Firuzə İbadova: “Qadın bir dəfə ərə gedər: ya özü ölər, ya da həyat yoldaşı...” Müsahibə
Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.
Kulis.az Ülvi Bahadırın müğənni, Əməkdar artist Firuzə İbadova ilə müsahibəsini təqdim edir.
— Sizinlə ilk dəfə əlaqə saxlayanda səhhətinizdən şikayətləndiniz? İndi necəsiniz?
— İndi hərənin bir xəstəliyi var. Mən də hamı kimi... Şükür, ağır xəstəliyim yoxdur. Ayaqlarım ağrıyır daha çox.
— Hazırda eviniz yoxdur, başqa bir evdə qalırsınız. İllərini sənətə həsr eləyən bir müğənni kimi bu sizi narahat eləyir?
— İnsan hər vəziyyətə düşə bilər. Mən heç vaxt heç kimə həsəd aparmıram. Necə bacarırsansa, elə də yaşayırsan. Mən özümlə fəxr eləyirəm. Çünki həddindən artıq safam, yalan danışmıram, aldatmıram.
— Efirlərdən də uzaq düşmüsünüz...
— Mən bu dəqiqə istəsəm, iki seans konsert verərəm. O qədər güclü və sağlamam. Səsim də yerindədir. Pis adətlər həmişə məndən uzaq olub. Verilişlər çox keyfiyyətsizdir. Hər yoldan ötənin əlinə mikrofon verib səhnəyə çıxarırlar. Bu, sənəti məhv eləmək deməkdir.
Mən uşaqlıqdan bu işlə məşğulam. Təcrübəm və savadım da yerindədir. Hazırda gənclərə musiqi öyrədirəm.

— Bu yaxınlarda Qarabağa da getdiniz...
— Bəli. Xankəndiyə getdik, sonra da Şuşaya qalxdıq. Şuşaya ayaq basan kimi ağladım. Bu sevincin qiyməti yoxdur. Ayaqlarım Qarabağ torpağına dəyirdi. Sözlə ifadə eləmək qeyri-mümkündür. Hacıkənddə Qarabağ İncəsənət Universiteti açılacaq. Belə xoş şeylər məni yaşamağa vadar eləyir.
— Cavan vaxtlarınızda Qarabağa tez-tez gedirdiniz?
— Əlbəttə. Hər ay gedirdik. 1980-ci ildə olmuşdum. Vaqifin büstünün açılış mərasimində iştirak etmişdim. Ta ki, 80-ci illərin axırında məlum hadisələr olana qədər. Ondan sonra ora getməyimiz çətinləşdi.
— Bayaq dediniz ki, uşaqlıqdan bu sahədəyəm. Bizdə qız uşaqlarının müğənni, aktrisa olmağını istəmirlər, mane olurlar. Sizdə də belə idi?
— Hə, belə idi. Zəmanə başqa idi. Anam həmişə mənə dayaq olub. Deyirdi ki, mən qızıma inanıram.

— Böyük sənətkarlar sizi ilk dəfə necə kəşf elədilər?
— 1958-ci ildə Azərbaycan Dövlət Televiziyasının uşaq xoru yaranıb. Mən də 1963-cü ildə solist kimi dəvət aldım. 1972-ci ildə Filarmoniyaya gəldim və “Lalə” qızlar ansamblının solisti oldum. Nisə Qasımova məndən əvvəl gəlmişdi. Sonra da səhnə fəaliyyətim başladı.
— Siz Şövkət Ələkbərovanın ilk şagirdi olmusunuz.
— O vaxt Cıdır düzünə çox böyük heyətlə getmişdik. Orda Amaliya Pənahova ilə Əlabbas Qədirov “Vaqif” əsərindən “Qazamat” pərdəsini oynamalı idilər. Orda bəzi hissələr yaddan çıxmışdı. Mən “Vaqif”i əzbər bilirdim. Dedim ki, mənim yadımdadır. Çıxıb oxudum. Heydər Əliyev aşıq Ədalətə dedi ki, Ədalət, sən də sazını götür gəl, bir “Yanıq Kərəm” çal, gözəllik yaransın. O səhnə mənim heç vaxt yadımdan çıxmır. Heydər Əliyev məndən soruşdu ki, musiqi təhsilin var? Dedim ki, xeyr. Soruşdu ki, kimin ifalarını çox sevirsən? Şövkət Ələkbərovanın adını çəkdim. O mənim sənət günəşimdir. Bundan sonra Şövkət xanımla dərslərə başladıq. Elə bilirdim ki, mənim böyük bacımdır. Qastrollara gedəndə bir otaqda qalırdıq.
— Deyirlər, çox zəhmli qadın olub.
— Şövkət xanıma kənardan baxardın, qorxardın ona yaxınlaşmağa, amma o qədər gözəl insan idi. Onun yanında dayanmaq da məsuliyyət idi. Yadıma gəlir, Heydər Əliyev mənim barəmdə Şövkət xanıma deyən il onun əmri Asəf Zeynallı adına Musiqi Kollecinə verildi. Sonra Şövkət xanım konservatoriyaya getmədi, xəstələndi. O, qanlı-qadalı illərdə xəstə-xəstə Almaniyada konsert verdi, ordan gələn pulu Dövlət Fonduna bağışladı. Mən ondan həm də həyat dərsi almışam. Ondan əvvəl də Ceyran Haşımovadan öyrənmişəm.

— Dediklərinizdən belə başa düşdüm ki, sizi ilk kəşf eləyən ananız olub.
— Anam mənə çox böyük dəstək olub. Qadağalar olanda da o qarşı çıxıb.
— Atanız qoyurdu qadağaları?
— Yox, qardaşım. Deyirdi, birdən bacıma pis gözlə baxarlar.
— Bəs sonra necə oldu ki, sizi qəbul elədi?
— Anam demişdi ki, biz Firuzənin konsertinə gedək. Özünə deməyək, bilməsin. Özün bax, gör ona münasibət necədir? Səhnəyə çıxdım. Qaranlıq idi. Heç kimi görmürdüm. Anamla qardaşımın yanında cavan ailə var idi. Qadın həyat yoldaşına dedi ki, indi Firuzə İbadova çıxacaq, gör necə gözəldi, elə bil işıq saçır. Anam dedi ki, gördün Hüseynağa, mən sənə demişdim. Sən narahat olma, Firuzədən arxayın ol. Sonradan yavaş-yavaş məni qəbul eləməyə başladı.

— Ananız sizi tək böyüdüb...
— Atamın ikinci arvadı var idi. Anam bizi tək böyüdüb. Ancaq atamla münasibətim normal idi - "salaməleyküm-əleykümsalam". Əsas anamla bağlı olmuşam. Həmişə onun kimi qadın olmaq istəmişəm.
— Gəncliyinizdə çox gözəl olmusunuz. Həmin dövrlərdə qadın müğənni kimi sizə çətin deyildi?
— Çox çətin idi. İnanın, mən səhnədən düşəndən sonra evə güclə gedib çıxa bilirdim. Nə qədər elçi düşən olurdu. Bu şeylər Ceyran Haşımovanın başını çox ağrıdıb. Onun evinə gedib deyirdilər ki, mən onu almaq istəyirəm. O da deyirdi ki, bu qız təkdir. Bir adamla ailə qura bilər. İndi plastik əməliyyatlar etdirirlər, hər yerlərini düzəltdirirlər. Mən heç vaxt elətdirməmişəm. İnsan elə olduğu kimi qalmalıdır.
— Elə təklif eləyənlərdən biri ilə də evləndiniz...
— Hə. 30 yaşım var idi. Mən hamını evləndirdim, ərə verdim, evlərini aldım, hamısını rahat eləyəndən sonra dedim ki, mənə də vaxt gəldi çatdı. Mənə evlilik təklif elədi, razılaşdım, evləndik.

— Evlənəndən sonra həm müğənnilik, həm ev işləri çətinlik yaratmırdı?
— Çox çətin idi. Amma inanın, o çətinlikdə elə rahatlıq var idi ki, heç hiss olunmurdu. Mənim içimdə bir hiss var idi: mənim ailəm var. O ailəni də qorumaq lazım idi.
— Müğənnilər çox vaxt səfərlərdə olurlar. Qızınıza vaxt ayıra bilirdiniz?
— Mən çalışmışam ki, orda-burda olmayım. Konsertimi də vaxtında eləmişəm, səsyazmamı da. Sonra da evə gəlmişəm. Boş vaxtlarımda həmişə ailəmin yanında olmuşam.
— Ananızla sanki bir tale bənzərliyiniz var. Siz də onun kimi qızınızı tək böyütmüsünüz.
— Məncə, bu baxımdan çox da bənzəmirik. Deyirlər ki, ananın bəxti qıza cehizdi. Heç razı deyiləm. Elə ailələr var ki, ana bədbəxt olub, amma övladın elə yaxşı ailəsi var ki...
Mən çox güclü adamam. Artıq neçə ildir toya getmirəm. Ancaq heç vaxt imkan verməmişəm ki, qızım pis yaşasın.

— Qızınızın da səsi var?
— Musiqi duyumu çox güclüdür, amma bu sahədə olmaq istəmədi.
— Özü istəsəydi, razı olardınız?
— Olardım. İstəmədi, mən də üstünə düşmədim.
— Sizinlə qalırlar?
— Hə. Mən təkəm axı. Heç kimim yoxdur onlardan başqa.
— Tənhalıqdan qorxursunuz?
— Yox. Allah məni darıxmağa qoymur. Çox gözəl rəfiqələrim var. Onlar məni tək qoymurlar. Mən onlarla güclüyəm.
— Sənət dünyasından ən yaxın dostlarınız kimlərdir?
— Aybəniz Haşımova, Teymur Əmrah, Nazpəri Dostəliyeva, Aygün Bayramova, Almaz Orucova.
Siz mənimlə küçədə gəzə bilməzsiniz. Hamı ətrafıma toplaşacaq. Tanıyırlar, sevirlər.

— Ən məşhur olduğunuz vaxtlardan indiyə kimi, heç başınızın gicəlləndiyi vaxtlar olub?
— Qətiyyən! Konsertdən sonra məndən müsahibə alınanda qəlbimə fərəh dolurdu. Öz-özümə deyirdim ki, gör səni nə qədər adam sevir. Amma heç vaxt qudurmamışam. Ancaq bunu qoruyub-saxlamaq çox çətindir. Mən müğənni olduğuma görə yox, qadın olduğuma görə fəxr eləmişəm.
— Bəs sonradan niyə ailə qurmadınız? Bu qızınıza olan fədakarlıq idi, yoxsa həyat yoldaşınıza olan sadiqlik?
— Fədakarlıq idi. Sadiqlik... Yox... O qədər ailə quran var ki... Onlar sadıq deyillər. İnsan bəzən ailə qurmağa məcbur olur. Mən öz pulumu özüm qazanırdım. Mən istəmədim ki, qızımın yanında yad kişi olsun. Saat 12-də evimdə kim qalırsa, o mənim ailəmdir. Qadın bir dəfə ərə gedər: ya özü ölər, ya da həyat yoldaşı. Sonradan evlənmədimə görə peşman deyiləm. Məndən olsaydı, heç ərə getməzdim.
— Toylara niyə getmirsiniz?
— Bayağı musiqilərə görə. Rakka-çukkalar çoxalıb. O vaxt insanlar qulaq asıb başları ilə bəh-bəh eləyirdilər, indi ayaqları ilə.
— Cavanşir Məmmədovla ilk dəfə nə vaxt duet oxudunuz?
— 1996-cı ilin yanvarın 24-də. Rəhmətlik Hacıbaba Bağırovun qohumunun toyu idi.

— O təklif eləmişdi?
— Bəli. Elə o vaxtdan 2024-cü ilə qədər. 28 il duet oxuduq. Ona görə belə uzunmüddətli oldu ki, bizdə başqa münasibətlər yox, sənət var idi. Qısqanclıq, dava-dalaş yox idi.
— Ancaq yenə də haqqınızda çox şey danışırdılar.
— Şayiələr çox oldu, ancaq mən heç birini eşitmirəm. Biz Cavanşir müəllimlə dost idik. O öləndə cənazədə ağlaya da bilmədim. Deyirdilər ki, bu niyə belə ağlayır, elə bil Cavanşirin arvadıdır.
— Heç “daha bəsdir” dediyiniz an oldumu?
— Deyirdim, bəlkə, yenilik edək. Bir qadın və ya kişi tapaq bizimlə oxusun. Elə oldu ki, Aydan Cabbarlı adında bir skripkaçı qızı götürdük. O özü də yenilikləri sevirdi. Toyxanaya girəndə bilirdi ki, toyu necə aparmaq lazımdır.
— O özü nələr deyirdi bu danışılanlara?
— Deyirdi ki, eybi yox, yaraşdırırlar da. Pis söz demir, söymürlər. Qoy desinlər ki, sevgilidirlər.
Bilirsiniz, mənə heç kim yaxın gələ, əldə eləyə bilmədi. Həmişə arada pərdə saxladım. Cavanşir Məmmədov mənim qoruyucu mələyim idi. Onun gözəl ailəsi var. İndi də bizim münasibətimiz var.
— Heç vaxt sizi sevdiyini hiss eləməmisiniz?
— Heç vaxt.
— Hiss etsəydiniz, davam edərdiniz?
— O çox möhkəm adam idi. Hələm-hələm qəlbinə girmək olmazdı. Bəlkə, işbirliyimiz də ona görə tutdu. Mən nəyəmsə oyam.
Məni hər yerdə qoruyurdu. İndi həyatımda Cavanşir Məmmədov kimi adam yoxdur. Onunla bağlı o qədər xatirələrimiz var ki...
Bir dəfə Xaçmazda toyda idik. Cavanşir müəllim səhnənin ortasına gəldi. Bir yaşlı kimi dedi ki, Firuzə xanım da gəlib sizin yanınızda oxusun. O da dedi ki, bir dənə naqilsiz mikrofon var, o da məndədir. Firuzə xanımdakı naqillidir. O kişi də gəlib naqili kəsdi ki, indi rahat gəlsin.
— Ancaq sənətkarlıq baxımından onunla sizin aranızda böyük fərq var idi. Siz məktəb keçmişdiniz. Elə parlaq dövrünüzdə duet oxumağa necə razılıq verdiniz?
— O mənə dedi ki, siz Şövkət xanımın tələbəsisiniz. Sizinlə işləmək mənim üçün fəxr olar. O özü də mənim sənətimi sevənlərdən idi. Məni özünün “Cavanşir” estrada qrupuna solist kimi dəvət elədi. Son duet oxumağa başladıq.
— Ancaq bu sizin solo karyeranızın qarşısına keçdi?
— Əlbəttə. Bir var sən səhnədə tək olursan, özün parlayırsan, bir də var yanında duet ortağında da olur. Bu gün “Firuzə İbadova” deyiləndə mən tək xatırlanmıram. İnsanların gözünün qabağına Cavanşir Məmmədovla birgə gəlirik. Desəm ki, bu məni narahat eləmir, düzgün olmaz. Əlbəttə, narahat eləyir. Bəlkə də, o duet ortaqlığı olmasaydı, mən indi başqa səviyyədə olardım.
2023-cü ildə mən Rəşid Behbudov adına Mahnı Teatrında solo konsert verdim. Saat yarım nəzərdə tutulmuş konsert iki saat qırx dəqiqə davam elədi. Ancaq canlı ifa elədim. Gəncədən iki avtobus tamaşaçı gəlmişdi. Cavanşir müəllim özü də məni təbrik elədi. O istəydi ki, birgə konsert verək, ancaq tək konsert vermək istədim.
Hə, çox peşmanam. Gərək solo karyerama da davam edəydim. İş-güc başımı qatdı.

— Cavanşir bəyin vəfat xəbərini necə aldınız?
— Qonşuluqdan zəng gəldi. Dedim ki, məni qoruyan insan dünyasını dəyişdi. Anamdan sonra ən böyük itkim Cavanşir Məmmədov idi. Onun yoldaşına da dedim ki, Cavanşir Məmmədov öləndən sonra hər gün mənim yuxuma girir.
Haqqımızda nə danışılsa da, artıq hər şey keçmişdə qaldı.
Gəncliyimdə mənim gözəlliyim çox qadını məyus eləyib. Onlar idi bu xəbərləri yaydıranlar. Deyirdilər ki, niyə bu çıxanda səhnə dağılır, bizdə heç nə yoxdur.
— Özünüzə qarşı qısqanclığı hiss eləyirdiniz?
— Özü də necə... Həmişə olub. Çoxu indi də yaşayır. Məsələn, deyirdilər ki, mən ola-ola İsveçrəyə bu niyə gedir? Məndən yaşda nə qədər böyük idi.
— Bu gün 35-40 yaşlarında müğənnilər Xalq artistidirlər. Ancaq siz hələ də Əməkdar artistsiniz.
— O müğənnilər çox məhsuldardırlar. İldə bir dəfə konsert vermək belə çətindir. Onlar ildə 3-4 konsert verirlər. Mən solo karyeramı duetə qurban vermişəm. Ona görə məhsuldar ola bilməmişəm.
— Siz həm də insanlara çox əlçatan olmusunuz.
— Mən həmişə xalqın arasında olmuşam. İndi də eləyəm. Mənim düşmənim yoxdur. Hamı mənə əzizdir. Mənə Əməkdar artist yetərlidir.
— Heç müraciət etmisiniz?
— Yox.
— Bundan sonra hansı planlarınız var?
— Kinoya dəvət almışam. Baş roldayam. Hələ danışıqlar gedir.
— Məncə, siz bundan əvvəl də bir neçə filmə çəkilmisiniz.
— Hə. İlk dəfə sənədli filmə çəkilmişəm. Ələkbər Muradov çəkib. Azərbaycan Fondu üçün çəkilirdi. Orda ana rolunu oynamışam. Sonra Ələkbər Muradovun bir filminə də dəvət aldım, ancaq o, vəfat etdiyinə görə qaldı.
— Ən böyük peşmanlığınız hansı olub?
— Çox inanmışam. Lap çox. Mən çox sadə olduğuma görə, bu sənətdə çox məşhurlaşa bilmədim. Bu sahədə gərək yırtıcı olasan.
— Ən çox sevdiyiniz mahnınız hansıdır?
— Bu yaxınlarda Teymur Əmrahla görüşdük. O, çox savadlı insandır. Dedi ki, sizin bir mahnınız var – “İlk sevgi”. Ramiz Mirişli bəstələyib. Onu sən necə gözəl oxumusan. Sonradan qulaq asanda gördüm ki, doğrudan da çox gözəldir.
— Siz qalan bir mahnı seçməli olsanız, hansı mahnını seçərsiniz?
— “Məhəbbət”. Oktay Kazıminin mahnısı. İlk dəfə Şövkət xanım oxuyub, sonra mən. Özü də qulaq asıb bəyənmişdi.
Məşhur aktrisa "F1: The Movie" filmindən niyə çıxarıldı? “Tatar nəğməsi”nin qeyri-adi səyahəti Ahmet Kurala “Ən yaxşı aktyor” mükafatı verildi
