizadə qeyd edir ki, ermənilər Arzu xatun məbədin divarlarında yağlı boya ilə çəkilmiş xeyli şəkilləri və yazı nümunələrini, Alban–Qıpçaq xaç daşlarını balta ilə çaparaq məhv edib, burada saxta erməni xaçdaşları yerləşdiriblər. Hələ XX əsrin 70-ci illərində L.A.Durnova Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskasını araşdıraraq erməni–qriqoryan kilsələrində müqəddəs Nikolas inancının qəbul edilmədiyini qeyd edib. Ermənilər Arzu xatun kilsəsində müqəddəs Nikolasın freskası üzərində sonradan ermənicə qısa mətnlər yazmaqla bu abidənin gerçək tarixini saxtalaşdırmağa cəhd ediblər.

Kompleksin bir çox bazilika və sovmələrinin memarlıq quruluşuna müdaxilə edilib, öz orijinal görünüşündən məhrum edilərək tanınmaz hala salınıb. Binaların üzərindəki kitabələr ya tamamilə silinib, ya da müdaxilə edilərək istifadəsiz hala gətirilib. Ermənilərə məxsus çoxsaylı xaçdaşlar və yazılar əlavə edilib. Təmir zamanı Alban memarlığının bütün elementləri itirilib, onlar öz orijinal formasından məhrum ediliblər.

Təmir zamanı kilsələrin günbəzlərinin üst hissəsi bir neçə metr hündürləşdirilib, qırmızı kirəmitlə örtülüb. Zəng qü lləsində yanaş ı qoyulmuş bir-birinin ü stü ndə iki dairəvi xonç a və həyat ağ acı ş əklində xaç kompozisiyalı xaç daş lar, zənglər və kitabələr də işğ al dö vrü ndə sökülərək talan edilib.

Monastır kompleksinin giriş qapısı və giriş qapısının sağ tərəfindəki tikilinin bir hissəsi öz görkəmlərinə uyğun olmayan bir formada, “erməni memarlığı üslubunda” təmir edilib. Əlavə tikililər sökülərək dağıdılıb. Ümumiyyətlə, onlar sonradan bərpa olunmayıb. Monastırın mənsubiyyətini saxtalaşdırmağa xidmət edən qeyri-qanuni “arxeoloji tədqiqatlar” və “bərpa–konservasiya” işləri aparıblar.

Torpaqlarımız işğaldan azad ediləndən sonra isə monastırda qalan erməni keşiş və rahiblər abidələrdəki qədim freskaları xarici mütəxəssislərin iştirakı ilə xüsusi üsulla kəsib götürüb, qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisindən çıxarıblar. Bundan başqa, zınqırov və xaç daşları da Ermənistana aparılıb. Beləliklə, monastır kompleksi öz görkəmlərinə uyğun olmayan bir formada, “erməni memarlığı üslubunda” təmir edilib.

Ermənilər Qafqaz Albaniyası dövrü tarix və mədəniyyət abidələrini mənimsəmək üçün bu cür hiyləgər metodlardan istifadə edərək, Azərbaycanın mədəni-irsi üzərinə öz mülkiyyət hüquqlarını tətbiq etməyə çalışıblar. R.Əlizadə deyir:

– Maraqlıdır ki, 2021-ci il dekabrın 16-da ermənilər İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində “Dadivəngdən İrəvana” adlı satış-sərgi keçiriblər. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar satışa çıxarıblar. Belə bir sual yaranır: əgər monastr kompleksi ermənilərə məxsus idisə, niyə onun zəngin irsi satışa çıxarılıb.

Oxşar vandalizm Ağoğlan monastrının başına gətirilib. İşğal dövründə Ermənistanın dövlət qurumları tərəfindən Ağoğlan monastırının adı qeyri-qanuni dəyişdirilərək “Tsitsernavank” adlandırılıb. Abidə bu adla Ermənistanın Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin qeydiyyatı kitabına daxil edilib. Kompleksin giriş qapısından əsas binaya tərəf istiqamətdə qoyulmuş stella ermənilər tərəfindən götürülərək naməlum istiqamətə aparılıb və ya məhv edilib. Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov isə bildirir ki, monastırın kilsəsi “təmir edilib”, yan divar deşilərək iki qapı, qapıların yuxarı hissəsinin şimal tərəfində içəriyə işıq düşməsi üçün iki əlavə oyuq açılıb:

– Çardağın üstü qırmızı kirəmitlə örtülüb, çardağın yanlarına gips materialından ensiz şəbəkə əlavə edilib. Kilsənin sağ divarına bitişik 3 yardımçı otağın memarlıq quruluşu dəyişdirilib, otaqların zirzəmiləri ləğv edilib, ara divarları götürülərək ümumi zala çevrilib. Yaradılan bu zaldan işğal dövründə muzey kimi istifadə olunub. Giriş qapısının sağ tərəfində içəridə inşa edilmiş üç otaq isə sökülüb. Sol tərəfdə mühafizə divarları dağıdılaraq ikitaylı darvaza quraşdırılıb.

Kilsənin sağ divarının yanında 2005-ci ildə monastıra aid olmayan 3 qəbirə oxşadılan daşlar quraşdırılıb. Bu yerə düzülən daşların monastıra heç bir aidiyyəti yoxdur. Onların hər üçü bu ərazidən götürülməlidir. Abidənin daxili interyerində, 26 alban simvolu və yazı nümunələri dəyişdirilib, bəzi orijinal bədii nümunələr isə tamamilə silinib.

Bütün bunlar ermənilərin 1954-cü il Haaqa Konvensiyasının hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında tələblərinə məhəl qoymayaraq törətmiş olduqları vandalizm aktlarının bariz göstəricisidir. Təbii ki, başverənləri erməni həyasızlığı kimi dəyərləndirmək olar. Tanınmış gürcü ermənişünas alimi, professor Bondo Arveladzenin erməni iddiaları ilə bağlı çox gözəl deyib:

– Saxtakar ermənilər bu şərəfsiz işlə onilliklərdi məşğul olurlar. Onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayırlar.

Bir sözlə, ermənilər artıq 200 ilə yaxındır ki, ən çirkin vasitə və üsullardan istifadə etməklə qədim Azərbaycan dövləti olan Albaniyaya aid xristian irsini yox etmək, yaxud da özününküləşdirmək istiqamətində davamlı olaraq fəaliyyətdədirlər. Erməni kilsəsi, erməni siyasi dairələri, diasporu və nəhayət elm, sənət adamları və ziyalıları hamılıqla bu yoldadırlar.

Amma ermənilər də, onların havadarları da bilməlidirlər ki, Qarabağ da, indiki Ermənistan ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. O yerlərdəki bütün tarixi-mədəni dəyərlər, o cümlədən alban xristian mədəni irs nümunələri də Azərbaycan xalqına məxsusdur. Və onun mədəni irsinə aiddir. Ermənilər nə qədər dəyişikliklər etsələr də kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri onun Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Bu abidələr Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq edən coğrafi möhürdür”.

***

Yalnız alban mədəniyyətinə deyil, İslam mədəniyyətinə aid abidələrə də zərər vurulmuşdu. Məsələn, Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidlərinin, Saatlı məscidinin, Vaqif türbəsinin, Natəvanın evinin və karvansaraların dağıdılmasının yalnız fiziki məhvetmə aktı deyil, xalqın tarixi yaddaşına qarşı yönəlmiş hücum olduğunu deyən R.Əlizadə hay vandalizminin mədəni irsin mənimsənilməsi və saxtalaşdırılması ilə müşayiət olunduğuna diqqəti çəkdi:

– Tarixi həqiqətləri təhrif etməyə cəhdlər edilib. Azıx mağarası və digər arxeoloji ərazilərdə aparılan qanunsuz “qazıntılar” isə Azərbaycan torpaqlarının qədim tarixini başqa xalqlara aid kimi təqdim etmək məqsədi daşıyıb. Muzey eksponatlarının xarici ölkələrdə satışa çıxarılması, nadir sənət nümunələrinin şəxsi kolleksiyalara ötürülməsi bu prosesin iqtisadi cinayətlərlə tamamlandığını göstərir.

3 il bundan əvvəl Azərbaycan Xalça Muzeyinin Şuşa filialında olarkən bunun şahidi olduq. Muzeydə bizə dedilər ki, Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığı dövrdə filialda, şəhərin tarix-diyarşünaslıq muzeyində və Şuşa əhalisinin evlərindən çıxara bilmədikləri çoxlu sayda xalça və xalça məmulatları, xalqımıza məxsus digər maddi-mədəniyyət nümunələri ermənilər tərəfindən talanıb. Xarici ölkələrə, hərraclara daşınıb, bir hissəsi isə İrəvanda saxlanılıb, “erməni xalçaları” kimi qələmə verilməyə çalışılıb.

Qarabağ təkcə abidələr məkanı deyil, həm də Azərbaycan mədəniyyətinə dünya miqyasında söz demiş şəxsiyyətlər bəxş etmiş bir diyardır. Vaqifin poeziyası, Natəvanın ədəbi və xeyriyyəçilik fəaliyyəti, Üzeyir Hacıbəylinin musiqi irsi, Bülbülün vokal məktəbi bu torpağın mənəvi potensialını simvolizə edir. Onların xatirəsinə ucaldılmış abidələrin təhqir edilməsi Azərbaycan mədəniyyətinə qarşı düşmən münasibətin ideoloji əsaslara söykəndiyini bir daha sübut edir.

Ermənistanın işğal dövründə mədəni irsə qarşı törətdiyi əməllər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Silahlı münaqişələr zamanı mədəni irsin qorunmasını nəzərdə tutan Haaqa və Cenevrə konvensiyalarına əsasən, işğalçı dövlət mədəni obyektlərin qorunmasına məsuliyyət daşıyır. Bu öhdəliklərin sistemli şəkildə pozulması Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini şərtləndirir və həmin əməllərin müharibə cinayətləri kimi tövsif olunmasına tam əsas yaradır. Dövlət məsuliyyəti ilə yanaşı, bu cinayətlərin icraçıları və təşkilatçıları da fərdi cinayət məsuliyyəti daşıyırlar.

***

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə mədəni irsə vurulmuş zərərin aradan qaldırılması və bu sahədə sistemli tədbirlərin görülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında bu məqsədlə mədəni irsə dəymiş ziyanın qiymətləndirilməsi, bərpa işlərinin aparılması və beynəlxalq ictimaiyyətin məlumatlandırılması nəzərdə tutulub.

Bununla bağlı tarixçi Əmirxan Burzuyev bildirdi ki, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesi təkcə dağıdılmış infrastrukturun yenilənməsi deyil, milli kimliyin, tarixi yaddaşın və mədəni irsə münasibətin dövlət səviyyəsində təsdiqidir:

– Bu siyasət mədəniyyətin Azərbaycan üçün yalnız estetik və ya tarixi dəyər daşımadığını, eyni zamanda, dövlətçilik ideologiyasının, milli birliyin və suverenliyin əsas sütunlarından biri olduğunu nümayiş etdirir. Abidələrin bərpası, tarixi şəhərlərin öz əvvəlki simasına qaytarılması və mədəni həyatın yenidən canlandırılması işğal dövründə silinməyə çalışılan kimliyin qətiyyətlə bərpasıdır. Bu prosesin siyasi əhəmiyyəti xüsusilə diqqətəlayiqdir. Hər bərpa edilən məscid, hər yenidən qurulan tarixi bina, hər dirçəldilən mədəni məkan Azərbaycanın bu ərazilərdə minilliklər boyu formalaşmış mədəni varlığının canlı sübutudur. Bərpa siyasəti həm də tarixi saxtalaşdırma cəhdlərinə qarşı siyasi və ideoloji cavabdır.

Onun sözlərinə görə, mədəni irsin dirçəldilməsi milli yaddaşın bərpası ilə yanaşı, cəmiyyətin mənəvi birliyinə xidmət edir: “İşğal illərində dağıdılmış abidələr yalnız daş və kərpicdən ibarət deyildi. Onlar kollektiv xatirənin, mənəvi bağların və tarixi davamlılığın daşıyıcısıdır. Azərbaycanın mədəni irsə yanaşması həm də beynəlxalq hüquqa və universal dəyərlərə söykənir.

İşğal dövründə vurulmuş ziyanın beynəlxalq hüquqi mexanizmlər vasitəsilə qiymətləndirilməsi və Ermənistanın maddi məsuliyyətə cəlb olunması tələbi revanşizm deyil, hüquqa əsaslanan ədalət çağırışıdır. Bu mövqe Azərbaycanın beynəlxalq sistemdə özünü hüquqa hörmət edən, məsuliyyətli və prinsipial dövlət kimi təqdim etməsinə xidmət edir. Eyni zamanda, bu, gələcəkdə silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının vacibliyi barədə beynəlxalq ictimaiyyətə mühüm mesaj verir.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğal illərində törədilmiş mədəni vandalizmin dünya ictimaiyyətinə ardıcıl, faktlara əsaslanan və sistemli şəkildə çatdırılmasıdır. Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış məscidlər, muzeylər, arxeoloji abidələr təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinə aiddir. Bu həqiqətin beynəlxalq platformalarda tanıdılması Azərbaycanın informasiya və mədəni diplomatiyasının mühüm istiqamətinə çevrilib”.

Beləliklə, Azərbaycanın mədəni irsə verdiyi dəyər onun milli kimliyinin və dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsidir. Azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri göstərir ki, Azərbaycan üçün mədəniyyət təkcə keçmişin xatirəsi deyil, bu günün siyasi gücü və gələcəyin strateji təminatıdır.

Sonda qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 2 min 645 tarix və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey dağıdılıb. Bədnam qonşularımız tam dağıda bilmədikləri abidələrimizin memarlıq quruluşunu dəyişdirərək erməniləşdirməyə çalışıblar. Bütün bunlar bəşəri cinayət, mənəvi quldurluqdur.

P.ƏFƏNDİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri