ETSN Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının tətildə işləsələr də, maaşlarına əlavələr edilməməsi məsələsinə aydınlıq gətirdi
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzlərində çalışan əməkdaşlarının 12 günlük bayram tətili ilə əlaqədar qeyri-iş günlərində də işə cəlb edildikləri, lakin maaşlarına əlavələr edilmədiyi bildirilir.
Bu barədə Pravda.az-a ünvanlanan müraciətdə deyilir ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əksəriyyətində vəziyyət belə olub.
Pravda.az məsələ ilə bağlı ETSN-ə sorğu ünvanlayıb.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Pravda.az-a bildirib ki, meşələrin mühafizəsi, yanğın təhlükəsizliyi və meşəbərpa tədbirlərinin davam etdirilməsi məqsədilə Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən 20-31 mart 2025-ci il tarixlərində (qeyri-iş günlərində) Regional Meşə Təsərrüfatı Mərkəzlərinin işçiləri növbəlilik qaydasında xidməti fəaliyyətə cəlb olunub.
O qeyd edib ki, əmək qanunvericiliyinə uyğun olaraq iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilən işçilərin əmək haqqları ödəniləcək.


