Fransada fermerlərin 350 yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Fransada fermerlərin narazılığı yenidən paytaxta daşınıb. Polis prefekturasının məlumatına görə, yanvarın 13-də səhər saat 8 radələrində Fransanın Kənd təsərrüfatı həmkarlar ittifaqı – FNSEA (Fédération nationale des syndicats d'exploitants agricoles) və Gənc Fermerlər (Jeunes Agriculteurs) təşkilatlarına məxsus təxminən 350 traktor Parisə daxil olub. Bu genişmiqyaslı səfərbərlik Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinə etiraz məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, traktorlar paytaxta “Porte Dauphine” qapısından daxil olub və çevik polis qüvvələrinin (CRS) müşayiəti ilə paytaxtın əsas prospektləri, eləcə də Yelisey çölləri boyunca hərəkət etməlidirlər. Aksiya iştirakçılarının yekun toplanma nöqtəsi isə Orse səkisinin qarşısı kimi müəyyən edilib. Traktorlardan birinin üzərində asılmış plakatda “Fermer olmadan ölkə olmaz” şüarı diqqət çəkir.
Təşkilatçıların məqsədi səhər saatlarında Yelisey sarayı ilə Milli Assambleya arasında yerləşən Konkord meydanında toplaşmaqdır. FNSEA həmkarlar ittifaqı tərəfindən rəsmi qaydada bəyan edilmiş etiraz marşrutunun Paris polis prefekti tərəfindən təsdiqləndiyi bildirilib. Prefektura nümayiş təşkilatçılarının təhlükəsizlik qaydalarına əməl edəcəyinə dair öhdəlik də götürdüklərini vurğulayıb.
Paraqvayda imzalanması planlaşdırılan MERCOSUR sazişinə bir neçə gün qalmış fermerlər aksiyalarını gücləndiriblər. Xüsusilə Fransanın ən böyük ticarət limanı olan Havrda (Seine-Maritime) yük maşınlarının yoxlanılması və filtrasiya tədbirləri həyata keçirilib. Bayonn (Pireney-Atlantik) və La Roşel (Charente-Maritime) limanlarında da oxşar blokadalar təşkil olunub. Fermerlər bu sazişin Avropa və Fransa kənd təsərrüfatı üçün ədalətsiz rəqabət yaradacağını, istehsal standartlarına cavab verməyən daha ucuz idxal məhsullarının bazara daxil olacağını düşünürlər. Hökumət isə gərginliyi azaltmaq üçün dialoqu davam etdirdiyini bildirir.
Bu gün hökumət sözçüsü Mod Brejon TF1 kanalında çıxışı zamanı “danışıqlar və müzakirələr davam edir” deyib. Onun sözlərinə görə, indiyə qədər təklif olunan tədbirlər son paket deyil. Mümkün yeni açıqlamalar arasında fermerlərin gəlirləri, su resurslarının idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma kimi mövzular yer ala bilər. Brejon qeyd edib ki, bu siyahı tam deyil və hökumət fermerlərin narahatlıqlarına cavab vermək üçün əlavə addımlar ata bilər.
Parisə daxil olan yüzlərlə traktor isə göstərir ki, MERCOSUR sazişi ətrafında mübahisə hələ uzun müddət Fransa siyasi və ictimai gündəminin mərkəzində qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Yanvar 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















