Estetik əməliyyatlar niyə tibbdən çıxıb sosial problemə çevrildi? TƏHLİL
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Estetik əməliyyatların tam qadağan edilməsi bu işi aradan qaldırmayacaq, sadəcə bu işin yeraltı qara bazarını genişləndirəcək
Estetik cərrahlardan daha biri barəsində cinayət işi başlanıb. Cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində cinayət işi pasiyentin anasının iddia ərizəsi əsasında açılıb. Bildirilir ki, cinayət işi ilə bağlı istintaq aparılıb və istintaq tamamlanaraq məhkəməyə göndərilib.
Hadisə ötən ilin aprel ayında baş verib. Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb. Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
Rinoplastika (burun əməliyyatı) burunun estetik görünüşünü və ya funksiyasını yaxşılaşdırmaq üçün edilən cərrahi əməliyyatdır. Ölkəmizdə nə qədər insan burnundan narazı imiş. Narazıların sayı hər keçən gün artır. Bunu ictimai yerlərdə, qohum-əqrəba, dost-tanış arasında yüngülvari müşahidə aparmaqla görmək mümkündür. Ətrafımızdakı xanımlara nəzər yetirəndə hər 2 nəfərdən birinin burnunun “dikəldiyi” görünür. Bu cür burun quruluşu (kurnosıy) rus millətinə xasdır. Hətta yarı-zarafat-yarı gerçək “ruslar Allahdan elə burun istəyib ki, araq içmələrinə mane olmasın”, da deyilirdi əvvəllər. İndi bizim xanlmların burnu “kurnos”laşıb. Məsələnin bu tərəfini kənara qoyaq. Problem insanlarımızın sağlamlığının təhdid altına, həyatlarının təhlükəyə düşməsidir. Maraqlı həm də budur ki, burnunu estetik əməliyyat etdirənlərin əksəriyyəti “səbəb” kimi “çəpər əyriyi var, nəfəs almaqda çətinlik çəkir” göstərirlər. Belə çıxır ki, ölkə əhalisinin az qala 90 faizinin burnu əyriymiş. Səhiyyə Nazirliyi lisenziya ilə bağlı sərt tələblər qoysa da, Prokurorluq cinayət məsuliyyətinə cəlb etsə də, nə əməliyyatlar azalır, nə də estetik həkimlərin saxtakarlığı. Bəlkə problem özümüzdədir? Niyə estetik əməliyyatlara bu qədər aludə olub cəmiyyətimiz? 
Sosioloq Yusif Nəbiyevlə məsələni çözməyə çalışdıq:
- Plastik əməliyyatlara marağın bu qədər artması sadəcə tibbi məsələ deyil. Əgər insanlar toplu bir şəkildə özlərini səhnədə, bədənlərini də sanki səhnədəki hər hansı bir obraz kimi görür və onu daim yenidən qurmağa, "düzəltməyə", "təmir etməyə" çalışırlarsa, bu artıq sosial məsələdir. Üstünə sosial şəbəkələrdə gördüyümüz filtrli üzlər, “ideal bədən”li modellər də gəldikcə və normaya çevrildikcə, sistem insana özünü "təmir etməkdən" başqa seçib buraxmır. İnsanlara "təmir olunmamısansa, deməli, yarımçıqsan!” mesajını verir. Belə bir “münbit” şəraitdə də təbii olaraq lisenziyasız “həkimlər” üçün geniş bazar yaranır və nəticəsi də bəzən faciəvi olur.
Vətəndaşların sağlamlığının və həyatlarının risk altına düşməsi nəzərə alınaraq estetik-plastik əməliyyatlara xüsusi ehtiyac yaranmayıbsa icazə verilməsi qadağan edilə bilərmi? Y.Nəbiyev bildirdi ki, bütün bu anormallıqlara baxmayaraq, dövlətin estetik əməliyyatları tam qadağan etməsi, real deyil:
- Və hətta deyərdim ki, risklidir. İnsanın öz bədəni üzərində tam nəzarətə sahib olmaq istəyi ciddi bir impulsdur və bu uğurda insanlar çox ciddi riskləri belə gözə ala bilirlər. Ona görə, düşünürəm ki, estetik əməliyyatların tam qadağan edilməsi bu işi aradan qaldırmayacaq, sadəcə bu işin yeraltı qara bazarını genişləndirəcək. Qadağa olsa belə, insanlar bunu yenə edəcəklər, sadəcə bu dəfə daha qaranlıq şəraitdə və daha təhlükəli şəkildə. Hansı ki, bu da öz növbəsində lisenziyasız fəaliyyət göstərən "həkimlər" üçün daha da rahat kamuflə ola biləcəkləri şərait yaratmış olacaq. Burada əsas problem əməliyyatın özü yox, onu tənzimləyən mexanizmlərin zəifliyidir.
Bədən sağlamlığın göstəricisi və ya funksional bir alət olmaqdan çıxıb, sosial status alətinə çevriləndə, təəssüf ki, insanlar estetik əməliyyatlara, döymələrə, ifrat makiyaja, dolğu və s. əməliyyatlara aludə olurlar. Burada dövlətin edə biləcəyi ilk iş, saxta həkimləri bazardan birdəfəlik təmizləmək və bu yöndə gedən aqressiv reklamları qadağan etməkdir (tütün və spirtli içki reklamları kimi). Bu yolla ölüm hallarının ciddi dərəcədə önü kəsilər və ümid etmək olar ki, bu kollektiv estetik əməliyyat maniyası qismən azalar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















