Françesko Totti: 24 ilini bir kluba həsr edən Roma əfsanəsi
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İtaliya futbolunun ən böyük simalarından biri olan Françesko Totti 24 illik peşəkar karyerası ərzində yalnız bir klubun – “Roma”nın formasını geyinib. O, özünəməxsus oyun üslubu, liderlik keyfiyyətləri və kluba sədaqəti ilə paytaxt təmsilçisinin tarixində silinməz iz qoyub.
Qaynarinfo xəbər verir ki, “GOAL” nəşri əfsanəvi futbolçunun karyerası, qazandığı uğurlar və “Roma” ilə bağlılığından bəhs edən geniş yazı dərc edib.
Totti futbolçu karyerasının başa çatmasını həyatının ən ağır anlarından biri hesab edib. O, “Gazzetta dello Sport”a müsahibəsində futboldan ayrıldığı günü ölümə bənzədərək, “Futbolu buraxdığım gün öldüm. ‘Roma’dan və futboldan ayrılmaq mənim üçün ölüm kimi idi. Bunun nə vaxtsa baş verəcəyini bilirdim, amma düşündüyümdən daha ağrılı oldu”, – deyə bildirib.
16 yaşında debüt etdi, 22 yaşında kapitan oldu

Tottinin futbol istedadı hələ uşaqlıq illərindən diqqət çəkib. O, dörd yaşında özündən böyük uşaqlarla futbol oynayır, yeniyetməlik dövründə isə bir çox klubun maraq dairəsinə düşürdü. Nəticədə seçim “Roma”nın üzərində dayandı.
1993-cü ilin martında, cəmi 16 yaşında baş məşqçi Vujadin Boşkov ona “Breşiya” ilə matçda debüt şansı verdi. Lakin gənc futbolçunun əsas heyətdə özünə yer etməsi üçün bir qədər vaxt lazım oldu. Bu prosesdə Karlo Matsone xüsusi rol oynadı. O, Tottiyə güvənərək futbolçunun hücumameyilli yarımmüdafiəçi və ikinci hücumçu kimi inkişafına şərait yaratdı.
1997-ci ildə “Roma”dan ayrılmaq ehtimalı yaranan Totti “Sampdoriya”nın təklifini nəzərdən keçirirdi. Ancaq sonradan komandaya rəhbərlik edən Zdenek Zeman ona əsas fiqur kimi yanaşdı. Totti 10 nömrəli formanı aldı və 22 yaşında komandanın kapitanı seçildi. Bununla da klub tarixinin ən gənc kapitanı oldu.
“Roma” ilə İtaliya çempionluğu

Tottinin karyerasının ən parlaq dövrü 2000-2001-ci illərə təsadüf edir. Fabio Kapellonun rəhbərlik etdiyi “Roma” həmin mövsüm İtaliya çempionu oldu. Totti 13 qol vuraraq komandanın uğurunda mühüm rol oynadı və A Seriyasının ilin ən yaxşı futbolçusu seçildi.
Həmin heyətdə Kafu, Valter Samuel, Emerson və Qabriel Batistuta kimi ulduzlar da yer alırdı. Totti isə komandanın əsas yaradıcılıq mərkəzi idi.
2005-ci ilin sonlarında baş məşqçi Luçano Spaletti Tottidən hücumun önündə fərqli formada istifadə etməyə başladı. “Roma” bəzi oyunlarda klassik hücumçusuz, 4-6-0 taktiki düzülüşü ilə çıxış edirdi. Bu sistem Tottinin meydanın müxtəlif zonalarında sərbəst hərəkət etməsinə imkan verirdi.
2006-cı ilin fevralında ciddi zədə alsa da, Totti həmin ilin yayında Almaniyada keçirilən dünya çempionatında iştirak edə bildi. İtaliya millisinin heyətində yeddi oyunun hamısında meydana çıxan futbolçu dörd məhsuldar ötürmə verdi və komandasının dünya çempionu olmasına kömək etdi.
Növbəti mövsüm də onun üçün uğurlu keçdi. Totti 32 qol vurdu, 15 məhsuldar ötürmə etdi, “Roma” isə İtaliya Kubokunu qazandı. Bu, onun karyerasında əldə etdiyi son böyük kubok oldu.
“Romalı doğulmuşam, romalı da öləcəyəm”

Tottini digər futbolçulardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də Roma şəhərinə və kluba bağlılığı idi. O, meydandakı emosional davranışları, bəzən sərt reaksiyaları və özünəməxsus qol sevincləri ilə də yadda qalıb.
2010-cu ildə İtaliya Kubokunun finalında Mario Balotelliyə qarşı hərəkətinə görə qırmızı vərəqə alan Totti bəzən intizamsız davranışları ilə də müzakirə olunurdu. Bununla belə, azarkeşlər üçün o, hər şeydən əvvəl “Roma”nın simvolu idi.
Futbolçu bir müsahibəsində Roma şəhərindən və klubundan heç vaxt ayrılmayacağını belə ifadə etmişdi:
“Romalı doğulmuşam və romalı da öləcəyəm. Bu komandanı və şəhərimi heç vaxt tərk etməyəcəyəm”.
Totti “Roma”nın heyətində ümumilikdə 307 qol vurub. Bir A Seriyası çempionluğu, iki İtaliya Kuboku və iki İtaliya Superkuboku qazanan əfsanəvi futbolçu 2017-ci ildə karyerasını başa vurub.
Onun irsi isə təkcə statistik göstəricilərdən ibarət deyil. Totti müasir futbolda bir klubla eyniləşən futbolçuların ən parlaq nümunələrindən biri kimi tarixə düşüb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 17 Noyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















