Ermənistanla təhlükəsizlik tərəfdaşlığı, yoxsa sülhə demarş?
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
ABŞ konqresmenlərinin anti-Azərbaycan “təşəbbüsü”nə sözardı
Donald Trampın prezidentliyi ilə ABŞ-ın anti-Azərbaycan fəaliyyəti rəsmən aradan qalxsa da, Co Bayden administrasiyası dövründə ölkəmizə qarşı yönəlmiş qərəzin “ilhamvericiləri” sıradan çıxmayıblar. Konqresmenlər Qas Bilirakisdən və Frenk Pellonedən ibarət qrupun “Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı” adlı qanunvericilik təşəbbüsü qaldırması fikrimizin sübutudur.
Sözügedən təşəbbüs ABŞ-ın Azərbaycana yardımını bloklamağı, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin icrasına, “erməni əsir və girovların” azadlığa çıxmalarına nail olmağı, Ermənistanın təhlükəsizliyini gücləndirməyi, Qarabağ ermənilərinin geri dönüşünü dəstəkləməyi, habelə “İrəvana qarşı fəaliyyətinə görə” ölkəmizin məsuliyyətə cəlb edilməsini hədəf seçir. Bəli, ortada absurd teatrı var ki, onun diqqətə çatdırdığımız səhnəsini ABŞ-dakı erməni lobbi və diaspor təşkilatları qurub.
Bəli, Q.Bilirakis və F.Pellone kimilər köhnə şakərlərindən əl çəkmək niyyətində deyillər. Belələri Birləşmiş Ştatların erməni lobbi və diaspor təşkilatlarının anti-Azərbaycan fəaliyyətini daim gündəmdə saxlamaqla, yalnız şəxsi mənfəət əldə etməyi düşünürlər. Çünki özlərinə rahat qazanc mənbəyi tapıblar. Hərdən absurd teatrına dramatik çalarlar qatırlar ki, “bəsləndikləri” mənbə qurumasın.
***
“Ermənistan qeyri-sabit bir regionda əsas tərəfdaşdır. Ölkə suverenliyi və təhlükəsizliyi üçün davam edən təhdidlərlə üzləşdiyi bir vaxtda real dəstəyə layiqdir”, – deyə konqresmen Bilirakis bildirib və əlavə edib ki, müəllifi olduğu qanunvericilik təşəbbüsü ABŞ-ın “təcavüzə, insan hüquqları pozuntularına və etnik ermənilərin məcburi köçkünlüyünə, göz yummayacağına dair aydın mesaj verir. Məsuliyyət xarici siyasətimizin mərkəzində olmalıdır.
Göründüyü kimi, Q.Bilirakis özünün “erməni sevdasını” əsaslandırmaq üçün mənasız pafosa baş vurur, ucuz populizmi işə salır. Stajlı ermənipərəst F.Pellone isə daha “irəli gedib”. Bildirib ki, uzun müddətdir Azərbaycana, guya, Cənubi Qafqazı sabitlikdən çıxarmaq, dəhşətli insan hüquqları pozuntuları törətmək və erməni xalqını təhdid etmək üçün cəzasız şəkildə hərəkət etmək imkanı verilib. Sən demə, artıq bıçaq sümüyə dirənibmiş. Bu saxta baxışın tərəfdarları Konqresin erməni komitəsinin həmsədrləri Bred Şerman, Devid Valadao, Qeyb Amo, Deyv Min, Cen Şakovski, Kris Smit kimi şəxslərdir. Bir sözlə, köhnə ermənipərəstlər.
Yeri gəlmişkən, adlarını çəkdiyimiz şəxslərdən B.Şerman da pafosa güc verib, qanunvericilik layihəsini mühüm əhəmiyyət daşıyan sənəd kimi təqdim etməyə çalışıb. O deyib ki, Cənubi Qafqazda davamlı sülh zor və təzyiq üzərində deyil, suverenliyə, insan hüquqlarına və beynəlxalq hüquqa hörmət əsasında qurulmalıdır. “Azərbaycanın Ermənistana qarşı davam edən təcavüzü, erməni əsirlərin saxlanılması və erməni mədəni-dini abidələrinin məhvi ciddi cavab tələb edir. Bu qanunvericilik aktı ABŞ-ın beynəlxalq hüququn pozulmasını mükafatlandırmayacağını, Ermənistanın sərhədlərini təmin etməyə, ədalətli, davamlı sülhə qovuşmaq yolunda onun etibarlı tərəfdaşa layiq olduğunu açıq şəkildə göstərir”, - deyə təxribatçı fikirlər səsləndirən Şermandan geri qalmayan konqresmen Valadao isə bildirib ki, “Azərbaycanın Cənubi Qafqazdakı təcavüzü uzun müddət davam edib”. Valadao həyata keçirdikləri qərəzli fəaliyyətə əlahiddə don geydirmək üçün Konqresin erməni komitəsinin ölkəmizin məsuliyyətə cəlb edilməsi istiqamətində “böyük işlər gördüyünü” də vurğulayıb.
“Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı” adlandırılan qanunvericilik təşəbbüsü o qədər həyasız notlara köklənib ki, orada ABŞ-ın Müdafiə Nazirliyi qarşısında da tələb qoyulub. Sən demə, nazirlik ölkəmizin Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən tam çıxarılmasını, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə üzrə öhdəliklərini yerinə yetirməsini təmin etməli imiş. Hələ tələblər sırasında erməni əsir və girovların qeyd-şərtsiz azadlığa çıxmalarına nail olmaq, Ermənistana qarşı hərbi əməliyyatlara son qoyulması da var. Göründüyü kimi, ermənipərəst konqresmenlərin həyasızlıq ritorikası sərhəd tanımır. Daha bir sərhədsiz həyasızlıq isə Pentaqon qarşısında İrəvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək tələbinin qaldırılmasıdır.
Sözügedən qanunvericilik təşəbbüsündə yer alan məqamlardan biri də “Azadlığa dəstək aktı”na 907-ci düzəlişlə bağlıdır. Məlumdur ki, Prezident Tramp avqustun 8-də xüsusi jest edərək Azərbaycan Prezidenti İlham Əliyevin önündə məlum düzəlişin qüvvəsini dayandırdı. O da məlumdur ki, hazırda ABŞ-da yeni strateji xətt çərçivəsində “907”nin tamamilə ləğvinin tərəfdarları da var. Görünür, məsələ Birləşmiş Ştatların erməni lobbi və diaspor təşkilatlarında, o cümlədən ölkədəki ermənipərəstlərdə əndişə doğurub. Ona görə də onlar düzəlişin qüvvəsini dayandırmaq barədə Prezidentin müstəsna səlahiyyətinin ləğvinə girişiblər. Haqqında bəhs etdiyimiz qanun layihəsinin həyasızlıq mahiyyətinin ən böyük təzahürü də budur. Əsaslandırma isə ondan ibarətdir ki, dövlət başçısının “907”nin qüvvəsini dayandırmaq səlahiyyətinə xitam verilməsi ABŞ vergi ödəyicilərinin vəsaitlərinin Azərbaycanın hərbi təcavüzünü dəstəkləməsinin və ya asanlaşdırmasının qarşısını almağa yönəlib. Yəni ortada növbəti absurd teatrı var.
***
Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi (ANCA) və Amerikanın Erməni Assambleyası “Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı”nı alqışlayaraq sənədə dəstək ifadə ediblər. ANCA-dan bildirilib ki, akt, guya, Azərbaycanın təcavüzünü cilovlamaq və ABŞ–Ermənistan tərəfdaşlığını gücləndirmək üçün sağlam məntiqə əsaslanan yanaşmadır. Qurumun icraçı direktoru Aram Hamparyan sənədin Vaşinqtonun siyasətini sülhün konkret meyarlarına fokusladığını deyib. Həmin “meyarlardan” yuxarıda söz açdıq. Belə çıxır ki, onlar nəzərə alınmasa, ABŞ-ın Cənubi Qafqazda sülh siyasəti konkret deyilmiş. Göründüyü kimi, qanunvericilik təşəbbüsü rəsmi Vaşinqtonun həm də şantaj edilməsinə yönəlib.
Yada salaq ki, 2025-ci ilin martında 60 ABŞ konqresmeni dövlət katibi Marko Rubioya məktubla müraciət edərək, “907”nin tam icrasını tələb etmişdi. Onlar fikirlərini əsaslandırmaq üçün “Qarabağın erməni xristian əhalisinə qarşı etnik təmizləmənin həyata keçirildiyini, Ermənistanın suveren ərazilərinin işğalını və erməni əsirlərin qanunsuz saxlanılmasını” önə çəkmişdilər. Məktubda vurğulanmışdı ki, “real nəticə və məsuliyyətlə üzləşməyən Azərbaycan Ermənistan əleyhinə davam edən təcavüzlə ədalətli və davamlı sülh perspektivlərini sarsıdır”. Həmçinin may ayında Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində konqresmenlər Cim Kosta və Kris Smit də oxşar fikirlər səsləndirmişdilər. Dövlət katibi Rubio isə cavabında Azərbaycanla Ermənistan arasında yeni müharibənin dağıdıcı olacağını demişdi. Yəni Dövlət Departamanetinin rəhbəri cavabı ilə, faktiki olaraq, ermənipərəstlərin iddialarının neqativ mahiyyət daşıdığını, təxribatçı xarakterini vurğulamışdı. Lakin onlar öz inadlarından dönməyərək, sentyabrda yenidən hərəkətə keçmişdilər. Həmin vaxt adını çəkdiyimiz konqresmen Şerman “907” üzrə Prezidentin müstəsna səlahiyyətinin ləğvini nəzərdə tutan təşəbbüslə çıxış etsə də, dəstək qazanmamışdı.
***
Sonda onu da bildirək ki, ABŞ-ın erməni lobbi və diaspor təşkilatlarının, eləcə də ölkə ermənipərəstlərinin bütün anti-Azərbaycan mahiyyət daşıyan təşəbbüsləri kimi, “Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı”nın da heç bir real dəstək qazanmayacağı, Vaşinqtonun nə Azərbaycanla, nə də ümumən Cənubi Qafqazla bağlı hazırkı yanaşmasını dəyişdirməyəcəyi birmənalıdır. Mənasız təşəbbüslər qaldıranlar anlamalıdır ki, Bayden dövrü artıq başa çatıb. O dövr ki, böyük yanlışlarla və səriştəsizliklərlə dolu idi.
Məsələnin digər tərəfində gəlincə, məlumdur ki, “Ermənistan Təhlükəsizlik Tərəfdaşlığı Aktı”na bənzər sənədlər Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı dinamikasını pozmağa, ümumən, Bakı ilə İrəvan arasında barışın əldə olunmasını əngəlləməyə yönəlib. Ermənistan rəsmiləri isə müxtəlif bəyanatlarında sülhün tərəfdarı olduqlarını bəyan edirlər. Bir halda ki, ABŞ konqresmenləri kimi, prinsip etibarilə, yüksək ranqlı şəxslər (özləri cılız mahiyyətli olsalar da - red.) erməni maraqlarının sərsəm üsullarla qorunmasına çalışan təşəbbüslər irəli sürürlər, əslində, Baş nazir Nikol Paşinyan administrasiyasının təmsilçilərinin buna qarşı açıq etiraz etmələri mütləqdir. Ermənistan rəhbərliyi nəzərə almalıdır ki, hazırda sülh prosesi kövrəkdir və onun qorunması üçün barış əleyhinə yönələn, düşmənçilik səhifəsinin açılmasına rəvac verə biləcək istənilən təşəbbüs beşiyindəcə boğulmalıdır. Lakin rəsmi İrəvan susur. Axı susmağın razılıq əlaməti qismində qiymətləndirilmək təmayülü var. Yaxşı olar ki, Paşinyan və tərəfdarları bu barədə ciddi düşünsünlər.
Ə.CAHANGİROĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















