Icma.az
close
up
RU
“Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının təntənəsidir

“Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının təntənəsidir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bu gün ölkə neftçilərinin peşə bayramıdır

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasının 31-ci ili tamam olur. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünü əhatə edən bu tarixi sazişin uğurla icra olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizi iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxarıb.

Azərbaycanın iqtisadi müstəqilliyi üçün möhkəm təməl, etibarlı baza rolunu oynayan “Əsrin müqaviləsi” çərçivəsində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, neftin hasilatı və nəqli üçün nəhəng infrastruktur yaradılıb. Xəzər regionunu beynəlxalq əməkdaşlıq məkanına çevirən “Əsrin müqaviləsi” gənc Azərbaycan Respublikasını qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi bütün dünyaya tanıdıb, ölkəmizə beynəlxalq nüfuz qazandırıb. Beləliklə, Azərbaycan dünyanın neft ixrac edən ölkələrinin sırasında öz mövqeyini xeyli gücləndirib.

“Əsrin müqaviləsi” ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyəti sayəsində həyata vəsiqə qazanıb. Məlum olduğu kimi, ötən əsrin əvvəllərində tarixi müstəqilliyini yenicə əldə etmiş gənc Azərbaycan Respublikası səriştəsiz idarəçilik nəticəsində dərin böhranla üzləşmişdi. Belə bir şəraitdə xalqın təkidli xahişi ilə hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən ölkəni xilas etmək üçün siyasi sahədə sabitliyi, iqtisadi sahədə isə neft sənayesinin bərpası və inkişafını prioritet vəzifə kimi qarşıya qoydu. Sovet dönəmində Azərbaycana rəhbərlik etmiş ümummilli lider respublika iqtisadiyyatına, onun yeraltı və yerüstü sərvətlərinə yaxından bələd idi. O, başa düşürdü ki, müstəqil Azərbaycanın dirçəldilməsinin optimal yolu neft sənayesindən keçir və bu sektorun tezliklə inkişafı təkcə iqtisadiyyatın deyil, ümumilikdə, ölkənin dünya birliyi ilə əlaqələrinin qurulması deməkdir.

Azərbaycanın iqtisadi müstəqilliyə nail olmasının bu zənginlikdən asılı olduğunu yaxşı bilən ulu öndər Heydər Əliyev qısa müddətdə mükəmməl, bitkin inkişaf konsepsiyası işləyib hazırladı. Bu konsepsiyanın əsasını isə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz ehtiyatlarının işlənməsi təşkil edirdi. Bununla belə, gənc dövlətin məhdud maliyyə imkanları, eləcə də dənizin dərinliklərində işləyə biləcək qabaqcıl texnika və texnologiyaların olmaması buna imkan vermirdi. Belə bir şəraitdə Heydər Əliyev dünyaca məşhur transmilli neft şirkətlərini Azərbaycana dəvət etməyi qərara aldı.

Beləliklə, 1994-cü il sentyabrın 20-də Bakıda, Gülüstan sarayında “Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalandı. Bütün dünyanı heyrətləndirən belə bir sazişin imzalanması ölkəmiz, xalqımız üçün son dərəcə mühüm bir tarixi hadisə idi. Çünki gənc Azərbaycan dövləti ilk dəfə idi ki, müstəqil siyasət yürüdür, özünün yeraltı sərvətlərinə sahib çıxmasını bütün dünyaya bəyan edə bilirdi.

Təsadüfi deyil ki, təntənəli imzalanma mərasimində çıxış edən ümummilli lider Heydər Əliyev demişdir: “Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Müqavilənin imzalanması Azərbaycan Respublikasının həyatında, iqtisadiyyatında və xüsusən neft sənayesində yeni bir mərhələ açır”.

Bu fikirlər Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı üçün yeni perspektivlər açan, ölkənin maliyyə imkanlarını xeyli dərəcədə artıran tarixi sazişə verilən əsl qiymət idi. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan “Əsrin müqaviləsi” Xəzər regionunu beynəlxalq əməkdaşlıq məkanına çevirdi. Çox keçmədi ki, gənc Azərbaycan Respublikası bütün dünyada qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi tanındı.

“Əsrin müqaviləsi” Azərbaycanın qapılarını xarici sərmayədarların üzünə taybatay açdı, ölkəmizə güclü investisiya axını başladı. Bunun nəticəsidir ki, ötən müddətdə ölkəmizin neft-qaz sektoruna, təqribən, 100 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulub. Həmin vəsait hesabına Xəzərin dərin qatlarında gizlənmiş neft və qaz ehtiyatlarının işlənməyə cəlb edilməsi üçün Azərbaycana ən müasir, mütərəqqi texnologiyalar gətirilib.

“Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Rəhbər Komitəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun mürəkkəbliyini və buradakı ehtiyatların zənginliyini nəzərə alaraq sazişin bir neçə mərhələdə həyata keçirilməsi ilə bağlı yekdil qərar qəbul etdi. Müqavilənin “İlkin neft layihəsi” çərçivəsində dənizdə mövcud “Çıraq” platformasında və “Dədə Qorqud” üzən yarımdalma qurğusunda əsaslı yenidənqurma işləri aparıldı. Bundan əlavə, Bakı Dərin Dəniz Özülləri Zavodu tamamilə yenidən quruldu, xam nefti qəbul edib ixrac sisteminə vurulması üçün Səngəçal terminalı inşa olundu, dənizdən bura sualtı boru kəməri çəkildi.

Nəhayət, 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilkin neftin hasilatına başlanıldı. Ayın 12-də isə ölkəmizin rəsmi dövlət və hökumət üzvlərinin, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nümayəndələrinin, eləcə də xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə “Çıraq” platformasında təntənəli mərasim keçirildi. Tədbirdə bu möhtəşəm tarixin yaradıcısı Heydər Əliyevin şəxsən iştirak etməsi isə olduqca qürurverici idi.

İlkin neft layihəsinin həyata keçirilməsi sahəsində qazanılmış zəngin təcrübə sonralar “Azəri” və “Dərinsulu Günəşli” yataqlarının da mərhələli şəkildə işlənməsinə imkan yaratdı. 2001-ci il avqustun 30-da “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsinin “Faza-1” layihəsinin icrası ilə bağlı qərar qəbul olundu. Azərbaycan hökuməti və beynəlxalq konsorsium iştirakçılarının bu qərarı, həm də “Əsrin müqaviləsi” çərçivəsində nəzərdə tutulmuş böyük neft hasilatına başlananadək zəruri ixrac sisteminin yaradılması ilə bağlı idi.

“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənmə layihəsinin birinci mərhələsi çərçivəsində tikinti-quraşdırma işləri 2004-cü ilin sonlarında başa çatdırılıb. 2005-ci il fevralın 14-də isə “Mərkəzi Azəri” platforması istismara verilib. Bununla da, “Əsrin müqaviləsi” çərçivəsində böyük neft hasilatına başlanılıb. Yeri gəlmişkən, “Azəri” yatağının mərkəzi hissəsinin istismara daxil edilməsi il ərzində əlavə 18-19 milyon ton neft hasilatına imkan yaradıb və bununla da, “Əsrin müqaviləsi” çərçivəsində illik neft hasilatının səviyyəsi 24-25 milyon tona çatdırılıb.

“Azəri” yatağının qərb və şərq hissələrinin işlənməyə cəlb edilməsi isə “Əsrin müqaviləsi”nin tammiqyaslı işlənmə layihəsinin ikinci mərhələsi (“Faza-2”) çərçivəsində həyata keçirilib. Bu məqsədlə 2002-ci il sentyabrın 18-də “Faza-2” layihəsi üzrə tikinti-quraşdırma işlərinə başlamağa dair qərar qəbul olunub. 5,2 milyard dollar dəyərində qiymətləndirilən bu layihə “Əsrin müqaviləsi”nin icrası çərçivəsində “İlkin neft layihəsi”ndən sonra AÇG yataqlarının tammiqyaslı işlənilməsinin növbəti mühüm mərhələsidir.

Uğurlu tikinti-quraşdırma işlərindən sonra 2005-ci ilin dekabr ayında “Azəri” yatağının qərb hissəsi istismara daxil edilib. “Faza-2” layihəsinin digər nəhəng qurğusu sayılan “Şərqi Azəri” platforması isə 2006-cı ilin noyabr ayında istismara verilib. Bununla da, “Azəri” yatağının istismara daxil edilməsi tamamlanıb. Bütövlükdə isə “Azəri” yatağının qərb və şərq hissələrinin istismara daxil edilməsi ölkədə illik neft hasilatının səviyyəsini 40 milyon tonadək artırmağa imkan yaradıb.

“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsindən neft və qaz hasilatını həyata keçirməyi nəzərdə tutan “Faza-3” layihəsi ilə bağlı qərar isə 2004-cü ilin sentyabr ayında – “Əsrin müqaviləsi”nin 10-cu ildönümünə həsr olunmuş yubiley tədbirində qəbul edilib. Layihənin reallaşdırılması üçün 4,7 milyard dollar vəsait ayrılıb ki, bunun da 3,2 milyard dolları tikinti-quraşdırma işlərinə sərf olunub. “Dərinsulu Günəşli” platformasında hasilat 2008-ci il aprelin sonlarında başlanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsi təmin edilib. 2010-cu ildə ölkə üzrə neft hasilatı 50 milyon tonu ötüb. Hasilata başlanıldığı 1997-ci il noyabrın 7-dən 2025-ci il sentyabrın 1-dək “Əsrin müqaviləsi” çərçivəsində 612,2 milyon ton neft və 238,7 milyard kubmetr səmt qaz çıxarılıb.

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl neft strategiyası Azərbaycana özünün zəngin neft ehtiyatlarını dünya bazarlarına müstəqil şəkildə çıxarmaq imkanı yaratdı. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan şaxələndirilmiş boru kəməri marşrutlarına sahib oldu. 1997-ci ilin sonlarından etibarən Azərbaycan nefti Bakı-Novorossiysk boru kəməri ilə Şimal istiqamətinə axmağa başladı. 1999-cu ilin aprel ayında isə xam nefti Qərb istiqamətinə daşımaq məqsədilə Bakı-Supsa boru kəməri istifadəyə verildi.

Bununla belə, Azərbaycanın artan neft həcmlərini dünya bazarına çıxarmaq üçün daha geniş imkanlara malik boru kəmərinə ehtiyac duyulurdu. Bu, Bakı-Tbilisi-Ceyhan marşrutu idi. Bütün siyasi təzyiqlərə baxmayaraq, bu ideya da gerçəkliyə çevrildi. Bu, həm də Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində atılan mühüm addım idi. “Üç dənizin əfsanəsi” adlandırılan nəhəng infrastruktur layihəsi, həm də etibarlı enerji və dostluq körpüsü kimi uzun illərdir ki, ölkələrin inkişafına, xalqların rifahına xidmət edir. 2006-cı ilin iyun ayından bu ilin II rübünün sonunadək, ümumilikdə, 605 milyon ton xam neft nəql edib. Həmin neft həcmləri Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanında 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

1999-cu ilin dekabr ayının son günlərində Azərbaycanın mənfəət nefti yüklənmiş ilk tanker Qara dənizdən dünya bazarına yola salındı. Bununla da, ölkəmiz tarixində ilk dəfə olaraq neftdən müstəqil şəkildə gəlir götürməyə başladı. Həmin gəlirlərdən səmərəli istifadə olunması, onun müəyyən hissəsinin gələcək nəsillərə çatmasını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı. Ötən müddətdə fond “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” qaz yatağı layihələrinin işlənməsindən və digər daxilolmalardan, təqribən, 210 milyard dollar məbləğində gəlir əldə edib.

Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin qatlarında olan neft və qaz ehtiyatları 30 ilə nəzərdə tutulmuş sazişin müddətinin daha 25 il uzadılmasına səbəb olub. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. Beləliklə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsində yeni dövr başladı. Sazişə əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi 2050-ci ilədək uzadılıb. 2024-cü il aprelin 16-da isə “Azəri Mərkəzi Şərqi” platformasında ilkin neftin hasilatına başlanıb. Bununla da, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku yeni istismar mərhələsinə qədəm qoyub.

* * *

Ölkəmizin iqtisadi müstəqilliyinin təməl daşına, davamlı inkişaf və tərəqqi konsepsiyasına çevrilmiş “Əsrin müqaviləsi”nin imzalanmasından 31 il ötür. Müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olan qalibiyyətli enerji strategiyası Azərbaycanın neft sənayesinin şöhrətini bütün dünyaya yaydı, ölkəmizdə neftçi peşəsinə hörmət və peşənin nüfuzu bir qədər də artırdı. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 2001-ci il avqustun 16-da imzaladığı fərmanla XX əsrin nəhəng neft sazişinin ərsəyə gəldiyi 20 sentyabr tarixini Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi təsis etmişdir. Fərmanda qeyd olunur: “Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları – böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar”.

Artıq qəhrəman neftçilərimiz 31-ci dəfədir ki, yeni neft strategiyasının təntənəsi olan “Əsrin müqaviləsi”nin imzalandığı 20 sentyabr tarixini, həm də peşə bayramları kimi qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və hazırda dövlətimizin başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası isə hələ uzun illər ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.

“Əsrin müqaviləsi”nin uğur salnaməsi

• 20 sentyabr 1994-cü il. “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə hasilatın pay bölgüsü sazişi imzalanıb.

• 7 noyabr 1997-ci il. “Çıraq” platformasından neft hasilatına start verilib.

• 12 noyabr 1997-ci il. Səngəçal terminalının təntənəli açılışı keçirilib.

• 12 yanvar 1998-ci il. “Çıraq” yatağından hasil edilən neftin Bakı–Novorossiysk boru kəmərinə vurulmasına başlanılıb.

• 24 mart 1998-ci il. AÇG-nin ilk ixrac tankeri Novorossiysk terminalından dünya bazarına yola salınıb.

• 10 dekabr 1998-ci il. Bakı–Supsa kəmərinin neftlə doldurulmasına başlanılıb.

• 8 aprel 1999-cu il. Supsa terminalında ilk tanker yüklənib.

• 18 aprel 1999-cu il. Qərb ixrac neft kəmərinin tikintisinin başa çatması və Supsa terminalının istifadəyə verilməsi mərasimi keçirilib.

• 30 avqust 2001-ci il. AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin 1-ci mərhələsi (“Faza-1”) ilə bağlı hökumətlə icazə sazişi imzalanıb.

• 18 sentyabr 2002-ci il. Azərbaycan hökuməti AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin 2-ci mərhələsinə (“Faza-2”) razılıq verilib və BTC-nin təməli qoyulub.

• 30 iyul 2003-cü il. Azərbaycanda BTC boru kəmərinin çəkilişinə start verilib.

• 20 sentyabr 2004-cü il. AÇG-nin tammiqyaslı işlənilməsi layihəsinin 3-cü mərhələsi (“Faza-3”) üzrə saziş imzalanıb.

• 13 fevral 2005-ci il. “Mərkəzi Azəri” platformasında ilk neftin hasilatına başlanılıb.

• 25 may 2005-ci il. Səngəçal terminalında BTC-nin Azərbaycan hissəsinin açılış mərasimi keçirilib.

• 12 oktyabr 2005-ci il. BTC-nin Gürcüstan hissəsinin açılış mərasimi keçirilib.

• 30 dekabr 2005-ci il. “Qərbi Azəri” platformasından ilk neftin hasilatı başlanıb.

• 4 iyun 2006-cı il. BTC boru kəməri ilə ixrac edilən ilk neft partiyası Ceyhan terminalından Böyük Britaniyanın “Hawthorne” tankerinə yüklənib.

• 13 iyul 2006-cı il. Ceyhanda BTC layihəsinin tam istismara verilməsi mərasimi keçirilib.

• 22 oktyabr 2006-cı il. “Şərqi Azəri” platformasından ilk neft hasil edilib.

• 22 aprel 2008-ci il. “Dərinsulu Günəşli” platformasından neft hasilatına start verilib.

• 28 yanvar 2014-cü il. “Qərbi Çıraq” platformasından hasilat başlayıb.

• 14 sentyabr 2017-ci il. Bakıda AÇG üzrə yenilənmiş hasilatın pay bölgüsü sazişi (“Yeni əsrin müqaviləsi”) imzalanıb. Bununla da, “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.

• 16 aprel 2024-cü il. “Azəri Mərkəzi Şərqi” platformasında ilkin neftin hasilatına başlanıb.


Səhifəni hazırladılar:
Mirbağır YAQUBZADƏ,
Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see200

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see196

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see187

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see184

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see178

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see161

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see161

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see140

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see139

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see136

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see135

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see131

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see129

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see128

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see127

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see126

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri