Ermənistan Azərbaycanın dəmir yumruğ u qarşısında hər zaman acizdir Səbinə Salmanova
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyev ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq konfransda bölgədə və dünyada baş verən hadisələr, Azərbaycanın qonşuları ilə münasibəti və bir sıra digər mühüm məsələlərlə bağlı rəsmi Bakının mövqeyini növbəti dəfə açıq ifadə etdi.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, forumda diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin son zamanlar Ermənistanın müharibəyə hazırlaşması məsələsinə toxunmasıdır: “Ermənistanın dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan dövlətimizin başçısı da diqqətə çatdırdı ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Hesab edirəm ki, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin xəbərdarlıqlarından, çağırışlarından ciddi nəticə çıxarmalı, regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır”.
Deputat qeyd edib ki, Ermənistan nə qədər silahlanırsa, silahlansın, Azərbaycanın "dəmir yumruğ"u qarşısında hər zaman acizdir: “İkinci Qarabağ müharibəsindəki tarix qələbəmiz bunu sübuta yetirdi. “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, - deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. Prezident İlham Əliyevin bu fikirləri Ermənistana və onun havadarlarına növbəti mesajdır. Hesab edirəm ki, Ermənistan tərəfi cənab Prezidentin bu fikirlərindən nəticə çıxarmalı, revanşist iddialardan əl çəkməli və regionda sülhün bərqərar olması istiqamətində əməli addımlar atmalıdır. Çünki bu gün sülh Azərbaycandan daha çox Ermənistana vacibdir”.
S.Salmanova əlavə edib ki, Azərbaycan lideri İlham Əliyev dəfələrlə, müxtəlif platformalarda Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri də açıqlayıb: “Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan Prezidenti bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupunu ləğv və Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Bu halda ancaq sülh müqaviləsi imzalana bilər. İndi isə seçim Ermənsitanındır”.
S.Salmanova bildirib ki, dövlət başçısının forumda toxunduğu vacib məqamlardan biri Azərbaycanın türk dövlətlərinin birliyinin gücləndirilməsinə verdiyi töhfələrlə bağlıdır:
“Bildiyiniz kimi, son illər türk dövlətlərinin birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan bu hədəfə çatmaq üçün önəmli təşəbbüslər irəli sürür və ölkəmizin bu tarixi prosesdə xüsusi rolu var. Azərbaycan türk dünyasının birləşməsinə hər zaman önəm verib. Ümummilli liderimiz Heydər Əliyev vaxtilə türk dövlətlərinin birliyinin vacibliyini vurğulayırdı və Zirvə görüşlərində bu məsələni gündəmə gətirirdi. Hazırda bu ideya Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu səbəbdəndir ki, cənab İlham Əliyev bu gün Türk dünyasının liderlərindən biri kimi qəbul olunur. Ötən gün ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq konfransda Azərbaycanın türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstək verdiyini söyləyən dövlət başçımız vurğuladı ki, üzv dövlətlər (TDT) arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var”.
S.Salmanova bildirib ki, dövlət başçısı Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub:
“Prezident İlham Əliyev həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini ifadə etdi. Bu terror aktından iki il keçməsinə baxmayaraq, təəssüflər olsun ki, İran tərəfi bu hadisəni törədəni hələ də cəzalandırılmayıb. Dövlət başçımızın söylədiyi kimi, ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.


