Icma.az
close
up
RU
Əsədin dostları RAKURS

Əsədin dostları RAKURS

Yaxud, Ermənistan Əsədlə bağlarını niyə qoparmır?

Suriyada Əsəd rejimi süquta uğradı, 71 illik sülalə hakimiyyətinə son qoyuldu. Maraqlıdır ki, indiyədək Suriyada bir-biri ilə didişən, savaşan güclər müxalifətin Şama yürüşünə, Əsəd hakimiyyətinə son qoymasına seyr etməklə kifayətləndilər. Sanki əvvəlcədən danışmışdılar, Bəşərin taxtından salınacağına səslərini çıxarmayacaqlarına söz vermişdilər. Bəli, “Ərəb baharı”nın uzun sürən dalğası növbəti despotu hakimiyyətindən vurub kənara atdı. Əsəd ərəb dövlətlərindən heç birinə etibar etmədi və birbaşa Moskvaya uçdu. Rusiya onun hakimiyyətini 2016-cı ildə qoruya bilmişdi, bu dəfə isə onu ölümdən qurtardı. Suriyada hakimiyyət dəyişikliyi ilə sonuclanan hadisələr dəngələri dəyişdi, bu ölkənin ərazisində “at qoşduran” ölkələri öz qınına çəkilməyə məcbur etdi.

Kimdir Əsədin dostları?

Bu ölkələrin başında İran dayanır. Tehran Suriyada azlıqda olan şiələrin dəstəkçisi rolunda çıxış etsə də, “əbədi dostu”nu xilas etmək əvəzinə proksilərini də götürüb Tehrana döndü. Təxminən 4 minlik SEPAH üzvlərini qısa müddətdə Suriyadan evakuasiya edə bildi. Əks təqdirdə müxalifətin qəzəbinə tuş gələcəkdi. Şam şəhərini alan müxalifət lideri Abu Muhəmməd Colani məsciddə çıxışı zamanı ilk açıqlaması bu olub ki, İran və Hizbullahla heç bir əlaqə qurulmayacaq, onların ölkə ərazisində fəaliyyətinə imkan verilməyəcək. Əslində İran bunu bildiyi üçün tələsik Suriyanı tərk etmişdi. İranın Şamdakı səfirliyinin fəaliyyət göstərməməsi də bundan qaynaqlanır.

Digər bir ölkə isə Ermənistandır. Bu günə qədər İrəvanın rəğbət bəslədiyi ölkələr sırasında Suriyadakı Əsəd rejimi ilk sıralarda idi. Türkiyə ilə yüz kilometrlərlə sərhədi olan, “Ərəb baharı”na qədər mehriban şəraitdə qonşuluq edən Suriya dövlətinin başında duran Bəşər Əsəd bir dəfə də olsun şimal qonşusuna səfər etmədiyi halda 2009-cu ildə İrəvanda ermənilərin qonağı olmuşdu. Serj Sarkisyanın dəvətinə qaça-qaça gedən Bəşər Əsəd erməniləri özünün ən yaxın dostları elan etmişdi. Hətta Serjikin məsləhətini də dinləməli olmuşdu. Sarkisyan ona “erməni soyqırımı”nı tanımağı təklif edəndə Bəşər Əsəd ona “Türkiyə ilə aramızda olan soyuqluq bitmək üzrədir. Əgər “erməni soyqırımı”nı tanısan münasibətlərimiz korlana bilər. Ermnistan prezidenti də ona “siz türkləri tanımırsınız” demişdi. III prezidentin köməkçisi 2014-cü ildə Şamda səfərdə olarkən Bəşər Əsəd ona “Sarkisyan düz deyirmiş, biz türkləri tanımamışıq” deyibmiş.

Bu gün nə baş verir? Ermənistan hələ də Suriyada baş verənləri dövlət çevrilişi kimi qələmə verir, hakimiyyətin qanuni sahibi əsəd olduğuna inad edir. Əcəba, Ermənistanın ağaları niyə susurlar, niyə Paşinyan hökumətinin dərsini vermirlər, bu günə qədər Əsəddən çəkdiklərini ermənilərə xatırlatmırlar? Bəli, erməni şıltaqlığı bu hadisələrdə də qərbliləri qıcıqlandırmır, düşmənləri ilə dostluq, qardaşlıq edən İrəvanın aşını-suyunu verməyə tələsmirlər. Əlbəttə, susqunluqda bir “əmma” var. Çünki, Ermənistan və dünya erməniləri bu regionda türkün düşməni olan bir qruplaşmaya da rəğbət bəsləyir, onları dəstəkləyir, hər cür yardımlar edirlər. Bunlar Türkiyənin bütövlüyünü təhdid edən PKK terrorçularıdır. Tərkibində ermənilərin çoxluq təşkil etdikləri bu terror təşkilatı ermənilərin əbədi düşməni Türkiyənin parçalanmasında hamıdan çox maraqlıdırlar. Dağdan arana, bələdiyyədən parlamentə qədər Türkiyə ilə hərbi və siyasi qarşıdurmada olan PKK, PYD-YPG terror təşkilatına erməni kökənli Türkiyə vətəndaşlarının bütün mənalarda dəstək vermələri heç kimə sirr deyil. Ermənilərin başqa adlar altında gizli qalaraq Türkiyə Cümhuriyyəti ilə xaincə müharibə aparmasının məqsədi qardaş ölkəni parçalamaqdır. Bu gün Suriyanın şimalında, xüsusilə Türkiyə ilə sərhəddə terrorçuların aktivləşməsi Ermənistanın və ermənilərin işinə daha çox yarayır.

Erməni politoloq Ara Poqosyan açıq şəkildə suriyalı kürdlərə rəğbət bəsləyir. O, xüsusilə yazır: “Türkiyəyönlü qüvvələr Türkiyənin birbaşa hərbi, maddi-texniki və təşkilati dəstəyi ilə təkcə Mambici deyil, həm də kürdlərin nəzarətində olan əsas zonaları ələ keçirəcək. Yeri gəlmişkən, Türkiyə məlumatlarına görə, Dəməşqin alınmasında əsas məqsəd kürd qüvvələrinin kürd bölgələrindən çıxarılması və tərksilah edilməsidir. Bu, Türkiyənin əsas məqsədidir və Əsəd kürdlərə qarşı mübarizədə Türkiyə ilə müttəfiq olmağa razılaşsaydı, yəqin ki, işlər bir az fərqli gedəcəkdi. İndi kürd qüvvələri çətin, son dərəcə çətin vəziyyətdədir...”.

İranlı Vardan Voskanyan isə yazır: “Suriyada təxminən 2,5 milyon Ələvi əhalisi faktiki olaraq lidersiz qalıb və heç kim İranın onların müdafiəsini öz üzərinə götürməyəcəyinə zəmanət verə bilməz. Suriyada baş verənlər İran üçün açıq-aşkar uğursuzluq idi, lakin iranlıların bu vəziyyəti qəbul edəcəyini söyləmək olmaz. Odur ki, Suriyada milli həmrəylik yaranmasa və vətəndaş müharibəsi davam edərsə, ola bilsin ki, Livan Hizbullahından nümunə götürərək, İranın himayəsi altında Ələvi ərazilərinə nəzarət edən oxşar peyk təşkilatı yaradılsın və bu təşkilat çox işləyə bilər. Çünki iranlılar bu cür strukturların yaradılması və idarə olunmasında əhəmiyyətli imkanlara və uğurlu təcrübəyə malikdirlər”.

Konkret.az saytında dərc olunan “Əsəd rejiminin Azərbaycana münasibətinə baxın” adlı məqalədə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra erməni siyasi cameəsində isterika yaşandığı və bu çevrilişin Ermənistana zərbə olacağı ilə bağlı fikirlər yer alıb. Qeyd edilir ki, Əsədlə bağlı “fikir müxtəlifliyi” səbəbindən bəzi hadisələri yada salmaq yerinə düşər:

“Birinci fotoda Bəşər Əsədlə yanaşı oturan şəxs keçmiş rejimin baş müftisi Əhməd Bədrəddin Hassundur. Diktator Bəşər Əsədin qətliamlarına haqq qazandırması ilə tanınan Hassun Qarabağda “erməni dövlətinin” qurulmasına tərəfdar olduğunu deyib. 2011-ci ildə Suriyanın dini icmaları ilə görüşündə çıxışında o bildirib: “Elə regionlar vardır ki, onların mübahisəli vəziyyətinə son qoymağın vaxtı çatıb. Məsələn, Dağlıq Qarabağ. Qarabağ üçün başlıca motivasiya erməni xalqının müstəqillik üçün göstərdiyi azadlıq istəyi, regionun tarixi keçmişi və müharibədə qələbədir. Hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağdakı erməni xalqının müstəqillik və azadlıq uğrunda səylərini dəstəkləyirəm. Bir daha qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsinin səbəbi din deyil, erməni xalqının azadlıq istəyidir. Bununla hesablaşmamaq olmaz”.

1. Suriyada xeyli sayda erməni silahlı Əsəd səflərində vuruşub və onun yaxın mühafizəsində olub;
2. Hələbdə dinc insanlara qarşı baş vermiş qətliamlar zamanı terrorçu erməni birlikləri xüsusi fəallıq göstərib. Türkman xalqının qətliamında iştirak ediblər;
3. Ermənistan hökumətinin Bəşər Əsədə və onu dəstəkləyən terrorçu qruplara yardım dolu təyyarə göndərdiyinin sübutları var;
4. Xocalı soyqırımı zamanı Suriyadan Əsədin xüsusi təyinatları ermənilərlə birgə iştirak edib. Gürcüstandan qalxan helikopterin pilotları Suriya ərəbi və Suriya ermənisi olub.

İkinci fotoya diqqətlə baxın:

“Mersedes” firmasının istehsalı olan “Gelandevagen” markalı maşını 1990-cı ildə Suriya Prezidenti Hafiz Əsəd Ermənistanın müdafiə naziri olan Vazgen Sərksiyana hədiyyə edib. Sərkisyan onu bir az sürüb, sonra gürcü biznesmenlə iki tanka dəyişib. Bu tanklar Qarabağda azərbaycanlılara qarşı müharibədə istifadə edilib.
1994-cü ildə Suriya prezidenti həmin maşını gürcü biznesmendən pulla geri alıb, yenidən Sərkisiyana hədiyyə edir! İndi bu “Mersedes” Ermənistanda muzeydə saxlanılır.

Xocalıda günahsız insanların qatilləri (digərlərini hələ demirəm) olan ermənilərlə əlbir olan Bəşər Əsəd və onun baş müftisinə Azərbaycan xalqı necə yanaşmalıdır?”.

Erməni mətbuatı Suriyadan nə yazır?

Armenianreport yazır: Rusiya gözümüzün qabağında zəifləyir. Suriyada üzünə gurultulu sillə vuran o, indi bizim müttəfiqimiz ola bilməz. Deməli, indi Ermənistanın gözü NATO-ya çevrilməlidir. Suriya prezidenti Bəşər Əsədin öldüyünü düşünməyə əsas var. Hazırda dünyanın aparıcı KİV-ləri tərəfindən fəal şəkildə yayılan məlumatlara görə, Bəşər Əsədi daşıyan təyyarə qəfil hündürlüyünü itirməyə başlayıb və sonra radarlardan itib. O, yəqin ki, qəzaya uğrayıb. Bu barədə monitorinq kanalları da məlumat verir. FlightRadar-ın məlumatına görə, Əsədin olduğu iddia edilən SYR9218 nömrəli İl-76T təyyarəsi Əl-Suvayri yaxınlığında qəzaya uğrayıb.
Bundan əvvəl Reuters agentliyi Bəşər Əsədin Dəməşqi naməlum istiqamətdə tərk etdiyini bildirmişdi. Nəşr bu barədə iki yüksək rütbəli suriyalı zabitə istinadən məlumat yayıb. Həmçinin bütün işçilərin Dəməşq Beynəlxalq Hava Limanını tərk etdiyi və işinin tamamilə dayandırıldığı bildirilib. Bundan əlavə, Suriyanın “Şam FM” radiostansiyasının məlumatına görə, Dəməşqdə partlayış səsləri eşidilib.

Yalnız dəqiq bilinən odur ki, Əsədin həyat yoldaşı və uşaqları ötən həftə (25 noyabr - 1 dekabr) ölkəni tərk edib. Əsədin iki kürəkəni Birləşmiş Ərəb Əmirliklərinə gedib. Artıq mətbuatda Misir və İordaniyanın rəsmi nümayəndələrinin Əsədin özünü ölkəni tərk etməyə və sürgündə müvəqqəti hökumət qurmağa çağırması barədə məlumatlar dərc olunub. Görünür, özü də belə tez və amansızcasına xəyanət olunacağına inanmırdı. Hər şeydən əvvəl Rusiya. Hansı ki, Kreml nə qədər inkar etməyə çalışsa da, gözümüzün qabağında zəifləyir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp haqlı olaraq iddia edib ki, Rusiya üsyançıların hücumu zamanı Suriyada Bəşər Əsəd hökumətinə kömək edə bilməyəcək, çünki Ukrayna müharibəsində artıq xeyli itki verib.
Bu barədə o, Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada bu qədər bağlı olan və orada 600 mindən çox əsgərini itirən Rusiya, illərdir müdafiə etdiyi Suriya üzərində bu hərfi yürüşü dayandıra bilməyəcək", deyə Tramp bildirib. Və belə də oldu. Baş verənlər isə Rusiyanın əsas geosiyasi oyunçu statusuna ciddi təsir edir. Bu, Kremlin Yaxın Şərqdə təsirinin zəiflədiyini göstərir.

Rusiyanın neft nəqlinə nəzarət etdiyi nöqtə Suriya idi. İndi Mərkəzi Asiya ölkələrinin alternativ yolları olacaq. Daha dəqiq desək, Rusiya əsas qərarlardan kənarda qalacaq, xüsusən də Qazaxıstanın neft ixracına təsir etməyəcək. Qazaxıstan isə, bildiyiniz kimi, Rusiyadan yan keçməklə illik neft tədarükünü artırmağa hazırlaşır. Bu məqsədlə rəsmi Astana konkret boru xətti seçib. Bu barədə “Kursiv” nəşri yazır. Söhbət Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən gedir. Qazaxıstanın planlarına əsasən, neft ixracının həcminin 1,5 milyon tondan 20 milyon tona çatdırılması planlaşdırılır. Bu o deməkdir ki, kəmərlə tədarük həcmi 13 dəfədən çox artacaq.

Yuxarıda qeyd olunan kəmər vasitəsilə neft ixracının həcminin artırılması Qazaxıstana Rusiya vasitəsilə tədarükünü 80%-dən çox azaltmağa imkan verəcək. Bu barədə “Reuters”in materialında deyilir. Bu kimi. Gördüyümüz kimi, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsi nəticəsində sağ olub-olmamasından asılı olmayaraq, Türkiyə və Azərbaycan qalib gəldi. Və Rusiya üzünə daha bir ağır sillə vurdu.

Kim nə desin, onlar Aralıq dənizindəki yeganə Rusiya hərbi dəniz bazası olan Tartusu itirdilər. Xüsusilə Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra bu, Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Burada Rusiya hərbçiləri nüvə gəmisi də daxil olmaqla 11 hərbi gəmi saxlaya bilərdi. Rusiya NATO-nun birbaşa müdaxiləsindən çəkindirmək üçün 2022-ci il işğalından əvvəl Tartusdakı hərbi varlığını gücləndirib.

Bundan əlavə, Rusiya tərəfindən maliyyələşdirilən və təlim keçən Suriya hökumət qüvvələri Hələbdən 40 km şərqdə yerləşən Quires bazasını Rusiya silahları ilə birlikdə artıq itirib. İnternetdə görünən fotoşəkillərə görə, yaraqlılar Pantsir MANPADS və Uragan MLRS silahlarını nəzarətə götürüblər. Bütün bunlara əsaslanaraq, Rusiya ilə qopma prosesini sürətləndirmək lazımdır. O, məhkumdur. Onun hərbi, iqtisadi, geosiyasi çöküşü yaxın gələcəyin məsələsidir. Biz buna çoxdan əmin olmuşuq. Axı o, hələ Bəşər Əsədin Suriyasından üz döndərməzdən əvvəl Ermənistana xəyanət edib. O vaxtdan bəri Ukraynadakı müharibəyə görə Rusiya daha da zəifləyib. Və onun Gümrüdə hərbi bazasının olması məsələsi, eləcə də Ermənistanın KTMT-dən qəti və rəsmi çıxması məsələsi tezliklə həll edilməlidir. Ermənistanın təhlükəsizliyini təmin edə biləcək yeganə qüvvə NATO-dur. Alyansa tam üzvlük olmasa da, regionda ən mühüm müttəfiq statusu ölkəmizin həyati ehtiyacı olan bir şeydir.

Beləliklə, Əsəd rejiminin çökməsi regionda daşları yerindən oynadıb. Xalqını 71 il əsarətdə saxlayan despot hakimiyyətlə dostluq tellərini hələ də qırmayan Ermənistanın iç üzü tam olaraq üzə çıxmaqdadır. Amma nə fayda, Qərb ölkələri buna görə İrəvana “gözün üstə qaşın var” deyəcəklərmi? İnandırıcı deyil.

V.VƏLİYEV

seeBaxış sayı:66
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri