Icma.az
close
up
RU
Ermənistan bataqlığa çəkilir ANALİTİK

Ermənistan bataqlığa çəkilir ANALİTİK

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qərb və Rusiya İrəvanı Ukrayna yolu ilə aparır

“Əgər siz Avropa İttifaqından Ermənistana verilən tərifləri diqqətlə oxusanız, başa düşə bilərsiniz ki, ölkəmiz Cənubi Qafqazın “anti-Rusiya”sı roluna hazırlaşır”. Bu barədə Ermənistan mətbuatı yazır. Davamı olaraq qeyd edilir ki, Qərb əmtəə treyderləri, sığorta şirkətləri və gəmiçilik şirkətləri ABŞ sanksiyalarının mümkün ləğvi ərəfəsində Rusiya ilə ticarəti bərpa etməyi düşünürlər. “Financial Times” xəbər verir ki, onlar artıq hüquqşünaslarla bunun necə həyata keçirilə biləcəyini müzakirə edirlər. Nəşr qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı mövqeyi Qərb şirkətlərini rus şirkətləri ilə ticarəti bərpa etmək üçün öz fəaliyyətlərini necə strukturlaşdıra biləcəklərini soruşmağa məcbur edir.

Hüquq məsləhətçiləri belə şirkətlər üçün əsas problemin Moskvaya qarşı Aİ və Böyük Britaniya sanksiyalarının qüvvədə qalmasıdır. Clyde & Co hüquq firmasının tənzimləmə və araşdırmalar şöbəsinin rəhbəri Sem Tate deyir ki, ABŞ və Avropa arasında ikitərəfli bölünmə hazırda biznes üçün əsas problemdir. Bəzi şirkətlər bu dəyişiklikləri və onların biznesləri üçün nə demək olduğunu və onlara hazırlanmaq üçün nə edə biləcəklərini planlaşdırır.

HFW-nin tərəfdaşı və sanksiyalar üzrə mütəxəssisi Daniel Martin əlavə edib ki, ABŞ sanksiyaları yumşaldılsa, neft treyderləri əməliyyatlarını bərpa etmək üçün daha çox sərmayəyə ehtiyacı olan neft hasilatçılarından daha çox Rusiya ilə yenidən əlaqə saxlamağa hazır olacaqlar. Və bu cür proqnozları eşitmək, ən əsası isə anlamaq hər birimiz üçün vacibdir: “Çünki bizim qarşımızda sadəlövhcəsinə Ermənistanın müdafiəçilərinin yox funksiyalarını bəxş etdiyimiz şəxslərin nə qədər hesablı, soyuqqanlı və hər cür alçaqlığa hazır olduqlarının daha bir sübutu var. Onlar indi bizim təriflərimizi oxuyur və bizi ruhlandırırlar”.

Avropa Xalq Partiyası (AXP) aprelin 29-30-da Valensiyada keçirdiyi qurultayında Ermənistanla bağlı fövqəladə qətnamə qəbul edib. İçində çoxlu qulağa xoş gələn sözlər var idi. Məsələn, AXP bu yaxınlarda Ermənistanın Aİ-yə daxil olması prosesinin təşəbbüskarı olan qanunun qəbulunu yüksək qiymətləndirir. Orada Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırdığı üçün erməniləri təqdir etdilər. “Bu dönüş nöqtəsi Ermənistanın Kremlin təsirindən çıxmağa və Avropa dəyərlərinə əsaslanan gələcəyə can atmağa hazır olduğunu əks etdirir”, - qətnamədə vurğulanır.

Erməni mətbuatı yazır ki, həmin sənəddə Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) asılılığının azaldılması nəzərə alınmaqla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi səylərinin dəstəklənməsi və AXP-nin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsində vasitəçi qismində Aİ-nin Ermənistandakı mülki missiyasının (EUMA) mandatının uzadılmasını yüksək qiymətləndirdiyinə dair sözlər daxildir: “Bəli, yalnız sözlər, sözlər, sözlər. Əslində isə Ermənistanı Ukraynanın əvvəllər saldıqları yolla aparırlar. Ermənistan Cənubi Qafqazın “anti-Rusiya”sı roluna hazırlanır. Diqqətlə baxın, ölkəmiz nəyə görə təriflənir, hər şey üzə çıxacaq. Bəs Türkiyə-Azərbaycan tandeminin bizə müharibə elan etdiyi anda İspaniya və ya Avropanın bütün demokratik ölkələri birlikdə “artsax”a və Ermənistana yardım etdimi? Xeyr, kömək etmədilər”.

Azərbaycana qarşı Rusiyaya tətbiq etdikləri kimi heç bir sanksiyalar tətbiq olunmayıb. Əksinə, martda Bakıda Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun ilk iclası keçirilib. Görüş zamanı Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Onu da qeyd edim ki, bu ilin sonuna kimi Azərbaycan sahibkarlarının İspaniyaya səfərinin təşkili planlaşdırılır. Üstəlik, Azərbaycan mətbuatının yazdığına görə, Bakıda İspaniya səfirliyinin açılması da nəzərdə tutulub. Sözlərlə əməli hərəkətlər arasındakı fərq budur. Merkantil Avropa ölkələri Rusiya ilə əməkdaşlığı bərpa etməyə can atırlar. Onlar Azərbaycanla “iş görməkdən” məmnundurlar.

Ukrayna ingilislərə, fransızlara, almanlara və amerikalılara güvənərək özünü bataqlığa sürüklədi. Böyük ərazilərini itirdi, klassik iflasa uğramış dövlətə çevrildi və təbii sərvətləri artıq “müttəfiqləri” arasında bölünür. Ermənistan üçün də istədikləri budurmu? Bütün bu suallara hər bir erməni özü cavab verməlidir. Dürüst və mümkün qədər tez. Çünki o zaman çox gec ola bilər.

Politico: Avropanın Azərbaycana və Ermənistana fərqli baxışı var

Ermənistan Avropanın Azərbaycana və Ermənistana fərqli istiqamətlərdən yaxınlaşdığınının fərqindədir. Və bu yanaşmadan çox narahatdırlar. Erməni mətbuatı qondarma “erməni soyqırımı” adlı şouya Avropanın münasibətindən yazarkən “Politiko” nəşrinə istinad edib: “Aprelin 24-də bütün dünya erməniləri 1915-ci il soyqırımı zamanı həlak olan 1,5 milyon insanın xatirəsini ehtiramla yad ediblər. Bununla belə, Aİ-nin xarici siyasət üzrə komissarı Kaja Kallas regional turu çərçivəsində Ermənistana deyil, qonşu Azərbaycana səfər etməyi lazım bilib. Ermənistan vətəndaşları İrəvanda həlak olanların xatirəsinə əklillər qoyarkən Bakıda yüksək səviyyəli avropalı diplomatın kameralara gülümsəməsinin nə mənası var?”.

“Siz Bakıya səfər edirsiniz, İrəvandan isə qaçırsınız. Azərbaycan bizim dəyərlərimizi rədd edərkən, Ermənistan Avropa İttifaqına yaxınlaşır", - bunu isə Bundestaqın keçmiş deputatı Maykl Rot yazıb. Əlavə edib ki, 2018-ci ildə baş verən məxməri inqilabdan sonra ölkə islahatlar həyata keçirib. Ermənistanın gələcəyini Avropa ilə əlaqələndirmək üçün ictimai tələbi əks etdirən Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun qəbul edib. İrəvan indi öz sərhədlərində Aİ-nin monitorinq missiyasına ev sahibliyi edir, fəal şəkildə özünü Rusiyadan uzaqlaşdırmağa və Qərblə daha dərin tərəfdaşlıq qurmağa çalışır, bir sözlə, Ermənistan Aİ-nin şərq tərəfdaşlarından tələb etdiyi hər şeyi edir, Qərbə baxır.

Bütün bunlara baxmayaraq, Avropa Rusiya qazından imtina etməyə çalışdığı vaxtdan Azərbaycana xoş tərəfdaş kimi yanaşır. 2022-ci ildə Aİ Bakı ilə qaz idxalını iki dəfə artırmaq məqsədi daşıyan böyük enerji memorandumu imzalayıb. Əliyevin yanında dayanan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə məşhur şəkildə ölkəni etibarlı təchizatçı adlandırıb.

Fransanın Avropa Parlamentinin üzvü və keçmiş Avropa İşləri Naziri Natali Loiseau qeyd edir ki, eyni səfərdə Ermənistana səfər etmədən birbaşa Azərbaycana getmək avropalıların səhvidir. Bunu Qarabağdan öz arzu və istəkləri ilə köçən ermənilərlə əlaqələndirib. Halbuki, baş verənlərdə Ermənistan hökumətinin, erməni kilsəsinin və erməni diasporunun birbaşa günahı və iştirakı, təhriki var. Qarabağdan 1988-93-cü illərdə azərbaycanlıların, 2023-cü ildə isə ermənilərin köçünü müqayisə etmək kifayətdir ki, kimin səhv, kimin isə düz olduğunu aydınlaşdırasan. Bəzi avropalı siyasətçilər düşünürlər ki, guya enerji sövdələşmələri və geosiyasi ehtiyatlılıq Azərbaycanın “təcavüzünə” beynəlxalq reaksiyanı çox uzun müddət susdurub. İndi məlum olur ki, Qarabağ münaqişəsinin həllində ədalətli olmayan Qərbin məqsədi nə imiş. Qərb 25 il müxtəlif platformalardan, əlinin, ününün yetdiyi yerlərdən Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə haqq qazandırıb, “öz müqəddaratını təyinetmə hüququnu” ölkələrin suverenlik, ərazi bütövlüyü prinsiplərindən üstün tutub. Ərazilərimiz düşmən tapdağında qalsa da, insanlarımız əsir, girov götürülsə də, öldürülsə də, bir milyondan artıq azərbaycanlı öz evindən qovulsa da avropalılar bundan zərrə qədər də narahat olmayıblar.

Oskanyan: “Paşinyan getməlidir”

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan erməni mətbuatında dərc etdirdiyi məqaləsində yazır: “Bu gün ermənilərin əksəriyyəti bir əqidə ətrafında birləşib: Baş nazir Nikol Paşinyan getməlidir və nə qədər tez olsa, bir o qədər yaxşıdır. Fərqlər yalnız aradan qaldırılma üsuluna aiddir: parlamentə etimadsızlıq səsverməsi, kütləvi etirazlar, növbədənkənar seçkilər və ya 2026-cı ildə planlaşdırılan seçkiləri gözləmək. Bununla belə, bu mexanizmlərdən hər hansı birinin işləyəcəyinə dair geniş skeptisizm var. Amma bir şey dəqiqdir: Ermənistan daha bir gün də Paşinyanın rəhbərliyi altında qala bilməz. Ölkə müasir tarixinin ən təhlükəli dövrlərindən birini yaşayır. Paşinyanın dönəmində milli təhlükəsizlik, xarici siyasət, demokratik idarəçilik, iqtisadi sabitlik və milli həmrəylik sahələri əhəmiyyətli dərəcədə pozulub və zəifləyib. 2018-ci ildə ümid və transformasiya vədləri ilə başlayan – şəffaflıq, ədalət və regenerasiya – indi özbaşınalıq, səriştəsizlik və strateji uğursuzluq dövrünə çevrildi. Bu gün göz qabağındadır ki, Paşinyan nəinki mövcud çağırışların öhdəsindən gələ bilməyib, həm də əldə olunan uğurları puça çıxarıb, ölkənin zəifliyini artırıb. Ermənistanın gələcəyi naminə o getməlidir. Yeni bir yol qurmağın vaxtı gəldi”.

Oskanyan Paşinyanın uğursuzluğunun kökündə onun xarici və təhlükəsizlik siyasətini fəlakətli idarə etməsi dayandığını deyir: “Strateji dərinliyin zərurət olduğu bir bölgədə o, təcrübə, baxış və nizam-intizam olmadan rəhbərlik edirdi. Onun ziddiyyətli ritorikası və birtərəfli güzəştləri ilə Azərbaycana yanaşması Bakını cəsarətləndirib, İrəvanı təcrid edib. Onun hakimiyyəti dövründə Ermənistan Qarabağı itirdi, 120 mindən çox erməni didərgin düşdü, çoxəsrlik icma məhv edildi. Bunlar müharibənin qaçılmaz nəticələri deyildi. Bu, geosiyasi reallığa hazır olmayan yoxsul və səmərəsiz rəhbərliyin birbaşa nəticəsi idi. Paşinyan müharibədən sonra vəziyyəti sabitləşdirmək əvəzinə vəziyyəti daha da pisləşdirdi. O, Ermənistanı strateji ziddiyyətlərə sürükləyib, xarici tərəfdaşlara aydın olmayan siqnallar verib və aydın siyasi xətt formalaşdıra bilməyib. Onun səhvləri bütün əsas personajları ondan uzaqlaşdırdı”.

Keçmiş diplomat qeyd edir ki, Moskva Paşinyanı etibarsız, Tehran şübhəli, Ankara və Bakı isə mənfur görür. Vaxtilə ona demokratik intibahın simvolu kimi baxan Qərb indi onu xarici maraqlara xidmət edən itaətkar agentdən başqa bir şey kimi görmür. Ermənistanın beynəlxalq təcrid olunması təsadüfi deyil. Bu, səlahiyyətdən, strateji düşüncədən və diplomatik bacarıqlardan tamamilə məhrum olan liderin proqnozlaşdırıla bilən nəticəsidir.

Oskanyan Ermənistanın iqtisadi baxımdan guya tərəqqi etdiyinə də aydınlıq gətirib: “Hökumətin hesabatlarında qeyd olunan artım Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri ilə şişirdilmiş təhrif edilmiş statistikaya əsaslanır. Amma adi vətəndaş üçün bu artım illüziyadır. İnflyasiya, durğun əmək haqqı, artan borc və az investisiya gündəlik reallıqdır. Kökünün kəsiləcəyi vəd edilən korrupsiya sonda institutlaşmaya çevrildi. Dövlət vəsaitləri sui-istifadə edilir, sadiq olanlar ləyaqətsiz şəkildə səxavətlə mükafatlandırılır, maliyyə şəffaflığı unudulur. Köhnə vərdişlər pozulmayıb, daha da dərinləşib, qablaşdırma dəyişib. Eyni zamanda Ermənistanın sosial quruluşu dağılır. Qütbləşmə, inamsızlıq və siyasi tükənmə ictimai həyatın xüsusiyyətləridir. Dövlət çətin günlərdə milləti birləşdirmək əvəzinə, ayrılıqları dərinləşdirir. Bununla belə, hətta nüfuzunun və ictimai dəstəyinin görünməmiş şəkildə azalması fonunda belə, Paşinyan hakimiyyətə ictimai maraqlara xidmət etmək üçün deyil, öz mövqeyini təmin etmək üçün yapışır”.

Bəli, Ermənistanda siyasi mühit hər keçən gün tündləşir. Böhranın mahiyyəti də məhz bundan ibarətdir. Siyasi müxalifət problemin kökünü Paşinyanda axtarır, onun mövcudluğunun vəziyyətdən çıxış imkanlarını daraltdığını düşünürlər. Amma onu da bilirlər ki, Paşinyanın uzaqlaşdırılması bütün problemləri həll etməyəcək. Ermənistanın ləyaqətini, nüfuzunu və strateji istiqamətini bərpa etmək üçün hələ çox illər gözləməli olacaq.

V.VƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see209

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see202

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see195

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see162

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri