Erməni yalanları bitib qurtarmır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bu günlərdə təsadüfən bədnam ermənilərə məxsus olan sosial şəbəkələrin birində (Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu)), mənim doğma kəndimin–Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndinin adının vaxtı ilə “Hakobi Şen” olduğu, kəndin tarixi, əhalisi və s. barədə gülməli, həm də əsassız iddia və uydurmalarla rastlaşdım.
Yekə danışmaq kimi olmasın, bu yazını onlara cavab kimi qələmə almışam. Çox istərdim ki, cavabı tarixçi yazsın. Amma müraciət etdiklərimdən səs çıxmadı. Ona görə, bir türk filmində deyildiyi kimi, “iş başa düşdü”, yəni özüm yazası oldum. Varını verən utanmaz deyiblər. Qoy hansı səviyyədə yazdığıma oxucular qiymət versin.
Hayların hədyanları ilə tanış olandan sonra yadıma universitetdə oxuduğum illərdə hörmətli müəllimim M.Həkimovun doğru danışmayan tələbələrə dediyi “gözünün içinə kimi yalan danışırsan” ifadəsi düşdü. Mən də həmin ifadəni eyni ilə haylara ünvanlayaraq deyirəm ki, gözünüzün içinə kimi yalan deyirsiniz.
Ey yanlar, adına yazılı mənbələrdə, hələlik, Quba rayonunun Xınalıq kəndində anadan olmuş, XIV-XV əsrlərdə yaşamış tarixçi Mahmud Xınaluqinin “XIV-XV əsrlərdə Dağıstan və Şirvan hadisələri” adlı əlyazmasında rast gəldiyimiz bu kənd sizin gopa basdığınız kimi heç də “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri”, “hələ XV əsrdə Hakobi Şen (Yaqublu) kəndi çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi”, “Şərqi Zaqafqaziyanın erməni məşhur yaşayış məntəqələrindən biri” və “1918-ci ilə qədər erməni kəndi “ olmayıb.
Əvvələn, “hələ XV əsrdə” dediyiniz həmin əsrdə yazılmış və yuxarıda da adını qeyd etdiyimiz əlyazmada kəndin adı rusca “Йакублу” (azərbaycanca “Yaqublu”) formasında verilmişdir, “Hakobi Şen” kimi yox. “Hakobi Şen”ninizlə bağlı konkret tarixi mənbə də yoxdur, göstərə də bilmirsiniz. Deməli, sizin “Hakobi Şen” özünüzün uydurmasından savayı bir şey deyil. Heç oradakı “şen”lik də sizlik deyil. Qədim türk sözü olub əcdadla bağlı məkan, yer, yurd, ad anlamındadır (Soyqrim1694067637.pdf, səh:282). Bilin ki, “Yaqublu” toponimi qədim türk dillərindəki “şahzadə” və “başçı” mənalarında işlənən arxaik “yabğu”(“yağbu”) və ya “Kitabi-Dədə Qorqud”dan da bizə tanış olan “yavuq” və “yavuqlu” (yaxın, yaxınlıq) sözləri əsasında formalaşıb. Bu, alimlər tərəfindən çoxdan sübut edilmişdir. Antrotoponim (məsələn, Qərbi Azərbaycandakı Şadmanlı, Kosalı, Oğuz-türkmən və avşar tayfalarının bir qolu olan “yaqublular” və s.) əsasında əmələ gəldiyi açıq-aşkar görünür. “Yaqub nəslinə məxsus, Yaqub nəslindən, tirə, qol, boy, oymaq və tayfasından olanlar” anlamındadır. Bu adda toponimlər indiki Azərbaycan Respublikasında, Qərbi və Cənubi Azərbaycanda, eləcə də Gürcüstanda onlarla olub, bəziləri indi də var. Və hamısında uzaq keçmişdə də, indi də azərbaycanlılar yaşayıb və yaşayır. Qərbi Azərbaycandakı Yaqublu kəndlərini isə siz ya tarixdən silmiş, ya da oraları erməni ilə doldurub adını dəyişdirmisiniz. (https://westaz.org/storage/postFile/Qerbi_Azerbaycanin_turk_mensheli_toponimleri_12-09-2023_15-11-25.pdf , səh: 168)
M.Xınaluqinin əlyazmasında, rayondakı Calut monastırının tarixindən bəhs edən mənbədə, 1701-ci ilə aid erməni kilsə arxivində saxlanılan və Səfəvi Şahı Sultan Hüseynə ünvanlanmış müraciətdə, 1819-cu ilə aid olan “Şəki vilayətinin təsviri” adlı mənbədə, M.Barxudaryantsın 1893-cü ildə yazdığı kitabda,Vartaşen məktəbinin keçmiş müdiri udi M.Bejanovun 1896-cı ildə və Qafqaz Statistika Komitəsinin əməkdaşı D.D.Paqirevin 1914-cü ildə Tiflisdə çap etdirdikləri əsərlərində, ruslar tərəfindən aparılmış bütün kameral təsvirlərə aid sənədlərdə də kəndin adının Yaqublu (“Hakobi Şen” yox) olduğunu görürük.
Toponiminin tərkibindəki türk mənşəli “Yaqub”un, yəhudi və ya udi adı olan Yakovun (İakovun) ərəb forması “Yaqub”la fonetik tərkibcə eyni olması bir təsadüf və zahiri bənzərlikdir. Ermənicə (“Hakobi Şen”) olmasının iddia edilməsi isə sadəcə gülüncdür.
Həm də o, necə “çoxlu ermənilərin yaşadığı yaşayış məntəqəsi” olub ki, çar hökuməti tərəfindən üç əsrdən sonra aparılmış kameral təsvirlərdən belə məlum olur ki, 1824-cü ildə burada 13 həyətdə 42 nəfər kişi, 29 nəfər qadın olmaqla cəmi 71 nəfər yaşayıb. (Z.Ə.Cavadova: “Şimal-şərqi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası”, “Altay”, Bakı-2002, səh:52). Bəs hanı sizin “çoxlu ermənilər”? Artmaq əvəzinə azalıblar?! Bəlkə, uçub gediblər?! Yox, getməyiblər, çünki onlar heç gəlib bura qonmamışdılar. O vaxta kimi kənddə azərbaycanlı (türk), ləzgi və udilər yaşayıblar. XIX əsrdə burda məscid binasının olması, 1825-ci ildə bu kənddə Əsgər Salami adlı şairin anadan olduğu və Azərbaycan dilində yazıb-yaratdığı da məlumdur (Bax: https://www.edebiyyatveincesenet.az/ru/life/item/18708-khikh-aesrdae-yasham-sh-bir-shair-aeszhaer-salami-hagginda-ipudzu). Kameral təsvir göstərir ki, Yaqublunun yaxınlığında həmin kəndin icmasına daxil olan və cəmi 16 nəfər azərbaycanlının yaşadığı “Duruca” adlı kiçik bir yaşayış məntəqəsi də olub. Mənbələr sübut edir ki, XVIII əsrdə kənd həm də qışlaq yeri olub. Aydın məsələdir ki, qışlaq yeri kimi buradan istifadə edənlər elatlar və ləzgilər idi. Erməni hara, yaylaq-qışlaq hara?! (Bax: İ.Verdiyev: “Yaqublu kəndi və onun məktəbi”, Mingəçevir-2022, səh: 45).
Alban-udi Xristian İsmasının sədri R.Mobili “Dədə Qorqud Milli Fondu –Azərbaycan Dünyası” jurnalının 18 iyul 2018-ci il tarixli sayında dərc etdirdiyi “Qafqaz Albaniyasının müstəqil apostol kilsəsinin birbaşa dini varisi –alban-udi xristian icması” adlı məqaləsində göstərir ki, XX əsrin əvvəllərinədək Oğuzun (Vartaşenin) digər kəndləri ilə yanaşı, Yaqublu kəndində də udilər kompakt şəkildə yaşamışlar. Tarix də göstərir ki, həmin dövrlərdə kənddə mənşəcə udu olan Nerses Bəynəzər adlı keşiş də yaşamışdır, o hətta erməni kilsəsindən ayrılmaq barədə ərizəyə imza da atmışdır (https://www.facebook.com/oghuzhistoricial/). Tiflisdə dərc olunmuş “Nor-Dar” qəzetinin 07 sentyabr 1887-ci il tarixli 151-ci sayında kəndin adı “Yaqublu” kimi qeyd edilməklə, udi S.Silikovun mülki olduğu göstərilmişdir. (Bax: Q.Cavadov və R.Hüseynov: “Udilər”, Elm, Bakı-1999, səh:96). Siz daşnakların 1918-ci ildə öz doğma kəndlərindən –Yaqubludan didərgin saldığınız udilərin nəvə-nəticələrinin bir qismi (dallarilər) indi də Qəbələ rayonundakı Nic qəsəbəsinin Dəlləkli məhəlləsində yaşayırlar və yeri düşdükcə hələ də sizlərə ləhnət oxuyurlar (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf . səh:36).
Sizin Yaqublunun “1918-ci ilə qədər bu erməni kəndi olub” sərsəmləmənizi rus ordusunda xidmət edən, Şirvana gedərkən rayonun Zərrab kəndindən də (həmçinin Zərrabın şərqində, ondan 4-5 km. aralı olan, Şirvan istiqamətindəki Yaqubludan) keçən ispan general Xuan Van Haleni Sartinin xatirələri də təkzib edir. Belə ki, o, 1820-ci ildə burdan keçərkən qeyd edir ki, ermənilər bu ərazilərə yeni köçürülüb, sənaye və ticarətlə məşğul olurlar. (Dos años en Rusia: obra redactada a la vista de las memorias y manuscritos ... - Agustín Mendía - Google Kitaplar) və ya (https://cavid.info/ispan-general-xuan-van-halenin-az%c9%99rbaycana-s%c9%99f%c9%99ri/) Bu təkzibi mümkün olmayan tarixi faktdır.
Özünüz də yaxşı bilirsiniz ki, siz ermənilərin bura köçürülməsi XIX əsrin əvvəllərindən başlanmışdır. Rus tədqiqatçısı N.İ.Şavrov yazırdı ki, “Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”. (N.İ.Şavrov: "Zaqafqaziyada rus işinə yeni təhlükə: Muğanın yadellilərə satışının gözlənilməsi". SPB. 1911, səh: 59). XIX əsrin sonlarında kənddə əhali sayının 1000 nəfəri ötməsi də təbii artım nəticəsində deyil, məhz həmin köçürmənin hesabına olmuşdur. Öz mənbələrinizdə də qeyd etdiyiniz kimi, gəlmə ermənilərin içərisində Dağlıq Qarabağdan köçürülənlər də çox olmuşdur. Yazdığınız “Həmin əsrin (XIX əsrin) sonunda əhali (kənd – İ.V.) Artsax köçkünləri hesabına dolduruldu” cümləsi də bunu sübut edir. (Bax: Vartaşen erməni tarixi yaşayış məntəqələri. Hakobi Şen (Yaqublu). Beləliklə, “...orta əsrlərdən etibarən qəzanın (əyalətin) böyük və çiçəklənən erməni yaşayış məntəqələrindən biri” ifadəsində “orta əsrlərdən” sözlərini kənara ataq. (Çünki yuxarıda da qeyd etdiyimiz kimi, yalandır, “orta əsrlərdə” burada hay olmayıb.)
“...Çiçəklənən erməni yaşayış məntəqələrindən biri” məsələsinə gələndə isə, deyə bilərik ki, siz ermənilər gələndən sonra bura “çiçəklənən erməni yaşayış məntəqəsi” yox, fitnə-fəsad yuvasına çevrilmişdi. Tarixi faktlar göstərir ki, sizlərin əraziyə köçürülməsi başlayandan az sonra ermənilər yerli xalqların nümayəndələrinə - azərbaycanlılara, ləzgilərə, udilərə, onların məscid və kilsələrinə qarşı təcavüzə başlamışdılar (https://fgurgia.ru/object/3759837) və ya (https://www.facebook. com/profile/100063458799948/search/?q=Cana%C5%9Fvili). Tezliklə etnik udilərin kilsələrində hökmranlığı ələ almışdılar. Ermənilər yerli əhalini evlərindən çıxarır, onlara məxsus olan əmlakı mənimsəyir, talançılıq edir, camaatı soyur və incidirdilər. Nəticədə azərbaycanlılar, ləzgi və udilər tədricən, həm də məcburən kəndi tərk etməyə başlamışdılar. Məhz bunun nəticəsində XIX əsrin sonlarına doğru aparılmış kamerial təsvirlərdə ermənilərin kənddə sayca çoxluq təşkil etdikləri qeydə alınmışdır. Məsələn, 1886-cı ildə aparılmış kameral təsvirdən də göründüyü kimi, XIX əsrin sonlarında Yaqublu kəndində Azərbaycan, ləzgi və udi xalqlarının nümayəndələrindən cəmi 10-15 nəfər qalmışdı.
Siz ermənilərin qeyri millətlərin nümayəndələrinə qarşı təcavüzləriniz isə bitib tükənmək bilmirdi. Həmin dövrlərdə Vartaşen qarnizonunun (baş qərargahı Nuxanın Qayabaşı kəndində yerləşirdi) zabitlərindən Ter Qriqoryants (mənbələrdə onun üzdəniraq S.Şaumyanın qohumu olduğu göstərilir) adlı bir daşnak baş qaldırmışdı. Qayabaşıdakı baş qərargahla sıx əlaqə saxlayan Ter Qriqoryants erməni kəndlərini, o cümlədən Yaqublunu gəzərək əhalini silahlanmağa və alaylar təşkil etməyə çağırırdı. Kənddəki ermənilər Qayabaşıdakı qərargahla, Oğuzdakı qarnizonla sıx əlaqə saxlayır, onlara hər cür maddi-mənəvi köməklik edir, silahlanır və aldıqları əmrləri yerinə yetirirdilər (https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:98).
1918-ci ilin yazında çox yerdə olduğu kimi, Yaqubludakı erməni silahlı dəstələri də müsəlman xalqların nümayəndələrinə qarşı qırğınlara başlamışdılar. Onlar adətən səhərə yaxın, hava tam açılmamış müsəlman kəndlərinə silahlı hücumlar edir, qətl və qarətlər törədir, hava işıqlanan kimi çəkilib gedirdilər. Amma (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” saxta sənədlər və materiallar məcmuəsində göstərilən kimi) yalandan Bakıya və Tiflisə müsəlmanların təzyiq və təqiblərinə məruz qalmaları barədə məktublar göndərir, riyakarlıqla “imdad” diləyirdilər. Ermənilərlə, onların rəhbərləri ilə aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi və kəndlərin qarşılıqlı dəyişdirilməsi barədə edilmiş təkliflər, köməkliklər, güzəştlər və xəbərdarlıqlar da heç bir nəticə vermirdi. Erməni mənbələrində də (“Proqrammı armyan v Bakinskoy i Elizavetpolskoy qubernie” sənədlər və materiallar məcmuəsi) qeyd edildiyi kimi, 3 may 1918-ci il tarixdə Padar və Yaqublu kəndləri arasında neytral zonada Zaqafqaziya müftisi Mustafa Əfəndizadənin; Nuxa və Ərəş qəzalarının rəhbər şəxslərinin, 32 kəndin rəsmi nümayəndələrinin (müsəlman və ermənilərin) iştirakı ilə keçirilmiş geniş sülh konfransında kəndlərin qarşılıqlı dəyişdirilməsi, ədavətə son qoyulması və dinc-yanaşı yaşamaq barədə razılıq əldə olunsa da, sonralar erməni daşnakları tərəfindən bu razılaşmalar pozulmuşdu. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın qaçqın düşmüş ermənilərin ərazidəki müxtəlif kəndlərə, o cümlədən Yaqubluya yerləşdirilməsi təklifi də erməniləri qane etməmiş, onlar öz murdar əməllərini davam etdirmişdilər (https://www.lib.az/users/1/upload/files/60.pdf , səh:110).
1918-ci ildə Batum müqaviləsinə əsasən köməyə gəlmiş türk hərbi qüvvələri yerli qüvvələrlə birlikdə miralay Süleymanovun komandanlığı altında qısa müddət ərzində Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni qərargahını ləğv edərək, 1918-ci ilin iyul ayının altısında oradan “8 vers” şimal-şərqdə yerləşən Yaqublu kəndini də erməni silahlılarından təmizləmişdi. Dinc sakinlərə kənddə qalıb yaşamaq təklif edilsə də, onlar bu təklifini qəbul etməmiş və öz istəkləri ilə buranı tərk etmişlər (https://www.lib.az/users/1/upload/files/60.pdf, səh:110,112). Ona görə sizin mənbələrinizdəki “1918-ci il yayda bu kəndin və ətrafdakı digər kəndlərin erməni əhalisi türk-tatar qüvvələri tərəfindən qırğınlara məruz qalıb” ifadəsi tamamilə iftira, böhtan, yalançı vay-şüvən, N.N.Şavrovun da dediyi kimi erməni “hay-küyü”dür. Bu da sizin erməni xislətinə xas olan bir şeydir və təəccüblü deyil.
Qaldı erməni mənbələrində qeyd edilən kilsələrə, bəli, Yaqubluda iki kilsə olub. Hətta birinin etnik mənşəcə udi olan H.Silikov tərəfindən tikildiyi də məlumdur (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf. səh:28). Onu da xüsusi olaraq qeyd edək ki, faktlar kənddə məscid binasının da olduğunu göstərir. Daşnakların erməni kilsəsi hesab etdikləri kilsələr isə zorla qriqorianlaşdırılmış və Eçmədzin kilsəsinə tabe etdirilmiş udi kilsələri idi. Təsadüfi deyildir ki, etnoqraf və tarixçi İ.(M).Canaşvili 1903-cü ildə “Heretinin təsviri” adlı məqaləsində Vartaşendəki (Oğuzdakı) udi kilsələrinin erməniləşdirilməsindən bəhs edərkən yazırdı: “Ruslar Nuxa Xanlığını fəth etdikdə Paskeviç bu bölgədəki erməniləri gücləndirdi və keşişsiz qalan pravoslav xristianlar tədricən erməni dinini qəbul etməyə məcbur oldular. Amma əslində bu torpaqlarda heç vaxt erməni kilsələri olmamışdı”. (https://www.facebook.com/profile/ 100063458799948/search/?q =Cana%C5%9Fvili.) Şəxsən mən və həmyaşıdlarım 1970-1980-ci illərdə Vartaşendə (Oğuz şəhərində) və Qəbələ rayonunun Nic kəndində yaşayan udilərin xarabalığı qalmış, kəndin şimal hissəsində yerləşən (udi H.Silikovun tikdirdiyi) kilsə yerini ziyarətə gəlmələrinin və burda dini ayinlər keçirmələrinin canlı şahidləriyik. O vaxt yaşlı kənd sakinləri (M.Mehdiyev, Q.Abbasov, Ə.Abdullayev, Q.Rzayev və b.) onların çoxunu şəxsən tanıdıqlarını və hamısının da udi olduqlarını söyləyirdilər (Yaqublu_kendi_ve_onun_mektebi (4).pdf , səh:30 ).
Rayondakı Calut monastırında (həmin vaxt bu bura Eçmədzinin tabeliyini qəbul etməmişdi, avtokefal idi) katolikos taxtını tutmuş, Albaniya katolikosu olmuş Aristakesə gələndə isə bildiririk ki, o Yaqubluda anadan olub, lakin mənşə etibarı ilə erməni yox, udi idi. Yaqubluda dəfn olunub və qəbirüstü kitabəsini də Yaqublu qəbiristanlığında olub. “...məhz bu monastırda yerli udilər Gəncəsərə qarşı öz müstəqil "Alban" katolikosluqlarını yaradıb və 1402-ci ildən 1511-ci ilə qədər, düz 1 əsr idarə ediblər. Həmin katolikosların da məzarları indiki Oğuz və Qəbələ rayonlarının kəndlərində yerləşir....Bu katolikosların hamısının Calutda hökmranlıq sürməsi, Oğuz və Qəbələ zonalarında vəfat etmələri bizə əsas verir ki, bu katolikosların etnik udi olduğunu deyək. Bu katolikosluq da çox güman öz dini işlərini erməni kilsəsindən ayırmaq cəhdinin bir parçası idi” (https://www.facebook.com/groups/48413 5851677857/posts/3093696507388432/?rdr). Aristakesi erməni hesab etmək isə erməni arsızlığından və saxtakarlığından başqa heç nə deyil.
Din ayrı qardaşlarımız qıpçaq türklərinin hesabına ölkə quran, qədim alban tayfalarından sayılan udilərin maddi-mənəvi dəyərlərinə sahiblənib özünüzə “qədim tarix” düzəldən, “udini erməni edən” (erməniləşdirən), hərədən bir şey çırpışdıran siz haylardan bundan artıq nə gözləmək olar ki?! Vaxtı ilə rus yazıçı, tarixçisi və diplomatı A.S.Qriboyedov rus imperatoruna məktubunda yazırdı ki, “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşayandan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır” (https://azerbaijan.az/related-information/106 ).
A.S.Qriboyedov nə qədər haqlı imiş !
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.


