Fenomenal ədib Qəzənfər Paşayev
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Aynur Turan
(əvvəli BU LİNKDƏ)
...Professor Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” adlı kitabı 2010-cu ildə işıq üzü görmüşdür. Altı əsrdir ki, qismətinə bol-bol kədər və sevinc payı düşən Nəsiminin poeziyası ürəkləri fəth edir. Bununla belə, şairin həyat və yaradıçılığı ilə bağlı bir çox məqamlar, xüsusən də onun qətli və “dönüklüyü” ilə bağlı məsələlər üzərində qara bir pərdə mövcud idi. Son vaxtlarda aparılmış təqdiqatlarda Nəsiminin poetik irsi və müdhiş taleyi üzərinə yeni işıq salınmış, bu sahədə bəzi irəliləyişə nail olunmuşdur. Professor Qəzənfər Paşayevin kitabında bu deyilənlərdən və elm aləmi üçün maraqlı olan başqa məsələlərdən söz açılır. Kitabda alimin müxtəlif illərdə Nəsiminin həyat və yaradıcılığına həsr etdiyi məqalələri toplanmışdır. Əminik ki, əsər kitabsevərlər və ədəbiyyatşünaslar tərəfindən maraqla qarşılanacaq.
Professor Qəzənfər Paşayevin “Borcumuzdur bu ehtiram” kitabı 2010-cu ildə nəşr olunmuşdur. Kitabda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi dünyasını dəyişmiş dəyərli insanlar haqqında fikirləri, düşüncələri yer alır. O insanlar ki, örnək olan əməlləri və müdrik kəlamları ilə bizimlədir. “Borcumuzdur bu ehtiram” xalq tərəfindən sevilən unudulmaz insanların xatirəsinə bir töhfədir. Qəzənfər Paşayevin kitabı ömrünü xalq, millət, elm, mədəniyyət və dövlət yolunda fədakarlıqla həsr edib, bu dünyadan ləyaqətlə köçənlərə həsr olunub. Bu dəyərli kitabın bir məziyyəti də ondadır ki, kitabın müəllifi bu dünyada qalib gedənlər haqqında yazmağa mənəvi haqqı olan insandır.
Sözlərimizə Cabir Novruzun fikri ilə aydınlıq gətirə bilərik.
Sağlığnda qiymət verin insanlara,
Sağlığnda yaxşılara yaxşı deyin.
Sağlığnda yaman deyin yamanlara.
Qəzənfər Paşayev hər bir insanın həm sağlığında, həm də yoxluğunda insanlara qiymət verməyi bacaran biridir.
İstedadlı şəxsiyyət Qəzənfər Paşayevin “Ədəbi məktublar” kitabında yer alan məktublar XX əsrin 80-ci illərindən başlamış günümüzədək 35 illik dövrü əhatə edir.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin I cildinə müəllifin “İraq-Türkman folkloru “(Bakı, “Yazıçı”, 1992, Bağdad, 1995) və “Altı il Dəclə-Fərat sahillərində” (Bakı, 1985, təkrar nəşr) 1987; Bağdad, 1996-ərəbcə) əsərləri daxil edilmişdir. Xalqın ən böyük milli sərvəti onun folklorudur. Monoqrafiyası bayatıda, nağıl və dastanda əbədiləşən, canlı yaddaşa çevrilən, hər kəsin soyunu, əslini, zatını unutmağa qoymayan, şüurda, düşüncədə, mənəviyyatda xalqın bütövlüyünü təmin edən folklordur. Bu baxımdan, müəyyən içtimai-siyasi səbəblər üzündən soykökündən ayrı düşmüş, iraqın şimalında, əsasən, Kərkük vilayətində toplu halda yaşayan, Azərbaycanca danışan elatın folkloru xüsusi əhəmiyyət kəsb edir. Canlı bir dildə, elmi-kütləvi şəkildə yazılmış bu əsərdə İraq-Türkman folkloru, ilk dəfə olaraq sistemli monoqrafik təhlildən keçirilir, onun epik, lirik, arxaik janr və növləri ətraflı tədqiq olunur, əhəmiyyətli, səciyyəvi xüsusiyyətlər üzə çıxarılır.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin II cildinə “Dilimiz-varlığımız” (Bakı, 2011), “Kərkük dialektlərinin fonetikası” (Bakı, 2003) monoqrafiyaları, mətnlər İraq-türkman ləhcəsi üçün səciyyəvi olan sözlərin lüğəti və ədəbi əlaqələrimizdən bəhs edən “Könüldən könülə yollar görünür” başlıqlı məqalələr toplusu daxil edilmişdir. Folklorçu, ədəbiyyatşünas, tərcüməçi və publisist kimi tanınan professor Qəzənfər Paşayev eyni zamanda dəyərli dilçi alimdir. Tədqiqatçının bu əsərində yer alan “Kitabi Dədə Qorqud”, “İraq-türkman tarixinə və dialektinə bir baxış”, “Qürur duyduğum tarixi şəxsiyyətlər” bölməsini və ayrı-ayrı məqalələri həyacansız oxumaq olmur. Şirin və axıcı dildə yazılan, intelekt məhsulu olan “Türkologiya elmimizin iftixarı”, “Çoxşaxəli yaradıcılıq yolu” “Gələcək nəsillərə yadigar” kimi səmimi yazılar oxucular tərəfindən daima maraqla qarşılanmışdır.
Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin III cildinə alimin “İraq-türkman folklorunun janrları (İstanbul, 1998; Bakı, 2003; Tehran 2008) monoqrafiyası və “Borcumuzdur bu ehtiram” ( Bakı 2010) əsəri daxil edilmişdir. 1-ci əsərdə İraq-türkman folkloru ilk dəfə olaraq elmi-nəzəri cəhətdən araşdırılaraq elm aləminə təqdim edilmişdir. “Borcumuzdur bu ehtiram” əsərində isə dünyasını dəyişmiş, lakin qəlblərdə yaşayan tanınmış və xalq qarşısında əlahiddə xidmətləri olan görkəmli şəxsiyyətlərdən bəhs edilir.
Professor Qəzənfər Paşayevin “Seçilmiş əsərləri” nin IV cildinə “Nəsimi haqqında araşdırmalar” monoqrafiyası və “Ədəbiyyatşünaslıq elmimizin patriarxı” əsəri, eləcə də nümunə məktəbinə çevrilən görkəmli şəxsiyyətlərə, ədəbi əlaqələrə, mədəniyyətimiz yolunda əzmlə çalışan insanlara, ədəbiyyatımızı yaradan və yaşadan qələm sahiblərinə İraqda yaşayan və azərbaycanca danışan kərküklülərə və s. həsr olunmuş məqalələr daxil edilmişdir. Müəllifin “Sevərək yaşayanlar” başlığı altında təqdim etdiyi bölmdə elm, sənət, ədəbiyyat fədailərindən, başqa bölmələrdə isə ədəbi-elmi əlaqələrdən, Kərkük dünyasından, ürəkdən gələni deməsən olmur, sazlı-sözlü dünyamızdan və s. bəhs edilir. Sözlərimi elə dəyərli şəxsiyyət Qəzənfər Paşayevin sözləri ilə davam etmək istərdim: “Elm əvvəli görünən, sonu görünməyən bir aləmdir. Bu aləmdə hərə bir yolla gedir. Hərə bir nəticəyə gəlir. Yenilik görülmüş işlərin sayəsində yaranır”. Gəlin ən gözəl yolla gedən, elm, maarif yoluyla gedən professor Qəzənfər Paşayevin ömür yoluna, yaradıcılıq yoluna nəzər salaq. Bu vüsətli işlər əsas verir deyək ki, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev öz alim ömrünün bu ahıl çağında da xalqımız, ədəbiyyatımız və elmimiz üçün gənclik həvəsi ilə çalışmaqda, bir-birindən maraqlı olan yeni əsərlər yazıb yaratmaqdadır. Hər bir xalqın folkloru o xalqın güzgüsüdür. O güzgüdə xalqın tarixi, dili, inancı, inanışı, adət və ənənələri görünür. Bir xalqı çox yaxından anlamaq üçün o xalqın hər şeydən əvvəl folklorunu öyrənmək gərəkdir. Professor Qəzənfər Paşayev İraqda yaşadığı uzun illər boyunca həm İraq xalqını yaxından tanıdı, həm də İraqda yaşayan-danışdıqları dilin Azərbaycan dilindən fərqli olmayan İraq türkmanlarının ədəbiyyat və folkloru üzrə tədqiqatını davam etdirdi. İraq türkmanlarının folklorunu azərbaycanlı qardaşlarımıza çatdırmaq üçün tədqiqatçı alim, folklorşünas Qəzənfər Paşayev böyük çətinliklərə qatlandı. Yorğunluq bilmədən yaradıcılığını sürdürdü. Gözəl və unudulmayan əsərlər ortaya atdı. Qəzənfər Paşayevin İraq türkmanları ilə əlaqəli çap etdirdiyi qiymətli folklor kitabları, Oğuz kökündən və soyundan olan azərbaycanlılara İraq türkmanlarının nə qədər bir-birilərinə dil və folklor baxımından bağlı olduqlarını-yüzillər boyunca zamanın qopartdığı qanlı və dumanlı qasırğalara baxmayaraq, yenə də dədə misrasına, Dədə Qorquda, əzabkeş Nəsimiyə Kərbalanın müqəddəs torpağında uyuyan böyük Füzuliyə olan bağlılığlarını göstərmək üçün ölümsüz bir tarixdir. Kərküklü İrmağın doğru olaraq qeyd etdiyi kimi, “Vətən torpağı kiçilib-genişlənə bilər, sərhədləri tükənə bilər, hətta şan və şərəfi tapdalana bilər. Dini dəyişdirilə bilər, tarixi təhrif edilə bilər”. Lakin dil folklor adlandırılan iki varlıq vardır ki, həyat yaşadıqca yaşayır, xalqın keçmişi haqqında təkzibolunmaz tarixi sənədə çevrilir. İraq-Türkman folklorunun tarixi qiyməti, bizcə hər şeydən əvvəl bundadır. Bu gerçək tarixi bizdən sonra gələn nəsillər oxuduqca öz xalqlarına, dillərinə, tarixlərinə, adət-ənənələrinə, milli miraslarına, doğma torpağın müqəddəsliyinə sayğılrını artıracaqlar. Qəzənfər Paşayevin “İraq-türkman folkloru” kitabına bənzər bir kitab indiyə qədər nə İraq-türkmanlarının folkloru ilə məşğul olan xarici alim və tədqiqatçılar tərəfindən yazılmışdır. Qəzənfər Paşayevin yazdığı bu əsər hər kəs üçün sevgi və sevinc doğuran, könüllərdə yaşayıb-unudulmayan, işıqlarla dolu bir hadisə kimi qalacaqdır. Qəzənfər Paşayevin Azərbaycan aşıq sənəti və aşıq yaradıcılığına həsr etdiyi məqalələri və tərtib etdiyi kitabları içtimaiyyətin rəğbətini qazanmışdır. Xüsusən də “Qoca Azaflıyam” kitabı nəinki təkcə ölkəmizdə, eləcə də İranda və Türkiyədə geniş şöhrət qazanmışdır. Q. Paşayev ayrıca olaraq maddi-mədəniyyət abidələrini yaşadan bir adamdır. O, sadəcə Kərkük folklorunu tədqiq etməklə kifayətlənməmiş, silinməyə üz tutan bu abidələri toplayaraq yaşatmağa və əzmli və qərarlı davranmışdır. Bakının folklor qoxuyan İçərişəhərində əski bir ev təmir etdirərək onu “İraq-Türkman ocağı” adı altında muzeyə çevirmişdir. İçinə də bu qədər İraq türkləri haqqında İraqda, Türkiyədə və Azərbaycanda yayınlanmış bütün kitab və dərgiləri şüşəli vitrinlərdə sərgiləmişdir. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev elmi maraq dairəsi çox geniş olan tanınmış Azərbaycan alimlərindən biridir. Onun yaradıcılığına işıq salan mütəxəsislərin yazısından görərik ki, Qəzənfər müəllimin 40-a yaxın kitabı (monoqrafiyaları, tərtibləri tərcümə əsrələri), çoxsaylı elmi və publisistik məqalələri, rəyləri vardır. Onu xarici ölkələrdə ingilis, rus, türk və ərəb dillərində də xeyli kitab və məqaləsi nəşr olunmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, professor Qəzənfər Paşayev öz alim ömrünün bu ahıl çağında da xalqımız, ədəbiyyatımız və elmimiz üçün gənclik həvəsi ilə çalışmaqda, bir-birindən maraqlı olan yeni əsərlər yazıb yaratmaqdadır.Qəzənfər Paşayev zamanın ağır ruzigarlarının, tufan və qasırğalarının yaddaşlardan qoparıb apara bilmədiyi, əsrlərin və nəsillərin əmanət kimi yaşatdığı, sirli-soraqlı folklor xəzinəsinə baş vurduqca qəlbində bir ilham çağlayır. O, yeni güc və qüdrətlə qanadlanır... Professor Qəzənfər Paşayevin çoxşaxəli fəaliyyətində xeyriyyəçilik, mesenatlıq həmişə razılıq və minnətdarlıqla qarşılanır, təqdir olunur. Çətinə-dara düşənin yanında olmaq, yıxılanı qaldırmaq istəyi onun təbiətində, fitrətindədir. O, əsl xalq adamı, xalqın ürəyindən qopan, xalqla nəfəs alan ziyalıdır. Qəzənfər Paşayevin çoxlarına örnək olan mənalı həyatı, elmi, bədii yaradıcılığı ayrı-ayrı publisistik və bədii əsərlərin mövzusuna çevrilmişdir. Oxucular tərəfindən maraqla qarşılanan “Bu sevda ölüncədir”, “İraq bizə iraq deyil” kitabları və görkəmli şair H.Kürdoğlunun ona həsr etdiyi “Tovuzum mənim, Oğuzum mənim” poeması bu qəbildəndir. Professor Qəzənfər Paşayev fenomeni elmi və ədəbi içtimaiyyət, eləcə də oxucular arasında mötəbər nüfuz rəmzinə çevrilmişdir.O, klassik və müasir ədəbiyyatımızı, incəsənətimizi geniş arenada-dünyada təmsil edən söz-sənət adamları haqqında həmişə qürur duyğusu ilə söz açır. Müxtəlif dillərdə çap olunan məqalələrində Azərbaycan elmini ləyaqətlə təmsil edir. “Qəzənfər müəllimi tanıyanlar, dostları deyəcəklər ki, biz onun bu adda əsərini görməmişik, oxumamışıq. Elə Qəzənfər müəllim özü də bu adda kitab yazmadığını söyləyəcək.
Düşünürük ki, hər gün gördüyümüz, oxuduğumuz bu “İNSAN” əsəri elə Qəzənfər müəllimin özüdür. Bəli, bu kitabı oxuduqca, onunla tanış olduqca, ünsiyyət bağladıqca gözlərimiz önündə özü bütöv, sözü bütöv, amalı yalnız yaxşılıq, xeyirxahlıq olan, kimsənin qəlbini qırmayan, “əl tutmaq Əlidən qalıb” ideyasını kredosuna çevirən, ödədiyindən ödənc gözləməyən, istəməyən, əməlpərvər, ürəyiaçıq, mehriban, səmimi bir insan yüksəlir, heykəlləşir: Qəzənfər Paşayev!” (Vüqar Əhməd). Məncə Qəzənfər Paşayevin insanlığına, iç dünyasına, özü də sağlığında bundan böyük qiymət ola bilməz. Ömrünün bir müdriklik zirvəsi də keçildi, 80 yaş arxada qaldı. Qarşıda isə yeni zirvələr, yeni yaradıcılıq üfüqləri... Bu zirvələr də, üfüqlər də ona “gəl-gəl” deyir. Gəlin, bu dəyərli şəxsiyyət, elm adamı Qəzənfər Paşayevi 80-illik yubileyi münasıbəti ilə təbrik edək, ona həyatda və yaradıcılığında yeni-yeni nailiyyətlər arzu edək.
Allah amanında, tanrı sevgisində, uğurlar qanadında!
Media istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
Baxış sayı:83
Bu xəbər 15 Sentyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















